Ədalətin MSK-dakı təmsilçisi dəyizməyə bilər

img

29-01-2011 [06:02]


Təxminən bir həftədən sonra Mərkəzi Seçki Komissiyasının səlahiyyət müddəti bitir. Bununla bağlı son günlər kütləvi informasiya vasitələrində çoxsaylı fikir və mülahizələr səsləndirilməkdədir. Xüsusilə parlamentdə azlıqda qalan 9 siyasi partiyanın MSK-dakı 6 yer uğrunda mübarizəsi və Mərkəzi Seçki Komissiyasında digərləri ilə birlikdə yox, özünün təyin etdiyi namizədi ilə təmsil olunmaq istəyi məsələnin mürəkkəbliyindən xəbər verir. Yaranmış situasiyaya Ədalət partiyasının Təşkilati məsələlər üzrə sədr müavini Mütəllim Rəhimli də MİA-ya açıqlamasında münasibət bildirib və bəzi məsələlərə aydınlıq gətirib: ?Ədalət partiyası parlament seçkilərində Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçki bloku şəklində qatılıb və Milli Məclisdə bir deputatla təmsil olunur. Ona görə də bizim MSK-nın təşkilində iştirak etmək hüququmuz var. Çünki Seçki Məcəlləsindən də belə görünür ki, parlament seçkilərində partiya və ya seçki bloku şəklində iştirak etməyənlər Milli Məclisdə azlıqda qalan partiyalar hesab olunmur, siyasi partiya üzvü olan deputatlar sayılır. MSK-nın təşkilində iştirak hüququ isə deputatları Milli Məclisdə azlıqda qalan siyasi partiyalara verilir?. M.Rəhimli onu da bildirib ki, Ədalət partiyasının digər partiyalarla, konkret olaraq BAXCP və Böyük Quruluş partiyası ilə razılaşdığı və MSK-ya bir nəfəri göndərəcəkləri barədə KİV-də səsləndirilən fikirlər tamamilə yalandır: ?Bizim bu məsələ ilə bağlı kimlərləsə nəinki razılaşmamız olub, hətta danışıqlar belə aparmamışıq. Ədalət partiyası indiyədək MSK-da özünün namizədi Oktay Hümbətli ilə təmsil olunub. Ötən müddət ərzində bizim nümayəndəmizin bütün fəaliyyəti Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarının tələblərinə uyğun olub. Ona görə də Oktay müəllim həm partiyamızın, həm MSK üzvlərinin, həm də ictimaiyyətin hörmətini qazana bilib. Ədalət partiyasının MSK üzvülüyünə yenidən kimi göndərməsi məsələsi də mətbuatda geniş müzakirə olunmaqdadır. Qeyd etməliyəm ki, bizim bununla bağlı son qərarımız yoxdur. Bu yerə layiq partiya bir çox namizəd irəli sürmək imkanına malikdir. Onların içərisində hazırda MSK üzvü olan Oktay Hümbətli də var və təmsilçilik hüququnu əldə etmək şansları da yüksəkdir. Son qərarı isə Oktay müəllimə də xüsusi hörmətlə yanaşan və onun imkanlarını müsbət qiymətləndirən partiyanın Siyasi Şurası verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA