Şahvələd çobanoğlu ictimai Palatadan çıxdı

img

03-03-2011 [01:36]


Jurnalist Şahvələd Çobanoğlu İctimai Palata (İP) üzvlərinə yazılı müraciət edərək yeni üzv olduğu İP-nin Koordinasiya Şurasından (KŞ) çıxdığını bəyan edib. O, bununla bağlı İctimai Palataya yazılı müraciət edib. Müraciətdə deyilir: "Hörmətli bəylər və xanımlar! 26 fevral 2010-cu ildə mənim İctimai Palatanın Koordinasiya Şurasına üzv seçilməyimə səs verdiyiniz üçün Sizlərə dərin təşəkkürümü bildirirəm. Təəssüf ki, çox obyektiv səbəbdən ? həmin gün övladımın tibbi əməliyyat keçirməsinə görə iclasda iştirak etməmişəm. Sonradan iqtidar KİV-lərindən verilən, lakin cavab vermədiyim suallardan öyrəndim ki, Müsavat fəalı Mustafa Hacılı qəzeti çıxmayan bir redaktor kimi mənim Koordinasiya Şurasına üzv seçilməyimə qarşı çıxıb. Özlüyündə çox normal haldır. Amma mən son vaxtlar ardıcıl nümayiş etdirilən münasibətlərdən bilirəm ki, mənə qarşı bu yanaşma Müsavat Partiyasının rəhbərliyindən gəlir. Məgər İctimai Palatada hamı baş redaktordur?! Mənim nəşrinə rəhbərlik etdiyim qəzeti qoruyub saxlaya bilmədiyim nəzərdə tutulursa, mən də vicdanımı unudub deyə bilərəm ki, buna qalsa İsa Qəmbər 2003-də prezidentliyi saxlaya bilməyib! Yaxud deyə bilərəm ki, o da qəzet təsisçisi olub, amma indi deyil. Bəs nədən ictimai maraqlar naminə 2003-də MSK-da seçki protokoluna mübarək imzasını qoyan adamla yanaşı oturanlar, həmin repressiv günlərdə ?lideriniz və partiyanızı qoruyun? bəyanatı ilə Müsavat Partiyasına keçmək aksiyası keçirən bir adamla yanaşı otura bilmir? Bilirsiniz ki, İctimai Palatada əsasən deputatlığı oğurlanmış adamlardır, qəzeti və redaktorluğu zorla qapadılmış, başqa sözlə oğurlanmış adamın sizin sıranızda niyə ola bilməməsini soruşa bilərəm. Biz hamımız eyni rejim tərəfindən haqları və ölkəsi tapdanan adamlar deyilikmi?! Lakin mənə münasibətlər mənim Müsavat Partiyasına, onun liderinə, böyük dəyər verdiyim fədakar müsavatçılara, hətta 2003-cü ildə Azadlıq meydanını əyilib öpdüyünü öz gözlərimlə gördüyüm Mustafa Hacılıya münasibətimi obyektivlikdən uzaqlaşdırmır. Eyni zamanda, son günlərdə baş verənləri də nəzərə alaraq anladım ki, indiki münasibətlər fonunda İctimai Palatanın Koordinasiya Şurasında faydalı olacağım mümkün deyil. Birgə faydalı fəaliyyət həm də qarşılıqlı etimad tələb edir. Bu müraciət də bir narazılıq deyil, izah məqsədi daşıyır. Mən intriqalardan, siyasi yarışdan, qrupbazlıqdan, mənasız siyasi çəkişmələrdən və firqəçilik duyğularından, siyasi inhisarçılıq cəhdlərindən uzaq durmağı ölkəm üçün faydalı sayıram. Bir siyasi liderə hörməti digərlərinə hörmət etməmək kimi qəbul edənləri isə qəbul etmirəm. Oğru və cinayətkar hakimiyyətə münasibətimi bilməmiş deyilsiniz. Bununla belə, demokratik kəsimin sağlam və faydalı münasibətlərinə qarşı olanları çox vaxt tənqid etmişəm. Bu səbəbdən də bəzən kinli və anlaşılmaz münasibətlərlə üzləşmişəm. Bu da çox təbiidir. İctimai proseslərə verdiyi xeyirdən daha çox ziyan vuranlar tarixin ittihamından çəkinməlidir. Mən özüm də bu yolu tutmamaq üçün addımlarımı təkrar-təkrar ölçüb-biçməli oluram. Yaxşı olar ki, biz hamımız həmişə buna nail olaq. Dəyərli bəylər və xanımlar! Mənə göstərdiyiniz etimada görə bir daha Sizə təşəkkür edirəm və üzr diləyərək Koordinasiya Şurasına üzvlüyünə iddia etmədiyimi Sizə bildirirəm. Sizə və hamımıza Azadlığımız naminə fəaliyyətdə uğurlar diləyirəm. Mən artıq əminəm ki, Azərbaycan xalqı bütün hallarda Azadlığını qazanacaq, bu artıq nə hakimiyyətdən, nə müxalifətdən asılı məsələ deyil. Kimsə buna kömək edə bilər, lakin mane ola bilməz. Heç bir müqavimət, təxribat, oyun, iddia bunun qarşısını ala bilməyəcək. Hörmətlə, Şahvələd Çobanoğlu, ?Gündəlik-Azərbaycan? qəzetinin şef-radaktoru P. S. Eynulla Fətullayevin həbsindən sonra bizə gələn hər cür hədələrə rəğmən, ?Gündəlik Azərbaycan? qəzetini və hətta əfsanəvi ?Realnıy Azərbaycan? qəzetinin çıxmasını davam etdirdik. Sonra ofisimiz, əmlakımız alındı, hesablarımız donduruldu, yayım firmalarında bizə qadağa qoydular. Ən əsası, misli görünməmiş cərimələrlə üzləşdik. Bu qəzetləri maliyyə cəhətdən hərəkətə keçirmək mümkün deyildi. Bu günəcən də yeni qəzet başlamağa normal imkan tapmadım, qəzetçilik adına kiminsə 5-10 manatını külə sovura bilməyi də özümə yaxın qoymaram. Üstəlik, Eynulla Fətullayev həbsdə ikən ayrı bir qəzetə cəhd etmək də psixoloji cəhətdən vəfasızlıq duyğusu gətirirdi. ?Gündəlik Azərbaycan? qəzetinin şef-radaktoru adını daşımağım isə redaktor olmağımı yox, Eynulla ilə həmrəylimi ifadə edir. Çünki bu qəzet Eynullanın qəzetidir. Yazıçı Əli Əkbərin dəyərli ?Amneziya? romanı iddia edir ki, ?Gündəlik Azərbaycan? həm də gələcəyin qəzetidir. Mən özüm isə azad və xoş gələcəyə Tunis və Misir inqilabından qabaq da inanırdım".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA