"Bəzi təhsil müəssisələri hələ də ali təhsilimizdə qara ləkə olaraq qalır"

img

15-08-2011 [04:58]


[b]Elvin Aslanov: "Müxtəlif fikirli insanları bir masa arxasına toplayaraq onların iştirakı ilə ali təhsil siyasətinin düzgün formalaşmasına təkan vermək lazımdır" [/b] Azərbaycanın təhsil sahəsindəki problemləri ilə bağlı bir sıra ekspertlər və təhsil üzrə mütəxəssislər müxtəlif fikirlər səsləndiriblər. Xüsusən də ali təhsildəki çatışmazlıqlar daha çox diqqəti çəkir. Bu və ya digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov ali təhsil sahəsindəki problemlərə toxunmazdan öncə rəhbərlik etdiyi qurumun təhsildəki problemlərin araşdırılması, tələbələrə dəstək və digər məsələlərin həlli yönündə həyata keçirdikləri işlərdən danışdı: - Azərbaycan Tələbələr Birliyi 2008-ci ildə yaradılıb. Birliyimiz yaradıldığı gündən ölkəmizdə təhsil alan bütün tələbələri, heç bir məhdudiyyət qoymadan öz ətrafında birləşdirməyi qarşısına məqsəd qoyub. Bundan əlavə, istəyimiz tələbələrin vətəndaş cəmiyyətindəki rolunu artırmaqdan ibarət idi. Fəaliyyətdə olduğumuz 3 ilə yaxın müddətdə tələbələrin akademik, sosial həyatları, tələbə hüquqları və s. ilə bağlı müxtəlif layihələr, proqramlar həyata keçirmişik. Bu fəaliyyətlərin həyata keçirilməsində dövlət strukturları, beynəlxalq təşkilatlar, biznes qurumları tərəfdaşımız olub. İndiyə kimi həyata keçirdiyimiz və bizim üçün daha önəmli olan "Tələbələr üçün məşğulluq xidmətinin yaradılması", "Tələbə hüquqlarının Azərbaycanda təbliği", "Gənclər ekologiyanı qoruyur", "Azərbaycan universitetlərində keyfiyyətli təhsilə dəstək" kimi layihələri misal göstərə bilərik. Son dövrlərdə əsas fəaliyyətlərimizdən biri də Avropa Tələbələr Birliyi tərəfindən hazırlanan Tələbə Hüquqları ?izamnaməsinin ana dilimizə tərcüməsi və ali təhsil sahəsində fəaliyyət göstərən QHT-lərin birləşəcəyi "Ali təhsilə dəstək" Koalisiyasının yaradılmasıdır. - Rəhbərlik etdiyiniz birliyin ölkə daxilində və beynəlxalq aləmdə hansı təşkilatlarla əlaqələri var? - Yuxarıda da qeyd etdiyim kimi, biz müxtəlif layihələrimizdə müxtəlif tərəfdaşlarla əməkdaşlıq edirik. Dövlət strukturlarından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Gənclər və İdman ?azirliyi, beynəlxalq təşkilatlardan Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Avropa Komissiyası, biznes qurumlarından isə "Dəmirbank", "ASR Konsaltinq" və s. qurumları misal göstərə bilərik. Bundan başqa, birliyimiz iki mötəbər qurumun da üzvüdür. Bunlardan biri bütün dünyada tələbə təcrübə mübadiləsi proqramları üzrə məşhur təşkilat olan İAESTE, digəri isə Avropada 11 milyondan çox tələbənin birləşdiyi platforma olan Avropa Tələbələr Birliyidir. Birliyimizin beynəlxalq əlaqələri daha çox bu iki qurum çərçivəsində görülür. İAESTE təşkilatı vasitəsilə biz tələbələrimizə xarici ölkələrdə öz ixtisaslarına uyğun təcrübə keçmək imkanı veririk. İki il ərzində 10-na yaxın tələbəmiz Almaniya, Türkiyə, Çin kimi ölkələrdə müxtəlif ixtisaslara uyğun təcrübə keçiblər. Bu, onların gələcəkdə ölkəmiz üçün faydalı mütəxəssis olmasına yardımçı olacaqdır. İxtisaslara misal olaraq mühasibatlıq, biologiya, menecment, informasiya texnologiyaları və s. göstərmək olar. Bu çərçivədə xarici tələbələr də ölkəmizdəki biznes qurumları və ali təhsil müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmək şansı qazanırlar. Onlar bundan başqa ölkəmizlə daha da yaxından tanış ola bilirlər. Avropa Tələbələr Birliyi çərçivəsində isə 35 ölkədən olan 47 milli tələbə birlikləri ilə birgə Avropadakı ali təhsil siyasəti, tələbə hüquqları və digər məsələlərə uyğun müzakirələr apara, həmçinin, əməkdaşlıq qura bilirik. Avropa Tələbələr Birliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak etməklə müxtəlif məsələlərə dair Azərbaycan təcrübəsini göstərə bilirik. Xatırladım ki, Birliyimiz Avropa Tələbələr Birliyinin Azərbaycandan olan ilk və yeganə tam hüquqlu üzvüdür. - Hazırda ali təhsildə problemlərin olduğu danılmazdır. Siz özünüz də ali təhsilin içindəsiniz, ümumiyyətlə, hazırda Azərbaycanda təhsilin vəziyyətini necə qiymətləndirirsiniz? - Təbiidir ki, biz Azərbaycan Tələbələr Birliyi olaraq ölkəmizdəki ali və orta-ixtisas təhsili ilə bağlı fəaliyyət göstəririk və bu sahədə fikir bildirməyi üstün tuturuq. Azərbaycan Tələbələr Birliyinin sədri olaraq deyə bilərəm ki, Azərbaycanda ali təhsil yaxşı səviyyədə deyil. Təbiidir ki, təhsil bir gün və ya bir il içərisində düzələsi sahə deyil. Burda sistemli və pilləli fəaliyyət lazımdır. Mən, Avropada ali təhsil siyasəti ilə bağlı müxtəlif tədbirlərdə iştirak etmişəm. Həmin tədbirlərdə topladığım təcrübə onu göstərir ki, ali təhsil siyasətimizdə ciddi islahatlara ehtiyac var. Bu, təhsilin maliyyələşməsindən tutmuş, müəllimlərin seçimi, infrastruktur, təhsildə hüquqların tanınması və s. ilə bağlıdır. Ali təhsilimizdə əsas məsələlərdən biri də tələbələrin təhsilin idarəedilməsindəki iştirakıdır. Qeyd etdiyim kimi, məsələlər çoxdur. Hər biri barəsində uzun söhbətlər aparmaq olar. Əsas məqsəd müxtəlif fikirli insanları bir masa arxasına toplayaraq onların iştirakı ilə ali təhsil siyasətinin düzgün formalaşmasına təkan verməkdir. - Ali məktəblərdə rüşvət və tapşırıq kimi neqativ halların olduğu barədə fikirlər səslənməkdədir. Bu barədə nə deyə bilərsiniz? - Bu faktların olması danılmazdır. Amma deyə bilərəm ki, bu cür hallar əvvəlki illərə nisbətən azalmaqdadır. Ancaq bəzi təhsil müəssisələri hələ də ali təhsilimizdə qara ləkə olaraq qalır. Belə təhsil müəssisələrinə qarşı ciddi tədbirlər görülsə, o zaman daha şəffaf təhsildən söhbət edə bilərik. - İnkişaf etmiş ölkələrdə tələbələrə kifayət qədər müstəqillik verilir, müəllimlərdən asılılıq yoxdu, təzyiq imkanları sıfıra bərabərdir. Bu baxımdan bizdəki vəziyyəti necə qiymətləndirirsiniz? - Bizdə tələbə mərkəzli deyil, daha çox müəllim mərkəzli təhsil üstündür. Yəni, müəllim şəxsi istəklərinə görə təhsil metodikasını qurur. Bu da mənfi hallardan biridir. Biz tələbə mərkəzli öyrənməni, yəni tələbələrin istəklərinə uyğun təhsil metodikasının üstün tutulmasını istəyirik. Digər tərəfdən, tələbələrimizin öz hüquqlarını bilməsini istərdik. Hər kəs öz hüquq və öhdəliklərini bilsə və buna uyğun hərəkət edib, buna uyğun hüquqlarını tələb etsə, daha yaxşı olardı. - Tələbələrimizin yataqxana, dərslik, informasiya texnologiyaları ilə təminatı sahəsində problemləri hələ də var. Bu yöndə hansı işlər görülməlidir? - Təhsil müəssisələrimizin çoxunun administrativ binaları saxlanılmaqla digər bütün binaları şəhər kənarlarına çıxarılmalıdır. Şəhər kənarlarında tələbə şəhərcikləri yaradılmalıdır. Burada həm tələbə yataqxanaları, həm də geniş universitetlər olmalıdır. Bu, həmçinin, tələbələrin böyük fəaliyyətlər etməsinə də yardımçı ola bilər. Bütün qeyd etdiklərim 2009-2013-cü illər ali təhsildə islahatlar üzrə dövlət proqramında nəzərdə tutulur. Amma, əsas məsələ bunların bu proqram çərçivəsində edilib-edilməyəcəyidir. O ki qaldı dərslik və informasiya texnologiyalarına, bu yöndə əsas problem kimi dərslikləri qeyd edə bilərəm. Azərbaycanda tələbələrin əksəriyyəti öz ixtisaslarına uyğun məlumatları ya rus, ya da ingilis dilində olan dərsliklərdən alırlar. Ana dilimizdə keyfiyyətli dərslik demək olar ki, yoxdur. Bu yöndə Təhsil Nazirliyi ciddi işlər görməlidir. - Bu il bəzi təhsil müəssisələrində təhsil haqları qaldırıldı. Sizcə, indiki şəraitdə təhsil haqlarının qaldırılması nə qədər doğrudur? - Bizim bu məsələ ilə bağlı hələ 2009-cu ildə bəyanatımız olub. Biz o vaxtda qeyd etmişik, indi də deyirik, Azərbaycanda təhsil haqları verilən təhsilə nisbətdə çox yüksəkdir. Bəzən Azərbaycandakı təhsildən daha keyfiyyətli təhsil təqdim edən ölkələrdə təhsil haqları daha aşağı olur. Həmçinin, mənim fikrimcə, təhsil haqlarını müəyyənləşdirən zaman orta aylıq əməkhaqqı, insanların gəliri də nəzərə alınmalıdır. Təhsil haqlarına görə təhsildən uzaqlaşan tələbələr var və bu cür halların olması ürəkaçan məsələ deyil. - Sizcə, imkansız tələbələr üçün hansı şəraiti yaratmaq mümkündür? - Bunun üçün dövlət proqramı nəzərdə tutula bilər. Amma, məncə, indiki halda bunun reallaşması gec olan məsələlərdəndir. Yəni, hələlik daha ciddi məsələlər gündəmdədir. - Elvin bəy, ali təhsildən sonra elmi fəaliyyət gəlir. Gənclərimizin elmə marağını necə qiymətləndirirsiniz? - Gənclərin elmə marağı il-ildən artır. Biz bu həvəsdə olan insanlara Avropa Komissiyasının müxtəlif proqramlarına qoşulmağı da məsləhət görürük. Hətta elmi fəaliyyətin ilk dövrünü xarici ölkələrdən birində də keçmək olar. Əsas odur ki, elmi fəaliyyətlərlə məşğul olan insanlar buna hər hansı bir elmi adın qazanılması kimi yox, daha çox ölkəyə, millətə xeyir verəcək mütəxəssis olmaq kimi baxsınlar. - Magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməməsini necə dəyərləndirirsiniz? - Bu məsələ ən qısa zamanda həllini tapmalıdır. Mənim şəxsi fikrim belədir ki, magistrlərə möhlət hüququ verilməlidir. Bu, tələbələrin təhsil həyatları üçün çox önəmlidir. Yəni təhsilin davamlılığı vacibdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...