06-02-2011 [05:08]
[b]
İlqar Altay İrana səfəri zamanı üzləşdiyi problemlə bağlı bu ölkənin Azərbaycandakı səfirliyinə rəsmi narazılığını bildirəcək [/b]
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay İran İslam Respublikasına etdiyi tədqiqat səfərindən qayıdıb. Xəbər verildiyi kimi, səfərdə məqsəd son dövrlər qonşu dövlət tərəfindən Azərbaycana qarşı müxtəlif səviyyələrdə olan təhdidli çıxışlar ətrafında təhqiqat aparmaq olub. İlqar Altayla bu barədə söhbət etdik.
- İlqar bəy, ölkələrarası mürəkkəb dövrdə səfəriniz uğurlu alındımı?
- Doğru qeyd etdiniz ki, Azərbaycanla İran arasında çətin dövr yaşanır. Arada bir-birinin dövlətçiliyinə qarşı təhdidlər səviyyəsində inamsızlıq yaranıb. Belə bir dövrdə hətta müstəqil tədqiqatçının sərhədi keçməsi, Tehranda hərəkət etməsi, oradakı insanlarla görüşməsi, "Səhər" telekanalına daxil olub, bu təşkilatın rəhbərliyi ilə müzakirələr aparması məncə, uğurlu sayıla bilər. Ancaq düşünürəm ki, daha uğurlu nəticə əldə etmək olardı.
- Buna nə mane oldu?
- Fevralın 1-i ikinci gün axşam təyyarə ilə birbaşa Tehrana uçdum. 5-ci gün ayın 4-nə geriyə biletim vardı. Hesablamışdım ki, bu 3 günə işlərimi yekunlaşdıraram. Çatan kimi öyrəndim ki, səhərisi gün İranda Peyğəmbərin vəfatının ildönümü ilə bağlı milli tətildir. Həftənin 4-cü günü isə, günortaya qədər iş günü idi. Həmin yarım günü "Səhər" televiziyasına getdim. Qeyd edim ki, bu telekanalın Azəri bölümünün rəhbəri Bürhan Həşmati vaxtilə 5 il Azərbaycanda işləyib. Çox təkiddən sonra məni orada qəbul etdilər. Rəhbər şəxslərlə 4 saata yaxın görüşümüz oldu. Elə oradan Azərbaycana qarşı çıxış etmiş, Təbrizin deputatı Fərhəngi ilə telefonla danışdıq və razılaşdıq ki, həftənin altıncı günü görüşək. Çünki cümə günü onlarda bazar günü hesab olunur və həm də İran İslam İnqilabının ildönümü idi.
Hicabla bağlı kəskin çıxış etmiş Ayətullah Sübhani Qum şəhərində olduğu üçün, nümayəndəsi ilə görüşməyi planlaşdırdıq. Bütün bunlar üçün mən, bileti geri qaytarıb bir neçə gün qalmalı idim. Ancaq düşünüb qərara gəldim ki, qalmayım.
- Belə çıxır ki, səfərinizi yarımçıq dayandırmısınız. Bunun da təbii ki, səbəbi olmalıdır.
- Bu tədqiqat səfərində məqsədim ölkəmizə qarşı olan təhdidli çıxışların əsl səbəbini öyrənmək, əsaslı və canlı faktlarla geriyə dönmək idi. Bilirsiniz, deputat kürsüsündə, iş otaqlarında oturub qarşı tərəfi söymək elə bir ictimai təsir qüvvəsinə malik deyil. Tutarlı cavab odur ki, əsaslandırılmış faktlar ortaya qoyasan. Bunun üçün xüsusi iş aparmaq, hərəkət etmək, risq edib əziyyət çəkmək, yerində məsələni ayırd etmək lazımdır. Mənim orada bir qədər artıq qalıb sonacan iş aparmamağımın əsas səbəbi Tehrandan göndərdiyim adi bir informasiyanın ölkəmizin gündəlik qəzetlərində verilməməsi oldu. Qəzetlərin redaktorları dedilər ki, baxarıq, ancaq nədənsə bunu etməyə çəkindilər. Ölkədəki iki aparıcı müxalifət qəzetlərindən biri, hansına ki, ən çətin vaxtlarında dayaq olmuşam, bunu etməyə çəkindi. Belə bir hissə qapıldım ki, bu səfərim təqdir edilmir.
- Bir qədər də əldə etdiyiniz nəticələr barədə bilmək istərdik. İran tərəfdən bu son təhdidlərin səbəbi nədir?
- Ətraflı olaraq, apardığım tədqiqat başa çatdıqdan sonra açıqlama verəcəyəm. Ancaq konkret olaraq bəzi nəticələri söyləyə bilərəm. İran və Azərbaycan arasında yaranan son gərginlik birmənalı olaraq İran tərəfdən başlanıb. Onsuz da çətin quruculuq dövrü keçən, müharibə şəraiti yaşayan Azərbaycana İran kimi böyük qonşu dövlətlə yeni bir münaqişə lazım ola bilməz...
- Bizdəki bəzi siyasi dairələr bunu, Azərbaycan hakimiyyətinin islam faktoruna qarşı çıxmaqla Qərbin dəstəyini almaq planı kimi qiymətləndirir...
- Məncə, bu, əsassız və uğursuz siyasi versiyadır. Onlar özləri də bilir ki, Qərbin Azərbaycana münasibətinin öz dəqiq meyarları var.
- Gəlin, İran tərəfdən başlanmış müxtəlif səviyyələrdən həmlələrə qayıdaq...
- Mənim gəldiyim qənaət budur ki, bütün bu çıxışlara İran tərəfdən vahid bir mərkəzdən start verilib və yönləndirilir. Bu elə bir qüvvədir ki, İranda "Səhər" TV də daxil olmaqla bütün KİV-lər, deputatlar, hətta din xadimləri də burada bir vasitədir, icraçıdır. Bu kampaniyada təbii ki, İran bu neçə ildə Azərbaycanda qurub-yaratdığı açıq və gizli vasitələrindən də istifadə edir. Xüsusilə də, islam faktorundan və hicab məsələsi kimi zərif nöqtələrdən.
- Ancaq, "Səhər" telekanalı KİV nümayəndəsi olsa da, hicab məsələsində qatı fundamental din xadimlərindən geri qalmır.
- Elə mənim onlara da əsas suallarımdan biri bu oldu ki, niyə sizin telekanal hicab təəssübkeşliyi məsələsində Ayətullahlarla bərabərdir? ?iyə bir qədər fərqlənmirsiniz, axı siz nə qədər olmasa, dini mərkəz deyilsiniz. Özləri səmimi qeyd etdilər ki, müstəqil TV deyillər. Sonra bu telekanalın strukturu və mənsubiyyəti barədə sorğu-sual etdim. Sən demə, İranda "Səda-Səma" adlı vahid dövlət radio-televiziya təşkilatı var. İranda nə rəsmi, nə də formal səviyyədə Radio-TV yoxdur və ola bilməz. "Səhər" adlanan TV isə, bu təşkilatın həyətində kiçik bir binadadır. Təsəvvür edin ki, həmin TV-nin Azəri bölümü kiçik bir otaqda yerləşir və heç müdirin belə ayrıca otağı yoxdur. "Səhər"in Kürd, Bosniya, İngilis və Fransız bölümləri də bu gündədir. Yəni "Səhər" əslində İran dövlət televiziyasının bir bölümüdür, dövlətin sifarişlərini yerinə yetirir.
- Maraqlıdır ki, İran hicab məsələsindən bu dəfə bərk yapışıb.
- Bilirsiniz, Azərbaycan islam dininin üstünlük təşkil etdiyi, böyük hörmət edildiyi ölkədir. Baş örtüyü məsələsi bizim üçün həssas nöqtədir və bundan lazımınca istifadə edirlər.
Dedilər ki, Azərbaycanda hicab məsələsi ilə əlaqədar bizim dini liderlər, Ayətullahlar baxıblar və fitva veriblər ki, orada qızlar hicabı da çıxarmasınlar, dövlət məktəblərində oxumaqdan da qalmasınlar. Soruşdum ki, bu axı müstəqil, dünyəvi dövlətin daxilində qarşıdurma yaratmaq fitvasıdır. 10-12 yaşlı qızlar hansı həddi buluqdadırlar ki, indidən hicab örtmək dərəcəsində abır gözləsinlər?
Onu da bildirdim ki, dünən axşam Tehran bazarında müşahidə aparmışam. Heç iranlı qız-gəlinlər özləri hicaba düzgün riayət etmirlər. Hər 10 nəfərdən 7-8-inin saçının yarısından çoxu örtülmür, cins şalvarda, gödək pencək-plaşdadırlar. Tehran aeroportunda düşdüm, elə bil Avropada idim. Təklif etdim ki, TV kanalı kimi gəlin gedək birlikdə müşahidə, tədqiqat aparaq. Etiraf etdilər ki, bu hallar son illər yaranıb, biz onları hicablı, örtülmüş hesab etmirik. Bildirdim ki, demək, İran qadınlarının əksəriyyəti hicabı daxilən qəbul etmirlər. Onda bu Ayətullahlar haradadır, niyə tədbir görmürlər? Bildirdilər ki, artıq dövlət və şəriət qanunları əvvəlki kimi sərt tətbiq edilmir, sərtliklə heç nə əldə etmək olmaz. İndi təsəvvür edin ki, öz ölkəsində hicabı tətbiq edə bilməyən dövlət başqa dövlətdən bunu tələb edir. Deməli, bunlar Azərbaycana qarşı aparılan siyasətdir. Hələ orada əldə etdiyim çox faktları sistemləşdirib ortaya qoyacam.
- Bəs İran tərəfinin Azərbaycana qarşı son və indiyədək görünməmiş kəskin həmlələrinin əsas kökü nədədir?
- Mənim ilkin qənaətimə görə burada iki səbəb ola bilər. Bir səbəb o ola bilər ki, Azərbaycan son dövrlər Qarabağ danışıqlarının nəticəsizliyini görüb, Rusiyanın üstün rolunu inkar etdi. Bu məsələdə Türkiyə və Qərbə yaxınlaşmağa başladı. Bu səpkidə əlbəttə, İsraillə də, xüsusilə təhlükəsizlik məsələsində açıq və qapalı şəkildə sıx əməkdaşlıq aparılır. İran isə buna qısqanc və qıcıqlı yanaşır. Digər ifrat qənaət o ola bilər ki, İran həmişə Azərbaycanın müstəqilliyini, onun dövlət kimi varlığını özünə təhlükə hesab edib. Onun qüdrətli, çox varlı və inkişaflı olmasını istəmir. Yəni, öz içərisində 35-40 milyonluq azəri türkü kimi milli çoxluğu əlində saxlamaq baxımından. Bu halda, həmişə fürsət axtarar ki, onun kövrək və narahat vaxtlarında bu dövləti silkələsin. Görünür İran hesab edir ki, həmin dövr yetişib.
- İlqar bəy, bildiyimizə görə Sizi Tehran aeroportunda narahat ediblər...
- Doğrusu, İrana girişdə və daxildə hərəkətdə elə bir qadağaya rast gəlmədim. Hərgah ki, həmişə, hər yerdə üzərimdəki nəzarəti hiss edirdim. Ancaq nədənsə, çıxışda, Tehran aeroportunun sərhəd keçidində pasportumdakı İsrail vizasına ilişdilər. Xeyli sorğu-suala tutdular. Başa sala bilmirdim ki, beynəlxalq tədqiqatla məşğulam, İsrailə "Mavi Mərmərə" insidenti araşdırmasına görə getmişdim. Bir saata yaxın saxladılar, çantamı aparıb yoxladılar, telefonumu, fotoaparatımı götürdülər. Sonra hər şeyi qaytarıb uçuşa icazə verəndə gördüm ki, çəkdiyim bütün şəkilləri pozublar. Bakıya düşdükdə "Səhər" TV-nin rəhbərliyinə zəng vurub narazılığımı bildirdim. Təklif etdim ki, araşdırma aparsınlar. Dedilər araşdırarıq, amma inanmıram. Bu barədə Azərbaycandakı İran səfirliyinə rəsmi narazılığımı bildirmək niyyətindəyəm.