"Yeni musiqi təhsil sistemi izlənilməlidir"

img

27-11-2011 [05:31]


[b]Könül Nəsirova: "Saatlarla ixtisasla məşğul olan pianoçu və ya skripkaçının informatika, məntiq üzrə testlərə hazırlaşmağa vaxtı qalmır və imtahan zamanı suallara cavab verə bilmir" [/b] Azərbaycanda elmin müxtəlif sahələrinin inkişafı istiqamətində xeyli işlər görülsə də, çatışmazlıqlar da mövcuddur. İqtisadiyyat, tarix və texniki elm sahələrindəki bəzi uğurlarımız da danılmazdır. Bəs görəsən, musiqi təhsilində, bu sahənin elmi araşdırmalarında vəziyyət necədir? Bu və ya digər suallarımızı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova cavablandırdı. Avropa və Azərbaycan bəstəkarlarının yaradıcılığına, muğama və xalq musiqisinə həsr olunmuş elmi, tənqidi, publisistik məqalələrin, iki monoqrafiyanın müəllifi olan K.Nəsirova öncə Azərbaycandakı musiqi təhsilinin vəziyyətindən danışdı: - Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycanın vacib musiqi təhsil və elm mərkəzidir. Üzeyir bəyin səyləri nəticəsində 1921-ci ildən fəaliyyət göstərən bu təhsil ocağında onilliklər ərzində ənənə formalaşıb. Burada Ü.Hacıbəyli, Q.Qarayev, C.Hacıyev, S.Hacıbəyov kimi dünya şöhrətli sənətkarlar dərs deyərək, yüksək səviyyəli professional kadrların hazırlanmasında vacib rol oynayıblar. Bugün də burada F.Bədəlbəyli, A.Məlikov, A.Əlizadə, F.Qasımova və X.Qasımova kimi böyük yaradıcılıq qabiliyyətinə, potensiala malik olan insanlar fəal çalışırlar. Musiqi Akademiyasında professor Q.Abdullazadənin rəhbərliyi altında elmi laboratoriyalar fəaliyyət göstərir, dünya musiqi elmi fikri üçün aktual problemlər üzərində axtarışlar aparılır. - Bəs Akademiyanın yetirmələrindən beynəlxalq arenaya çıxanı varmı? Çalışdığınız təhsil müəssisəsində hansı beynəlxalq sistemlə tədris keçirilir? - Bu təhsil ocağının yetirmələri dünyanın müxtəlif yerlərində beynəlxalq müsabiqə və elmi konfranslarda yüksək səviyyədə iştirak edərək, Musiqi Akademiyasının adını 90-ildir ki, uca saxlayırlar. Lakin həyatımızın bir çox sahələrində olan yeniliklər, o cümlədən qloballaşma, bizim təhsil ocağına da öz təsirini göstərib. Boloniya prosesinə daxil olaraq, Azərbaycan öz üzərinə müəyyən öhdəliklər götürüb. Boloniya prosesinin əsas ideyası - inteqrasiyadır. Lakin Avropa ölkələrində de-fakto o var idi və yalnız hüquqi həllini tapıb. Bizim bu prosesə daxil olmağımız bir çox Avropa ölkələrindən fərqlidir. Əksər Avropa universitetlərinin unikal təhsil sistemi, bütün dünyanın gənclərini özünə cəlb edən 700, 600, 500-illik ənənələri var. Məhz buna görə inteqrasiya burada bir o qədər dəyişmələr tələb etmirdi. Avropadan fərqli olaraq, bizim təhsil sistemində əsaslı islahatlar aparılır və təbii ki, bu prosesdə müsbət cəhətlərlə yanaşı, müəyyən itkilərlə də rastlaşırıq. Məsələn, Bolonya sistemi bakalavriat, magistratura, doktrantura pillələrindən ibarətdir, lakin bizdə aspirantura da mövcuddur. Bununla nə etmək lazımdır? Deməli, Boloniya sisteminə daxil olsaq da, bizim öz spesifikamız nəzərə alınmalıdır. Bu gün dəyərlər və ideallar sistemi, insanların maddi durumu müxtəlifdir və bir çox istedadlı gənclərin maddi imkanı yoxdur ki, təhsil alsınlar. Əksər problemlər isə test sistemi ilə bağlıdır. Məsələn, magistraturaya yerlər olduqca məhduddur və əksəriyyəti pulludur. Saatlarla ixtisasla məşğul olan pianoçu və ya skripkaçının informatika, məntiq üzrə testlərə hazırlaşmağa vaxtı qalmır və imtahan zamanı suallara cavab verə bilmir. - Belə çıxır ki, bu sahədə təhsilini davam etdirmək istəyənlərə imtahanlarda müəyyən güzəştlər edilməlidir? - Musiqiçiyə nə dərəcədə bu imtahanlar lazımdır? Nəticədə, yeni üsullarla keçirilən imtahanlara görə musiqi sahəsindəki istedadlı gənclər təsilini davam etdirə bilmir, bəziləri isə Avropaya üz tutur. Siz deyə bilərsiniz ki, bunun nəyi pisdir? İş burasındadır ki, onlar sonradan müxtəlif ölkələrdə məskunlaşırlar və orada fəaliyyət göstərərək, seçdiyi ölkələrin təhsil sistemini gücləndirirlər, biz isə qalırıq kənarda. Norveçdə E.Qriq adına Musiqi Akademiyasına daxil olmaq üçün xarici dil, ixtisas və musiqi fənləri üzrə imtahan vermək kifayətdir. Bizdə isə, qeyri-musiqili fənlər üstün tutulur və nəticədə, ümumi fənlərdən ballar toplaya bilməyən tələbə, ikinci mərhələyə buraxılmır. Təbii ki, bu, problemlərin hamısı deyil, lakin milli musiqi təhsil sistemini zəiflətməyə bunlar da kifayətdir. XX əsr milli musiqi mədəniyyətinin parlaq nailiyyətləri subut edir ki, beşillik ali musiqi təhsil sistemi özünü tam surətdə doğruldub və buna görə onu dəyişmək lazımdırmı? Çox zaman deyirlər ki, biz Boloniya prosesinə qoşulmayanda diplomların tanınması problemi var idi. Onda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konvservatoriyasını (indiki BMA-nı-redak.) bitirən yüzlərlə musiqiçi ABŞ, Kanada, Fransa, Almaniya, ?orveç, Türkiyə və ərəb ölkələrindəki bəynəlxəlq müsabiqələrdə birinci mükafata necə layiq görülüblər, indi necə dərs deyirlər, konsertlərlə çıxış edirlər? Deməli, dünyada vacib deyil ki, hansı sistem üzrə təhsil alırsan, əsası - nə dərəcədə professional vokalçı, pianoçu və s. olmaqdır. - Bəlkə musiqi ali təhsil sisteminin islahatı mədəni - intellektual elita hazırlamaq ideyası ilə bağlıdır? - Ali təhsil hamı üçün əlverişli, münasib olmalıdır. Təhsilin əsas məqsədi ondan ibarətdir ki, intellektuallığın yaranmasına, üzə çıxmasına və formalaşmasına kömək etsin. Bu isə yalnız musiqi ali təhsilinin problemi deyil. Əvvəllər məşhur olan "oxumaq, oxumaq və oxumaq" şüarı öz aktuallığını itirib və onu bərpa etmək bizim intensiv surətdə inkişaf edən cəmiyyətimiz üçün çox vacibdir. Son iyirmi ildə cəmiyyətin təbəqələşməsi və məktəblərin modernizasiyası ali təhsilli insanları nüfuzdan salıb. Gənclərin təhsilə maraqı itib və bu bizim cəmiyyətin bir nömrəli problemidir. Dünyanın bütün inkişaf etmiş ölkələri öz gələcəklərini mükəmməl təhsillə bağlayırlar və nə qədər gec deyil, biz də bu haqda düşünməliyik. - Yeni sistemdə müəllim və tələbələr hansı problemlərlə rastlaşır? - Boloniya sistemi ilə bağlı yeni proqramların, dərsliklərin və metodik vəsaitlərin hazırlanması prioritet problemlər sırasına daxildir. Qısa müddət ərzində BMA-da proqramlar hazırlanıb. Lakin əsas problem - Azərbaycan dilində bəzi dərsliklərin olmaması ilə bağlıdır. Sovet məkanında biz əsasən rus dilində dərsliklər çap edirdik və indi bu fakt tələbələr üçün müəyyən çətinliklər yaradır. Lakin Musiqi Akademiyasının kollektivi bu problem üzərində çalışır və tezliklə onu aradan qaldıracaqlar. Bizim zəngin kitabxanamız var, o tam kompüterləşib və müəllim-tələbə heyəti internetdən istifadə edərək, lazımlı məlumatı əldə edir, istədikləri musiqi əsərlərinə və ya eyni əsərin dünya muçiqiçiləri tərəfindən müxtəlif interpretasiyalarına qulaq asaraq, müqayisə edə bilərlər. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dünyada məşhur olan musiqiçilərin master-klassları, konsertləri sistematik təşkil edilir. Bu, təbii ki, tələbələrin professional səviyyələrinin artması üçün çox vacibdir. Ümidverici tələbələr çoxdur, lakin onları həvəsləndirmək lazımdır. Bunun üçün isə xeyli pul vəsaiti tələb olunur, çünki indiki zamanda bu faktor stimul, maraq oyadıcı amil xarakterini daşıyır. - Gəncləri elmə təşviq etmək, marağını artırmaq üçün təklifləriniz nədən ibarətdir? - Yəqin ki, müəyyən ənənələri bərpa etmək olar. Məsələn, əvvəllər bəstəkarlıq fakültəsini bitirən tələbələrin əsərləri filarmoniyada səslənirdi, onlar son imtahanlarını geniş auditoriya qarşısında verirdilər. Bu fakt gənc bəstəkara kimin üçün fəaliyyət göstərməsini xatırladaraq, məsuliyyətini artırırdı. Almaniya konservatoriyalarında oxuyan tələbələr dünyanın məşhur orkestrlərində ifaçılıq təcrübəsi keçirlər. Arzu edək ki, bizim məzunlar da belə imkanlar əldə edsinlər. Yaqin ki, musiqi-nəzəriyyə fakültəsinin tələbələrinə ərəb və fars dillərini, şərq fəlsəfəsi, ədəbiyyatı fənlərini tətbiq etmək olar. Məsələn, muğamın vokal partiyasını təhlil edən zaman əruzu bilmək mənsədəuyğundur. Bundan başqa, bir çox qədim musiqi risalələri bu dillərdə yazılıb və həmin əsərləri təhlil etmək üçün, milli musiqişünaslar hazırlanmalıdır. Xatırlayaq ki, Üzeyir bəylə, A.Bədəlbəylinin bu dilləri bilməsi onların elmi fikirlərini əsaslı surətdə zənginləşdirmişdir. Son iyirmi ildə Azərbaycan azadlıq, müstəqillik və s. nailiyyətlər aldə edib, lakin mədəniyyət və təhsil sahəsində müəyyən itkilər olub və onları aradan qaldırmaq üçün bir, ya 10 musiqiçinin fəaliyyəti kifayət deyil. Burada musiqi mədəniyyətinin inkişafı ilə bağlı xüsusi dövlət proqramı işlənərək, ardıcıl surətdə həyata keçirilməlidir. Eyni zamanda, mədəniyyət problemləri ilə məşğul olan dövlət qurumları, iş adamları, konsert təşkilatları bəstəkarlara yeni əsərlər sifariş edə bilərlər, ifaçılara və musiqişünaslara qrantlar ayıra bilərlər. Məsələn, Rostropoviç adına festavalda ifa olunmaq üçün 10 dəqiqəlik simfonik və ya kamera-instrumental pyes üçün. Qabaqcadan ən layiqli əsəri seçib, festivalda səsləndirmək mümkündür. Bəstəkar axtarışları üçün bir təkan olan belə sifarişlər dünyada keçirilən festivallar, müsabiqələr üçün adi haldır. - Ümumiyyətlə, klassik musiqiyə marağın itməsinin səbəbləri nədir? - Bu problem təhsil, tərbiyə və təbliğatla bağlıdır. Uşaqların baxçada, evdə, məktəbdə düzgün tərbiyə olunmaması nəticəsində klassik musiqiyə maraq yoxdur. Musiqi dərslərinə olan formal yanaşma klassik və xalq musiqisinə maraq oyada bilməz. Azərbaycanda klassik musiqi sənəti dünyanın bir çox yerlərində olduğu kimi, çətin dövrünü yaşayır. Bu sahədə yeni yolların axtarışları müxtəlif və çox zaman heç də uğurlu deyil. "Mədəni" industriyanın bayağılıqı, şlyaqer epidemiyası bir-birini əvəz edərək, kütləvi dinləyicini "kəməndə salır" və nəticədə klassik musiqi ilə keyfiyyətsiz populyar misiqi arasında tarazlıq pozulur. - Bu problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır? - Yeni musiqi təhsil sistemi işlənilməlidir. Sovet musiqi sistemi klassik musiqini təbliğ etmək məqsədi ilə internatlarda, zavod və fabriklərdə leksiya - konsertlər təşkil edirdi. ?əticədə, demək olar ki, Bakıda hər bir evdə piano var idi, insanlar konsert zallarına gedirdi, uşaqlarına ilkin musiqi təhsili verməyə çalışırdı. Bu gün bir sıra problemlər, məsələn, biletlərin baha olması, gənclərin, ümumiyyətlə, geniş dinləyici kütləsinin konsertlərə getməsinin qabağını alır. Amma qeyd etdiyimiz kimi, bəynəlxalq klassik musiqi festivalları keçirilir, Heydər Əliyev Fondu tərəfindən muğama böyük diqqət yetirilir. Biz hamımız evdə, məktəbdə uşağa kiçik yaşlarından başlayaraq əsl sənətə, klassik musiqiyə qarşı məhəbbət aşılamalıyıq. - Könül xanım, hazırda dünyada hansı musiqi təhsili metodikaları mövcuddur? - Yaşadığımız dövrün dinamizmi, vahid ideologiyadan plüralizmə keçid ilkin musiqi təhsili sistemində yeni konseptual yanaşmalar tələb edir. Uşaqların təhsili ilə bağlı bir sıra tədqiqatların müəllifi olan nüfuzlu amerikalı psixoloq və sənətşünas E.Eysner hesab edir ki, incəsənətə yiyələn uşaqlarda təxəyyül və yaradıcı interpretasiya sürətlə inkişaf edir. İncəsənətlə bağlı dərslər uşaqların kreativliyini artırır. Məhz buna görə E.Eysner bütün uşaq yaş qruplarının incəsənətə kompleks surətdə yiyələnməsinin labüdlüyü, zərurəti haqqında yazır. İncəsənət dedikdə, alim musiqi, rəsm, poeziya və nəsri nəzərdə tutur. Alim sübut edir ki, klassik musiqi səslərinin, vizual formaların qavranılması, metaforik diskurs zamanı uşaqlarda yaratmaq qabilliyətini aşkarlayır. İncəsənətin müxtəlif növləri ilə yaxından tanış olaraq, uşaqlar ümumbəşəri dəyərlərlə yaxınlaşırlar və həyati təcrübələri inkişaf edir. İncəsənətin müxtəlif növlərinin sintezi Avropa ölkələrində və ABŞ-da "inteqrasiyalı dərslərdə" həyata keçirilir. Bu dərslər müxtəlif incəsənət növlərindən, ədəbi nümunələr, vide-omateriallar, musiqi hərəkətləri, müxtəlif alətlərdə ifa və rəsmdən ibarətdir. Uşaqlara aydın formada yüksək bədii nümunələrin dəyəri aşılanır və beləliklə, onlar klassik mədəniyyətə yiyələnirlər. Eyni zamanda, uşaqların "mədəni məkanı"nı genişləndirmək lazımdır. Valideyinlər, müəllimlər onları musiqi teatrlarına, filarmoniya konsertlərinə, muzeylərə aparmalıdırlar, lakin əsərlər, tarixi və bədii nümunələr haqqında məlumatı qabaqcadan verməlidirlər. Belə bədii hadisələr uşaq həyatı üçün çox vacibdir və onların klassik incəsənətə marağını oyadır. Eyni zamanda, dərsdə hansısa əsəri səsləndirərək, uşaqlara təklif etmək olar ki, musiqidən yaranan hisslərini təsvir etsinlər. Bir çox uşaqlarda gözəl musiqi duyumu var. Yaxşı olar ki, musiqi dərslərində onlara sadə xalq mahnılarını öyrətsinlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA