09-01-2011 [06:44]
k Milli Dram Teatrında bir müddət aktyor, daha sonra rejissor kimi fəaliyyət göstərən Samir Qulamov gənc olmasına baxmayaraq, bir çox maraqlı layihələrə imza atıb. Teatrlarımızdakı mövcud problemlərə qarşı kəskin mövqedə duran S.Qulamovmüsahibəsində də öz fikirlərini açıq söyləməkdən çəkinmədi.
- Samir bəy, 7 illik aktyorluq fəaliyyətindən sonra rejissorluğa başladınız. Həmkarlarınız bunu necə qarşıladılar?
- 3 ildir müxtəlif teatrlarda rejissor kimi çalışıram. Aktyorluq fəaliyyətim dövründə 17-yə yaxın tamaşada mühüm rollarım olub. Həmkarlarımla normal münasibətlər qurmuşdum. Amma ilk işimdə, Viktor Hüqonun "Parisin Notr-Damm kilsəsi" əsəri əsasında "Kvazimodo" tamaşasını hazırlayarkən, çoxları məndən üz döndərdi. 16 nəfərlik heyətdən cəmi 5-i mənə etimad göstərdi. O vaxtkı direktorumuz Maqbet Bünyadov isə bu tamaşanı səhnədə məşq etməyə imkan vermirdi. Bizə cəmi 50 dəqiqəliyə balaca bir otaq ayırmışdı. Yalnız son 5 məşqi səhnədə etdik. Tamaşanın əksər geyimlərini, hətta dekorasiyaları belə, özüm hazırlamışdım. Amma 5-6 ay səhnədə məşq edərək tamaşa hazırlayanlardan daha yaxşı işlə tamaşaçı qarşısına çıxdım. Tamaşanı Fransız alimi Jan Pyer Jak da çox bəyəndi. İctimai baxışdan sonra çoxları məndən üzr istədi. Hətta məni nazirliyə çağırıb müxtəlif teatrlarda dövlət sifarişli tamaşalar verdilər. Maqbet Bünyadov isə mənə "İblis"i və "Dəli yığıncağı"nı qurmağı təklif etdi, amma bəzi səbəblərə görə iş reallaşmadı.
- Teatr rəhbərliyinin gənc rejissor və aktyorlarla yola getməməsinin səbəbi nədir?
- Rəhbərlik öz işinin öhdəsindən gələ bilmir. Teatrda aktyor kimi çalışan şəxs gözlənilmədən ora rəhbər təyin ediləndə, o, ilk növbədə şəxsi ambisiyalarını önə verir. Yəni vaxtilə hansı aktyor və rejissorla münasibəti pis olubsa, onlara qarşı mübarizəyə başlayır. Sənət isə yaddan çıxır. Bir də ayılırlar ki, teatrda inkişaf yoxdur. Nəticədə, teatrda biabırçı əsərlər qoyulur. Tamaşaçı da zalı tərk edərək deyir ki, Milli Dram Teatrına ayıb olsun!
- Amma Maqbet Bünyadov teatra sirkdən gəlmişdi...
- Biz də əvvəlcə sevindik. Lakin sirkdən gələn, heyvanlara rəhbərlik etməyə öyrəşib. Sirkdə nə olur? At, pişik, dovşan... Teatrda isə sirkdə əhilləşdirilməyən "canavarlar" olur. Onlar adi bir rol üstündə elə qarğınlar edirlər ki...
- Bu qədər problem yalnız tamaşaçı alqışı qazanmağa görədir?
- Aktyora pul vermə, saatlarla ac saxla. O, bircə alqışa görə hər şeyə hazırdır. Səhnənin elə bir gücü var ki, xəstəni də dirçəldir. Bəziləri isə səhnədə arzularına çatır - kimsə şah olur, kimsə bankir...
- Sizcə, rolu rejissor məyyən etməlidir?
- Aktyor özünü çox rolda görə bilər. Amma danışığı, görkəmi bu rola uyğun gəlməz. Hər aktyorun öz ampluası olmalıdır. Dünya təcrübəsi göstərir ki, komik aktyor ciddi, traqik rol oynaya bilmir. Yaşar Nuri yalnız "Sən həmişə mənimləsən" tamaşasında dram oynayıb, sonra ömrü boyu komediyalarda rol alıb, çünki komik aktyordur. Bu gün komediya, sabah faciə oynayanlar qəbul olunmurlar. Rafael və Coşqunu "Mafiya" filmində əsas rollara necə çəkmək olar? İnanmıram ki, Siyavuş Aslan hansısa tarixi filmdə ciddi rol alsın. Nəsibə Zeynalova kimi böyük aktrisa da bunu edə bilmədi. Yaxud da əksinə, Fuad Poladov, Fəxrəddin Manafov komediyada oynasalar, gülünc vəziyyətə düşərlər.
- Yəni rol bölgüsündə haqsızlıq olmur?
- İki il öncə Milli Dram Teatrında bütün rollar satılırdı. Teatrda çalışanların çoxu, hətta direktor da bilirdi ki, rolları satan rejissor kimdir və hər rolun öz qiyməti vardı - 300, 500, 700 dollar... O rejissora deyirdim ki, heç vaxt pulla rol almayacağam. Rolu pulla almaq, hələ onu oynamağa haqqının çatması demək deyil. Amma rolları həvəslə alan aktyorlar çox idi. Harada işlədiyi bilinməyənlər birdən-birə gəlib 500 manata mühüm rol alırdı, mənim kimi teatrın tozunu udanlar isə onun yanında epizodik rol oynayırdılar. Belələrini heç alqışlamırdılar, əksinə, tamaşaçılar "bu necə aktyordur? Danışa bilmir, səhnəyə çıxarıblar", - deyə narazılıqla zalı tərk edirdilər. Bəziləri də düşünürdü ki, indiki aktyorların hamısı bu səviyyədədir. Mən məsələni nəinki teatr rəhbərliyi qarşısında, hətta efirdən də qaldırmışdım. Amma məndən başqa danışan yox idi deyə, nəticəsi olmurdu. Əlacsız qalıb nazirliyə müraciət etdim. Bundan sonra həmin rejissorun fəaliyyətini məhdudlaşdırdılar.
- Sizi isə teatrda saxladılar?
- Məni teatrdan çıxarmaq üçün əleyhimə 26 anonim ərizə yazmışdılar. Axırda Mərahim Fərzəlibəyov bütün heyəti yığıb hamının gözü qarşısında bu ərizələri cırdı və dedi ki, sən mübarizə aparırsan, deməli, teatrı sevirsən.
- Teatr binalarının əsaslı təmiri onun problemlərini həll edəcəkmi?
- Teatrların təmiri həm də gözəl şərait, yeni avadanlıq, rekvezitlər və s. deməkdir. Aktyorların maaşlarının min manatadək artması gözlənilir. Rejissorlar isə hər hansı bir tamaşa hazırlayanda 6-10 min manata kimi qonorar alacaqlar. Yaxşı təminat olsa, məsuliyyət də artar və inanıram ki, Avropa səviyyəsinə çıxa bilərik. Yeni direktorumuz İsrafil İsrafilov xaricdən rejissorlar və aktyorlar dəvət etməyi də düşünür. Onlardan çox şey öyrənə bilərik.
Xaricdə teatra daha çox vəsait buraxılır. Təcrübələri də bizdən çoxdur. Orada aktyor bir ildə 5 müxtəlif tamaşada oynayır və "bişir". Həmin tamaşaları güclü rejissorlar qoyur. Biz isə o qədər zəif rejissorların tamaşalarında oynayırıq ki, inkişaf etmək əvəzinə geriləyirik. Həvəs də ölür. Rasim Ocaqdan sonra bizdə elə bir rejissor yoxdur ki, məni çəkməsini arzulayım. Təsəvvür edin, kinonu çəkən rejissor özü çəkilişə gəlmir. Filmi operator çəkir və hamıya deyir ki, rejissorun işi çıxıb, bu gün gələ bilməyəcək. Bu, teatrın da ən böyük problemlərindəndir. Rejissor komandanın kapitanıdır. İndi bizdə kapitan yoxdur, hamı oyunçudur. İstedadlı insanları o qədər sıxışdırıb üzlərinə qapıları bağlayırlar ki, onlar məcbur olub sahədən uzaqlaşırlar.
- Qapıları bağlayanlar kimlərdir?
- Əsasən teatr rəhbərləri. Yeni əsəri təqdim etmək istəyəndə, Mərahim Fərzəlibəyov mənə dedi ki, oğlum, rejissor olmaq üçün 50 yaşa çatmaq lazımdır. Deməli, 30 il pas atıb gözləməliyik ki, 50 yaşında tamaşa quraq. Yəqin onlara da teatrların keçmiş baş rejissorları çox mane olublar ki, bunun əvəzini özlərindən sonra gələn gənclərdən çıxırlar.
- Elə isə bəzi film və tamaşalarımız xarici festivallarda necə yer alır?
- Bəzən adi bir maraqsız tamaşamız Afrikada yer tutur. Həmin festivalda isə cəmi 2-3 tamaşa iştirak edir. Daha diplomu kimə versinlər? Çox işlərimizi isə başa düşmürlər deyə, onları mücərrəd ideyalı kimi qəbul edərlər. Əlbəttə, istisna hallar da olur. 2003-cü ildə Azər Paşa Nemətovun qurduğu "Hamlet" tamaşası ilə Türkiyəyə getdik. Bu festivala 11 ölkənin nümayəndələri gəlmişdi. Bizi uzun müddət ayaq üstə alqışladılar. Tamaşadan sonra məni İstanbul teatrına dəvət etdilər. "Hamlet"i "Azdrama"da oynayanda da sıraların kənarlarına əlavə stullar düzürdük. Teatrlarımızın reklam işi zəif qurulsa da, tamaşaçılar yaxşı tamaşadan xəbər tuturlar.
- Aktyor kimi bir ampluaya üstünlük verdiyinizi dediniz. Bəs rejissor kimi?
- Rejissor kimi də öz ampluam var. 2 il əvvəl bir nəfər 100 minə komediya serialı çəkməyi təklif etdi. İmtina etdim. Gərək, bu, öz içimdə də olsun. Özümü aldada bilərəm, amma maraqsız alınar, kinoya yox, mənə gülərlər. Onsuz da kinomuz ağlamalı vəziyyətdədir. İndiki filmlərdə küçə söyüşləri də səslənir. Belə filmlərə ailəliklə necə baxmaq olar? Bunu kimlər üçün çəkirlər? Bəhanələri də Avropaya inteqrasiyadır. Məgər bütün xarici filmlər əxlaqsızlığı təbliğ edir? Belə uğursuz işlərə görə, artıq investorlar da Azərbaycan kinosundan üz döndəriblər. Xarici filmləri pis şəkildə kopyalamaqla nə əldə edəcəyik? 1992-dən bu tərəfə bir aktyorumuzu da tanıtmamışıq. Rejissorlarımız Təhminə və Zaurdan sonra nə çəkiblər? Boşuna pullar xərclənib. Amma İran kinematoqrafçılarının çəkdiyi "Həzrəti Yusif" filmi ən yüksək reytinq topladı.
Bu yaxınlarda dəvət aldığım bir verilişdə teatrşünas Məryəm Əlizadə rejissor Oqtay Mirqasımova dahi dedi. Buna etiraz edib bildirdim ki, sizə hansı filminizə görə dahi deyək - "Cin mikrorayonda"yamı? Bu 20 ildə kimi yetişdirmisiniz? Cavab verə bilmədi.
Sergey Bodrov 23-24 yaşında Hollivudda tanındı, amma ona heç kim demədi ki, dahisən. Gülşad Baxşıyeva da özünü böyük pedaqoq adlandırdı. 20 illik fəaliyyəti ərzində Rafaellə Coşqunu yetişdirməsi ilə fəxr edirdi. Təbii, onlar istedadlı olsalar da, dünya çapına çıxacaq etalon aktyorlar deyillər.
- Yeri gəlmişkən, rəhbəri olduğunuz "Artist" Kino şirkətini hansı zərurətdən yaratmısınız?
- Şirkəti 3 il öncə öz ideyalarımı sərbəst şəkildə həyata keçirmək məqsədilə yaratmışam. Şirkət açılan kimi Ailə və Qadın Problemləri üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondu ilə bərabər gənc rejissorların beynəlxalq festivalını keçirdik. Heydər Əliyev haqqında iki sənədli film çəkdik. "Üşüyən ümid" adlı filmim İran festivalının qalibi oldu. Amerikalı rejissorlarla işlədik, diploma layiq görüldük. İl yarımdır üzərində işlədiyimiz "Küləklər şəhəri" adlı 25 seriyalı bədii film yanvarın 10-dan "Xəzər" TV-də yayımlanacaq. Bu film qardaşları narkomaniya qurbanı olan 4 insanın narkotik satanlara qarşı mübarizəsindən bəhs edir. Ssenarisini arxiv materialları əsaasında özüm yazmışam. Filmin aktyorlarının çoxu tanınmamış adamlar olsalar da, rollarını yaxşı oynayıblar, çünki teatrımız onları hələ korlamayıb.
Tearda tamaşa qoyulanda 15 roldan 14-ünü fəxri adı olanlara verirlər. Xalq artisti ilə tamaşa qurmağa nə var ki. Mən isə "ulduz"ların arxasında gizlənməyi sevmirəm.
Qarabağ haqqında da 9 kəşfiyyatçıdan bəhs edən "Küləklər şəhəri - Qarabəxt" adlı daha bir film çəkmək istəyirik. Arzu edərdim ki, filmlərimizə "Qurdlar vadisi" kimi xaricdə də baxsınlar.
- Qurban bayramı münasibətilə hazırladığınız "Sevgi qurbanı" adlı dini tamaşanız da maraqla qarşılandı...
- Bundan öncə də çox dini tamaşalar hazırlamışdım. "Zaman" dini teatrında Peyğəmbərlik haqqında "Məbəs" tamaşası hazırlamışdım. Mərahim Fərzəlibəyovdan tutmuş Bəhram Osmanova kimi çox rejissorlarımız orada tamaşalar qurub. Mənim birinci hazırladığım tamaşa mövlud illərinin ən gözəl tamaşası diplomunu aldı. Ondan sonra həmin teatrda daha 5 tamaşa hazırladım. "İmam Hüseyn", "Əmanət", "Başsız qalan qoşun" və s. Bu tamaşalar zamanı zalda oturmağa yer də qalmırdı. Hazırda da dini dükanlarda Məhəmməd peyğəmbərdən bəhs edən "Məbəs" adlı tamaşamın diski satışdadır, hətta İrana, Misirə kimi gedib çıxıb.
[b]Elşad ÜMİD [/b]