Fərəc Quliyev: "Cəmiyyət monolit qüvvə kimi toparlanmalıdır"

img

03-03-2011 [12:34]


Martın 5-də Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Bu görüş barəsində cəmiyyətdə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi şəxslər bu görüşə böyük ümidlər etdiyi halda, digərləri hansısa uğur gözləmirlər. Soçi görüşü və digər məsələlərlə bağlı Milli Dirçəliş Hərəkatının sədri, millət vəkili Fərəc Quliyevlə danışdıq. O bildirdi ki, danışıqla nəyisə həll etmək limiti artıq tükənib. - Ermənistanın özünün sərbəst xarici siyasət kursu yoxdur. O, qoltuqaltı dövlət olduğu üçün onun xarici siyasət kursunu Rusiya müəyyənləşdirir. Hər dəfə danışıqlar məsələsi gündəmə gələndə atəşkəsin pozulması kimi amillər orataya çıxır və müxtəlif qarışıqlıq yaradırlar. Bu zaman isə Rusiya öz təzyiqini göstərir ki, mənsiz heç kim heç nə edə bilməz. Ermənilər öz iradələri ilə Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilmə məsələsinə cəhd göstərə bilməzlər. Ona görə də, bu kimi görüşlərdə Rusiyanın mövqeyinin nə olacağı maraqlıdır. Gördüyümüz kimi, Rusiya Şərqi Avropada, Orta Asiyada mövqelərini itirəndən, qafqazlarda xeyli zəifləyəndən sonra bu məsələdə hələlik geri çəkilmək fikrində deyil. Açığı danışıqlarda irəliləyiş olacağını gözləmirəm. Təqdirəlayiq haldır ki, artıq Azərbaycan cəmiyyəti, hakimiyyəti, müxalifəti o qənaətə gəlib ki, münaqişənin uzanmasını çox gözləməyə dəyməz və artıq ciddi addımlar atmağa hazırlıqlı olmalıyıq. Münaqişənin həlli ilə bağlı daha münbit şərait Levon Ter-Petrosyanın dövründə yaranmışdı, bir çox addımlar atılmaq mərhələsində idi. Amma həmin vaxt çox rahatlıqla Levon Ter-Petrosyanı dəyişdilər. İndi də uyğun bir nəticəyə gəlinib çıxılacaqsa belə, yenə hansısa dəyişikliklər ab-havası olacaq. Görüşün hansısa ciddi nəticəsinin olacağına gümanım yoxdur. Hətta bu olsa belə, ondan sonrakı məsələlərdə sıfır variantına qayıdış üçün ermənilər cəhd edəcək. Çünki torpaqların dinc yolla qaytarılması nə Rusiyaya, nə ermənilərə, nə də onların digər tərəfdarlarına sərf edir. [b] - Amma bəzi siyasi ekspertlər Soçi görüşünə böyük ümidlər edirlər. Hətta 5 rayonun azad edilmə məsələsinin reallaşa biləcəyini vurğulayırlar...[/b] - Azərbaycan tərəfi dəfələrlə müxtəlif variantları qarşı tərəfə təklif edib. Əslində, bu məsələdə cəmiyyətin özündə də ümumi bir davranış və rəy modeli formalaşmaqdadır. Yəni onu nəzərdə tutaram ki, Azərbaycanın tam hüquqları var ki, öz torpaqlarını geri qaytarsın. Torpaqlarımızın işğal olunmasını təsdiq edən qətnamələr var. Bu kimi faktlardan sonra yenə də ermənilər bu cür davranırlarsa, hətta mən güman etmirəm ki, 5 rayonu qaytarsınlar. 5 rayon qaytarılsa belə, məsələ həllini tapmır. Vaxtilə münaqişənin paket, mərhələli həlli məsələləri gündəmə gətirildi. Sonradan ermənilər özlərinin təklif etdiyi bəzi məsələlərin üstünə də getməyə başladılar və irəli sürdükləri təklifləri belə qəbul etmək istəmədilər. Mən də istəyirəm ki, bütün torpaqlarımızın hamısı birdən qaytarılsın. Amma 5 rayon da qaytarılsa, bu bizim üçün avantaj olar. Buna da güman etmirəm. Bütün dünya da bilir ki, əslində 5 rayon prinsip üçün götürülmüş ərazilərdir. Əsas məsələ Dağlıq Qarabağın özünü işğalda saxlanılmasıdır. [b]- Soçi görüşü ərəfəsində Serj Sarkisyanın Rusiyaya çağırılması və orada ikitərəfli görüşün keçiriliməsi sizcə, nəylə bağlıdır?[/b] - Qeyd etdiyim kimi, bu onu göstərir ki, Ermənistanın xarici siyasətini Rusiya müəyyənləşdirir. Ona görə da müxtəlif görüşlərdən əvvəl Ermənistan prezidenti təlimatlandırılır və lazım gələndə ən primitiv yollarla danışıqları pozurlar. Rusiya dünyaya göstərmək istəyir ki, baxın açarlar mənim əlimdədir, mən nə istəyirəmsə, o da baş verir. Məncə, Azərbaycan rəhbərliyi nə baş verdiyini bilir və hər dəfə də öz bəyanatlarında xatırladır ki, münaqişənin uzadılmasında maraqlı deyilik və lazım gələndə güc yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin hansı çərçivədə həll olunması ilə bağlı bütün ictimai-siyasi təşkilatlarla momerandum hazırlanmalıdır. Bu memorandumda qeyd olunsun ki, kim hakimiyyətdə olursa-olsun, Qarabağ məsələsi bu çərçivədən kənarda həll olunmayacaq. Həmçinin hakimiyyət arxayın olsun ki, müxalifət Qarabağ məsələsindən istifadə edib ona təzyiqlər etməyəcək. Müxalifət də arxayın olsun ki, hakimiyyət Qarabağı başqa çərçivədə həll etməyəcək. Ən əsası isə xaricdən hansısa təzyiqlər olanda bu memorandum ildırım ötürücü rolunu oynasın. Yəni cəmiyyət monolit qüvvə kimi toparlanmalı, iqtisadi, hərbi imkanlarımız da artırılmalı, Azərbaycanda şəhid ailələrinə, veteranlara diqqət dəyişməlidir. [b] - Bir sıra ölkələrdə baş verən inqilablara münasibətiniz necədir?[/b] - Bu məsələyə müxtəlif yanaşmalar var. Hər kəsin də bu məsələyə yanaşması təbii ki, subyektiv xarakterlidir. Düzdür, həmin ölkələrdə baş verənləri istəyirlər ki, eyni prizmadan qiymətləndirsinlər. Amma mən elə düşünmürəm. O ölkələrin hamısının siyasi, sosial mahiyyətləri eyni deyil. Düşünürəm ki, bəzi ölkələrdə xalqın sosial narazılıqlarla, uzunmüddətli diktatura rejiminin altında qalması ilə bağlı etirazları vardı. Amma böyük xarici dövlətlər orada baş verə biləcək dəyişiklikləri profilaktika edib qabaqlayıcı tədbirlər görə bilərdi. Daha çox hesab edirəm ki, bu ölkələrdə radikal İslam qüvvələrini hakimiyyətə buraxmamaq üçün addım atıldı. Yanğını iki cür söndürürlər - su ilə və partlayışla. Bu ölkələrdə yanğını partlayışla söndürmə modeli seçildi. [b] - Yəni hesab edirsiniz, bu inqilabların arxasında böyük qüvvələr dayanır?[/b] - Təbii. [b] - Hazırda Azərbaycanda da özünü radikal müxalifət adlandıran qüvvələr də aksiya qərarı veriblər və bunu "möhtəşəm aksiya" kimi qələmə verirlər. Necə hesab edirsiniz, müxalifət öz istəyinə nail ola biləcəkmi?[/b] - Cəmiyyətin hər bir hissəsində təmərküzləşmə gedirsə, buna hörmət edirəm. Mən özümü müxalifət nümayəndəsi hesab edirəm və müxalifətçiliyim də həmişə meydanda olub. Bu gün də Azərbaycanın istənilən probleminə müxalifətəm. Amma mənim müxalifliyim fərdlərə qarşı deyil və məqsədimiz də dünyagörüşümüzü hakim etməkdir. Azərbaycan bu gün müharibə şəraitindədir. Prezident ölkədə islahatlar, korrupsiyaya qarşı mübarizə ilə bağlı addımlar atırsa, hesab edirəm ki, bu, tamamilə normal yanaşmadır. Amma həm də onu demək istəyirəm ki, yerlərdə məmurlar qanunlara tamamilə əməl etmirlər. Belə məmurlar cəzalandırılmalıdır. Hesab edirəm ki, ictimai nəzarət güclü olmalıdır. Elə bir vəziyyət yaranmalıdır ki, baş verəcək hansısa bir hadisədən ölkə itirməsin, əksinə qazansın. Ölkədə ciddi çətinliklər, narazılıqlar var və dəfələrlə Milli Məclisdə bu məsələni qaldırmışam və qaldıracam da. Amma bu vəziyyətdən sui-istifadə etmək olmaz. Ola bilər bu münasibətimə görə məni özünü güya "inqilab"a hazırlayanlar qınasınlar, üstümə gəlsinlər və s. Məni bu heç düşündürmür. Çünki bir vaxtlar narıncı köhnəkdə də inqilab əhval-ruhiyyəsi ilə küçələrə çıxmışdılar. Günün birində Qələbə meydanında "inqilabçı" rəhbərlərdən biri elan etdi ki, "Qərb bizi aldatdı". Deməli, Qərb nəsə vəd vermişdi və indi də aldatdı. Başqa ölkələrin istəyi, arzusu ilə ölkəni dəyişdirməyə çalışmazlar. Ölkədə dəyişiklik vətəndaşın xeyrinə olmalıdır. Düşünürəm ki, Hacıbala Abutalıbov hansısa meydanda mitinqə icazə versə, ora adam çıxara bilməyəcəklər. Yəni bunlar cəmiyyətin dəstəyini itirmiş qüvvələrdir. Mən qafalarda ciddi islahatların aparılması, kadrların dəyişilməsi, iş bilən adamların irəli çəkilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və s. istiqamətlərdə çox ciddi işlər görülməsini tələb edən tərəflərdən biriyəm. [b]- Necə hesab etmək olar ki, özünü "inqilab"a hazırlayanların arxasında hansısa xarici qüvvə dayanmır?[/b] - Facebook sosial şəbəkəsində 5000 nəfərə yaxın insanın iştirakı ilə sorğu apardılar. Bir neçə nəfər inqilab tərəfdarı, bir o qədər də inqilabın əleyhinə çıxdı. Yerdə qalan insanları isə bu maraqlandırmadı. Üstəlikdə ki, Qarabğla bağlı məsələnin həssas dönəmində ölkənin qarışdırılmasında ən müxtəlif qüvvələr maraqlı ola bilərlər. Yenə deyirəm müxalifətdə dayanan, Azərbaycanın bütün problemlərinin üstünə getməyə hazır olan və bunların həll olunmasını tələb edənlərdən birisiyəm. Amma ölkəmdə hansısa formada xarici qüvvələrin təsiri ilə qarışıqlıq salınması, ölkənin digər torpaqlarının itirilməsi, ölkədə vətəndaş müharibəsinə bənzər situasiyanın yaranması və sailərin qətiyyən əleyhinəyəm. Ölkədə ədalətə və hüquqa söykənən barışa tərəfdar insanam. Hakimiyyətə müxalif olmaqla dövlətə müxalif olmaq başqa şeydir. Bu gün xarici qüvvələrin istəyi və dəstəyi ilə inqilab etmək istəyənlər dövlətə müxalifətçilik edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA