ADU-da bayram tədbiri keçirildi

img

16-03-2011 [03:03]


Martın 16-da Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov və universitetin tələbə-müəllim heyəti iştirak edirdi. İki hissədən ibarət olan bayram tədbirində ilk olaraq çərşənbələrlə bağlı tələbələrin hazırladığı video çarx nümayiş olundu. Video çarx od, su, yel və torpaq çərşənbələri, eləcə də onların yaranma tarixi və xüsusiyyətlərini özündə əks etdirirdi. Filologiya fakültəsinin tələbələri ?Müsyo Jordan və Dərviş Məstəli şah? əsərindən müasir dövrün ənənələrinə uyğun formalaşdırılmış səhnələr təqdim etdi. Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri isə Novruz adət-ənənələrindən bəhs edən tamaşa və müxtəlif dillərdə dialoqlar təqdim etdilər. Maraqlı və rəngarəng musiqi nömrələri də tamaşaçıların zövqünü oxşadı. ADU-nun həyətində davam edən tədbirin bu hissəsində ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov təbrik nitqi ilə çıxış etdi. Novruz bayramı münasibətilə universitet kollektivini təbrik edən rektor Novruz bayramı, onun tarixi, xalqımızın qədim mədəniyyətinin dünyada tanıdılmasında bu bayramın rolu, eləcə də Azərbaycan dövlətinin Novruz Bayramına verdiyi önəmdən danışdı. Azərbaycanda təhsil sahəsinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildiyini deyən S. Seyidov ölkədə aparılan islahatların ADU-nun da həyatında önəmli dönüş yaratdığını bildirdi. Universitetin fəaliyyət istiqamətlərinə toxunan ADU-nun rektoru təhsil müəssisəsində təhsil alan tələbələr üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırdı. Universitetdə tədris olunan dillərdən danışan S. Seyidov əcnəbi dillərin Azərbaycan mədəniyyətinin təbliğ olunmasında vacib rol oynadığını dedi. Ölkəmizin başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinə toxunan rektor yaxın zamanlarda bu problemin həll ediləcəyinə əminliyin ifadə etdi. O, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi və iqtisadi sabitliyin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Sonra ADU-nun rektoru S. Seyidov bayram tonqalına od vurdu. Rektor tələbələr tərəfindən xonça və səməni festivalına təqdim olunan xonçalara baxış keçirdi. O, uniiversitet kollektivinin birgə hazırladığı xonçanın ən yaxşı xonça olduğunu bildirdi. Bayram mərasimi tələbə-müəllim heyətinin tonqal ətrafında rəqs etməsi ilə yekunlaşdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA