ADP inqilabi dəyizikliklər tələb edir

img

28-02-2011 [04:05]


Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. MİA-nın xəbərinə görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiyanın cari həyatına aid bir sıra məsələlər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk öncə Yaxın Şərq ölkələrində baş verən inqilabi prosesləri doğuran səbəblər və bu inqilabların yaxın və uzaq ölkələrə təsir dairəsinin genişlənməsi ətrafında fikir mübadiləsi aparıb. İctimai sərvətin ədalətsiz bölgüsü, sosial bərabərlik prinsipinin pozulması, korrupsiya və rüşvətxorluğun dərin kök salması və ən başlıcası despotik rejimlərin öz xalqlarını uzun illər iqtisadi və siyasi azadlıqlardan məhrum etməsi kimi əsas faktorların ərsəyə gətirdiyi inqilabların, bu cür neqativlərin yer aldığı digər ölkələrdə də qaçılmaz olduğuna diqqət çəkən partiya yetkililəri Azərbaycan hakimiyyətini bir daha cəmiyyəti xaosa və inqilabi kataklizmlərərə sürükləyən yanlış iqtisadi siyasətə son qoymağa, xalqın iradəsinə söykənən yeni parlament formalaşdırmağa və ölkədə əsaslı dəyişikliklərə gətirib çıxaran geniş konstitusion islahatlar aparmağa çağırıb. Parlamentin faktiki olaraq tək partiyalı sistem əsasında formalaşdırılması, mərkəzi hakimiyyətin digər siyasi və vətəndaş institutları üzərində hökmranlıq etməsi, hakimiyyət bölgüsü prinsipinin gözlənilməməsi, kosmetik dəyişikliklərə baxmayaraq monopoliya və ondan doğan korrupsiya və rüşvətxorluq faktlarının davam etməsi, milli sərvətin körpü, yol tikintiləri və digər adlar altında mənimsənilməsi, təbii fəlakətlərdən ziyan çəkən vətəndaşlara ayrılan kompensasiyaların oğurlanması, ölkədə söz mətbuat və vicdan azadlıqlarının kobud şəkildə pozulması kimi sosial fəlakətlərə yol açan şərtlərin mövcud olmasına bir daha toxunan İdarə heyəti üzvləri bu faktların aradan qaldırılmadığı şəraitdə Azərbaycanda inqilabi təhlükənin qaçılmaz olduğunu bildirib və hakimiyyəti dünyada gedən ictimai-siyasi proseslərdən nəticə çıxarmağa, inqilabdan yan keçmək üçün inqilabi dəyişikliklərə gətirib çıxaracaq ciddi islahatlara dərhal başlamağa çağırıb. İdarə Heyəti Azərbaycan prezidentinin gömrük rüsumlarından əldə edilən gəlirlərin 20 faizinin bu sahədə çalışan işçilərin maaşlarına əlavə edilməsi haqqındakı fərmanının, o cümlədən yol qanunvericiliyinin pozulması halları ilə əlaqədar inzibati cərimələrin bir hissəsinin yol patrul xidməti əməkdaşlarına məvacib kimi verilməsi haqqındakı qərarın, ümumiyyətlə dövlət qulluqçularının əməkhaqqı siyasətinin tamamilə yanlış olduğunu qeyd edib və bu cür qərarlarla dövlət sektorunda çalışan digər vətəndaşların hüquqlarının pozulduğunu bildirib. İdarə Heyəti üzvləri BMT Təhlükəsizlik Şurasının Liviya diktatoru Qəddafinin beynəlxalq tribunala verilməsi üçün araşdırılmalar aparılması barədə çıxardığı qətnaməni təqdir edib, eyni zamanda Beynəlxalq birliyi öz xalqlarına divan tutan və dünyanın nizamını pozan diktatorlar barədə bu cür qanlı olaylar baş verməmiş və hadisələri qabaqlayan diktaturalar haqqında ümumi qətnamə qəbul etməyə çağırıb. İdarə Heyəti üzvləri ABŞ Dövlət Departamentinin birinci müavini C.Steynberqin Azərbaycana səfərinin iki ölkə arasında bundan əvvəl yaranmış soyuq münasibətlərin aradan qalxması baxımından əhəmiyyətli olduğunu qeyd etməklə bərabər, bu görüşün ölkənin müxalif kəsimindən kənar və yalnız hakimiyyət nümayəndələri ilə baş tutmasını həmin ölkənin dünyada demokratik institutlarla qurmaq istədiyi münasibətlərdə yetərli olmadığını diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA