12-04-2011 [06:44]
Bəstəkar-müğənni Elza Seyidcahan özünü qeyri-adi layihələrə imza atan sənətçi kimi tanıdıb. Buna görə də onunla şablondan uzaq müsahibə hazırlamaq qərarına gəldik. Buna nə dərəcədə nail olduğumuzu isə Siz oxucuların öhdəsinə buraxırıq.
- Elza xanım, az qala bütün həyatınız göz önündə, efirdə, konsertlərdə, toy və tədbirlərdə keçir. Bəlkə keçmişə, sənət aləminə qədəm qoyduğunuz andan öncələrə nəzər salaq?
- Keçmişimi unutmasam da, ötən illərə qayıtmağı sevmirəm. Çünki optimistəm, gələcəklə yaşayıram və inanıram ki, gələcəyimiz uğurlu olacaq.
- Gələcəklə, yəni qeyri-reallıqla yaşamaq üçün gərək güclü olasan.
- Mənim Azərbaycan kimi böyük xalqım var. Əlbəttə, güclüyəm.
- Heç olmasa bağça illərinizi xatırlaya bilərsiniz? Yoxsa Sizə görə bu da qəbahətdir?
- Əlbəttə yox. Gözəl uşaqlıq xatirələrim var. Amma bağçaya yox, yarımıncı sinfə getmişəm. Bu, bir növ bağçanı əvəz edirdi.
- İlk məhəbbətiniz hələ yadınızdadır?
- Yadıma gəlmir. Biz heç vaxt sevməmişik. Məni məktəbdə oğlanlar, öz sinifimizdə parta yoldaşım Cavid sevib. Amma çox ciddi tərbiyə aldığımdan ona başqa gözlə baxmağa cürət etmirdim.
Ailədə 4 bacıyıq. Anam həmişə bizi qorxurdardı ki, oğlanlara yaxın dursanız, dayınız sizi öldürər. Bəlkə də yaxşı şeydir ki, qadının başı üzərində yumruq olsun. İnsan çaşmaq istəyəndə, bu qorxu onu saxlayar. Bir müddətdən sonra isə, pis yola getmək canında da olmur.
- Sizcə, məhəbbətin gözü kor deyil?
- Biz məhəbbətə günah kimi baxmışıq, çünki belə öyrədiblər. Kimsə bizi sevəndə, buna tərbiyəsizlik kimi baxırdıq. Kimə veriblər, ona da ərə getmişik. Mənə elçi gəldi, verdilər, getdim.
- Layihələrinizdən hiss olunur ki, geniş maraq dairəsinə maliksiniz. Yəqin ki, musiqidən başqa məşğuliyyətləriniz də var...
- Mən üzgüçülüyü və at sürməyi sevirəm. Kliplərimdə at çapmışam. Düzdür, at sürmək bir az təhlükəlidir, adamı yerə çırpa bilər. Amma böyük arzumdur ki, atım olsun. Onu hər səhər çapım.
- At belində şəhərə çıxsanız böyük maraq doğurar.
- Niyə də yox! Belə bir ideyam var. Nə vaxtsa onu da həyata keçirəcəyəm. Hələ 2000-2001-ci illərdə istəyirdim ki, at alım, şəhərə onun belində çıxım. Mənə dedilər ki, sənə yaxşı baxmazlar. Mən avtomobil yox, at istəyirdim. Dedilər, sənin həyətin at saxlamaq üçün balacadır, iy gələcək. Buna görə də öz istəyimdən vaz keçdim. Yeri gəlmişkən, Türkiyənin İstanbul şəhərində olanda mənə at hədiyyə etmişdilər, amma onu adıma keçirmək üçün Ankaraya getməliydim. Bunu etməyə vaxtım olmadı. İndi isə öz əməlimdən çox peşmanam. O at mənə çox şey verəcəkdi... Axı, at muraddır. Bəlkə də o ata sahib olandan sonra üzümə çox qapılar açılacaqdı...
- Üzgüçülüklə nə vaxt məşğul olmusunuz?
- Üzgüçülüyə uşaqlarım balaca olanda onlarla birgə getmişəm.
- Bəs, hazırda özünüzü formada saxlamaq üçün nə edirsiniz?
- Mən həmişə hərəkətdəyəm. Tək beynim deyil, gözlərim, əllərim, ayaqlarım da daima işləyir. Allaha şükür, gözəlliyimi, hər şeyim təbiidir. Amma hiss edirəm ki, bir az kökəlmişəm.
- Deyəsən, yaxşıca yeməyi də xoşlayırsınız.
- Yeməyi xoşlamıram e, ondan zövq alıram. Allah-təala yeməyi bizim üçün bəxş edib də...
- Biş-düşlə aranız necədir?
- Hər qadının əlinin başqa tamı var. Deyilənə görə, yaxşı bişirirəm. Boş vaxt tapan kimi mətbəxə keçirəm.
- Qonşulara verəcəyiniz konsert niyə ləngiyir?
- Onun da öz vaxtı var.
- Hələ məkan da dəqiqləşməyib?
- Bircə onu deyə bilərəm ki, konsert təbiətin qoynunda olacaq. Amma pərəstişkarlarımı yaxın vaxtlarda "Zindana yaz gec gəldi" adlı mahnıma çəkdirdiyim kliplə sevindirəcəyəm.
- "Avroviziya" müsabiqəsinə təqdim etdiyiniz mahnı qəbul edilmədi. Bununla bağlı iradınızı bildirmişdiniz. Yazdığınız mahnı münsiflər heyətinin müsabiqə üçün seçdiyi mahnıdan nə dərəcədə seçilir?
- Həmin ərəfədə mənim böyük bir layihə ilə bağlı İstanbula səfərim var idi. Bəstəkarlar İttifaqında iclas oldu, hərəmizdən "Avroviziya" üçün iki mahnı istədilər. Səfərimi saxladım. Bundan əlavə, yazdığım mahnılara görə öz cibimdən xərc qoydum. Özü də həmin ay toylarımız da yox idi. 2 mahnının aranjemanına görə, 3 min manat sərf etdim. Sözümün canı onda deyil... 3 ildir ki, "Avroviziya" müsabiqəsinə qatılmışıq. Heç vaxt da seçilən mahnı ilə bağlı iradımı bildirməmişəm. Mən Azərbaycan bəstəkarıyam və mənim kimi çox bəstəkarlarımız var. İstədilər, biz də mahnılarımızı verdik. Bu işə böyük həvəslə yanaşdım, istədim ki, xalqımıza xidmət edim. Mahnımı qısa müddətdə hazırlayıb təhvil verdim. Nəyimiz pis idi ki, İsveç bəstəkarını seçdilər?
Vaxtilə dahi sənətkarımız Üzeyir Hacıbəyli Zeldman kimi tanınmış bəstəkarları, musiqiçiləri yüksək maaşla Rusiyadan Azərbaycana dəvət edib ki, bəstəkarlarımızın məktəbi daha güclü olsun. Bizim musiqimiz güclüdür. Gəlin, bunu bir daha etiraf edək. Əgər mən özümə qiymət verə bilmirəmsə, başqasına necə qiymət verim? Laqeydlik görəndə bizim ruhumuz, qanadlarımız sınır, yazmaq istəmirik. Özümüzü toylarda nə qədər göstərəcəyik? Biz toylar üçün yetişməmişik. Toya gündəlik dolanışığımızı təmin etmək üçün gedirik, amma sənətimiz böyükdür. Mən Arif Məlikov məktəbi keçmişəm. Mənimlə yanaşı, Azərbaycanın çox gözəl, digər savadlı bəstəkarları da var.
- Eldar və Nigarın oxuduqları mahnıdan nə gözləyirsiniz? Sizcə, müsabiqədə yer tuta biləcəyik?
- Mahnını İsveç bəstəkarı yazıb, niyə yer tutmasın? (Rişxəndlə) Azərbaycan bəstəkarının məhsulu deyil ki, yer tutmasın. İsveç yer tutacaq ki, gələcəkdə desin, Azərbaycan bəstəkarları zəifdir, onları neçə il qabaq biz təmsil etmişik. Və bunu deməyə əsasları da olacaq.
Bir aydır El və Nikinin mahnısı efirlərdə səslənir. Bir parça oxuya bilərsiniz? Oradakı "o-o-o" isə mənim musiqimdə olan elementdir. Elə öz musiqimizi seçərdik də. Qəbul olunmasa da, yazdığım "Tapmaca" mahnısı 20 günə hitə çevrildi. Nəinki adi dinləyicilər, hətta sənət yoldaşlarım radioya zəng edib onu istəyirlər. Əslində, bu mahnını 6-7 il əvvəl yazmışdım. Sadəcə, aranjemanı yox idi. Belə mahnılarım "n" qədərdir. Çünki Tanrı mənə bu istedadı verib. Əslində, belə də deyərdim ki, Allah bu istedadı azərbaycanlıya verib ki, Azərbaycan xalqına xidmət etsin. Bağışlayın, bəlkə də başımdan böyük danışıram.
Kobud çıxmasın, hazırladığım mahnılara görə əziyyət çəkdim, amma çox sevincli idim. Çünki 100 deyil, milyon faiz inanırdım ki, mənim mahnım seçiləcək. Axı mən bilirəm ki, "Avroviziya"ya nə lazımdır. Əmin idim ki, mahnımla yer də tutacağıq. Hətta yer tutmasaydıq belə, hamı danışacaqdı ki, Azərbaycana halal olsun, öz milli kaloritində, həm də dünya miqyasında mahnı təqdim etdi.
- Neyləmək olar, biz qonaqpərvər xalqıq...
- Hər şey çərçivədə yaxşıdır. Tutaq ki, mən müsabiqə üçün klip çəkdirirəm. Əgər bu klipdə özümüzküləri qoyub, İsveç idmançısını çəksəm, mənə nə deyərlər? Əlbəttə, bütün dövlətlərə, xalqlara hörmətimiz var. Heç İsveç bəstəkarına də iradım yoxdur. Eşitmişəm ki, çox istedadlıdır, böyük komandası var. Amma o bilsə ki, Azərbaycanda mənim kimi bəstəkarlar var, deyər ki, mən sizə mahnı yazmıram. Dəfələrlə xaricdə qeyri-millətlərin nümayəndələri məndən onəlli yapışıb öz ölkələrinə dəvət ediblər. Mənə burada da tez-tez deyirlər ki, Elza xanım Azərbaycanda sizin qədrinizi bilməyəcəklər, çıxın gedin. Deyirəm, heç vaxt bunu etmərəm. Əgər məni bir adam incidirsə, ona görə niyə gedim? Dövlətimiz tərəfindən həmişə qayğı görmüşəm, sənətim dəyərləndirilib. Buna görə də həmişə çalışacağam öz xalqıma xidmət edim. Musiqi tərzim fərqli olsa da, inanıram ki, millətimiz zamanla məni daha çox anlayacaq və lazımınca dəyərləndirəcək.
[b]Elşad ÜMİD [/b]