"Toylar Kraliçası"-1 Samirə Yuisfqızı: "indi həyatımda olan insan taksi sürücüsüdür"

img

19-09-2011 [04:37]


İndi oxuyacağınız müsahibəni şou-biznes adlanan aləmdə yeni qalmaqalların başlanğıcı kimi də qəbul edərsiniz. Çünki mənimçün bir növ istintaq xarakteri daşıyan bu söhbətdə müsahibim elə məqamlara toxunub ki... Beləliklə, əvvəlcə müsahibim. "Toylar Kraliçası"-1 musiqi yarışmasının qalibi, müğənni Samirə Yuisfqızını özü haqda verdiyi məlumatlardan tanıyın. - 1966-cı ilin dekabr ayının 17-də Bakı şəhərində doğulmuşam. Əslən də Bakılıyam. 1973-cü ildə 44 nömrəli məktəbə getmişəm. 1981-ci ildə 8-ci sinifdən çıxıb Sumqayıt Kimya Texnologiya texnikumuna daxil olmuşam. İxtisasca kimyaçıyam. 1983-cü ildə Asəf Zeynallı adına musiqi texnikumunun fortapiano sinfinə qəbul olunmuşam. 1973-cü ildən isə orta məktəblə yanaşı Vaqif Mustafazadə adına bir nömrəli musiqi məktəbinin fortepiano sinfinə getmişəm və 7 il burada təhsil almışam. Müəllimim bəstəkar Nüşabə Muradova olub. 1986-cı ildə ailə qurmuşam. Ancaq bundan əvvəl İncəsənət İnstitutunun dram kino aktyorluğu fakültəsinə qəbul olunsam da Bakı adətlərinə görə oxuya bilməmişəm. Yəni evdən icazə verməyiblər. Ailə qurandan sonra yalnız ansambllarda çalışmışam. Uşaq yaşlarımdan isə "Qırmızı qərənfil" məktəblilər ansamblında oxuyurdum. - İndiki tanınmış müğənnilərdən sizinlə oxuyanlar olub? - Əlbəttə. Nadir Qafarzadə mənimlə bir yerdə oxuyub. - Necə ola bilər ki. Nadir Qafarzadə 1973-cü ildə sizinlə birgə musiqi məktəbinə getsin? Axı o 1972-ci il təvəllüdlü olduğunu bildirib... - Xeyr. O, 1966-cı il təvəllüdlüdür, sadəcə yaşını gizlədir. Həmin vaxt bizimlə Fatma Dadaşova, Taliyə oxuyurdu. Rəhbərimiz isə bəstəkar Nazim Nağıyev idi. Xanlar rayonunun ansamblları ilə iş birliyimiz var idi. Yəni onlar Bakıda, biz isə Hacıkənddə pioner düşərgələrində konsert proqramlarıyla çıxış edirdik. Dövlət televiziyasının müxtəlif proqramlarında maraqlı çəkilişlərimiz olurdu. Yadımdadır ki, Ofeliya Sənani, Həqiqət Əsgərzadə, Roza Tağıyeva kimi aparıcılar aparırdı o verilişləri. Bir şeyi də deyim ki, indiki uşaqlar sevgidən oxuyurlar, amma biz sevgidən yox, uşaqlıq haqda mahnılar oxuyurduq. - Razıyam, uzun müddətdir ki, sənətdəsiniz. Ancaq sizi tamaşaçı kütləsi "Toylar kraliçası" telelayihəsindən sonra tanıdı. Müsabiqədən iki il keçib. Səhnə yaradıcılığınızda nə yeniliklər var? - Müsabiqəyə qədər "Ağ şanı qara şanı" klipim uzun müddət "Space" telekanalında yayımlandı. Həmçinin bir neçə populyar verilişlərdə çəkilmişəm, prezident seçkiləriylə bağlı keçirilən bütün konsert proqramlarının iştirakçısı olmuşam. "Amma keyfiyyətsiz 50 mahnı yazdırıb bir qırağa atmaqdansa, 4 keyfiyyətli musiqi yazdırmaq daha yaxşıdır" - Bütün bunlar çox gözəldir. Amma deyə bilərsinizmi məhz bu iki il ərzində neçə mahnı və klip ərsəyə gətirmisiniz? Söhbət toydan yox, səhnə fəaliyyətindən gedir. - Dörd mahnı yazdırmışam. - Az deyilmi? - Azdır. Amma keyfiyyətsiz 50 mahnı yazdırıb bir qırağa atmaqdansa, 4 keyfiyyətli musiqi yazdırmaq daha yaxşıdır. Əsas mahnının dəyəridir. - Fəaliyyətinizin böyük hissəsini məclislərə, toylara deyil, məhz səhnə fəaliyyətinə sərf etsəydiniz daha çox mahnı yazdırmaq, yaradıcılıq işləri görmək mümkün olmazdımı? - Burada maddiyyat məsələsi də var. Yazdırdığım mahnılara gəlincə, onlardan biri həvəskar bəstəkar Məlahət Həmidqızınındır. Bu xanım bir çox tanınmış müğənnilərlə işləyib. Birini özüm bəstələmişəm, sözləri Hüseyn Sözlüyə aiddir. Həmin mahnı Milli Qəhrəman Mübariz İbrahimova həsr olunub, "Xalqımın oğlanları" adlanır. Vətənpərvərlik ruhunda olan mahnıdır. Daha sonra bir özbək mahnısına özüm söz yazıb oxumuşam. Biri isə Emin Sabitoğlunun "Sənə kim baxdı yarım" mahnısıdır. "Onların 90 faizini məclisdə "pas" eləmişəm" - Bildirdiniz ki, 30 ildir səhnədəsiniz. Amma mən sizin vizit kartınız sayılacaq bir mahnınızı eşitməmişəm. Ümumiyyətlə, belə bir mahnı varmı? - Var. "Ağ şanı qara şanı" mahnısıdır. Hamı məni bu mahnıyla tanıyıb. - Amma bu mahnı sizin üçün yazılmayıb... - Bəli, bu mahnı mərhum İslam Rzayev üçün yazılıb. Sonra isə Anatolu Qəniyevin ifasında eşitmişəm. - Bir az da toy qiymətlərindən danışaq. Desəm ki, müğənnilərin toy qiymətləri insanlarımızı narahat edir, bir qədər böyük çıxar. Amma həqiqətən də insanlar bu qiymətlərdən razı deyillər... - Heç mən də razı deyiləm. - Məsələn, Rəqsanənin, uşaq vaxtı bir yerdə oxuduğunuz Nadir Qafarzadənin minimal toy qiymətinin 5 min manat olduğu bildirilir. Fikrinizcə, siz onlardan daha zəifsiniz, yoxsa? - Mən özümü heç kimdən zəif saymıram. Yeri gəlsə onların 90 faizini məclisdə "pas" eləmişəm. - Məsələn kimi? - Elə hamını. Bir çox müğənnilər mənimlə oxumağa qorxurlar. - Sualdan yayınmayın. Kimi pas eləmisiniz? - İnanın ki, hamısını. Çünki mənim repertuarımı heç kim oxuya bilmir. "Çıxıb efirdə 5-10 min manata oxuduqlarını deyən məğənniləri bura gətirib bir saatına 200 manat pul veririk" - Nə qeyri adilik var ki, repertuarınızda? - Mən ləzgi toyunu ləzgicə, rus toyunu rusca, yəhudi toyunu yəhudicə oxumağı bacarıram. Muğamı muğam kimi, aşığı aşıq kimi, estradanı estrada kimi oxuyuram. - Müsahibədən əvvəl toy qiymətinizin min manat olduğunu bildirmişdiniz. Bu sizin sənətinizin qiymətidir? - Xeyr. Mənim sənətimin qiyməti yoxdur. Çıxıb efirdə 5-10 min manata oxuduqlarını deyən müğənniləri bura gətirib bir saatına 200 manat pul veririk. - Kimləri? - Hamısını. Almaz Ələsgərovanı, Nüşabə Ələsgərlini, Gülüstan Əliyevanı, Elza Seyidcahanı, Nadir Bayramlını. - Bəs niyə efirdə belə danışırlar? - Onlar qiyməti qara camaat üçün, bilməyənlər üçün deyirlər. Yaxud da Rusiyadan zəng edənlərə, yəhudilərə belə qiymət oxuyurlar. Axı onlar yaxşı pul verirlər. - Açıqlamısınız ki, "Toylar Kraliçası" yarışmasında qalib olmaq üçün 20 min manat yaxın ətrafınız, 7-8 min manat isə özünüz xərc çəkmisiniz. Kifayət qədər böyük məbləğdir. Bu pulu sənətinizə, mahnılara xərcləmək daha yaxşı olmazdımı? Nəinki hansısa bir qeyri-rəsmi titul qazanmağa? "Nə gündədir orada oxuyanlar?" - O pulun hamısını mən xərcləməmişəmi ki, dostlarım da xərcləyiblər. - İstənilən halda, o pulu SMS-ə yox, şəxsən sizə verə bilərdilər... - Mən dostuma deyə bilmərəm ki, mənə 5-6 min pul ver. Burada azart məsələsi də var. - Amma 30 min manata 5-6 mahnı yazdırmaq, reklam eləmək olardı... - Mənim müsabiqəyə qatılmaq istəyimin bir səbəbi də canlı səsimi insanların eşitməsini istəməyim idi. İstəyirdim ki, canlı oxumağın necə olduğunu görsünlər. İndi də "Toylar Kraliçası"- müsabiqəsi gedir. Nə gündədir orda oxuyanlar? Müsabiqədə 2 normal oxuyan var ki, onlardan biri Gülbəniz Rəcəbli, biri isə Sevincdir. - Birinci müsabiqədə sənəti olanlar var idi? - Orada Sevinc Allahverdiyeva, Fədayə Laçın, Almaz Saraylı, Mətanət Əsədova kimi gözəl sənətçilər oxuyurdu. - Bəs Sevda Kazımova? Axı o da təcrübəli müğənnidir... - Həmkar kimi münasibətimiz var. Amma onun oxumağını bəyənmirəm. Daha doğrusu oxuya bilmir. Repertuarı pis deyil, köhnə mahnıları da bilir. Mənim də zil səsim yoxdur. Bilirsiniz, mahnını oxumaq lazımdır, qışqırmaq yox. İndikilərin əksəriyyəti bic səslə oxuyur ki, onu sən də bacararsan. Arvadlar küçədə uşaq üstə dalaşanda bax həmin səsi çıxardırlar. İndiki oxuyanlarımız da elə bil ki, kiminləsə dava edirlər. "...fəxri adı olanlar bizdə 200 manata oxuyurlar" - Bu qədər qalmaqallı fikirlər söyləyirsiniz. Qorxmursunuz ki, sizə qadınlar arasında qalmaqal brendi kimi baxsınlar. Hansı ki kişilər arasında bu adı Əli Mirəliyev qazanıb? - (gülür) Şirin yalandansa acı həqiqət yaxşıdır. Gərək hərdənbir özünə hesabat verməyi bacarasan. Özündən soruşmalısan ki, sənət üçün nə eləmişəm, məndən sonra nə qalacaq? - Fəxri ad sizinçün əhəmiyyətlidir? - Yox. Amma indi bu da bir dəb halını alıb. - Bildiyimə görə, fəxri ad almaq toy qiymətinə də təsir göstərir... - Yenə də deyirəm ki, yeri gəlsə həmin fəxri adı olanlar bizdə 200 manata oxuyurlar. - Nə vaxtsa özünüz də fəxri ad alsanız, yenə belə danışacaqsınız? - Yenə də öz sözümün üstündə duracağam. - Toy qiymətiniz artacaq? - Xeyr. - Nə vaxta qədər? - Heç vaxt. Mən müsabiqədən sonra da qiymət qaldırmamışam. - Nə vaxtdan toylara min manata gedirsiniz? - 5-6 il olar. Əvvəl isə 300-400 manata gedirdim. Mən 1998-2001-ci illərdə müqaviləylə ərəblərlə də çalışmışam. "Xəzər" ansamblıyla ərəb şəhərlərində qastrollarda olmuşuq. "Həyat yoldaşım valideynlərimdən də böyük idi" - Bildiyimə görə. İndi ailəli deyilsiniz. Səbəb sənətdir ki, ailəniz dağılıb? - Xeyr, mənim yoldaşım 1997-ci ildə dünyasını dəyişib. Hüquq-mühafizə sistemində çalışırdı, kapitan idi. Əgər yoldaşım sağ olsaydı, sənətə görə heç vaxt ailə dağıtmazdım. Mən onu sevib ailə qurmuşdum və 22 yaş fərqimiz var idi. Təsəvvür edin ki, həyat yoldaşım valideynlərimdən də böyük idi. - İndi həyatınızda kimsə var? - Bəli, var. Çoxları elə bilir ki, bu münasibət nəyəsə görədir. Ancaq sizə desəm ki, indi həyatımda olan insan taksi sürücüsüdür, bəlkə də inanmazsınız. Sadəcə, mən onun sevdiyimə görə bir yerdəyəm. - Yoldaşınızın sağlığında toylara gedirdiniz? - Əlbəttə. Məni ikinci dəfə sənətə yoldaşım qaytarıb. Sırf ansambllarla işləyirdim. - Övladlarınız hansı peşənin sahibidir? - Oğlum hazırda Rusiyada aşbaz kimi çalışır. Qızım isə səhhətiylə bağlı heç bir yerə qəbul olmadı. Kompüter kursunu bitirdi. - Özünüzün necə, internetdən anlayışınız var? - Bəli. Saytlara girə bilirəm, xəbərləri oxuyuram. - Saytınız var? - Xeyr. İstəməmişəm. Amma bu haqda düşünürəm. - Tamaşaçılar da bilir ki, siz həm də meyxana deməyi bacarırsınız. Heç toyda meyxana demisiniz? - Çox olub. İlk dəfə 1994-cü ildə Ağasəlim Çildağla meyxana dedik. İndi də tanınmış meyxanaçılarla deyirəm. Təbii ki, əgər öz istəyim, marağım varsa. O vaxta kimi isə şeirlər, qəzəllər yazırdım. Rəhmətlik Tofiq Bayram mənim adıma şeir də yazmışdı. Bir dəfə də 1996-cı ildə Ağamirzə, Kərim, Vüqar və mən bir deputatın oğlunun toyunda deyişdik. - Yeri gəlmişkən, vəzifə adamlarıyla münasibətləriniz necədir? - Çox gözəldir. Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə, AZAL-ın prezidenti Cahangir Əsgərovla, millət vəkili İqbal Ağazadəylə, xalq şairi, keçmiş deputat Zəlimxan Yaqubla yaxşı münasibətlərim var. - Adətən müğənnilərin vergi orqanlarıyla ciddi problemləri olur. Sizin necə? - Heç bir problemim yoxdur. Çünki vaxtında dövlətə vergimi ödəyirəm. - Məsələn, son dəfə nə qədər ödəmisiniz? - Ötən ay yüz manat ödəmişəm. Yəni bu mənim gəlirimdən asılıdır. - Borcunuz var? - Var. Yarışmadan yox, oğluma toy edəndən sonra bir qədər xərcə düşmüşəm. Hazırda 8 min manat borcum var. 10 min manatlıq qızıl almışdım. İntiqam VALEHOĞLU

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA