Xalq zairi Nəriman Həsənzadənin 80 illiyi qeyd edildi

img

03-03-2011 [05:50]


Martın 3-də Azərbaycan Dillər Universitetinin (ADU) Akt zalında xalq şairi, dramaturq Nəriman Həsənzadənin 80 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Millət vəkillərinin, tanınmış ictimai xadimlərin, ədəbiyyat nümayəndələrinin, universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi yubiley mərasimini universitetin ?Azərbaycan ədəbiyyatı? kafedrasının müdiri Fəridə Səfiyeva açıq elan edərək böyük şairin yubileyinin ADU-da keçirilməsinin təsadüfi olmadığını bildirdi. Universitetdə belə tədbirlərin mütəmadi keçirildiyini qeyd edən kafedra müdiri bu gün isə Nəriman Həsənzadə poeziyasının işığına yığışdıqlarını söylədi. Nəriman Həsənzadənin milli ruhda şeirlər yazdığını deyən F. Səfiyeva qeyd etdi ki, millilik odur ki, qlobal proseslərə vətəndaşlıq mövqeyi göstərilsin. Məhz bu amil də yubilyarın şeirlərində öz əksini tapıb. Şairin yaradıcılığının bəzi istiqamətlərindən danışan kafedra müdiri N. Həsənzadəni ?hər dövrdə müasir şair? adlandırdı. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov rəhbərlik etdiyi universitetdə növbəti, amma qeyri-adi tədbirin keçirilməsindən məmnunluğunu dilə gətirdi. Görkəmli şairin, Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan Nəriman Həsənzadənin 80 illik yubileyini böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini bildirən rektor S. Seyidov şairi ?sakit və mülayim lider? adlandırdı: ?N. Həsənzadə öz ünsiyyət bacarığı ilə hamını öz ətrafına yığmağı bacaran şəxsiyyətdir. Adətən insanları öz ətrafına siyasi liderlər, siyasətçilər yığa bilər. Onların danışıq tərzi, emosiyaları insanları inandıra bilir. Amma Nəriman Həsənzadə sakit və mülayim liderdir. Hər dəfə çıxış edəndə xoş aura yaranır. O, tutduğu mövqe ilə bu ada layiq görülüb?. Rəhbərlik etdiyi ali təhsil ocağında bir çox xarici dillərin tədris olunduğunu vurğulayan rektor S. Seyidov bütün bunlarla yanaşı, Azərbaycan ədəbiyyatının da tədris edildiyini bildirdi. Çıxışının sonunda S. Seyidov ?Nəriman Həsənzadə universitetimizin dostudur, biz bununla fəxr edirik. Arzu edirik ki, 100 illik yubileyinizi də burada qeyd edəsiniz? fikirlərini dilə gətirdi. ?Azərbaycan ədəbiyyatı? kafedrasının müəllimi Elmira Mustafayeva şairin yaradıcılığı haqqında danışdı. N. Həsənzadənin 60-cı illərin ədəbi dalğasında ədəbiyyata gəldiyini xatırladan E. Mustafayeva şairin lirik şeirlər ustası kimi tanındığını qeyd etdi. E. Mustafayeva N. Həsənzadənin dramaturq kimi də sevildiyini bildirərək onun pyeslərinin qısa təhlilini verdi. Professor Nizaməddin Şəmsizadə əvvəlcə böyük şairin yubileyini ADU-da təşkil etdiklərinə görə N. Həsənzadənin dostları adından rektor S. Seyidova təşəkkür etdi. O da öz növbəsində yubilyarı lirik şair adlandırdı və bildirdi ki, lirik şair olmağı yalnız dahilər bacarır, çünki onlar lirik hisslərlə milyonların qəlbinə girə bilirlər. N. Həsənzadəni kütlənin yox, xalqın şairi kimi xarakterizə edən N. Şəmsizadə şairin Azərbaycan oxucusuna onun kimliyini çatdıran şeirlər yazdığını da diqqətə çatdırdı. Yubilyarı Məhəmməd Füzulinin davamçısı adlandıran professor şair haqqında ?Siz həm yerdə yaşamağa, həm də göydə qanad çalmağa layiqsiniz? sözlərini işlətdi. Yubiley mərasimində iştirak edənlərə öz təşəkkürünü bildirən Nəriman Həsənzadə yazdığı ?Qaçaq Kərəm? şeirini səsləndirdi. Tədbirdə ADU tələbələrinin ifasında şairin şeirlərindən ibarət hazırlanan ədəbi kompozisiya da təqdim edildi, yeni çapdan çıxan ?Nuru paşa? kitabından parçalar səsləndirildi. Eyni zamanda, şairin ingilis, alman və rus dillərinə tərcümə edilmiş şeirləri də diqqətə çatdırıldı. Yubiley mərasimi konsert proqramı ilə başa çatdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA