27-06-2011 [06:21]
[b]Nicat Zeynalov: "Azərbaycanda istənilən az-çox tanınmış qrupun "analoq"u var - 2 "Şeron", 4 "Qala" qrupu, 3-4 "Kristal", 10 "N-brothers"... Amma "Sevən ürəklər" bir dənədir!" [/b]
Artıq 10 ilə yaxındır fəaliyyət göstərməsinə və Azərbaycanın populyar qrupları sırasında olmasına baxmayaraq, "Sevən ürəklər"in adı gündəmdə yetərincə hallanmır.
Qrupun rəhbəri, eyni zamanda bəstəkar və aranjemançı kimi tanınan Nicat Zeynalov (təxəllüsü Dr.Nicatdır-E.Ü) "Reytinq"ə müsahibəsində bu məsələyə aydınlıq gətirməklə yanaşı, şou-biznesimizlə bağlı bir sıra aktual məsələlərə də toxundu.
- Nicat bəy, qrupunuzun 10 ilə yaxın fəaliyyəti ərzində ən əhəmiyyətli işləri hansılar olub?
- 5 albom buraxmışıq, 10-a yaxın klipimiz var. Çox sayda hitlərimiz olub - "Yandım", "Bax-bax", "Tələb etmə", "Xəyallar" və s. Bir çox müsabiqələrdə laureat olmuşuq. "Lider" telekanalında yayınlanan "Oxu dostum" müsabiqəsindəki qalibiyyətimizi isə ən böyük nailiyyətimiz sayıram. Çünki orada Azərbaycanın ən tanınmış müğənniləri ilə yarışaraq qalib gəldik.
- Bununla kifayətlənirsiniz, yoxsa özünüzü digər müsabiqələrdə də sınamaq niyyətiniz var?
- Məncə, artıq bəsdir. Çünki indi keçirilən müsabiqələrin əvvəlki qədər auditoriyası yoxdur. Məclislərdə kiminsə "Yeni ulduz 10"-un, kiminsə "Azəri star 15"-in finalçısı kimi elan edilməsi qəribə səslənir. Keçirilən müsabiqələrdə 500-dən çox ifaçı olub. İnsanlar onların hamısını yadda saxlaya bilməz. Kəmiyyət deyil, keyfiyyət üçün çalışmalıyıq. İndi qruplar, müğənnilər o qədər çoxdur ki, tamaşaçılar da çaş-baş qalıblar.
- Beynəlxalq müsabiqələrə də qatılmaq fikriniz yoxdur?
- Böyük məmnuniyyətlə "Slavyan bazar"ına gedərdik. Seçim turlarına bir dəfə qatılsaq da, artıq özümüzü "Avroviziya" müsabiqəsində görmürük. Çünki bu, siyasi müsabiqədir. Bundan əlavə, səhnədə illərlə bizim kimi əziyyət çəkmiş sənətçilər kənarda qalır və dünən oxumağa başlayan, heç nədən xəbəri olmayanlar seçilir. Onlar isə sonra bizi görəndə salam da vermirlər. İstər Aysel Teymurzadə, istər Səfurə Əlizadə, ya da Eldar Qasımov olsun, - istedadlarına şübhəm yoxdur. Hətta Eldar və Səfurə "Facebook" sosial şəbəkəsində dostlarım çevrəsindədirlər. Amma deməzdim ki, onlar sənət baxımından nəsə ediblər. Bunu o zaman demək olar ki, 3-4 albomları çıxsın, dövlətin hesabına deyil, öz güclərinə nəsə etsinlər və kütlə tərəfindən sevilsinlər. Dövlət mənə də 1-2 milyon pul xərcələsə, çox işlər görərəm. Təbii, qələbəmizə çox sevinirəm. Amma bu, təkcə Eldar və Nigarın deyil, həm də prezidentin, xalqın qələbəsidir. Eldar və Nigar "Qremmi" mükafatına layiq görülsəydilər, bu, həqiqətən onların qələbəsi olardı.
- Efirdə az görünməyinizin səbəbi nədir?
- Bəzi telekanallarımız efirə çıxmaq üçün xeyli məbləğdə pul istəyirlər. Biz isə kanallara pul ödəkdənsə, avadanlıq almağa, yeni klip çəkdirməyə, mahnı yazdırmağa üstünlük veririk. Efirə az çıxsaq da, internet fəaliyyətimiz güclü gedir. Bir çox yerli və xarici saytlarda mahnılarımız var. "Üoutube"də baxılma sayımıza əsaslanaraq deyə bilərəm ki, Azərbaycan ifaçılarından xaricdə ən çox tanınanlardan biri bizik. Rusiyanın xüsusi lisenziyalı, ən məşhur ulduzların klipləri yer alan ello.tv saytında isə Azərbaycandan ancaq bizim klipimiz yerləşdirilib. "Baby i miss you" adlı mahnıya çəkdirdiyimiz həmin klipə görə, onlar bizimlə müqavilə də bağlayıblar.
- Səhv etmirəmsə, bu klipi Siz çəkmisiniz...
- Bəli. Bir ilə yaxındır, klip çəkməyə də başlamışam. Xarici saytlar vasitəsilə Hollivudun operator texnikasını, işıq qurmağı, montajı öyrənmişəm. Bəyənənlər də var, bəyənməyənlər də. Amma mənim "Baby i miss you" klipim Rusiyanın bir çox saytlarında müzakirə obyektinə çevrilmişdi. Heç kim inana bilmirdi ki, rejissorluqdan başı çıxmayan insan 6 ay ərzində nəsə öyrənib səviyyəli klip çəksin.
Moldovanın Adriana adlı müğənnisinə də klip çəkmişəm. Artıq başqa sifarişlər də almışam.
2-3 aya ABŞ-dan çox yaxşı avadanlıq gətirəcəyəm. Rejissorluğa tam yiyələndikdən sonra, film çəkmək fikrim də var.
- Siz nəinki bir çox gənc, hətta hazırda tanınan müğənnilərə də dəstək olmusunuz...
- Çoxuna həm maddi, həm də mənəvi dəstək vermişəm. Nadir Qafarzadə, Elxan Şirinov, Almaz Ələsgərli, Cəmilə... "N-brothers" qrupunun mahnılarının yarısını mən yazmışam. O zamankı "N-brothers" daha maraqlı idi... Elə "Kristal" qrupunun da yaradıcılarından biri mənəm. İlk tərkibdə olan qızları mən seçmişəm, ilk mahnılarını yazmışam, onlarla vokal məşqləri etmişəm. Studiyamda hələ neçə-neçə repçinin, rok-qrupun səsini yazmışam...
- Qrupunuzun tərkibinin dəyişməz qalmasına necə nail olmusunuz?
- Çünki biz əsl dostlarıq və qrupumuz pul üçün yaranmayıb. Hazırda bir üzvümüz hərbi xidmətdə olsa da, tərkibimiz dəyişməyib və fəaliyyətimiz aktiv şəkildə davam edir. Azərbaycanda istənilən az-çox tanınmış qrupun "analoq"u var - 2 "Şeron", 4 "Qala" qrupu, 10 "N-brothers", 3-4 "Kristal". Amma "Sevən ürəklər" bir dənədir, bir dənə də olacaq! Yoxsa bəzi qruplar karvansaraya oxşayır - biri gəlir, biri gedir. Belə qrupları ciddi qəbul etmirəm. Ancaq "Rast", "Bəri bax" və "Şeron" qrupları normal işləyirlər.
Qrupun tərkibi pozulanda, janr da dəyişir. Əfsanəvi "Bitlz"in tərkibi 10 dəfə dəyişsəydi, özünəməxsus üslubu olardı? Qrupun özəlliyi onun üzvlərindədir. Mən və Nail Yusifov qrupdan çıxsaq, bizim qrupun da janrı əvvəlki olmayacaq, çünki mahnıları biz yazırıq.
- "Sevən ürəklər"in özəlliyi nədədir?
- Məncə, biz müxtəlif dillərdə və müxtəlif janrlarda yazıb oxuyan yeganə qrupuq. 6/8 ritmində, xalq, rok, rep, R&B üslublarında musiqilər ifa edirik.
- Amma razılaşın ki, qruplarımızı xarici qruplarla müqayisə etmək olmur. 99 faizi performans baxımından axsayır...
- Bunu bizim qrup haqqında deyə bilməzsiniz, çünki qrupumuz sırf avropayönlüdür, səhnədə dinamikdir. Mən saçımı saraldıram, gözlərimə linza qoyuram, cırıq-mırıq cinslər, "stilni" geyinirəm. Digər qruplar bunu etmirlər. Daha çox Avropa musiqisi oxuyuruq deyə, toylara da az dəvət alırıq. Biz də "Şeron" kimi "Sarıköynək" xalq mahnısına klassik kostyumda klip çəkdirsək, toylarımız çox olardı. İmkanımız artsa, efirlərə də tez-tez çıxardıq. Efirə az çıxdığımız üçün, tamaşaçı da toya bizi yox, reklamı olan qrupları çağırır.
Təbii, çox baha qiymətə olmasa da, biz də toylara gedirik. Yeri gələndə, muğam, xalq mahnıları da oxuyuruq. Hətta bəzən xaricdən də dəvətlər alırıq, "youtube"-la bizi izləyənlər Moskvaya, Ukraynaya, Moldovaya dəvət ediblər. Özbəkistanda isə mədəniyyət nazirinin övladının toyunda oxumuşuq...
- Qarşıda nə kimi planlarınız var?
- Azərbaycan dilində 5 albomumuz çıxıb, hamısı da uğurlu olub. İndi isə mənə maraqlıdır ki, xarici dildə oxusaq, nəsə edə bilərikmi?
Bu il rus və ingilisdilli albom buraxacağıq. Çünki mahnılarımızın çoxu Avropa bazarına uyğundur. İsa Məlikov da mənə deyir ki, bəsdir, Azərbaycan üslubunda yazdın, bir az da Avropaya çıxan janrda mahnılar yaz.
Hazırda Moskvanın "Monolit" şirkəti ilə əməkdaşlıq edirik. Yay aylarında Rusiyanın şou-bazarı üçün 2-3 xüsusi klip çəkdirəcəyik. Ən məşhur hitimiz - "Bax-bax"ın rus dilində variantını da hazırlayırıq. Bir sözlə, bundan sonra öz üzərimizdə daha ciddi çalışacağıq.
- İnşallah, yubileyinizi necə qeyd edəcəksiniz?
- Şaiq əsgərlikdən qayıdandan sonra, əlbəttə ki, böyük bir yubiley mərasimi keçirəcəyik. Çünki bizim böyük fanat ordumuz, əfsanəvi mahnılarımız var. Bütün köhnə hit mahnılarımızı yenidən aranjeman edib, "10 il "Sevən ürəklərlə" adlı albom buraxacağıq. Sumqayıtda konsertimiz olacaq. Xaricdən də müğənnilər dəvət edəcəyik. Sponsor tapsaq, Bakıda da konsert planlaşdırırıq.
[b]Elşad ÜMİD[/b]