"Azərbaycanda siyasi sistem iflasa uğradılıb"

img

20-11-2011 [05:47]


[b]İqbal Ağazadə: "Siyasi institutlar bu şəkildə sıradan çıxacaqsa, ictimai-siyasi proseslərə təsir imkanları günü-gündən azalacaqsa, onun yerini daha çevik, təşkilatlanmağa meylli olan dini qrupların tuta biləcəyi ehtimalı çox böyükdür"[/b] "Amnesty İnternational" beynəlxalq insan haqlarını müdafiə təşkilatı Azərbaycanda əsas azadlıqların vəziyyətindən bəhs edən xüsusi hesabatını yayıb. Sənəddə qeyd edilir ki, Azərbaycanda siyasətdə, jurnalistikada, təhsildə, hətta sosial şəbəkələrdə, harada olursa-olsun, hökumətin ünvanına tənqidi çıxış edənlər bir qayda olaraq cəzalandırılır, ölkədə insan haqları sahəsində vəziyyət getdikcə ağırlaşır. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə "Reytinq"ə müsahibəsində bu məsələdən də danışdı: - Azərbaycanda insan haqlarının vəziyyəti və söz azadlığı ilə bağlı ciddi problemlər var. Bunu kimsə dana bilməz. 2 aprel mitinqində tutulanlar, onlara qarşı məhkəmə ədalətsizliyi, Bəxtiyar Hacıyev və adını çəkmədiyim digərlərinin həbs olunması Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı obyektiv məlumat verir. Ona görə də hesab edirəm ki, "Amnesty İnternational"ın gəldiyi qənaəti aradan qaldırmaq üçün hakimiyyətin əlində tutarlı fakt yoxdur... - Bu tələblər, tövsiyyələr görüntü xarakteri dayışır, yoxsa hakimiyyətin idarəçiliyi budur? - Azərbaycan hakimiyyəti tövsiyyə xarakterli qərarların yerinə yetirilməsində maraqlı deyil. Amma qəbul olunan qərarların tövsiyyədən artıq real işə keçməsi zamanı da çatıb. Hesab edirəm ki, bununla bağlı beynəlxalq təşkilatların fərqli yanaşmaları ortada olacaq. Azərbaycan hakimiyyəti bunu nəzərə alıb, bu proses başlamayana qədər ölkədə siyasi məhbuslarla və insan haqları sahəsindəki vəziyyəti dəyişməyə cəhd edəcək. - Necə düşünürsünüz, hakimiyyətin daha sərt mövqe tutması müxalifətin zəifliyindən irəli gəlmirmi? - Bu günlərdə beynəlxalq tədbirlərin birində Yaxın Şərq hadisələrinin təhlil olunması ilə bağlı çıxış edirdim. Orda ərəb ölkələri ilə bağlı çox qısa və hər kəsi düşündürən sual verildi ki, nədən diktatura rejimlərini yıxan xalqlar sonradan daha ideoloji, daha qapalı cəmiyyətlərə üstünlük verirlər? Yəni, İslamı nəzərdə tuturdular. Bir çox ekspertlər bu məsələyə fərqli yanaşıb, bunu Şərq xalqlarının mentalitetiylə bağladılar. Mən isə tamamiylə fərqli aspektdən yanaşdım və sonda bunu qəbul etdilər. Bunun tək səbəbi var. Siyasi sistem iflasa uğradıldığına görə, insanların bir-biri ilə müzakirə etmək, kollektiv qərar vermək, münasibət bildirmək imkanı əlindən alındığından, müzakirə aparmaq üçün təkcə məscidlərin olduğunu nəzərə alıb, o qənaətə gəlmək lazımdır ki, bu tipli hadisələrdən sonra daha çox təşkilatlanmış hissə məhz məscidlərdə toplaşan insanlardır. Azərbaycanda bu gün siyasi partiyaların prosesə aktiv təsir etməsini şərtləndirən amil ictimai-siyasi münasibətlərdən daha çox hakimiyyətin siyasi sistemə münasibətindən irəli gəlir. Diqqət edirsinizsə, son illərdəki proseslərdə daha çox ortada olan və daha çox kütləviliyi özündə ehtiva edən təşkilatlar dini təşkilatlardır. Bu, siyasi təşkilatların siyasi sistem çərçivəsindəki yerinin azaldılması və onların iflasa uğradılma siyasətinin aktiv şəkildə aparılması ilə bağlıdır. Yəni, bu gün Azərbaycanda siyasi sistem iflasa uğradılıb. Bu, çox ciddi və qorxulu tendensiyadır. Ona görə də təkcə müxalifətin daxildə bunu edə biləcək imkanlarının olub-olmamasını dartışmaq olduqca çətin məsələdir. Bunu beynəlxalq təşkilatlar da düşünməlidir ki, bir siyasi sistemin içərisində siyasi partiyaların bu qədər zəiflədilməsi mahiyyət etibarı ilə yeni mübarizə formaları və mübarizə təşkilatlarını ortaya çıxaracaq. Bu yanaşma durduqca siyasi partiyaların fəaliyyəti bəyanatdan o tərəfə keçməyəcək. Sonrakı mərhələlərdə xaotik proseslər baş verə bilər ki, bu da nə iqtidarın, nə Azərbaycan dövlətinin, nə də müxalifətin və beynəlxalq təşkilatların xeyrinə deyil. - Azərbaycanda radikal dini qüvvələrin gücü nə qədərdir, onların hansısa radikal addımlar atması nə qədər realdır? Sizcə, dini qüvvələrin hakimiyyəti tərpətmək gücü varmı? - Hazırda Azərbaycanda İslam institutlaşmayıb. İslamın institutlaşması uzun mərhələ tələb edən prosesdir. Siyasi sistem, partiya sistemi mövcud olduğuna görə, bu sistemi formalaşdırmaq o qədər də asan deyil. İslam institutlaşmadığı üçün bugünkü mərhələdə İslamın Azərbaycanda hər hansı hakimiyyət dəyişikliyi edəcəyinə, yaxud da dini qurumların hansısa formada hakimiyyət orqanlarına təsir edib, prosesi dəyişəcəyini proqnozlaşdırmaq qeyri-mümkündür. Amma heç bir halda vəziyyət bu şəkildə davam edə bilməz. Siyasi institutlar bu şəkildə sıradan çıxacaqsa, ictimai-siyasi proseslərə təsir imkanları günü-gündən azalacaqsa, onun yerini daha çevik, təşkilatlanmağa meylli olan dini qrupların tuta biləcəyi ehtimalı çox böyükdür. - Bu qüvvələrin məqsəd və məramında hansı mənfi elementlər öz əksini tapıb ki, narahatlığınızı bu şəkildə bildirirsiniz? - Bütün dönəmlərdə ideoloji dövlətlər qorxuludur və stabil deyil. Bu gün İran ideoloji dövlətdir, dini dəyərləri, şəriət qanunlarını ölkənin idarəetmə qanunları hesab edir. Dünya isə hüquqi dövlət anlayışını qəbul edib və hüquqi dövlət yaradılması istiqamətində inkişaf edərək bir mərhələyə gəlib çatıb. İdeoloji dövlətə qayıtmaq Azərbaycanın on il də geriyə atılması demək olardı. Dövlətə, dövlətçiliyə qarşı müxaliflər formalaşa bilər. Çünki bir ideoloji dövlətdə ona əks ideologiya olacaq və ona qarşı mübarizə aparacaq. Bu da Azərbaycan dövlətçiliyinin süqutuna qədər gətirib çıxara bilər. Ona görə də Azərbaycanda hər kəs azad şəkildə dini mövqeyini ifadə etməklə dini inanclarını yerinə yetirə bilər, o cümlədən liberal, mühafizəkar, millətçi baxışlarını özündə saxlayaraq, hakimiyyətə daşımaq barədə düşünməməlidir. Azərbaycanda tək dövlət quruluşu hüquqi dövlət quruluşudur. Hüquq isə hamını bərabər şəkildə tanıyır, heç kimin haqqını tapdamır. Hesab edirəm ki, Azərbaycanın istiqaməti bu tərəfə olmalıdır. Bunun əksi isə yuxarıda sadaladıqlarımdır ki, onlar da həmin yolun qorxulu tərəfləridir. - İqbal bəy, əgər ölkə belə bir təhlükənin astanasındadırsa, onda Siz müxalifət nümayəndələri nədən bir araya gəlib, bu barədə fikirləşmirsiniz? - Bu suala təkcə mən cavab verə bilmərəm. Bununla bağlı Sərdar Cəlaloğlu və Mirmahmud Mirəlioğlu bizim adımızdan ümumi müxalifətin birləşməsi istiqamətində danışıqlar aparır. ?əticələr barədə yəqin ki, sonda məlumat veriləcək. Amma bəri başdan deyə bilərəm ki, biz müxalifətin birliyi üçün çox şeyə hazırıq və çox şeyin həyata keçməsinin tərəfdarıyıq. Lakin bu gün müxalifət birləşmir, onun vahid güc mərkəzi formalaşmır və proseslərə təsir edə bilmir,- sualına bir partiya sədrinin təkbaşına tapa biləcəyi cavab yoxdur. O cümlədən iki və ya üç partiyanın bir yerdə olması mahiyyət etibarı ilə "müxalifət əsasən birləşib",- şüarını deməyə əsas vermir. Bu gün biz "Qarabağ" blokunda ADP ilə birləşmişik. İctimai Palatada Müsavatla AXCP birləşib, KXCP və AMİP müstəqil, ALP və VİP isə birgə fəaliyyət göstərir. Bir dairəni tamamlamaq üçün bütün qüvvələr orda təmsil olunmalıdır ki, Azərbaycan müxalifətinin ümumi mənzərəsi orda əksini tapa bilsin. Yoxsa yenə hər şey yarımçıq, hər şey müvəqqəti, uğur gətirməyən proyekt olacaq. Ona görə də biz bununla bağlı Mirmahmud bəyə və Sərdar Cəlaloğluna səlahiyyət vermişik, onlar da müəyyən danışıqlar aparırlar. - Müxalifətin daha geniş birliyinin yaranmasının qarşısında Sizin və müttəfiqiniz Sərdar Cəlaloğlunun vahid namizədin müəyyənləşdirilməsi təklifi maneə kimi dayanır... - Qarşıdan gələn 2013-cü il prezident seçkilərindən qabaq heç bir seçki situasiyası yoxdur. İllər uzunudur proseslərin içərisində olan şəxs kimi, 1995, 98, 2003, 2005, 2010-cu il seçki situasiyalarından başqa müxalifətin aktiv şəkildə ortada olub, vətəndaşlarla ciddi təmaslarının olduğunun şahidi olmamışam. Müxalifətin bu seçkilərin nəticələrinə hansı münasibət göstərməsindən asılı olmayaraq, hüquqi nəticələr dəyişməyib. Bu gün Azərbaycan müxalifətinin böyük bir kəsimi iddia edir ki, biz yenidən parlament seçkilərinin keçirilməsi üçün mübarizə aparırıq və parlament seçkilərinin nəticələrinin dəyişməsinin tərəfdarıyıq. Məncə, daha yaxşısı, 2013-cü il prezident seçkilərinə yönəlik cəmiyyətə vahid komanda kimi təqdim olunmaqdır. Vahid namizəd əsasən qarşıda duran problemdirsə, bu problemi daha tez çözüb, uzun müddətli strategiyaya hazırlıqlı şəkildə prosesə qatılmaq daha düzgün olmazmı? - Ancaq Siz İsa Qəmbərin, o da Sizin, başqası isə digərinin vahid namizədliyini qəbul eləmir... - Kim bu aspektdən yanaşırsa, yanılır. Biz böyük mənada ideyanı qəbul edək, kimin birinci olacağı məsələsi mexanizmini birgə fikirləşə bilərik. Məsələ ondadır ki, biz ideyanı qəbul edə bilmirik. Bəlkə mexanizmin içərisində İsa Qəmbər və ya İqbal Ağazadə deyəcək ki, namizəd olmaq istəmir? Biz 18 aylıq keçid hökuməti yaratmaq və sonra da demokratik seçkilər keçirmək istəyirik. 18 il bu iqtidara dözüb, bir-birinə dözmək istəməyən müxalifət ortada varsa, onda bu, başqa bir şeydir. Kimsə şəxsən İqbal Ağazadəyə dözmək istəmirsə, onda mən kimin qara qaşına, qara gözünə aşiq olmuşam ki, ona dözüm? Odur ki, hər şeyi kənara qoyub, ortaq məxrəcə gəlmək lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA