"Hakimiyyətlə müxalifət arasında çox ciddi dialoq bazlamalıdır"

img

06-02-2011 [04:59]


[b] Fazil Mustafa: "Gərginlik zamanı, xarici amillərin qarışdırması nəticəsində ölkədə xaotik vəziyyət yarananda artıq səsdən heç kim bir-birini eşitməyəcək"[/b] "İslahat" deputat qrupunun Konstitusiyaya dəyişiklik edilməsi, o cümlədən Azərbaycanın siyasi sistemində fundamental islahatların aparılması ilə bağlı hazırladığı layihə artıq Milli Məclisin rəhbərliyinə təqdim olunub. Layihə seçkidə qalib gəlmiş partiyanın hökuməti formalaşdırmasını və digər ciddi dəyişiklikləri ehtiva edir. Ölkədəki ictmai-siyasi vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşən Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa ilə söhbətə də Milli Məclisə təqdim etdikləri layihə barədə sualla başladıq. - Çox təəssüf ki, Azərbaycan cəmiyyəti iki maksimalist qüvvənin diqtəsi altında yaşamağa məhkumdur. Biri Azərbaycan hakimiyyətidir. Hakimiyyət hər hansı şəkildə islahat və cəmiyyətin yeniləşməsi, dəyərlərin dəyişməsi, daha demokratik institutların formalaşması məsələsində addım atmağa maraqlı görünmür. Müxalifətin də hər hansı şəkildə cəmiyyətin həyatında aktiv rol almasında maraqlı deyil. İkinci maksimalist ucda isə Azərbaycanın barışmaz müxalifəti dayanır. Onlar hakimiyyətin tamamiylə sıradan çıxması, istefa verib yerini onlara verməsi arzusundadır. Bütün strategiyalarını bunun üzərində qurublar. Belə bir vəziyyətdə ikisi də Azərbaycanın gələcəyi üçün hər hansı ağlabatan yol vəd etməməkdədirlər. Hakimiyyətin bu cür durğunluğu dəstəkləməsi, müxalifətin isə maksimalist tələbləri cəmiyyətin faydasına deyil. Son hadisələr də göstərdi ki, xalqın təzyiqi nə qədər güclü olur-olsun böyük güclər kiçik dövlətlərin iradəsi üzərində kifayət qədər təzyiq imkanlarına sahibdirlər. - Belə bir vəziyyətdə Siz nəyi təklif edirsiniz, Azərbaycan üçün hansı siyasət daha məqbuldur? - Biz maksimalizmdən uzaq bir siyasət formalaşdırmağa çalışmalıyıq. Bizim islahatçı xəttimizin də əsas qabarıq tərəfi budur. Yəni, bu, ondan ibarətdir ki, hakimiyyət indiki kursunu dayandırmalıdır, bu kursu davam etdirmək Azərbaycanın zərərinədir. Ona görə də islahatlara başlanılmalıdır. İslahatlara öncə Milli Məclisdən start verilməlidir. Milli Məclisdə qanunvericiliyin təkmilləşməsi başlamalıdır, siyasi məhbus məsələsi gündəmdən çıxmalıdır, məsuliyyətli hökumət yaradılmalıdır, parlamentdə müxalifətə fraksiya yaratmaq imkanı verilməlidir, müxalifətin parlamentdə təmsilçiliyi tanınmalıdır. Digər tərəfdən, ölkə həyatında iqtisadi azadlıqlar verilməsinə başlanılmalıdır. Azərbaycanda nəinki siyasi azadlıqlar, eləcə də iqtisadi azadlıqların məhdudlaşdırılması problemi var. Bu gün artıq sahibkar deyilən zümrə qalmamaqdadır, hamısı vergilərin və başqa strukturların dəhşətli basqısı altında sıradan çıxarılmaqdadır, iş yerləri bağlanmaqdadır. Əslində ağıllı düşünən iqtidarlar məhz özünün yeritdiyi siyasət nəticəsində dayaqlarını itirdiyini anlamalıdır. Ona görə də bu siyasətin dəyişməsi vacibdir və bunun üçün də mütləq maksimalist siyasət yürütməyən, bu zehniyyəti təqdim edən insanların səsləri duyulmalıdır. Çox təəssüf ki, bizim təqdim etdiyimiz məsələlər müzakirəyə çıxarılmır. Amma əminəm ki, bu, müzakirəyə çıxarılacaq. Artıq gedişat da bunu göstərir. Özü də təkcə bizdə yox, bütün ölkələrdə bunun simptomları ortadadır. - Necə düşünürsünüz, hakimiyyətdə qeyd etdiyiniz islahatlara getmək əhval-ruhiyyəsi varmı? - İndiki məqamda hakimiyyətdə islahata getmək əhval-ruhiyyəsi yoxdur. Ümumiyyətlə, islahatla bağlı hər hansı fikri belə müzakirəyə çıxarmaq niyyətində deyil. Elə ən təhlükəlisi də budur. Təbii ki, hakimiyyət ölkədə vəziyyətin nə qədər problemli olduğunu görür. Prezident Administrasiyasında keçirilən son müşavirədə səslənən fikirlər də bunu çılpaq şəkildə ortaya qoydu. Yəni, korrupsiyanın səviyyəsi o qədər yüksəkdir ki, qonşu Gürcüstan və başqa ölkələrlə müqayisə edəndə bəlkə acıqlarına gəlir, amma vəziyyət bizdə daha acınacaqlıdır. Elə elementar məsələlər var ki, onu yığışdırmaqla hakimiyyət birdən-birə böyük reytinq əldə edə, cəmiyyətdən dəstək ala bilər. Elementar korrupsiyaya, sadə vətəndaşın cibindən çıxan pula yönəlik məsələləri ortadan qaldırmaqla hakimiyyət qısa müddətdə özünə dayaq əldə edə bilər. Bundan niyə imtina edirlər, bax, bunu anlamaq çətindir?! Burda da cəmiyyətiçi barışığın əsası qoyula bilər. Bu gün müxalifət təmsilçilik tələb edir, hamı səsinin duyurulmasını istəyir. Əgər bu səsin duyurulmasına maneçilik varsa, irəli getmək olmaz. Bütün dünyada parlamentlərdə müxalifətin təmsilçiliyi həll olunub. Hətta Rusiya kimi avtoritar meyllərin gücləndiyi bir ölkədə belə bu məsələ öz həllini tapıb. Azərbaycanda isə parlament müstəvisində bir dəyişiklik görmədik. Ona görə ki, heç kim öz yerini itirmək istəmir, nəinki öz yerini, hətta qohumunun, dostunun mövqeyinin itirilməsinə də razı deyil. Bununla da bu durğunluqla uzun müddət ayaqda qala bilmərik. - Prosesin belə davam etməsi nə ilə nəticələnə bilər? - Bir sıra məqamlarda, xüsusiylə də icra orqanlarının digər orqanlar üzərində üstünlüyü aradan qaldırılmalıdır. Məhkəmənin zəif bir mexanizmə çevrilməsi olduqca təhlükəli simptomlardır. Bu da aparıcı - idarəedən zümrə ilə idarəolunan zümrə arasında o qədər kəskin uçurum yarada bilər ki, Azərbaycan, yenə də problemlərin çözümünü qeyri-hüquqi yollarla axtarış məkanına çevrilə bilər. Bu isə müharibə vəziyyətində olan ölkə üçün ən arzuolunmaz yoldur. - Siz də, elə Siz dediyiniz maksimalist müxalifət də ölkədə dəyişiklik olmasının tərəfdarıdır. Bu mənada hər hansı ortaq məxrəcə gəlmək, uzlaşmaq mümkündürmü, ümumiyyətlə, bunun zamanı deyilmi? - Müxalifət üçün uzlaşma yolunu tapmaq problemi yoxdur. Əslində mövqelər, baxışlar üst-üstə düşür. Bir qism insan müxalif fikrə sahibdir, bir qismdə isə fikir yoxdur, amma hərəkətə, görüntüyə sahibdirlər. Çox təəssüf ki, bu gün biz, cəmiyyətə sözümüzü daha çox müxalif fikiri təmsil edən insanlar kimi çatdırırıq. Başqaları isə müxalif fikrə yaxın anlayışları daşımırlar, amma özlərinin demokratik olduğunu göstərirlər. AXCP içində elementar haqları tanımayan, demokratik qaydaları qəbul etməyən adamların Azərbaycanda necə demokrat olacağını təsəvvür eləmək mənim üçün çətin deyil. Bu qüvvələrin hakimiyyətdə təmsil olunması ilə mövcud hakimiyyətdən daha azğın münasibət sərgiləyəcəyini indidən təsəvvür edirəm. Ona görə də biz, barışmaz müxalifətin içində demokratik fikrin daşıyıcı olan insanlarla uzlaşa bilərik. "Biz aparıcı müxalifətik, hakimiyyətə nifrət bəsləyirik, kin daşıyırıq", -deyənlərin demokratik cəmiyyət vədini reallaşdıra biləcəklərinə inanmaq olmaz. Bu baxımdan da problemlər gündəmdə qalmaqdadır. Ona görə də hər birimiz öz yolumuzla demokratik dəyişiklikləri həyata keçirməkdə maraqlıyıq, ona daha çox can atırıq. - Fazil bəy, son bir həftə ərzində ölkənin əksər nazirlik və komitələrində bəzi məmurlara qarşı ard-arda xəbərdarlıqlar edilir, hətta işdən çıxarmalar da başlayıb. Bu prosesi necə qiymətləndirirsiniz? - Biri var islahat, biri də var kampaniya. Son günlər baş verən kampaniyadır, islahat deyil. İslahat proqramla olur. Hökumətin başında dayanan insanlar proqram təqdim edirlər ki, ölkədə bu müddətə korrupsiyanın səviyyəsi aşağı düşəcək, bu sistemlərdə köklü istahatlar aparılacaq, məmurların və başqa strukturlara tabe olan insanların qanunauyğun fəaliyyəti təmin olunacaq, məhkəmələrin müstəqilliyi tanınacaq. Təsəvvür edin, bu gün məhkəmələr icra orqanlarından asılı vəziyyətdədir. Belə olan təqdirdə məhkəmə necə müstəqil qərar verə bilər? Yaxud da sahibkarların yüzlərlə yoxlama basqısı altında qalmasını hamı bildiyi halda, yüzlərlə iş yerinin bağlanması, istehsala yönəlik hər hansı bir iş yerinin axır vaxtlar açılmaması və ancaq əyləncə, mədəni kütləvi profilli yerlərin açılması problemin həlli demək deyil. Ona görə də məncə, proqram xarakterli islahat həyata keçirilməlidir. Sovet dövründən bu günə qədər belə kampaniyalar çox olub, nəticədə zərərçəkənlər bəlkə də həmin qurumlarda arzuolunmaz şəxslər olublar. Bu müəssisə və idarələrdən ancaq statistikanı eşidirik. Nəyə görə kimin işdən çıxarıldığı bəlli deyil. On nəfər çıxarıldı deyirlər, həmin müəssisədə nazirin xoşlamadığı on nəfər varsa, fürsətdən istifadə edib onları işdən kənarlaşdırırlar. Bu, islahat deyil ki, kampaniyadır, özü də xoş olmayan kampaniya. - Bu kampaniya nəyə hesablanıb? Ümumiyyətlə, belə kampaniya ilə cəmiyyətdəki narazılığı yatırmaq mümkündürmü? - Burada, ümumiyyətlə, cəmiyyətə hesablanan addım yoxdur, cəmiyyətin sayılması yoxdur. Cəmiyyətin sayılması siyasi qüvvələrin nə dərəcədə sayılması ilə bağlıdır. Cəmiyyətin dili mitinqdə "Rədd ol!", "İstefa!", yaxud da "Çıx get!"dir. Cəmiyyət başqa dildə danışmır. Deməli, müəyyən dərəcədə dialoqu kim aparır, siyasi qüvvələr. Siyasi qüvvələrin vəziyyəti necədir? Təsəvvür edin, biz, "Siyasi partiyalar haqqında" Qanunu Milli Məclisin gündəliyinə sala bilmirik. Milli Məclis siyasi qüvvələrin sağlamlaşmasında maraqlı deyil. Bu da onu göstərir ki, gələcəkdə Azərbaycan cəmiyyətində problemlərin siyasi dillə həll olunması imkanları daha da zəifləməkdədir. Siyasi partiya zəiflədikcə, hakimiyyətlə kütlə üz-üzə qalır. Bu isə daha təhlükəlidir. Bizim istədiyimiz odur ki, siyasi institutlar inkişaf eləsin, siyasi partiyalara müəyyən şərait yaradılsın. Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi çözülsün ki, partiyalar bir mexanizm kimi samballı idlarəetmə imkanlarına sahib olsunlar. Bunu etmədən pensiyanı 5 manat artırmaqla, yaxud da hansısa bir sahədə iki nəfəri həbs etməklə məsələ çözülmür. Bundan əvvəlki səhiyyə naziri həbsdədir. Ondan sonra səhiyyə sistemi düzəldimi? Yaxud bu naziri çıxarıb başqasını qoymaqla, təhsil sahəsindəki problemlər həll olunacaqmı? Əgər proseslər yeni istiqamətdə gedəcəksə, problemlər daha da dərinləşəcək. Ona görə də köklü, fundamental islahat lazımdır. Bu islahat həyata keçirilmədən son günlər aparılan işdənçıxarma kampaniyaları ilə cəmiyyətin qarnını doyurmaq olmaz. İnsanların sosial vəziyyəti həqiqətən get-gedə ağırlaşmaqdadır və hökumət bu barədə ciddi düşünməlidir. - Ərəb ölkələrində baş qaldıran etiraz dalğalarının Azərbaycana da müəyyən qədər təsir etdiyi şübhəsizdir. Hətta bəziləri bildirirlər ki, hakimiyyət bundan narahat olduğu üçün qeyd etdiyiniz kampaniyaya start verib... - Ərəb ölkələrində baş verənlər bu ölkələrin rəhbərlərinin təyin etdiyi proseslər deyil. Bu proseslər Azərbaycan cəmiyyəti üçün bir şeyi açıqladı. ABŞ-ın xarici siyasətinin mahiyyəti tam bəlli oldu. Hüsnü Mübarəki dəstəkləməklə Obama bir daha göstərdi ki, artıq burda başqa maraqlar var. Yəni, xalqların taleyi, demokratiya onları düşündürmür. Ona görə də Azərbaycan cəmiyyəti problemi öz içində çözməyin yolunu tapmalıdır. Hakimiyyətlə müxalifət arasında çox ciddi dialoq başlamalıdır. Gərginlik zamanı, xarici amillərin qarışdırması nəticəsində ölkədə xaotik vəziyyət yarananda artıq səsdən heç kim bir-birini eşitməyəcək. Bu gün sakit ortamda hətta parlamentdə təmsil olunan müxalifətlə belə dialoq istəmirlərsə, müxalifətin hər hansı təklifinə hörmətsiz yanaşılırsa, hətta onu məsxərəyə qoyulursa, bu, hakimiyyət üçün utandırıcıdır. Hesab edirəm ki, ərəb dünyasında demokratik proseslər deyil, orda baş verənlər zülmün son həddində ayağa qalxmış insanların müəyyən dərəcədə dəyişiklik istəyidir. Bu müəyyən dərəcədə belə dəyişikliyə getməyən hakimiyyət başçıları çətin vəziyyətdə olanda anlayırlar ki, keçən 30 ildə daha fərqli siyasət yürütməli idi. Hər kəslə hesablaş, amma heç olmasa, acından ölən insanın haqqına müdaxilə eləmə! Bu gün də Azərbaycanda buna gəlib çıxmamağa çalışmaq lazımdır. - Necə düşünürsünüz, analoji hadisələr Azərbaycanda baş verə bilərmi? - Yox. Belə hadisələr Azərbayaycanda yaşana bilməz, ona görə ki, burada hadisələr daha çox Rusiyadan "kopya"lana bilər. Çünki Azərbaycan təkcə ABŞ-ın nüfuz dairəsində olan bölgə deyil. Rusiyada baş verən proseslərin Azərbaycanda yamsılanması daha realdır. Diqqət yetirirsinizsə, Azərbaycanda idarəetmə modeli Rusiyada necə baş verdisə, burada da o formada dəyişikliklər oldu. Ona görə də ərəb dünyasında baş verənlər Azərbaycana yamsılanmayacaq. Amma hakimiyyətlə cəmiyyət arasında məsafənin, xüsusən də zənginlərlə yoxsullar arasındakı məsafənin dərinləşməsi prosesi Azərbaycanda da sürətlə gedir. Hər halda bu da təhlükəli nəticəyə gətirib çıxara biləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA