Gəncəni Nardarana, Bakını Dəməşqə çevirmək planı... - Deputat Zahid Oruc yazır

img

11-07-2018 [17:00]


Zahid Oruc, millət vəkili

***

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin cinayətkar rəhbərliyinin ifşasının ardınca paytaxtın bir addımlığında uzun on illər İslamın baş qalası adına iddia edən bir kəndi Azərbaycanın siyasi orbitinə qaytarmaq uğrunda əməliyyat başladı.

SSRİ-nin çöküşündə mühüm yer tutan milli-azadlıq hərəkatlarının əsas dayaqlarından biri olan və dönməz, fədakar insanları ilə müstəqillik mübarizəsinə töhfə verən Nardaran qəsəbəsi sonrakı illər eyni sürətlə cəhaləti, fanatizmi, dini dövlət qurmaq istəyənləri öz qanadları altına alaraq qeyri-sabitlik yuvasına çevrildi. Azadlıq meydanından qopan kütləninin "İmam Hüseyn” meydanına transformasiyası hər addımda paytaxta əkslik təşkil edən və hakimiyyətlə savaşan qüvvələrin oraya axın etməsinə səbəb oldu.

Bütün islami qüvvələr və hərəkatlar öz sadəlövh və hər an ölümə hazır olan tərəfdarlarını buradan götürürdü və dini-siyasi mübarizə alətinə çevirənlərin həqiqi məqsədlərini dərk etməkdə çətinlik çəkən inanclı kəsim hər gün dünyəvi dövləti təcəssüm etdirən nə varsa, onunla vuruşa sürüklənirdi. 

Çox sonralar bəlli olacaq ki, övladlarını Azərbaycan ordusuna xidmətə verməyən, əvəzində mücahildik səngərinə canı-dildən daxil olan və beləliklə də konstitusion öhdəliklərinə qarşı itaətsizlik göstərən, məktəbi və təhsili boykot edərək özünə cahil və zombiləşmiş dəstə yetişdirən və Yaxın Şərqin, qonşu ölkələrin "mənəvi vətəndaşlığını” qəbul edən adamları həqiqətən xalqımızın sıralarına qaytarmaq o qədər də asan deyildi. 

Elə bir mühitdə yalnız asilik və cihad ideologiyası özünə münbit zəmin qazanar və sivil quruluşların baş ağrısına çevrilər. Təsəvvür edin ki, işsizlikdən və yoxsulluqdan rəncidə olan nardaranlılara işıq, qaz və su verməyə çalışan hökumət orqanlarını hansısa "gözəgörünməz əllər” daş-qalaq etdirirdi. Təəccüblü də olsa,  oranı "barışmaz qala”ya döndərənlər yaxşı bilirdilər ki, əgər sosial ehtiyaclar ödənməyə başlasa, uşaqların böyüklərdən təqlid elədikləri xütbələri normal dərslər əvəzləsə və əsarətdə saxlanan qadınlar, qızlar iş yerləri əldə etsələr, onda siyasi şühadalığa aparan yollar bağlanacaq, əhali buxovlardan azad olacaq və iqtidarla savaş aparanlar meydanı tərk edəcəklər.


NARDARAN 1.jpg (75 KB)

Deyə bilərsiniz ki, məgər dövlətin böyük hərbi və siyasi gücü daha erkən çağlarda az qala 2-ci Qarabağa çevrilməyə hazırlaşan, topu, topxanası olmayan bir əyaləti qanunçuluq və hüquq müstəvisinə qaytarmağa nə mane olurdu? 

Çox maraqlı sualdır. Yəqin qafası qarışmış biriləri hökumətin əlində "Qərbi şantaj üçün saxlanan qəsəbə” barəsində uydurmalara hələ də zəif inam qalır, lakin bütün əməliyyat məlumatlarına nəzarət edən dövlət rəhbərliyi süni gərginlikdən və toqquşmalardan qaçmaq üçün bütün variantları götür-qoy edirdi. Lakin İslam Partiyasının ardınca, "Müsəlman Birliyi” hərəkatının dayaq dəstələri bütün sülh variantlarını və dinc nizamlamaları alt-üst edirdilər. Onlar özünü  sivil və liberal dünyanın bir hissəsi sayan sağçı müxalif qüvvələrlə birləşincə Məhsul meydanına doğru irəliləyərək azsaylı kütləvi aksiyaların əsas zərbəçi qüvvələrinə çevrildilər və belə şəraitdə, İslamın ilk çağlarında olduğu kimi artıq düşmən obrazları və xilaskar liderin tapılması bir an məsələsiydi.

Milli Təhlükəsizlik Nazirliyinin dövlətlə oyunu bundan ibarət idi. Taleh Bağırzadənin vaxtından əvvəl həbsdən buraxılması digər dini məzhəblərə, vəhhabizmə və nurçuluğa qarşı balans siyasəti ilə pərdələnsə də, əsl niyyət tamam başqaydı. 

Hökumət içərisində zamanın siyasi, hərbi və terrorla mübarizə sınaqlarından çıxan daxili işlər orqanlarının bütün əl-qolunu bağlayaraq, vəziyyətə nəzarət rıçaqlarını tam əlinə götürən Eldar Mahmudovun çekistləri  İranın, yaxud şiə barrikadasının başında gedənləri deyil, məhz mənsub olduğu iqtidarı daim xof və təhlükə içərisində saxlamaqda davam edirdi. Əslində Taleh Bağırzadəni mifə çevirənlər də məxfi orqanlar idi. Təlimatlar birbaşa çekistlərdən gəlirdi və Eldar Mahmudov hökumət içərisində hər zaman diş göstərə bilmədiyi iki mühüm qüvvəyə zərbə vurmaq üçün öz zamanını gözləyirdi. Olmadı! Çevriliş planı və xarici agenturanın Azərbaycanı MTN üzərindən idarə  etmək siyasəti ifşa olunca Daxili İşlər Nazirliyinin hər zaman dövlətçiliyə sadiq dəstələri Nardaranı yadelli şüarlardan, ekstremizm təmayülləridən və cəhalətdən xilas etdilər.

NARDARAN 2.jpg (8 KB)

Eldar Mahmudov qalınca dövlətin digər hərbi-silahlı strukturları belə əməliyyata getməməklərinin səbəbləri indi hər kəsə bəllidir.

Bax, həmin o günlərdə canını xalqın yolunda fəda edən, bununla belə ünvanlarına yüzlərlə böhtan atılan polis nəfərlərinin qan qardaşları Gəncədə onların üstünə qumbara atmağa cəhd edən "Müsəlman Birliyi” hərəkatının üzvlərini zərərsizləşdirmişdilər. O hadisələrə dair arxivlərin internetin yaddaşından silinməyib və şübhəsi olanlar 30 noyabr 2015-ci ildəki xəbərləri bir daha gözdən keçirə bilərlər. Əslində Nardarandan toplanan onlarla avtomat, tapança və digər silahların haradan gətirildiyi bəlliydi, lakin Bakının üsyankar qəsəbəsi ilə ikinci paytaxtı arasında axan yeraltı sular, bir-birlə bağlı qrupların eyni anda hərəkət etməsi daha böyük təhlükəydi. Deməli, onları idarə edən mərkəzlər ölkənin bütün coğrafiyasını əhatə etməyi və gərəkən anda müxtəlif ünvanlarda baş qaldırmağı qarşılarına məqsəd qoymuşdular.

Üstündən 3 ilə yaxın bir vaxt keçəndən sonra dövlətə qarşı  həmin atəş Yunis Səfərov adlı bir terrorçunun əlindən açılır və hər kəsin oturub bu cinayətkar hadisənin izlərinə diqqət kəsildiyi bir vaxtda Nardaranda olduğu kimi, lakin bu dəfə daha yüksək rütbəli polis zabitləri 200 nəfərlik bir başıpozuq dəstənin əliylə qətlə yetirirlər. Əlbəttə, belə qanlı əməli həyata keçirən konkret şəxslər öz cəzalarını alacaqlar.Üstəlik, öz təxribatçı kamerasını jurnalist qiyafəsində və çarşabın kölgəsində gizlətməyə çalışan, ”camaatın polisləri qovduğunu, ağır texnikanın meydana gətirələcəyini  və çox qorxulu hadisələrin baş verdiyi iddia edən” xanım əməkdaşın təxribatçı hərəkətləri də ayrıca araşdırılacaqdır. Lakin bizə Gəncədən "Bakının vurulması” ssenarisini cızanlar daha önəmlidir. Yəni hədəfin Azərbaycanın paytaxtı olduğunu heç kəs unutmasın. Necə ola bilər ki, Şimal və Cənub, Şərq və Qərq arasında üzvi bağlar quran bir şəhər sabitlik içərisində yaşamalıdır? Prezident İlham Əliyev regional və qitələrarası strategiyasını qansız həyata keçirə bilirsə, bunu necə bağışlamaq olar?

nardaran 3.jpg (115 KB)

Avropa paytaxtlarında oturub müasir kommunikasiya vasitələri ilə üsyana çağırış edənlərin davranışları başqa cür ola bilməzdi. Niderland Krallığında "Talış Muğan Respublikasının” ölümcül xiffəti altında qəlb xəstəsinə çevrilən Ələkrəm Hümmətovun terrorçu Yunis Səfərovun hüquqlarını müdafiə komitəsi yaratması və növbəti separatizmə çağırış etməsi Gəncədən baş qaldırmağa ümid bəslədiyi hansısa inqilabın xəyalından özgə bir iş deyildi. Yaxud  yüksək rütbəli polis zabitlərinin qətlə yetirilməsinə sevinən "Paris mühacirət xuntası”nın bütövlükdə ifşa edilməsi də bir ayrı söhbətin mövzusudur.

 Hərçənd Elmar Vəliyevə qarşı qəsdin üstündən bir həftə sonraya təyin edilən etiraz aksiyasını bütün informasiya məkanında tirajlayan, ona hakimiyyət dəyişikliyinin tərkib hissəsi kimi baxan qüvvələr əslində on minlərlə insanın meydanlara çıxması üçün əllərindən gələni etmişdilər. Hər paylaşım və çağırış bir qığılcım olub dopinq altında hərəkət edən və qan tökməyə hazır olan kütlə yetişdirməyə xidmət edirdi.Emosiyaları coşdurmaq üçün Elmar Vəliyevin oğlunun adından şəhər əhalisinə həqarət edilməsini özündə əks etdirən saxta xəbərlərin üzərinə tez gedilməsi təxribatçı qrupları İsmayıllıdakı "xalq üsyanı”mənzərəsini burada təkrarlamağa yer qoymadı.Lakin ağaclara diqqət kəsilərkən meşəni görməzdən keçmək siyasətin işi ola bilməz. Elmar Vəliyevin daha böyük iqtisadi və dini qrupları ilə üz-üzə qaldığı bir məkanda ona qarşı təşkil edilən əməlin hansı məqsədlər güddüyünə və səhnənin tam açılıb-açılmadığına indekslənmək dövlətin bir nömrəli işi olmalıdır.

Son üç ildə hökumətin tərkibində həyata keçirilən köklü siyasi, instusional və kadr dəyişikləri ona qədərki dövrdə yer alan müəyyən tendensiyaların də keyfiyyətcə yeni mərhələyə daxil olmasına gətirib çıxardı. Əvvəlki illərdə hökumətdə yer alan nazirlərə müxtəlif bölgələrdə yaxınlığı ilə seçilən adamları yerlərdə rəhbərliyə təyin etmək müəyyən əsaslara malik idi və regional inkişafın birinci dalğası kimi öz bəhrələrini də verdi. Lakin həmin simalar səhnəni tərk edincə məlum siyasətdən imtina olundu. 

Meydanda öz əhatə dairəsi və idarəetmədə çəkisi baxımından qalan azsaylı adamlar içərisində Elmar Vəliyevin daxil olduğu böyük bir ailə mövcuddur. Onların yüksək hakimiyyət mövqeyi tutması fonunda əlahiddə iddialarda bulunmamaları, Xanlar Vəliyev kimi təcrübəli, soyuqqanlı və şəcərəsi üzərində böyük mənəvi təsir gücünə malik olan bir adamın keçmiş həmkarları dərindən narahatlıq keçirirdilər. 

Görünür, iqtisadi maraq qruplarının da haradasa mənafeyi tapdalanarkən onlar günahkar axtarışında konkret şəxslərdən yanıqlı idilər. Lakin son hadisələr xarici casus şəbəkələrinin birbaşa planına daha çox  uyğundur və dünən Gəncədə siyasi şüarlardan, demokratiya səltənətindən uzaq olan təxribatçı qrupların əməllərini ssenariləşdirən konkret mərkəzlərin mövcudluğunu gizlətmək qeyri-mümkündür. Yeri gəlmişkən, dövlətin xüsusi xidmət orqanları məlum planı deşifrə ediblər, lakin dövlətlərarası münasibətlərin pozulmaması naminə onu ictimailəşdirməkdən vaz keçirlər. 

Ən azı, yüksək polis zabitlərini qətlə yetiməyin cəmiyyətdə doğuracağı reaksiya dərin hesablamaların nəticəsidir. Yəni güc orqanlarının vəziyyətə nəzarət etmədiyi və millətin qorunmasının xarici güclərdən asılı olduğu mənzərəsini yaratmağa çalışırlar. Lakin canını xalq yolunda fəda edən polislərə göstərilən ümumrespublika ehtiramı sübut edir ki, öz şəxsi hikkəsi, yaxud qayğısı ilə məmura qarşı köklənən adamlar da Nizami yurdunda hansı dramanın oynanıldığını yaxşı dərk edirlər.

Son illər dünyəvilik uğrunda mübarizə səhnələri ilə daha çox gündəmə gələn İran və Yaxın Şərq ölkələrinin Azərbaycanda inanclı insanları öz himayəsinə alması və çoxlu informasiya vasitələrini təsis edib onları irəliyə verməsi hamımızı bir məqam üzərində dərindən düşünməyə vadar edir. 

Dinlə Gəncədə hakimiyyəti ələ götürüb nəyə nail olmaq istəyirlər? Məgər onunla hər şey bitəcək? Yoxsa, Hacı Talehin xütbəsi  və Ələkrəm Hümmətovun şişman papaqlı əbası ilə, Yunis Səfərovun tətiyinin sədaları altında işıqlı gələcək qurmaq mümkündür? 

Əsla mümkün deyil! Çünki həmin adamlar əl-bağdadilərə çevrilib taxt-taca yiyələnən kimi bura İslam cənnətini deyil, Suriya xarabazarlığını xatırladacaq. Bakını Dəməşqə döndərmək planları İŞİD ssenarisidir və xilafət keçmişinə malik olmayan bir xalq heç vaxt şiə təəssübkeşliyini dünyəvilik quruluşunun üzərinə qaldırmayacaq.

nardaran 4.jpg (116 KB)

Dünən müxtəlif xəbər lentlərində hərbi hissələrdə kütləvi qətllərin törədiləcəyi barəsində anonslar verilirdi. Ordu millətin qalxınması üçün böyük birləşdiricilik gücünə malikdir və bir əsgərin qətlə yetirməsinin doğurduğu reaksiya heç bir başqa itkilərlə  bir tutula bilməz. Ona görə də səhnəni bütöv görmək lazımdır. Heç kəs inanclı insanların üzərinə basqı etmir, əksinə bəzən Azərbaycanı dini dözümlülüyə görə qınayırlar. Elə dünən də təxribatı törədən adamların bir qismi sonradan məscidlərə sığınıb orada özlərinə daldalanacaq tapıblar.Lakin Gəncənin dövlətçilik tarixi və mədəniyyət keçmişi həmin şəhəri anti-dövlət layihələrinə qoşmağa imkan vermir. Allah evində gizlənən casuslar da olsa, möminlər də, fərqi yoxdur, bölgələrdən yeni separatizm ocağı düzlətmək qeyri-mümkündür .

Gəncə Bakıya qarşı deyil, əksinə Azərbaycanın gücünü artıran mühüm bir iqtisadi-siyasi məkandır. Onu "Müsəlman Birliyi”nə rəhbərlik edənlərin tərəfdaralarının öhdəsinə buraxanda cahil və fanatik bir kütlənin silahla, daş-kəsəklə mübarizə apardığı bir diyara çevirmiş oluruq. Halbuki vahid səngərdən çıxan hər kəsi düşmən bir-birindən ayırıb çox asanlıqla məhv edə bilir.

Son hadisələrə Gəncə və Nizami uğrunda aparılan savaş kimi baxanda səhnə tamamlanır...

 


Digər xəbərlər
SON XƏBƏRLƏR