Fuad Əliyev Qorbaçovun tribunala verilməsini istəyir

img

19-01-2011 [12:32]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə 20 Yanvar hadisələrinin 21-ci ildönümü ilə bağlı Rəyasət Heyətinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, öncə 20 yanvarda Sovet hərbi birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda vurğulanıb ki, məlum faciə 21 il bundan qabaq baş versə də, siyasi-hüquqi qiymətini almayıb. Məlum faciə ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycana hələ də cavab verməməsi partiya tərəfindən bunun ölkəmizə qarşı törədilən soyqırımı tarixdən silinməyə xidmət etdiyini bildirir. Qeyd olunub ki, 20 yanvar faciəsi ilə bağlı SSRİ Baş Prokurorluğu tərəfindən aparılan ilkin araşdırmada baş vermiş hadisələrlə bağlı hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəlinməklə və 1990-cı 20 dekabr tarixli qərarla cinayət işinin icraatına məlum səbəblərdən xitam verilməklə Kremlin öz cinayətini ört-basdır etməyə çalışıb. ALDP Rəyasət Heyəti qərara alıb ki, 21 il bundan öncə baş verən faciənin dünya tərəfindən qəbulu istiqamətində ciddi iş aparılmalıdır. ALDP Rəyasət Heyəti tələb edir ki, iqtidar bununla bağlı istintaq materiallarını yenidən nəzərdən keçirib, rəsmi Moskvanın mövqeyini gözləmədən Beynəlxalq məhkəməyə müraciət etsin. Qərarda qeyd olunub ki, ermənilər 100 il bundan öncə baş vermiş hansısa qondarma soyqırımlarını dünyada tanıtmaqda davam etdirdikləri bir vaxtda yaxın keçmişimizdə baş verənlərə beynəlxalq ictimaiyyət tərəfindən göz yumulması Azərbaycana qarşı ikili standartlardan xəbər verir. Sənəddə o də qeyd olunub ki, başda SSRİ-nin keçmiş rəhbəri Qorbaçov olmaqla cinayəti törətmiş digərlər Haaqa tribunalına verilməlidir. Qərara alınıb ki, sabah ALDP rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA