Xarici kəzfiyyat ölkəmizi poliqona çevirib

img

27-11-2011 [05:24]


[b]Yazıçı-publisist Rafiq Tağının qətlində İsrail kəşfiyyatının adı hallanır [/b] Azərbaycan-İran münasibətlərinin gərginləşməsi yüksələn xətt üzrə inkişaf edir. Bu günlərdə İranın "Fars" Xəbər Agentliyinin terrorçu təşkilat olan "Xalq Mücahidləri"nin Azərbaycanda yerləşməsi ilə bağlı məlumat yayması da, münasibətlərdəki gərginliyi artırıb. İranın Xarici İşlər nazirliyinin (XİN) sözçüsü isə məsələyə münasibət bildirərkən deyib ki, heç bir dövlət qonşu dövlətin təhlükəsizliyini təhdid edə biləcək addım atmağı özünə rəva görməz, əks halda, hər iki tərəfin təhlükəsizliyinə ziyan dəyə bilər. İranın XİN sözçüsünün bu fikirlərində də Azərbaycana qarşı bir təhdid var. Məsələylə bağlı açıqlama verən tanınmış politoloq Zərdüşt Əlizadə Xalq Mücahidləri Təşkilatının Azərbaycanda yerləşməsi ilə bağlı səslənən fikirlərin əsaslı olacağına inanmadığını söyləyib: "Öncə onu deyim ki, İran inqilabı zamanı "Xalq Mücahidləri" çox fəal idilər, şaha qarşı vuruşurdular. Onların fəaliyyətləri mollalarla eyni istiqamətdə idi, eyni hədəfə vururdular. Sonra müxalif qüvvələr hakimiyyətə gəldi, Xomeyni şəksiz üstün oldu və mollar bütün siyasi rəqiblərini - kommunistləri, liberalları siyasi səhnədən sildilər. Bəziləri isə zindanlarda öldürüldü və s. Bundan sonra Xalq Mücahidləri Təşkilatı İraqa keçdi. Çünki Səddam Hüseyn İranla düşmən idi və onların əlindən qaçıb gələn bu təşkilatın üzvlərinə İraqda düşərgə təşkil etməyə icazə verildi. İrandakı molla rejimindən narazı olanlar bunun ardınca İraqa gəlib, bu düşərgədə təlim keçirdilər. Sonra da İrana qayıdıb din xadimlərini, dövlət adamlarını öldürürdülər. Onlar, eyni zamanda, siyasi mübarizə ilə də məşğul idilər, qəzet çıxarırdılar, radiostansiyaları var idi. O zaman Qərb onları kommunist olduqlarına görə terrorçu sayırdı. Sonra gördülər ki, mollalar bunlardan da təhlükəlidir, ona görə də bu təşkilatı terrorçular sırasından çıxardılar. Bir müddət keçəndən sonra bu təşkilat elan elədi ki, zorakı hərəkətlərdən imtina edir, təkamül yolu seçir, dinc mübarizə aparmağı qərarlaşdırır". [b]Azərbaycana qarşı İran təhdidi[/b] Həmsöhbətimiz qeyd edib ki, Amerika qoşunları İraqa girəndən sonra Xalq Mücahidləri Təşkilatından İrana qarşı istifadə etməyə başlayıb: "Amma şiə partiyaları, hansılar ki, İranla sıx əlaqədəydi, seçkilərdə qalib gələndən sonra Xalq Mücahidləri Təşkilatının fəaliyyətinə məhdudiyyətlər qoymağa başladılar. Bu yaxınlarda isə İraq qoşunları hücum elədi və bu düşərgəni darmadağın etdilər. Yəni, hazırda bu təşkilatın İraqdakı fəaliyyətinə qadağa qoyulub. İndi də keçiblər İraq hökumətinin nəzarətində olan Kürdüstana. Bunların Qərblə əlaqəsi heç kəsdə şübhə doğurmur. Ümumiyyətlə, hansısa xarici qüvvənin dəstəyi olmasa, hansısa terrorçu təşkilat həyatda qala bilməz". Həmin təşkilatın Azərbaycanda yerləşməsinə gəlincə, Zərdüşt bəy "Onların Azərbaycanda olması ağlabatan deyil. Çünki Azərbaycan hakimiyyətinin İranla düşmənçiliyi yoxdur. Azərbaycan hakimiyyəti sırf formatik işlərlə məşğuldur, neft satır, qaz satır, büdcə pullarını oğurlayır, rüşvət, maxinasiya və s. işlərlə məşğuldur. Azərbaycan hakimiyyəti çox gözəl anlayır ki, İranla düşmənçilik etmək, bu kimi təşkilatlara dəstək vermək ölkədəki sabitliyi pozar və İrana imkan verər ki, Azərbaycana soxulsun. Ona görə də Azərbaycanın Xalq Mücahidləri Təşkilatına fəaliyyət üçün icazə verməsi ilə bağlı deyilənlər inandırıcı deyil. Düşünürəm ki, bu fikirləri söyləyən adamın əlində ciddi dəlillər yoxdur",-deyib. Politoloq, Azərbaycanla İran arasındakı münasibətlərdəki gərginliyin qarşılıqlı proseslərlə əlaqəli olduğunu da vurğulayıb. Onun sözlərinə görə, İranın Azərbaycandakı səfirliyi qarşısında polisin müdaxilə etmədiyi səfeh şüarlarla aksiyalar keçirilir və bu, münasibətlərdə soyuqluğa səbəb olur: "Hamı bilir ki, Azərbaycanda bir-iki qəzeti çıxmaqla, mətbuata nəzarəti hakimiyyət həyata keçirir. Təbii, İran da anlayır ki, Azərbaycan vətəndaşlarının İrana qarşı fəaliyyət göstərməsinə Azərbaycan hakimiyyəti icazə verir. Bizdə də suları bulandıran xeyli nadan, cahil ünsürlər var, İranda da düşük millətçilər var, bizdə türk, orda fars şovinistləri var. Bütün bunlar da iki xalq arasındakı münasibətlərə ziyan vurur. Demək istəyirəm ki, Azərbaycanda İranı qıcıqlandıran xeyli proseslər baş verir. Eyni zamanda, çox gözəl bilirlər ki, İsrail-Amerika kəşfiyyatı Azərbaycandan İrana qarşı çox sərbəst işləyir". [b]Rafiq Tağının müəmmalı qətlində İran izi? [/b] Qeyd edək ki, yazıçı-publisist Rafiq Tağının ötən həftə bıçaqlanaraq, bir neçə gün sonra xəstəxanada müəmmalı şəkildə dünyasını dəyişməsində İranın adı daha çox hallanır. Zərdüşt bəy isə Rafiq Tağının ölüm sifarişinin İrandan gəlməsi ilə bağlı səslənən fikirləri qəbul etmir: "Bir atalar məsəlində deyilir ki, adamın adı çıxınca, canı çıxsa yaxşıdı. Vaxt vardı, ?emət Pənahov, Fəzail Ağamalı deyirdi ki, Zərdüşt Əlizadə Rusiya kəşfiyyatının, Mərkəzi Komitənin, Mütəllibovun casusudur, sonradan bəlli oldu ki, özləri casusdur. İran haqqında da o qədər şayiələr yayırlar ki. Deyirlər, iki ayətullah fətva verib. Ayətullahlar o qədər fətva veriblər ki, hər ayətullahın fətvası ilə gəlib burda adam öldürməzlər axı. ?ormal demokratik ölkələrdə belə bir cinayət hadisəsi baş verəndə hüquq-mühafizə orqanları bu işlə məşğul olur, canini tapır, hamının inandığı müstəqil və ədalətli məhkəmə onun barəsində hökm çıxarır, hamı da deyir, bəli, sübut olundu ki, Rafiq Tağını İran ayətullahlarının fətvası ilə filankəsov mürdəşir öldürüb. Mən sual vermək istəyirəm, hansısa ayətullah orda boşbağazlıq edib, səfeh sözlər deyib, sonra da hansısa əclaf gəlib Rafiq Tağını öldürüb, bizdə ədalətli istintaq, məhkəmə varmı ki, həqiqəti ortaya çıxara bilsin? Əlbəttə ki, yox". Şəxsi qənaətinə gəlincə, Z.Əlizadə bildirdi ki, ciddi arqumentlərə söykənən fakt ortaya qoyulmayana qədər bu qətli adi cinayət işi sayır: "Mənim versiyam odur ki, əclaf bir adam məzlum bir insanı vəhşicəsinə öldürüb. Həmin adam mütləq tapılmalı və cəzalandırılmalıdır. Amma mən İranı, Turanı, Amerikanı ittiham edə bilmərəm. Çünki bunun üçün əsasım yoxdur. Əgər Azərbaycan istintaqı sübut eləsə ki, Rafiq Tağını İran ayətullahlarının fətvası ilə İranın casusu öldürüb, mən deyərəm ki, bu, növbəti axmaqlıqdır. Çünki Rafiq Tağının elə də böyük ictimai əhəmiyyəti yox idi ki, onu bu şəkildə qətlə yetirsinlər". Bu qətlin xarici kəşfiyyat orqanları tərəfindən hazırlanması ilə bağlı fikirlərə gəlincə, Z.Əlizadə bu ehtimalların da arxasında ciddi arqumentin dayanmadığını söyləyib. Onun sözlərinə görə, hər hansı istintaq orqanı bu hadisəni hansısa xarici kəşfiyyat orqanının gerçəkləşdirməsi barədə məlumat verməyib, səslənənlərin isə arxasında ciddi arqument yoxdur. Onu da qeyd edək ki, son dövrlər ölkədə dini qüvvələrin aktivləşməsi üzündən bu hadisənin dini kəsim tərəfindən törədilməsi istiqamətində də müəyyən fikirlər səslənir. Bu ehtimalların nə dərəcə həqiqətə yaxın olmasına da münasibət bildirən müsahibimiz "Rəhmətlik Ziya Bünyadov öldürüləndən sonra onun qətlini üç qrupun üstünə atdılar. Yəqin ki, bu cinayəti də kiminsə üstünə atacaqlar. Onsuz da, bizimkilər yalançı istintaq aparmağa, ədalətsiz hökm çıxarmağa öyrəşiblər",-söylədi. [b]İsrail kəşfiyyatının Azərbaycanda anti-İran əməliyyatları [/b] Politoloqun sözlərinə görə, öncə müəyyənləşdirmək lazımdır ki, bu qətlin törədilməsi və ona bu cür don geyindirilməsi kimə xeyirdir. Onun fikrincə, bu, İranı şərləmək üçün gözəl fürsətdir: "Rafiq Tağı ədəb çərçivəsinə sığmayan sözlər demiş, hansısa səfeh ayətullah da fətva vermişdi. Bu isə İranı şərləmək üçün çox yaxşı fürsətdir. Yəni, bədbəxt Rafiq Tağını öldürürlər və yıxırlar İranın üstünə. Mən düşünmürəm ki, bunu Azərbaycan tərəfi həyata keçirsin. Azərbaycan tərəfi müstəqil şəkildə İranla intriqaya girə bilməz, çalışır ki, baş qoşmasın. Mənim fikrimcə, bu qətli İranı hədəfə almaq istəyən xarici qüvvələr təşkil edə bilərlər. Azərbaycan açıq məkandır, istənilən ölkənin kəşfiyyatı da, digər qüvvələri də gəlib burda istədiyini edir. MOSSAD-dan tutmuş CİA-ya qədər, KQB-dən tutmuş FSB-yə qədər bütün kəşfiyyat orqanları Azərbaycanda at oynadır, bu ölkədən cıdır meydanı kimi istifadə edirlər. Artıq elə bir vəziyyət yaranıb ki, istənilən normal xarici kəşfiyyat orqanı Azərbaycanda istədiyi əməliyyatı reallaşdıra bilər. Bizim kəşfiyyat orqanlarının əsas işi isə azərbaycanlıları tutmaqdır. Çalışırlar özümüzünküləri nəzarətdə saxlasınlar və öyrənsinlər ki, hökumətə qarşı nəsə deyirlərmi? Bir sözlə, onların diqqət mərkəzində Azərbaycan xalqıdır". [b]Qətllər davamlı ola bilər [/b] R.Tağının qətlinin Azərbaycan müxalifətini və müstəqil mətbuatı qorxutmaq məqsədi ilə törədildiyini deyənlər də var. Amma Z.Əlizadə bu fikirləri də qəbul etmir: "Hədəfdə müxalifət, yaxud mətbuat deyil, hədəfdə İranın imicinin zərbə altında qalmasıdır. Mətbuatı qorxutmaq üçün Elmar Hüseynovu öldürdülər, Mirzə Sakiti, Qənimət Zahidi, Eynulla Fətullayevi tutdular. Rafiq Tağının öldürülməsi isə İranın imicinin ləkələnməsi proqramı ilə həyata keçirilib. İranın düşmənləri kimdirsə, Azərbaycanla İranın münasibətlərini daha da gərginləşdirmək istəyən hansı qüvvədirsə, onlar da bunu həyata keçiriblər. Bu, ən çox İsrailə xeyirdir, bu mənada iddia etmək olar ki, bu qətl İsrail kəşfiyyatı trəfindən həyata keçirilib. Dünyada o qədər belə hadisələr var ki, İslama ləkə gətirir, amma İsrailin xeyrinə olur. Amma mən yüz faiz deyə bilmərəm ki, bunu İsrail kəşfiyyatı həyata keçirib. Buna baxmayaraq, mənim də məntiqi düşünmək hüququm var. Hesab edirəm ki, bu hadisə İrana xeyir gətirməz, amma İsrailin marağını təmin edər". Z.Əlizadə sonda onu da vurğulayıb ki, belə hadisələrin təkrarlanma ehtimalı var. Onun sözlərinə görə, heç kəs zəmanət verə bilməz ki, İran-Azərbaycan münasibətlərinin gərginləşməsi üçün, İranın nüfuzuna xələl gətirəcək bu kimi hadisələr törədilməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA