Məzahir Pənahov Elxan Şükürlünü MSK-dan kənarda saxlamağa çalızır

img

20-02-2011 [06:11]


Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün adı Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 22-də yenidən formalaşdırılacaq siyahısından çıxarılıb. Buna səbəb onun bir neçə gün əvvəl MSK sədri Məzahir Pənahovun bəzi partiyaların adından Milli Məclis Aparatına təqdimat verməsi faktını mətbuata açıqlaması olub. Xatırladaq ki, bir neçə gün əvvəl Elxan Şükürlü MSK sədri Məzahir Pənahovun Ədalət Partiyasının adından Milli Məclisə nümayəndə tövsiyə etdiyini açıqlayaraq, həmin nümayəndənin də Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin yaxın qohumu olduğunu söyləmiş və "əgər MSK-nın tövsiyə məktubu ortaya çıxsa, Məzahir Pənahova ən azı iki maddə ilə cinayət işi açılmalıdır", - fikrini bildirmişdi. MİA-nı bilgiləndirən mənbənin sözlərinə görə, bu açıqlamadan sonra Ədalət Partiyası Siyasi Şurasının da Səfa Mirzəyevin qohumu olan Oktay Hümbətlinin deyil, daha çox sərbəst davranışları ilə diqqət çəkən Elxan Şükürlünün adı üzərində durması hakimiyyəti xeyli narazı salıb. Hətta bu irad açıq şəkildə Səfa Mirzəyev vasitəsi ilə partiya sədri İlyas İsmayılova da çatdırılıb. O isə bu məsələnin partiyanın Siyasi Şurasında artıq həll edildiyini və Elxan Şükürlünü də geri çəkməyin mümkün olmadığını bildirib. Bundan sonra İ.İsmayılova sakit oturmağı, məsələyə qarşımamağı və hakimiyyətin özünün bu problemi çözəcəyi deyilib. Nəticədə isə E.Şükürlünün MSK-ya düşməməsi üçün Ədalət Partiyasının MSK-dakı yerini ləğv edərək, bu yeri Ana Vətən Partiyasına veriblər. Artıq Prezident Administrasiyası, MSK rəhbərliyi və Milli Məclis Aparatı ilə razılaşdırılan siyahının fevralın 22-də Milli Məclisdə təsdiqlənəcəyi gözlənilir. Qeyd edək ki, dünən bu məlumat gecə saatlarında redaksiyamıza daxil olduğundan Milli Məclis Aparatının və Ədalət Partiyasının məlumata reaksiyalarını öyrənə bilmədik. Ancaq har bir halda ortaya çıxan fakt odur ki, MSK-nın yeni tərkibi də tam şəkildə hakimiyyətin istədiyi adamlardan formalaşdırılır və bu prosesdə özünü müxalifət adlandıran partiyaların ali orqanlarının rəyi belə heç nəyi həll etmir. Məsələylə bağlı münasibət öyrənmək üçün E.Şükürlü ilə əlaqə saxladıq. O, bu barədə məlumatlı olduğunu, ancaq məsələ hələ tam dəqiqləşmədiyindən münasibət bildirməyəcəyini söylədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA