Amma, son dövrlər bizim artıq eyni adla tanıdığımız iki şəxs var, eyni adda iki qəhrəmanımız var - Mübarizlər. Mübariz adı gələndə iki qəhrəmanımızdan biri haqqında söhbət getdiyi anlaşılır.
Biri düşmənlə üz-üzə gəlib, düşməni bir döyüşlə məğlub edib, adını tarixə yazıb.
Biri yoxdan milyonlar qazanıb, milli varlığı ilə qürur duyub, torpağı, vətəni qoruyanları qoruyub, varını onlardan əsirgəməyib, onların adını əbədiləşdirib.
Türkiyədə yaşadığım dövrdə dostlar Mübariz Mənsimov ilə görüşmək təklifi etsələr də, imtina etdim. Tanıyanlar bilir ki, dostlar və hörmət etdiyim adamlar ilə münasibətlərdə fərqli mövqe tuturam. O mövqeyi ki, sabah onlar haqsız duruma düşəndə ürəkdən müdafiə edə bilim. Müdafiəmin səmimi və təsirli olması üçün sinəmi qabağa verəndə başımı dik tuta bilim.
Bilirsiniz ki, Türkiyədə bizə münasibət birmənalı deyil, adımızdan tutmuş millətimizə qədər hər şeyə şübhə ilə baxan çoxluq var. Buradan ora gedənlərimizin də adımızın yaxşı çıxmamağında rolları var.
Bir dəfə dərsdə Xocam dedi ki, "Heç sənin kimi azəri görmədim”. Tutuldum, sifətim döndü . Xocam hiss etdi ki, mənə tərif desə də, bu tərif xoşuma gəlməyib. Təkrar qayıtdı ki, "Sən heç gördüyüm azərilərə bənzəmirsən”. Dedim - "Xocam, bura hər iş dalınca gələn azərbaycanlılar olduğu kimi, Azərbaycana da hər iş dalınca gələn türkiyəlilər var. Gördüklərinizə görə görmədiklərinizə qiymət vermək doğru deyil”. Ani düşündüm ki, Türkiyədə hamının tanıya biləcəyi azərbaycanlı kimdi, ilk ağlıma gələn Mübariz Mənsimov oldu. Dedim, "Xocam, Mübarizi tanıyırsınız?”. Hansı Mübarizi soruşmadan, "Palmalı Şirkətlər qrupunun rəhbərinimi?” Dedim – "Bəli”. Xocam dedi – "O, burada çox tanınmış birisidir, hər kəs ondan danışır, həm də çox iyi bir insan olduğunu söyləyirlər”. Dedim, "Onda nədən söyləyirsiniz bəs, sənin kimi Azəri görmədim? Mübariz ki burada bir azərbaycanlı kimliyinin ifadəçisidir. Niyə onu misal çəkmirsiniz?” Xocam: "Ya Rza, sən tərif edilməkdən də xoşlanmıyorsun, nə qərib birisin?” Söhbəti daha uzatmadıq.
İstanbulda gecələr mənə çox uzun gələrdi, tək qaldığım üçün fikirləşmək imkanım çox idi. Hərdən Mübariz haqda düşünürdüm, belə bir insanın dayaqsız uca bir yerə yüksəlməsi və illərdir bu zirvəni qoruması təsadüfi ola bilməzdi. Azəri olduğumu bilincə hər gün biri ondan mənə bəhs edirdi, kimdən Azərbaycanı tanıdığını soruşurdumsa, Mübarizin adını çəkirdilər. Bu hal məndə ona qarşı rəğbət yaradırdı.
Heç demə Mübarizi sadə insanlara sevdirən, hətta düşmənləri tərəfindən də sevilən tərəfləri var imiş. Yüz minlərin çalışdığı şirkətində bir dənə də olsun düşmən kökənli adam yoxdur, buna qəti qadağa qoyub, sözsüz ki, sayları heç də az olmayan və yetərincə gücə malik bu hissənin – "Biz ermeniyiz” deyən, küçələrə çıxan, bağıran tərəfdarlarının olduğu bir ölkədə bunları etmək o qədər də asan deyil və hər oğulun işi deyil. Bəs görən niyə xaricdə, həm də dünyada Azərbaycanın adını belə yaxşı tanıdan, özündən, millətindən, dövlətindən söz etdirən adamı daxilimizdə bəziləri hədəf alır? Düşmənə atılacaq gülləni niyə ona tuşlayıblar?! Pul istəyiblər verməyib, xəstəsinə, tələbəsinə sahib çıxmayıb? Nəyin davasıdır? Sadə insanların onu sevməsi və sizə nifrət etməsidirmi səbəb?!
Mübariz pulunu xaricdə qazanır, vətəni və vətəndaşı olduğu ölkəsindən lazım bildiyi və lazımlı adamlara dəstək durur. Durduğu yerdə durmadan bu adama niyə hücum edilsin ki?! Bu kimin maraqlarına uyğun gəlir? Axı Mübariz düşmən mənşəli heç kəsi görməyə gözü yoxdur. Bəs belə bir şəxslə, yəni düşməni sevməyən, düşmənlə hər yerdə mübarizə aparan biri ilə - Mübarizlə kimlər içimizdə mübarizə aparmaq istəyirlər?! Axı bu gün Qarabağ uğrunda döyüş tək Qarabağda, cəbhə xəttində getmir, daha ağır döyüşlər cəbhədən çox uzaqlardadır. Biz axı həm də döyüşü ona görə cəbhədə uduzduq ki, ermənini ancaq cəbhədə (Qarabağda) düşmən bilirik, başqa yerdə erməni ilə iş quran, yeyib-içən, pul qazanan, şəkil çəkdirənlərimiz var. Bu hallar cəbhədəki vəziyyətə təsir edir axı. Amma, Mübariz bunların heç birini etməyib, o düşmənə hər yerdə cəbhə açır. Bəlkə, düşmənin pas verdiyi adamlar ondan bunun acığını çıxırlar. Məqsədləri nədir?
Bu işdə o adam qabağa düşüb ki, adam artıq ona verilən son şansını dəyərləndirir. Adamın son hərəkətləri onu göstərir ki, "son istifadə tarixi” bitmək üzrədir.
20 ildə yüz sifətə düşən, 100 adama işləyən, şəxsi maraqlarını hər yerdə üstün tutan, bu yolla maddiyyat qazanan birisi milli və dövlət maraqları üçün milyonlarını xərcləyən birini hədəf alır. Adamın son dövrlər atdığı bütün güllələr "xolostoydu". Yazdıqlarını oxuyanda da hiss olunur ki, adam özünü çox gücə salır. Fiziki görkəmində də son dövrlər ən çox gözə dəyən, günü gündən böyüyən gücə saldığı tərəfidir.
Mübarizi sizin atdığınız böhtanlar ilə nə gözdən salmaq olar, nə də ona qarşı olan sadə insanların sevgisini azaltmaq olar. Çünki, Mübariz sizin adam yerinə qoymadığınız, pulu olmadığına göre adam saymadığınız minlərlə Azərbaycan balasının oxumasına, pulu olmadığı üçün "ölümə məhkum olunmuş” azərbaycanlıları xaricdə müalicə etdirmək üçün nəinki sizin heç vaxt keçə bilmədiyiniz və hər şeydən çox sevdiyiniz pulundan keçir, o, həm də bu əməlləri ürəkdən edir, ürək qoyur. Sizin pulunuz Mübarizin pulundan çox ola bilər, amma heç vaxt Mübarizin ürəyi boyda ürəyiniz olmayacaq, çünki Mübarizin ürəyi Azərbaycanla döyünür - sizin aşağıladığınız, yuxarıdan aşağı baxdığınız azərbaycanlılar ilə və Azərbaycanlı olmağı ilə həmişə qürur duyur. Onun ən böyük üstünlüyü -Azərbaycana, azərbaycanlıya olan münasibətidir, o, heç bir sadə azərbaycanlının haqqına girməyib, heç bir sadə azərbaycanlının boğazından kəsib özünə mal-dövlət, sərvət toplamayıb. Onu sevdirən, sizdən fərqləndirən, fərqli azərbaycanlı edən bunlardı - sizdə olmayanlardı.
Özünüzün olmadığınız yerdən onu çıxara bilməzsiniz, yəni sadə azərbaycanlıların ürəyindən!
Rza Rzayev
Rejissor, aktyor