Jurnalistin göy alçaya möhtac olması...

img

20-07-2018 [17:13]


Seymur VERDİZADƏ 

***

Çalışdığım redaksiyaya Milli Mətbuat Günü münasibətilə tort göndərən nazirlik sözçüsü baş redaktorumuza belə deyib: "Qızlara tapşır, sosial şəbəkələrdə tortun şəklini paylaşmasınlar”.

Redaktorumuz söhbətin nədən getdiyini anlasa da, jurnalist marağını gizlədə bilməyib: "Niyə? Burda pis nə var?”

Mətbuat xidmətinin rəhbəri belə cavab verib: "İmkanımız məhdud olduğu üçün redaksiyaların hamısına tort göndərə bilmədik. Istəmirik ki, jurnalistlər zəhləmizi töksünlər”.

Mən, həmin adamı qınamıram. "Reket” jurnalistlər olduğu kimi, "reket” saytlar da var. Həmin saytların əməkdaşları 10-15 manatlıq torta görə məmurun gözünü çıxarmağa hazırdırlar. Üzləri qara olsun...

Bu söhbətdən sonra həmin tortu yemək fikrindən daşındıq. Qızlar onu redaksiyamızın yerləşdiyi küçədə təmizlik işləri ilə məşğul olan Gülnisə xalaya hədiyyə etdilər...

Kənd Təsərrüfatı Nazirliyi bayram münasibətilə redaksiyalara meyvə səbəti göndərib. İki gündür sosial şəbəkələri rəngarəng meyvə şəkilləri bəzəyib. Dünən tanış redaksiyaların birində qonaq olanda, mən də iki alça yedim. Mətbuata qayğı göstərmək yaxşı hərəkətdir, mən bunu təqdir edirəm. Amma gərək jurnalistin gözü onun-bunun əlində olmasın. Nəinki bir kiloqramı 70 qəpiyə satılan alçanı, kilosu 3 manata satılan gilası da, 4 manata satılan armudu da almağa jurnalistin pulu olmalıdır. Ayda cəmi 400-500 manat məvacib alan jurnalist armudu ancaq İnam Kərimovun yolladığı səbətdən götürüb yeyə bilər...

Dünən Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdən sonra jurnalist həmkarlarımla çay içib, söhbət etdik. Çoxdan tanıdığım, istedadına şübhə etmədiyim dostlarımdan biri qayğılı görünürdü. Səbəbini soruşanda, belə dedi: "KİV Fondundan zəng gözləyirəm”.

Gülüb, belə dedim: "Ordan mənə 8 ildi zəng gəlmir. Guya Fondun təşkil etdiyi bayram tədbirində iki qaşıq aş yeməsən, dünya dağılacaq?”

Həmkarım əl-ayağa düşdü: "Yox, vallah! Mən qarın davası eləmirəm. KİV Fondu Suraxanı rayon İcra Hakimiyyəti ilə birlikdə müsabiqə keçirir. Mən də məqalə yazmışam. Suraxanını o qədər tərifləmişəm ki, icra başçısı İlqar Abbasov oxusa, öz rayonunu tanımayacaq”.

O qədər pərt oldum ki, dodağımın altında mızıldanmaqdan başqa çarəm qalmadı: "Narahat olma, sənə də yer verərlər...”

Həmkarımın çöhrəsi işıqlandı: "Deyirlər ki, icra başçısı İlqar Abbasov əliaçıq adamdır. Müsabiqədə yer tutanlara da pul verir, tutmayanlara da. Ümidimi onun səxavətinə bağlamışam...”

Heç nə demədim. Boğazımda bir yığın qəhər düyünləndiyi üçün istəsəm də, nəsə deyə bilməyəcəkdim...

Əziz həmkarlar, bayramınız mübarək! 

Allah bizi İlqar Ababsovun boğçasına, İnam Kərimovun alçasına möhtac eləməsin...

Moderator.az

Digər xəbərlər
SON XƏBƏRLƏR