Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı çərçivəsində elmi-praktiki konfrans keçirilib

img

04-04-2011 [01:55]


Aprelin 4-də Muzey Mərkəzində Bakıda öz işini davam etdirən Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı çərçivəsində elmi-praktiki konfrans keçirilib. Konfransda böyük Azərbaycan bəstəkarı, SSRİ Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin dünya musiqi xəzinəsinə bəxş etdiyi ölməz sənət əsərlərindən geniş söhbət açılıb. Rusiyalı musiqişünas alim Rauf Fərhadovun sədrliyi ilə keçən konfransda ?Qara Qarayev: XXI əsrdən baxış?, ?Karlhayns Ştokhauzenin səs dünyasında gestalt problemi?, ?Musiqidə intertekstual problemlərə dair?, ?Messiaen: XXI yüzilliyin bəstəkarı? və digər mövzularda məruzələr dinlənilib. Konfransda Azərbaycan musiqisinə ümumdünya şöhrəti gətirən sənətkarlar arasında Qara Qarayevin xüsusi yer tutduğu bir daha diqqətə çatdırılmışdır. Böyük bəstəkar, pedaqoq və ictimai xadim Q.Qarayev sənətdə daim yeni axtarışlar sorağında olmuşdur. Onun Nizami Gəncəvinin ?Yeddi gözəl? poemasından bəhrələnərək yazdığı ?Yeddi gözəl? və Cənubi Afrika Respublikası yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı ?İldırımlı yollarla? baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilmişdir. Q,Qarayevin Birinci simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. Kamera orkestri üçün yazdığı Üçüncü simfoniya isə Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdardır. ?Don Kixot? simfonik qravürləri (ispan yazıçısı Servantesin əsəri əsasında), ?Leyli və Məcnun? (Nizami Gəncəvinin poeması əsasında), ?Vyetnam süitası? əsərləri Q.Qarayev yaradıcılığının dəyərli səhifələridir. Bildirilmişdir ki, Qara Qarayev, həmçinin gözəl müəllim olmuş, neçə-neçə bəstəkar yetişdirmişdir. Konfransda müasir musiqinin elmi və nəzəri üslubları, onun inkişafına təkan verən amillər, belə musiqilərin geniş dinləyici auditoriyası qazanmasının sirri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır . Bir daha vurğulanmışdır ki, Bakıda təşkil edilmiş belə festivallar sənət adamlarının, bəstəkarların, musiqi nəzəriyyəçilərinin yaxından tanış olması və gələcək yeni layihələrin hazırlanmasına əsaslı zəmin yaradır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA