ALP və ViP rəhbərliyi regionlara üz tutur

img

24-02-2011 [02:33]


Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Azərbaycan Liberal Partiyasının (ALP) İcraiyyə Komitəsi ilə VİP-in Mərkəzi Aparatının birgə toplantısı keçirilib. MİA-nın xəbərinə görə, yığıncaqda ölkədə yaranmış mövcud ictimai-siyasi vəziyyət, Silahlı Qüvvələrin daxilində baş verən neqativ hallar, ALP və VİP rəhbərliyinin şimal bölgəsinə səfəri, müxalifətdaxili inteqrasiyanın gücləndirilməsi və Azərbaycana yaxın coğrafiyada geniş vüsət alan xalq etirazı dalğası məsələləri ətraflı müzakirə olunub. VİP sədri Əli Əliyev və ALP sədri Əvəz Temirxan qeyd olunan məsələlərlə bağlı genış çıxış ediblər. Partiya sədrləri şimal bölgəsinə səfərləri zamanı Tunis və Misirdə baş vermiş hakimiyyət dəyişikliyinin əhalinin siyasi proseslərə marağını xeyli artırdığını vurğulayıblar. Əlavə ediblər ki, ölkədə və dünyada baş verən proseslərin obyektiv izahı üçün xalq kütlələri ilə birbaşa təmasların davam etdirilməsi son dərəcə vacibdir. VİP və ALP sədrləri yaranmış şəraitin ölkə müxalifətinin bir arada olması zərurətini gücləndirdiyini, bu istiqamətdə səylərin artırılmasına ehtiyac olduğunu qeyd ediblər. Müzakirələrə qatılan toplantı iştirakçıları da gündəlikdəki məsələlərlə əlaqədar fikirlərini bölüşüblər. Onlar Silahlı Qüvvələrin daxilində baş vermış məlum hadisənin ciddi narahatlıq doğurduğunu və bu kimi hallara son qoyulması üçün ən təsirli tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıblar. İştirakçılar ölkədəki vəziyyəti təhlil edərkən Azərbaycanda həyata keçirilən məmur rotasiyalarının islahat imitasiyası xarakteri daşıdığını bildiriblər və hakimiyyəti real islahatlar aparmağa çağırıblar. Çıxışçılar Quzey Afrika və Yaxın Şərqdə cərəyan edən proseslərin Azərbaycana mümkün tranformasiya ehtimalına dair fikir mübadiləsi aparıblar. Bu çərçivədə diqqət əsas müxalifət qüvvələri arasında dayanıqlı inteqrasiyanın labüdlüyünə yönəldilib. Hər iki partiyanın nümayəndələri bütün hallarda qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi, birgə addımların müəyyənləşdirilməsi və ölkədə ictimai-siyasi fəallığın artırılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini önə çəkiblər. Səslənən təkliflər əsasında ALP ilə VİP rəhbərliyindən ibarət şəxslərdən formalaşdırılacaq heyətin bölgələrə müntəzəm səfərlərinin təşkili və partiyaların yerli strukturları, o cümlədən əhali ilə görüşlərinin keçirilməsi haqda qərar qəbul olunub. Eyni zamanda, ALP və VİP-in rəhbər orqanlarının birgə toplantılarının təşkili praktikasının davam etdirilməsi də məqsədəuyğun sayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA