Zərdüzt Əlizadə: "Azərbaycana inqilab zimal küləyi ilə gələcək"

img

20-02-2011 [05:03]


[b]"Rusiyada hər hansı bir dəyişiklik uğrunda güclü hərəkat başlayarsa, bu, avtomatik olaraq Orta Asiyaya, Cənubi Qafqazda - Ermənistan və Azərbaycana, eləcə də Belarusa keçid edə bilər"[/b] Tunisdə, daha sonra Misirdə baş verən inqilablar digər ərəb ölkələrinə də təsirini göstərib. Bunlarla yanaşı, İranda da inqilabi əhval-ruhiyyə yaranıb. Bu prosesin dünyanın əksər avtoritar rejimli ölkələrinə keçəcəyi proqnozlaşdırılır. Görəsən, Tunis və Misirdən sonra hansı avtoritar rejimlər hakimiyyəti təhvil vermək məcburiyyətində qalacaqlar? Prosesin Azərbaycana da keçəcəyi gözlənilirmi? Sullarımızı tanınmış politoloq Zərdüşt Əlizadə cavablandırır: - Mənim yanaşmam çox sadədir. Adıçəkilən bu ölkələrdə avtoritar, qeyri-demokratik rejimlər hakimiyyətdədir. Hamısında yüksək səviyyəli rüşvət, iqtisadiyyatın bir əldə cəmləşməsi, xalqla əlaqənin olmaması, hökumətin xalqa hesabat verməməsi, seçki saxtakarlığı mövcuddur. Bütün bunlar isə xalq narazılığına gətirib çıxardı. Tunisdə xalq qalxandan sonra müsəlman həmrəyliyi əsasında bu etirazlar digər ölkələrə də keçdi. Bu proses yavaş-yavaş davam edir. Bəhreyndə, Əlcəzairdə, Liviyada və digər ərəb ölkələrində də xalq etiraz etməyə başlayıb. O yerdə ki hakimiyyət qıvraq tərpənərək kütlə ilə razılaşır, müəyyən güzəştlərə gedir, orda vəziyyət bir qədər sakitləşir. O yerdə ki hökumət dirənir - Bəhreyndə, Liviyadakı kimi - orda gərginlik artan xətt üzrə davam edir. Təbii ki, Misirdəki hadisələrdə Amerikanın rolu yox deyildi. Amerika çoxdan və açıq şəkildə bu ölkələri demokratiyaya keçidə dəvət edirdi. Misirdə etirazlar güclü oldu, ordu xalqa qarşı getmədi, Mübarəki xalqla üz-üzə qoydu. Ona görə də Mübarək getməli oldu... - Həmin inqilablar sadəcə xalq kütlələrinin etirazları nəticəsində baş verdi, yoxsa kənar qüvvənin müdaxiləsi də var? - Kənar qüvvədən daha çox hakim zümrədə çat, bölünmələr meydana çıxdı. 30 il bir nəfər hakimiyyət başında idi və hər şeyə təkbaşına sahiblik edirdi. Hakim zümrə daxilində olan digərləri isə düşündülər ki, onlar daha böyük paya layiqdirlər. Ona görə, gizli şəkildə də olsa, xalqa dəstək verdilər. - Bu proseslərin fonunda İranda da etiraz dalğası başlayıb. Bunu necə qiymətləndirirsiniz? - İranda prezident seçkiləri keçirilmişdi. Müxalifət namizədi Musəvi, Kərrubi nəticələri tanımayıb, etiraz eləmişdilər. Hakimiyyət isə zor gücünə etirazları yatırmışdı. İndi Tunis, Misir hadisələri baş verdi, bunun nəticəsində İranda da xalq yenidən ayağa qalxıb ədalət və təmiz seçki tələb edir. - Misirdəki, Tunisdəki nəticələri İranda da gözləmək olarmı? - Mən bunu yüz faiz əminliklə deyə bilmərəm. Amma məncə, ötən dəfə olduğu kimi, bu dəfə də etirazları yatıracaqlar. Çünki Tunisdə və Misirdə hakimiyyətlər Qərbdən asılı idi. Onlar nə qədər zor işlətsələr də, hər halda Qərbdən çəkindilər. İran hakimiyyəti isə Qərbdən çəkinmir. Bu mənada İranda baş qaldıran etirazların Misir və Tunisdəki kimi nəticə verəcəyinə inanmıram. - Misir və Tunisdə inqilab baş tutdu, hakimiyyət dəyişikliyi reallaşdı. Bəs, inqilabdan sonrakı Misir və Tunis barədə nə deyə bilərsiniz? - Birinci nəticə odur ki, Tunis və Misirdə 25-30 il hakimiyyətdə oturub iqtidarı öz varislərinə ötürmək istəyənlər getdilər. İndi gündəlikdə demokratik konstitusiya dəyişiklikləri, eləcə də prezidentlərin iki dəfədən çox seçilməməsi ilə bağlı müddəanın qanuni qüvvəyə minməsi nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, müəyyən nisbi demokratik dəyişikliklər artıq əldə edilib. Fəqət, xalq daha böyük dəyişikliklər tələb edir. Hətta Misirin gənc jurnalistləri Jurnalistlər İttifaqı qarşısında piket keçirib tələb edirlər ki, qəzet redaktorlarının hökmranlığına son qoyulsun. Dövlət qulluqçuları etiraz aksiyaları keçirib tələb edirlər ki, maaşlar artırılsın. Amma, qısa müddətdə geniş xalq kütlələri nəticəni görməyəcəklər. Bunun üçün uzun müddət yaşamaq və idarəçilik sistemini təkmilləşdirmək lazımdır. - İnqilab dalğasının Rusiya və digər MDB ölkələrinə sirayət etməsi necə, indiki mərhələdə gözləniləndirmi? - Bu proseslərin Rusiyaya keçidini deyə bilmərəm. Sadəcə olaraq, Rusiyanın daxilində böhran əlamətləri güclənib. Rusiyada hər hansı bir dəyişiklik uğrunda güclü hərəkat başlayarsa, bu, avtomatik olaraq, Orta Asiyaya, Cənubi Qafqazda - Ermənistan və Azərbaycana, eləcə də Belarusa keçid edə bilər. - Bəzi politoloqlar Rusiyanın parçalanacağı ilə bağlı ehtimallar da səsləndirirlər... - Bəli. Rusiya ictimai fikirini əks etdirən bloqlardakı müzakirələrə baxın, açıq şəkildə, təfərrüatı ilə Rusiyanın parçalanacağını, Uzaq Şərqin Yaponiyanın, Sibirin Çinin nəzarətinə keçəcəyini, Şimali Qafqazın ayrılacağını, başqa variantları və ssenraliləri qızğın müzakirə edirlər. Eyni zamanda ictimai inqilaba çağırışlar eşidilir. - Bu inqilab dalğası Ermənistana hansı formada təsir edə bilər? - Ermənistana heç cür təsir edə bilməz. Çünki Ermənistan Rusiyanın for-postudur. Əgər Rusiyada dəyişikliklər başlasa, Ermənistan birinci yıxılacaq. Sonra Özbəkistan, onun arxasınca Qazaxıstan, Türkmənistan, bunların arxasınca isə Azərbaycan və Belarus gedəcək. - Ancaq bəziləri ərəb ölkələrindəki etirazların Azərbaycana da təsir edəcəyindən danışırlar. Ümumiyyətlə, bu hadisələr Azərbaycanda siyasi proseslərin aktivləşməsinə təsir göstərə bilərmi? - Mən ərəb dünyasını bilavasitə Azərbaycanla bağlamaq istəməzdim. Sözsüz ki, rejimlər oxşardır, avtoritardır, oğrudur, anti-millidir, zalımdır. Amma tarixi ictimai quruluş və coğrafiya baxımından biz Rusiyaya bağlıyıq. Əgər Rusiyada hansısa hərəkat başlasa, bizdə də olacaq. - Belə çıxır ki, inqilab olacaqsa, bunu Azərbaycana şimal küləyi gətirəcək? - Bəli. Azərbaycana inqilab şimal küləyi ilə gələcək. Necə ki, vaxtiylə şura hökuməti gəlmişdi, növbəti dəfə də dəyişikliklər şimaldan gələcək. - İnqilab üçün şərait və zəmin lazımdır. Azərbaycanda hazırda həmin şərait və zəmin varmı? - Bizdə inqilaba şərait çoxdan var, sadəcə, Azərbaycanda dövlət və cəmiyyətin müqayisəsinə baxanda görürüsən ki, dövlət cəmiyyətdən daha güclüdür. Dövlətin güc mənbələrindən biri də xarici dəstəkdir. Azərbaycan hakimiyyətinə Qərb neftə, Rusiya Qarabağ məsələsinə görə dəstək verir. Bu xarici dəstək götürüləndən sonra hakimiyyət xeyli zəifləyəcək. O zaman da hakimiyyət ya xalqla hesablaşacaq, ya da devriləcək. Hələlik bu dəstək var və bu səbəbdən də hakimiyyət güclüdür. - Zərdüşt bəy, məlum olduğu kimi, hakimiyyət yüksək səviyyədə antikorrupsiya kampaniyasına başlayıb. Bu kampaniyanın son günlər ərəb ölkələrində baş verən inqilablarla əlaqəsi varmı? - Müəyyən dərəcədə var. Amma bir məsəl var: balıq başdan iylənər, quyruqdan təmizlənər. Ancaq bu o demək deyil ki, balıq iylənmir. Balığı quyruğundan təmizləyəndə təmizlənirmi, əsla?! - Axı, yüksək vəzifəli məmurların da "vurulma"sına start verilir? - Son günlər "vurulan"lar o qədər də yüksək çinli məmurlar deyil. Onlar texnokrat icraçı adamlardır. Məsələn, "Azərsu"yun sədri yaxın dairəyə aid olan adam deyil. Yaxın dairədə olan şəxslər toxunulmazdır... - Ancaq bəzi müxalifət nümayəndələri vəziyyəti nəzərə alaraq hakimiyyətin daha ciddi islahatlara gedəcəyini proqnozlaşdırırlar... - Mən belə düşünmürəm. Fikrimcə, müxalifətin özünün islahata ehtiyacı var. Çünki bu cür müxalifətin indiki şəkildə hazırkı hakimiyyəti əvəz etməsi növbəti bir faciə olardı. Yəni faciənin davamı baş verərdi. Ərəb ölkələrində hökuməti buraxdılar, təzə hökumət qurdular, koalision hökumət yaratdılar və vəziyyət sakitləşdi. İndi də hansısa bir islahata gedəcəklər... - Azərbaycanda koalision hökumət yaradıla biləcək müxalifət varmı? - Düşünmürəm ki, müxalifət bu zəka ilə, bu vicdanla hakimiyyətdə nəsə bir inqilabi dəyişikliklər edə bilsin. Amma vətəndaş cəmiyyətində beş-on nəfər var ki, hakimiyyət onların xidmətindən istifadə edə bilər. Bir də ki, necə olur-olsun, müxalifət təmsilçiləri və cəmiyyətlə mükalimə başlamalıdır. Bu mükalimə yoxdur. - Necə düşünürsünüz, bu gün Azərbaycana inqilab lazımdırmı, yaxud inqilabi yolla problemlərimiz həll olunarmı? - Bu cür məsələlər bir siyasətşünasın deməyi ilə olmur. Mən, ümumiyyətlə, inqilabların əleyhinəyəm. Hansı cəmiyyət, hansı dövlət inqilabdan sonra ağ günə çıxıb? Əksinə, daha da ziyan çəkib, geri düşüb. İnqilab dövləti on illərlə, bəzən yüz illərlə geriyə atır. Azərbaycanda müxalifətə koalisiya təklif edən, ona şir payı verən Mütəllibovu devirdilər, xalq ağ günə çıxdımı, yox?! İndi də düşünürəm ki, bir mənəviyyatsız dəstəni başqa mənəviyyatsız dəstə ilə əvəz etsək, heç nə olmayacaq. Düşünürəm ki, mükalimə və müəyyən struktur islahatları aparmaq lazımdır. Əvvəla hakimiyyət xalq qarşısında hesabat verməlidir və hesabatın da bir forması ədalətli seçkilərdir. İfadə azadlığına olan qadağalar aradan götürülməlidir. Müstəqil məhkəmə formalaşmalıdır. Ondan sonra cəmiyyət öz-özünə və yavaş-yavaş sağalmağa başlayacaq. Həm də xalq hamının kim olduğunu gözəl bilir. O saat rüşvətxor nazirlərin, oliqarxların, oğru məmurların adları çəkiləcək və onlardan hesab sorulacaq. Təyinat zamanı kimsə yenə 300-500 min verib icra başçısı, yaxud polis rəisi gedə bilməyəcək. Yəni bu demokratik islahatlar, həm də bütün inzibati aparatı əhatə etməlidir. Düşünürəm ki, bu yol daha üstündür, nəinki 1992-ci ildə olduğu kimi, bir ovuc mafiya gəlib başqa bir mafiya ilə əlbir olub kimisə devirir və xalqın başına qaya boyda daş düşür. - Amma bu gün qeyd etdiyiniz variantların heç biri real deyil... - Demək, heç nə olmayacaq. Əgər Rusiyada nəsə olsa, Azərbaycan da istər-istəməz bu məcraya düşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA