ADP idarə heyətinin toplantısı keçirilib

img

14-11-2011 [11:04]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti ilk öncə ermənilərin işğal altında saxladıqları Kəlbəcər rayonunu Ermənistanla birləşdirən yolu çəkməyə başlaması məsələsini müzakirə edərək, ermənilərin bu əməllərini əldə olunmuş atəşkəs sazişinə və beynəlxalq hüquq normalarına qəsd və Dağlıq Qarabağın ilhaq edilməsi siyasətinin tərkib hissəsi kimi dəyərləndirmiş, eyni zamanda hesab edib ki, Azərbaycan hökumətinin bu hadisəyə verdiyi reaksiya qeyri-adekvatdır, bu cür münasibət işğal altında olan ərazilərimizin ermənilərin ilhaq siyasətinə şərait yaradır. İdarə Heyəti silahlı müdaxilə də istisna olmamaqla Azərbaycan hökumətini bütün siyasi və diplomatik vasitələrdən istifadə etməklə ərazilərimizin ilhaq siyasətinin qarşısını almağa çağırıb. İdarə Heyəti son vaxtlar ölkə və dünya mətbuatında İrana qarşı hərbi əməliyyatların keçiriləcəyi ilə bağlı məlumatları müzakirə etmiş, ABŞ və bir sıra Avropa dövlətlərinin İrana qarşı hərbi əməliyyatlar keçirməsini bölgə dövlətlərinin strateji maraqlarına zidd olduğunu, bölgə üçün, o cümlədən Azərbaycan üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağını bildirib. İdarə Heyəti Azərbaycan dövlətinin, o cümlədən Cənubi Azərbaycanda yaşayan 30 milyona yaxın soydaşımızın taleyini nəzərə alaraq dünya ictimaiyyətini və İran dövlətinin rəhbərliyini mövcud olan konfliktin beynəlxalq hüquq normaları və diplomatik danışıqlarla yoluna qoyulmasına çağırıb. İdarə Heyəti ötən həftə NATO Baş katibinin Gürcüstana səfəri zamanı işğal altında olan Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstan dövlətinin ərazisi kimi tanıdığını və bu ərazilərin Gürcüstan dövlətinin ərazisi kimi qalacağı barədə verdiyi bəyanatı təqdir edərək, bu mövqeyi beynəlxalq hüquq normalarına uyğun hesab etmiş, eyni zamanda NATO tərəfindən bu mövqeyin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonları ilə bağlı da ifadə edilməsini arzu etdiyini bildirib. İdarə Heyəti Avropanın inkişaf etmiş dövlətləri olan İtaliya və Yunanıstanda hökumət başçılarının istefaya getmələrinə də diqqət çəkərək, qeyd edib ki, qlobal iqtisadi böhran nəinki zəif respublika tipli Yaxın Şərq ölkələrində siyasi təlatümlərə gətirib çıxarır, hətta Avropanın inkişaf etmiş ölkələrində belə inqilabi situasiya yaradır. İdarə Heyəti öz ölkələrində Yaxın Şərq inqilablarının qarşısını alan bu istefaları təqdir etmiş, eyni zamanda bildirib ki, bu ölkələrdə yaşanan dərin iqtisadi böhranda həmin ölkələrdə hakimiyyətin uzun müddət bir qüvvənin əlində olması və hakimiyyətlərin korrupsiyalaşması da böyük rol oynayıb. Bu tipli hadisələrin təkcə həmin dövlətlər üçün deyil, kürəsəl dünya üçün də problemlər yaratdığını diqqətə çəkən İdarə Heyəti dünya ictimaiyyətini uzun müddət hakimiyyətdə olan dövlət və hökumət başçılarının hakimiyyətdən getmələri üçün ciddi addımlar atmağa çağırıb. İdarə Heyəti son vaxtlar ölkədə mövcud olan dini mədrəsələrin qapadılmasını kəskin tənqid etmiş bu addımı hakimiyyətin din və vicdan azadlıqlara qarşı apardığı repressiv siyasətin tərkib hissəsi kimi dəyərləndirmiş, eyni zamanda bir İslam dövləti kimi gənc nəsildə islami biliklərin öyrədilməsi məqsədilə ölkədə müstəqil dini təhsilin təşkil edilməsinin vacibliyini vurğulayıb. İdarə Heyəti 12 noyabr Konstitusiya gününün Azərbaycan hakimiyyəti tərəfindən lazımi səviyyədə qeyd olunmamasını, həmin gün dövlət tədbirlərinin keçirilməməsini kəskin pisləyib, bu hadisəni mövcud hakimiyyətin ən ciddi qüsurlarından biri və qanuna qarşı mənfi münasibətinin təzahürü kimi dəyərləndirib. İdarə Heyəti 2009-cu ildə Avropa Şurası tərəfindən Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi təyin olunan Kristofer Ştrasserin ötən dövr ərzində Azərbaycana buraxılmamasını, öz növbəsində buna AŞ-nın da ciddi reaksiya verməməsini, nəhayət Avropa Şurası tərəfindən Kristofer Ştrasserin Azərbaycan üzrə mandatına son qoyulmasını və ona başqa mandat - siyasi məhbus statusunun müəyyən olunması üzrə məruzəçi statusunun verilməsini qətiyyətlə pisləyib, eyni zamanda qeyd edib ki, bu hadisə Azərbaycanda olan korrupsiyanın artıq beynəlxalq səviyyəyə çıxdığını, o cümlədən Avropa Şurasının öz simasını itirdiyini və bu qurumun üzv dövlətlərdə demokratikləşməyə və insan hüquq və azadlıqlarının müdafiəsinə töhfə verəcəyinin perspektivsiz olduğu göstərir. İdarə Heyəti sonda partiya həyatı ilə bağlı bir sıra cari məsələləri müzakirə etmiş və müvafiq qərarlar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA