ADP hakimiyyəti yeni parlament seçkiləri keçirməyə çağırıb

img

14-02-2011 [04:26]


Bu gün ADP İdarə heyətinin növbəti toplantısı keçirilib. MİA-nın məlumatına görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiya həyatını əhatə edən bir sıra məsələlər əsas müzakirə obyekti olub. Misirdə baş verən inqilabi proseslərə bir daha diqqət çəkən toplantı iştirakçıları bu ölkədə baş verən siyasi dəyişiklikləri ümumdünya demokratiyasının qələbəsi kimi dəyərləndirib və bu hadisənin tezliklə diktatura rejimlərinin mövcud olduğu digər ölkələrin də həyatında ciddi dəyişilmələrə gətirib çıxaracağına əminliyini ifadə edib. İdarə Heyəti üzvləri ABŞ prezidenti B.Obamanın bir çox ölkələrə demokratiya qapısı açan Misir inqilabının müdafiəsinə yönəlmiş xüsusi bəyanatla çıxış etməsini təqdir edib və bu dəstəyin antidemokratik rejimlərə qarşı mübarizə aparan bütün xalqlara göstərilməsinin zəruriliyini diqqətə çatdırıb. İdarə heyəti üzvləri Misir inqilabı fonunda baş verən proseslərin ölkəmizdə törədə biləcəyi fəsadları nəzərə alaraq hakimiyyəti bir daha dərhal demokratik siyasi islahatlar keçirməyə, korrupsiya və rüşvətxorluğa yol açan monopoliya siyasətinə son qoymağa, ölkə daxilində insan azadlıqlarının və demokratiyanın qorunmasına təminat verən konstitusion addımlar atmağa və ən başlıcası xalq etimadına layiq yeni parlament seçkiləri keçirməyə çağırıb. İdarə Heyəti üzvləri ABŞ, Böyük Britaniya və İsrail hökumətinin Azərbaycanda terror təhlükəsinin artması ilə bağlı bəyanatlarına diqqət çəkərək və bu təhlükənin arxasında ölkədə insan hüquq və adlıqlarının pozulması, müxtəlif yollarla dini inanc sahiblərinin sıxışdırılması kimi daxili şərtlərin pozulması ilə yanaşı İranla Azərbaycan arasında yaradılmış gərginliklər fonunda baş verə biləcək xarici faktorların da durduğunu bildirib və hakimiyyəti dövləti terror təhlükəsi ilə üz-üzə qoyan neqativlərə qarşı təsirli addımlar atmağa və ciddi təhlükəsizlik tədbirləri görməyə çağırıb. İdarə Heyəti üzvləri uzun fasilədən sonra ABŞ-ın Azərbaycana səfir təyin etməsini və səfir M.Brayzanın fəaliyyətə başlamasını hər iki ölkə arasında yaranmış gərginliklərin aradan qalxması baxımından təqdirə layiq olduğunu bildirib və bu təyinatın demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi işində töhfə olacağına ümid etdiklərini ifadə edib. İdarə Heyəti üzvləri son vaxtlar ölkədə korrupsiya və rüşvətxorluğa qarşı başladılan kompaniyanın keçici xarakter daşıdığını bildirib və bu cür kosmetik dəyişiklərlə ölkədə heç bir əsaslı dəyişikliklərin mümkün olmayacağını diqqətə çatdırıb. İdarə Heyəti üzvləri İnzibati xətalar məcəlləsinə edilən əlavə və dəyişiklərdə cərimə məbləğlərinin qat-qat artırılmasından narahat olduğunu bildirib və minimum əmək haqqı hədləri ilə uyğun gəlməyən bu qaydaların tətbiq edilməsinin yolverilməz olduğunu qeyd edib. İdarə Heyəti Azərbaycan dövlət neft şirkətinin hesabına Böyük şor gölü ərazisində smeta dəyəri bir milyard manat olan Olimpiya stadion kompleksinin planlaşdırılmış inşasının iqtisadi baxımdan səmərəsiz olduğunu, bu layihənin böyük korrupsiya nümunəsi olduğunu diqqətə çatdırıb və bu cür vəsaitlərin ölkədə işsizliyin aradan qaldırılmasına, vətəndaşlar üçün mənzil tikintisinə, mərkəz və ucqarlarda yol tikintisi və qazlaşdırma işlərinin aparılmasına, məktəblərin, səhiyyə ocaqlarının yaradılmasına və digər sosial yönümlü sahələrə yönəldilməsinin məqsədə uyğun olduğunu bildirib və hakimiyyəti ölkəni holland sindromuna aparan bu cür korrupsiya layihələrindən geri çəkilməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA