"DiN-də paqon altında cinayətkar adamlar gizlənib"

img

06-02-2011 [05:04]


[b]Qurban Məmmədov: "Daxili Qoşunları döyüş vəziyyətinə gətirmək əvəzinə, polis sistemindəki rüşvətxorluğu, Reyest Xidmətindəki dərəbəyliyi, başqa dövlət orqanlarındakı total qanunsuzluq və özbaşınalıqlara son qoysunlar" [/b] Ərəb ölkələrində baş qaldıran etiraz dalğaları bütün dünyanın diqqət mərkəzində olduğu kimi, Azərbaycana da müəyyən qədər təsir göstərib. Artıq müxalifətin bəzi nümayəndələri bu cür proseslərin Azərbaycanda da reallaşa biləcəyi ilə bağlı bəyanatlar verirlər. Bununla yanaşı, hakimiyyət korrupsiya və rüşvətxorluğa, dövlət strukturlarında çalışanların özbaşınalıqlarına qarşı mübarizə kampaniyasına başlayıb. Artıq əksər nazirlik və komitə sədrləri tabeliklərindəki bəzi əməkdaşlara qarşı sərt tədbirlər görüblər. Bəzi ekspertlər hakimiyyətin bu addımını islahat kimi dəyərləndirsə də, tanınmış hüquqşünas, Azərbaycan Demokrat Partiyasının fəallarından olan Qurban Məmmədov bu prosesləri islahat imitisiyası kimi qiymətləndirir: - Əgər bu qərarlar və göstərişlər səmimidirsə, yüksək qiymətləndirirəm. Hesab edirəm ki, nə qədər gec olsa da, əgər ölkə başçısı bu addımı atıbsa, alqışlamaq lazımdır, xalq da ona dəstək verməlidir. Çox təəssüf ki, son 15 ildə belə söhbətlər, belə qərarlar çox olub, hamısı kağız üzərində qalıb. Mən inanmaq istərdim ki, bu dəfə məsələ ciddidir və artıq ortalığa siyasi iradə qoyulub. - Qurban bəy, demək olar ki, bütün dövlət qurumlarında anti-korrupsiya iclasları keçirilib və xəbərdarlıqlar edilib. Necə düşünürsünüz, hakimiyyət islahatlara başlayırmı? - Açığı, bu gün mənim qarşılaşdığım hadisələri nəzərə almaqla deyərdim ki, baş verən proseslər gözdən pərdə asmağı daha çox xatırladır. Çünki Dövtəl Reyestr Xidmətində dünən də, bu gün də qanun pozuntuları baş verib. Şəxsən mənim gördüyüm süründürməçilik, insanların alçaldılması, get-gələ salınması bu gün də davam edir. Vergi orqanları da əvvəlki kimi soyğunçuluq əməllərini davam elətdirirlər. İnsanların hüquqlarının polis orqanlarında pozulması da davam etdirilir. Adi bir misal deyim. Qusar rayonunda bir qız oğurlanaraq zorlanıb, amma polis şöbəsində cinayət işi qaldırmaqdan imtina olunur. Məhkəmə qərarı ilə işi beş dəfə geri qaytarıb tələb ediblər ki, iş obyektiv aparılmalıdır, amma polis buna əməl eləmir. Klassik formada dələduzluq edən adama qarşı Yasamal Rayon Polis İdarəsində cinayət işi qaldırmaq istəmirlər. Belə nümunələr minlərlə. Ona görə də hesab etmirəm ki, ayrı-ayrı nazirliklərdə, komitələrdə kimisə işdən çıxarmaqla problemlər həll olunacaq. Prezident efirə çıxmalı, öz iradəsini ortaya qoymalı və xalqı ona yardım etməyə çağırmalıdır. Yəni, xalqa deməlidir ki, harda sizin haqqınız pozulursa müqavimət göstərin, filan orqanlara müraciət edin. Ondan sonra tədbir görülərsə, hamı da inanar ki, ölkədə korrupsiya və rüşvətin kökünü kəsmək istəyirlər. - Deyirsiniz ki, rüşvət halları ilə bağlı müraciət ediləsi orqanlar yaradılmalıdır, amma faktiki olaraq belə orqanlar fəaliyyət göstərir... - (Tələsik) Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyi deyilən bir qurum var. Onun iqtisadi cinayətkarlığa qarşı mübarizə aparan orqanları fəaliyyət göstərir. Əgər onlar bilmirlərsə ki, hansı idarədə kim nə qədər rüşvət alır, deməli, həmin nazirlik bağlanmalıdır. Amma bir də görürsən, MTN məlumat yayıb ki, kim kimin qulağına nə pıçıldadı və topu, tankı, patronu harda gizlətdi. MTN bunları çox gözəl bilir. Məgər bilmirlər ki, Reyestr Xidmətində vətəndaşlardan pul qopardılmayınca, bir sənəd vermirlər, yaxud məhkəmə orqanlarında ucdantutma rüşvət alınmayınca, işlərə qanuni baxılmır? Yaxşı bilirlər. - Siz məhkəmələrdə baş verən özbaşınalıqlarla bağlı davamlı olaraq, tənqidi fikirlər səsləndirirsiniz. Son proseslərdən sonra məhkəmə-hüquq sistemində vəziyyət necədir? - Heç bir təsiri yoxdur, ola da bilməz. Əvvəla, bu hakimləri artıq harın yeməyə vərdiş elətdiriblər. Sənədləri qəbul edəndə baxırlar ki, arasında bir şey var, yoxsa yox. Bu gün Azərbaycanda məhkəmələr obyekt kimi işləyir. Hər bir məhkəməyə norma qoyublar ki, bu qədər "dolya" verməlisən. Ona görə də onlar camaatın başına oyun açırlar. Azərbaycanda elə qanunsuz qərarlar qəbul olunur ki... Adamın dədə-baba yurdunu alıb başqasına verirlər. Qanuna baxan yoxdur. Bu mənada hesab edirəm ki, siyasi iradə açıq elan olunmalıdır. Məhkəmələrdə, polis orqanlarında insanları süründürürlər. Süründürməçiliyin yeganə məqsədi pul qoparmaqdır. Hakim nəyə görə bir işə 7-8 aya baxır? Nəyə görə müstəntiq bir adamı tutub bir il saxlayır, sonra da maddəni dəyişib məhkəməyə göndərir? Yəni, bunları yoxlamaq və bilmək elə də çətin deyil. Açığı, bu problemləri həll eləmək üçün siyasi iradə görmürəm. - Daxili işlər orqanlarında özbaşınalıqlar, zorakılıq halları da xeyli artıb... - (Sözümüzü kəsərək) Bəli, artıb, bundan sonra da artaraq davam edəcək. Düşünürəm ki, bunlara qarşı heç bir tədbir də görülməyəcək. - Amma kollegiya iclasında nazir Ramil Usubov polis əməkdaşlarına xəbərdarlıq elədi. Sizcə, bu xəbərdarlıq da yetərli deyil? - Mənim Ramil müəllimə böyük hörmətim var, amma söz azdır. Adamı döyüb öldürdülər, görüntülər də internetdə yayımlandı, bəs hansı polis əməkdaşı həbs olundu? Ramil Usubov söz demək əvəzinə, hansısa polis haqqında ciddi tədbir görsə, bu cür vəhşiliyin qarşısı alınar. Əgər bu özbaşınalıqların qarşısı alınmasa, Misirdəki kimi camaat küçələrə töküləcək. Beş-altı cinayətkar polisə, harınlamış məmura görə hakimiyyəti devirəcəklər. Hakimiyyət bunun fərqində olmalıdır. - Daxili işlər naziri yol polislərinə də ciddi xəbərdarlıq elədi. Hətta o xəbərdarlıqdan sonra vəziyyətin bir qədər düzəldiyini bildirirlər... - Azərbaycanda yol polislərinin sürücülərdən açıq şəkildə pul tələb eləməsi yeni məsələ deyil. Bu məsələnin kökündən həll olunması üçün ortaya siyasi iradə qoyulmalıdır. - İki gün öncə DYP-nin rəhbəri Ramiz Zeynalov telefonla birbaşa vətəndaşların suallarını cavablandırdı... - Bunların hamısı gözə kül üfürməkdən başqa bir şey deyil. Xalqın diktaturaya, anarxiyaya, korrupsiyaya qarşı nifrətinin qarşısını almaq üçün edilən uğursuz cəhdlərdir. Ramiz Zeynalovun vəzifəsi adamların suallarına cavab vermək deyil. Onun bir nömrəli vəzifəsi sürücülərin qanını içən, şər atıb onlardan pul qoparan, dövlətin büdcəsinə pul keçirmək üçün protokol yazmaqdan imtina edib camaatdan pul alan işçilərini tərbiyə eləməkdir. Ramiz Zeynalovun işçiləri məni də saxlayıb deyirlər ki, sürət rejimini pozmusan, etiraz edəndə isə söyüş söyürlər. Qayda pozuntusunu küçə söyüşü ilə sübut edirlər? Yaxud da hərəsi bir aparat götürüb hansısa kolun dibində gizlənir, bilmək olmur ki, o aparat hara istehsalıdır, sertifikatı var, yoxsa, yox. Azərbaycanın yol polisləri maşınlara müvafiq "tas" qoyublar. Bunu Ramiz Zeynalovdan tutmuş, hakimiyyətin yuxarı dairələrinə kimi hər kəs gözəl bilir. Əgər Ramiz Zeynalovun yol polislərinin yığdığı pullardan xəbəri yoxdursa, deməli, yerində deyil. Yox, əgər yerindədirsə, deməli, yığılan pullar rüşvət kimi onun cibinə gedir. - Bir müddət öncə daxili işlər orqanlarında Hacı Məmmədov kimi yeni qanqsterlərin meydana çıxacağını deyirdiniz. Bu barədə nə deyə bilərsiniz? - Əgər ciddi nəzarət olmasa, qanunu pozan adamlara vaxtında cəza verilməsə, Hacı Məmmədov kimi adamların tək Daxili İşlər Nazirliyində yox, istənilən dövlət orqanında olması mümkündür. Sadəcə olaraq, DİN-də paqon altında cinayətkar adamlar gizlənib. Təsəvvür edin, bir müstəntiq vətəndaşı əsassız olaraq, ağır maddə ilə ittiham edib zirzəmiyə salıb. İndi o, müstəntiqdir, yoxsa adam oğrusu? Bir ildən sonra isə həmin vətəndaşa deyirlər ki, filan qədər ver, səni buraxaq. Adam quldurluğa görə bir il həbsdə saxlanılır, məhkəməyə isə kontrabanda ilə məşbul olduğuna görə göndərilir. Bütün bunların hamısı göstərir ki, belə getsə, bu cür hallar hələ də davam edəcək. Məsələn, Reyestr Xidmətində heç kimi saymırlar. Gedin yoxlayın, Nərimanov Rayon Məhkəməsində dövlətin adından çıxarılmış qətnamə icra olunmayıb. Yəni, Kərəm Həsənov nə Fikrət Məmmədovu, nə qanunları, nə də dövləti sayır. İlham Əliyev deyir ki, camaatı incitməyin, amma Kərəm Həsənovun rəhbəri olduğu orqanda insanların dərisini soyurlar. - Bu yaxınlarda Ramil Usubov Daxili Qoşunların döyüşə hazır olduğunu bəyan elədi. Əgər müharibə təhlükəsi varsa, Daxili Qoşunlardan öndə ordu olur, necə düşünürsünüz, Daxili Qoşunlar kiminlə döyüşə hazırdır? - Ramil Usubov tamamiylə düz deyir. Mən ona tam inanıram ki, Azərbaycan xalqı ilə müharibə eləmək üçün, xalqın qanını Bakıda axıtmaq üçün Daxili Qoşunlar həmişə hazırdır. Bu bəyanatın bundan başqa açması yoxdur. - Qurban bəy, Azərbaycan müxalifəti... - (Sualı sona qədər dinləmir) Söhbət müxalifətdən getmir, Azərbaycanda artıq müxalifət yoxdur. Onu bilin. Azərbaycan xalqı bütövlükdə bu hakimiyyətə qarşı müxalifətdir. Bu xalqın 9 milyonundan 8 milyonu bu hakimiyyətin əleyhinədir. Amma nə qədər güclü Daxili Qoşunlar olsa da, Ramil Usubov bilməlidir ki, xalqın intiqamı yaman olur, bundan qaçmaq lazımdır. Daxili Qoşunlarda olanlar da mənim qardaşımdı, sənin xalanoğludur, o birsinin bibisioğludur. Bunlar xalqa meydan oxumasınlar, bir gün bu xalq ayğa qalxar, Bakıda qan su yerinə axar. Yaxşı olar ki, Daxili Qoşunları döyüş vəziyyətinə gətirmək əvəzinə, polis sistemindəki rüşvətxorluğu, Reyest Xidmətindəki dərəbəyliyi, başqa dövlət orqanlarındakı total qanunsuzlluq və özbaşınalıqlara son qoysunlar. Azacıq da olsa, insanlara nəfəs versinlər. Mən demirəm ki, rüşvəti tamamiylə yığışdırsınlar, Allah eləməsin! Rüşvət olmasa, bu hakimiyyət duruş gətirə bilməz. Rüşvəti alanda da insaflı olmaq lazımdır, bu millət yazıqdır axı! Unutmaq lazım deyil ki, günlərin bir günü misirlilər, tunislilər kimi bu millətin də qeyrət damarı baş qaldıracaq və onlara zülm edən məmurların xanədanlarını başlarına yıxacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA