19-01-2011 [03:37]
"Eldəniz Elgünlə açıq söhbət" rubrikasının budəfəki qonağı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevdir
?İslam dini köləlik yaradır, İran mütləq dağılmalıdır?
- Qüdrət bəy, gözlənilmədən Azərbaycanda bir İslam küləyi əsdi. İslam Partiyası sədrinin açıqlaması, ondan əvvəl hicab olayı. Həqiqətənmi Azərbaycanda İslam ideologiyası inkişaf edib bir hərəkata çevrilir, yoxsa bunun arxasında başqa məqamlar var?
- Nə qədər ki, İranda normal, demokratik, dünyəvi dövlət qurulmayıb, siyasi İslam Azərbaycan üçün həmişə təhlükə olaraq qalacaq. İrandakı İslam hakimiyyəti artıq fərqindədir ki, onların ideologiyası tam iflasa uğrayıb. Bunu özləri də ən yüksək səviyyədə etiraf edirlər. Bilirsiniz ki, onlar Azərbaycanı öz tarixi torpaqları hesab edirlər və bu səbəbdən də Azərbaycana da iddiaları var. Həm də Azərbaycan dövlətinin varlığını özləri üçün təhlükə hesab edirlər. İranın Prezident Adminstrasiyasının rəhbərinin mətbuatı etiraf edir ki, İran iflasa uğrayıb, əgər biz zorla qadınların başını bağlatmasaq, bilmək olmaz ki, nə qədər qadın başını bağlayar.
- Belə qadağalarla İran İslami əxlaq yarada bildimi?
?Biz islamçıların qarşısından çəkildikcə onların ayağı yer alır?
- İran İslam dövləti məhvə məhkumdur və bunun qarşısını heç kim ala bilməz. Bəlkə də polis və süngü gücünə onlar bu rejimi hələ bir müddət də saxlaya biləcəklər. Amma sonuncu prezident seçkiləri də göstərdi ki, artıq cəmiyyət parçalanıb. Qaldı dediyiniz kimi bizdəki İslam küləyinə, burada da bizim hökümətin günahı var. Bu günah da ondan ibarətdir ki, hökümət ardıcıl olaraq islamçılara, xüsusilə də siyasi islamçılara münasibətdə bir neçə səhvə yol verdi. Bu səhvlərin nəticəsində də onların ayaqları yer aldı. Bu gün artıq onlar Azərbaycanda rejimin dəyişdirilməsi tələbi ilə çıxış edirlər. Birinci səhv ondan ibarət oldu ki, ?Təhsil haqqında? qanuna demokratik və dünyəvi dövlət olduğumuz üçün haqlı olaraq salınmış ?dini atributlarla təhsil müəssisələrinə daxil olmaq qadağandır? müddəası salındı. İranın bir-iki Ayətullahının hədə-qorxusu, hətta qanla hədələməsindən sonra İslam Konfransı Təşkilatının üzvü olduğumuzu bəhanə gətirərərək bu müddəanı çıxardılar. Bundan sonra da siyasi islamçılar bu qənaətə gəldilər ki, hökümət qorxdu.
İkinci səhv Fatmeyi-Zəhra məscidi ilə bağlı oldu. Üstündən bir müddət keçdikdən sonra məhkəmələr qanun çıxardılar ki, bu məscid qanunsuzdur. Əvvəla, əgər bu məscid lazım deyildisə, buna başdan icazə verilməməli idi. Bu da səhv idi. Çünki sonradan prezidentin fərmanı ilə məscidin sökülməsi dayandırıldı. Bununla da onlara ikinci stimul verdi.
Üçüncü dəfə də məktəbli formasına keçilən zaman, hər məktəb öz formasını müəyyənləşdirib qurtardıqdan sonra hicablı şagirdlər məktəbə buraxılmayanda, yenə mollalar ayağa qalxdı. Amma bu dəfə hədə-qorxu İrandan yox, birbaşa İslam Partiyasının daxilindən gəldi. Artıq onlar əvvəlki iki hadisədən ruhlanmışdılar. Yeri gəlmişkən, İslamla bağlı ilk dəfə sizin qəzetə deyəcəyim bir sözüm də var. Bəziləri İslamı ciddi faktor hesab etmək istəmir, bəziləri deyirlər ki, hakimiyyət məqsədyönlü şəkildə Qərbdən dəstək almaq üçün İslamı şişirdir, qızışdırır, amma mənim fikrimcə, bu belə deyil. Məncə, bu yanlış qiymətləndirmədir. Hakimiyyətin daxilində də ciddi siyasətçilər var və onlar bilirlər ki, dövlətin dinlə oynaması, uşağın odla oynaması kimi bir şeydir. Yəni fanatizmlə oynamazlar, bu sonradan çox böyük bəlalara gətirib çıxarda bilər. Mən o qədər sadəlöhv deyiləm ki, ?iqtidarda bunun fərqində olan adamlar yoxdur? deyəm. İstər Ramiz Mehdiyev, istər YAP rəhbərliyində olan kifayət qədər adam ən azından bu təhlükənin nə qədər ciddi olduğunu bilirlər. Onu da deyim ki, son illər ərzində dini-siyasi məsələlərlə bağlı tendensiya gedib və artıq elektorat formalaşıb. Məsələn, bu günlərdə mənim ATV-də çıxışım vardı, ordan çıxıb ofisimə piyada gəlməli oldum. Məscidə gələnlərin maşınları yolda Yasamal ATS qovşağının qarşısına qədər tıxac yaratmışdı. Həm də bu maşınlar Rusiya istehsalı olan ucuz maşınlar deyil, 30-40 minlik maşınlardı. Yəni cəmiyyətin orta təbəqəsi artıq dinə meyllənib. Mən məscidin qabağından keçəndə eşitdim ki, molla İranda olduğu kimi tamamilə siyasi mövzuda moizə oxuyur. Orada heç də ?Cümə namazına yığıldılar, namazlarını qıldılar, dağıldılar?, - belə şey yoxdur. Eşitdiyim bir-iki cümləni deyirəm: ?Hakimiyyət Azərbaycada İslamı qadağan etmək istəyir, İslam sudur, İslam havadır. Havanı, suyu qadağan etmək olarmı?!?
Yəni molla artıq siyasi moizə oxuyur, cümə namazı artıq siyası çıxışlar olunan yerə çevrilib. Polis də sakitcə orada durur, deməli, hökumətin də bu hadisələrdən xəbəri var. Məscidin siyasi meydana çevrilməsi birinci təhlükəli məqamdır. İkinci təhlükəli məqam isə? bilirsiniz ki, İslam fanatizmi cəhalətə aparan məqamdır. Bunun nəticəsidir ki, İslam dövlətləri inkişaf edə bilmirlər. İran İslam Respuklikası Prezident Adminstrasiyasının rəhbəri Rəhim Kəşainin dediyi kimi Şərqdə, yəni İslam dövlətlərinin yerləşdiyi məkanda insan haqları deyilən şey yoxdur, insanlar köləliyə, məhrumiyyətlərə öyrəşiblər. Orada insanlarla heyvan kimi davranırlar, insanlar da bu davranışı qəbul edirlər. Bu köləliyin insanların geninə keçməsində İslamın çox böyük rolu olub. Hələ 100 il əvvəl bizim Sabir, Mirzə Cəlil kimi ziyalılar var idi. Təəssüf ki, bu gün dini fanatizmə qarşı bu cür ziyalıları görmürəm. Onlar artıq İslamdan, terrordan, fanatizmdən qorxurlar. Deməli, bizdə vəziyyət 100 il qabaqkından pisdir, deməli, biz irəli yox, geriyə getmişik. Sabirin İslamla bağlı ?Cin görürəm, Şeytan görürəm qorxmuram, harada müsəlman görürəm qorxuram? tipli şeiri bu gün kimsə yaza bilərmi?! Olub bir-iki jurnalist yazıb, onlar hansı təqiblərlə üz-üzə gəliblər? Hələ mən jurnalist deyirəm, ziyalı demirəm.
?İslam köləlik yaradır?
- Mənim özümün də üstümə islamçılar düşmüşdü...
- Bəli, doğru xatırlatdınız, yadımdadır. O zaman sizə dəstək oldumu? Mən o dəstəyi görmədim. Artıq bunlar cəmiyyətdə müəyyən bir xof yarada biliblər. Bu gün Azərbaycanda 5-6 qorxmaz və təhlükəni dərk edən jurnalistləri saymasaq, səsini çıxaran ziyalı yoxdur. Varsa, belə bir yazıları ortaya qoyun.
- Belə də deyirlər ki, cəmiyyət nə hakimiyyətin, nə də müxalifətin arxasınca gedir. Buna görə də İslamameylli qüvvələr çox rahatlıqla cəmiyyətdə tərəfdarlar tapa bilirlər.
- Bu fikrin kifayət qədər ciddi əsası var. Əvvəla qeyd edim ki, istənilən hakimiyyət cəmiyyəti nə qədər yaxşı idarə etsə də, cəmiyyətdə hamı eyni cür düşünə bilməz. Buna görə də cəmiyyətdə hər zaman narazı elektorat olacaq. Bu narazılar baxıb görəndə ki, iqtidar onun dediklərinə heç bir əhəmiyyət vermir, müxalifətin də ətrafında birləşməyin mənası yoxdur, çünkü iqtidar onun da dediklərinə əhəmiyyət vermir, bir sözlə, onların dediklərinə demokratik cəmiyyətdə məhəl qoyulmur, onda onlar təbii ki, zora meyllənəcəklər. Siyasi İslamda da zor elementləri var. İnsanların bir qisminin İslama meyllənməsi bununla bağlıdır. Başqa məqam isə orta təbəqə ilə bağlıdır. Məlumdur ki, orta təbəqə cəmiyyətin bel sütunudur. Bayaq maşınları misal çəkəndə də dedim, onlar niyə dinə meyllənirlər? Ona görə ki, onlar orta təbəqə kimi pis-yaxşı nəyəsə sahibdirlər və onu itirməkdən qorxurlar. Böyük stress altında yaşayırlar. Bilirlər ki, qanunlar onları qorumur. İstənilən anda, istənilən məmur onları müflis edə bilər. Belə olduğu halda bunlar qanun, cəmiyyət və dövlət tərəfindən qorunmadıqlarını görüb, dinə meyllənirlər.
?Nazirlər heç kəsi adam yerinə saymır?
- Beynəlxalq Böhran Qrupu 2 il bundan əvvəl maraqlı bir açıqlama-hesabat verərək bildirmişdi ki, Azərbaycandakı siyasi stabillik dayanıqlı stabillik deyil. İstənilən vaxt bu stabillik dağıla bilər. Buna misal kimi hakimiyyətdaxili qruplaşmaların bir-biri ilə toqquşmasını və İslami məsələləri göstərmişdilər. İslami məsələlər yavaş-yavaş gündəmə gəlir. Sizcə, hakimiyyətdaxili qruplaşmalar da bu səviyyəyə gələ bilərmi?
- Deyim ki, Azərbaycanda hakimyyətə qarşı İslamın timsalında güclü bir müxalifət ortaya çıxsa, o zaman hakimiyyət daxilində parçalanmanın olacağı labüdləşəcək. Yəni bu, mütləq baş verəcək. Sizə deyim ki, artıq hakimiyyətin daxilində parçalanmalar gedir. İndi deyim bu proseslər nədən ibarətdir. Artıq ortada bir komanda yoxdur. Hakimiyyətdəkilər Prezidenti qəbul ediblər və ondan başqa heç kimi tanımırlar. Hətta hər bir nazir rəhbəri olduğu nazirliyi bir krallıq hesab edir. Bəzən deyilir ki, bəzi nazirlər özlərini dövlət hesab edir, mən deyirəm ki, dövlət yox, krallıq hesab edirlər, özlərini də kral hesab edirlər. Ən əsası da, heç bir ölkə qanunvericiliyini qəbul etmirlər. O xırda kralların çəkindiyi yeganə adam Prezidentdir. Başqa nə elə bir adam, nə məhkəmə, nə hüquq-mühafizə orqanları, nə siyasi partiyalar, nə də qeyri-hökumət təşkilatları yoxdur ki, onlardan qorxsunlar. Bunu ilk dəfə sizə deyirəm, elə nazirlik var ki, işçilərini gecə saat 12-nin yarısına qədər işlədir. Biz deyirik ki, Azərbaycan müharibə şəraitindədir, dövlət xərclərini azaltmaq lazımdır, amma bunlar gecəyarısına kimi nazirlik otaqlarında kompüterin qabağında oturub oyun oynayırlar, otaqlarda işıqlar yanır, istilik sistemləri sərf olunur və heç bir iş də görmürlər. Amma qaçqınlara verilən 15 manat yardım kəsilir. Sıravi işçi isə 15-16 saat işlədilir. Hara baxır bizim ombudsman, əmək qanunvericiliyinə nəzarət edən dövlət orqanları?! Başqa bir misal, əgər nazir iş vaxtı təsadüfən dəhlizdə hansısa bir işçi ilə üzbəüz gələrsə, həmin işçi dərhal vəzifəsindən uzaqlaşdırılır. Təqribən keçmişdə olduğu kimi: kral gələndə heç kim onun üzünü görməli deyildi, hamı dizini yerə qoyub başını aşağı salmalı idi, indi də o vəziyyət yaranıb. Gözləyirəm yaz sessiyası başlasın, MM-də də bu məsələni qaldıracam, amma öncə burada deyim. Bilmirəm, həmin nazirlər spikerin, Baş nazirin telefonunu qaldırırlar ya yox, amma ümid edirəm ki, hər halda heç olmasa bir nəfərin telefonunu qaldırırlar. Qanunvericiliyə münasibətdən danışıram. İstənilən deputat müraciət edəndə istənilən vəzifəli şəxs onu təxirəsalınmadan qəbul etməlidir. Təxirəsalınmadan nədir, bir ay, bir il sərf etsən də bir nazirlə telefonda belə danışa bilməzsən. Son illər yazı yazan telefonlar quraşdırılıb, zəng edərkən adın orada yazılır, yönləndirirlər köməçkiyə, o da deyir ki, yerində yoxdur, ya da yanında adam var. ?Siz nömrə qoyun, zəng edərik?. Sonra da heç kim zəng etmir. Hətta mən yoxlamaq üçün MM-də bir-iki komitə sədrinin otağından da zəng etmişəm, amma qaldırmırlar. Həm də zəng edənə qədər nazirlikdən öyrənmişəm ki, nazir yerindədir. Amma hətta komitə sədrinin də telefonunu qaldırmırlar. Bunu müxtəlif vaxtlarda 3 otaqdan yoxlamışam, vəziyyət eynidir. Komitə sədrləri də abırlarına qısılıb bunu demirlər. Azərbaycan reallığı bundan ibarətdir. Bir zamanlar Əbülfəz Elçibəy deyəndə ki, ?rüşvət alırsınız alın, amma insafla alın?, onda mentaliteti və xalqın yaşayış səviyyəsini nəzərə alıb deyirdi. YAP-çılar onu lağa qoyurdular ki, prezidentin dediyi sözə bax. İndi başa düşürəm ki, lağa qoymaqlarının həqiqi səbəbi budur ki, az almaq nədir, adamın dərisini soymaq lazımdır. Heç rüşvəti də az alarlar?! Elə etmək lazımdır ki, onun balası evində ac qalsın, çörək üçün ağlasın. Sən demə, onlar rəhmətlik Elçibəyi bu məntiqlə ələ salırmışlar. İndi o insaf da yoxdur və biz də yalnız buna görə zəng edirik. Yaz sessiyasında təklif edəcəm ki, həmin müddəanı qanundan çıxarsınlar. Qanunlar reallığa uyğun olmalıdır. Deklorativ xarakterli, yalan və mənasız hüquqların verilməsinin əhəmiyyəti yoxdur. Çox təəssüf ki, Azərbaycan reallıqları budur. Bu gün Bakıda parklar salınır, hesab edirəm ki, bu da lazımdır. Buna paralel olaraq zavod-fabriklər də aşılsa, regionlar inkişaf etsə, yaxşı olar. Azərbaycanda vergidən toplanan ümumi məbləğ 4 milyard 400 milyon manatdır, bunun ancaq 200 milyonunu regionlarımız ödəyir. Bu isə o deməkdir ki, regionlarımızda istehsal yox dərəcəsindədir. Rayonların düz girəcəyində 40 nəfərin işlədiyi trikotaj sexi açırlar ki, Prezident o rayona gedəndə bunu görsün. 80-100 min əhalisi olan rayonda 40 nəfərin işlədiyi emal müəssisəsi qurmaqla, işsizliyi aradan qaldırmaq olmaz.
?Neft Şirkəti rəhbərliyinin nəslini-nəcabətini söyüm??
"unikal" qəzeti
(ardı var)