Eldar Namazov: "Azərbaycan çox təhlükəli mərhələyə qədəm qoyur"

img

09-01-2011 [05:57]


[b]"Əgər hakimiyyət bu siyasətini davam etdirsə və prosesləri düzgün istiqamətləndirməsə, ölkə daxilində sabitlik pozula bilər" [/b] 2010-cu ildə ölkəmizdə parlament seçkiləri keçirilsə də, bəzi ekspertlər bu ili ictimai-siyasi həyatda sönük və hər hansı ciddi dəyişiklik olmayan il kimi xarakterizə edirlər. Demokratik qüvvələrin uzun illərdir apardığı mübarizənin nəticəsiz qalması isə cəmiyyətdə ruh düşkünlüyü ilə yanaşı, demokratik və qanuni yollarla dəyişikliklərin mümkünlüyünə inamsızlıq yaradıb. Hətta bəzi politoloqlar belə şəraitdə daha təhlükəli, daha radikal güclərin aparıcı qüvvə kimi meydana çıxmasından və bunun ölkənin gələcəyi üçün ciddi təhlükələr yaradacağından narahatlıqlarını ifadə edirlər. Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazovla söhbətimiz də bu mövzuda oldu. - Azərbaycanda artıq uzun illərdir ki, hasısa fövqəladə hadisələr baş vermir. Ona görə də ildən-ilə baş verən proseslərə verilən qiymətlər çox oxşar olur. Bu mənada bəlkə də ötən ilə yox, keçən on illiyə qiymət vermək daha məqsədəuyğun olardı. Çünki biz, 2010-cu ildə təkcə həmin ili yola salmadıq, əslində 21-ci əsrin birinci on illiyini başa vurduq. Ancaq bir ilin ərzində baş verən hadisələr, təqribən 2009-cu ildə və ondan əvvəlki illərdə baş verən hadisələrə oxşardır. Təbii ki, müəyyən mənada fərqli hadisələr baş verirdi. Amma bütövlükdə ölkədə gedən proseslərdə ciddi dəyişikliklər olmurdu... - 2010-cu ildə ölkəmizdə parlament seçkiləri keçirildi, bu da ciddi hadisə deyildi? - Sonuncu parlament seçkilərinə verdiyimiz qiymət ondan əvvəlki bələdiyyə və digər seçkilərə verdiyimiz qiymətlə təqribən eynidir. Cəmiyyətdə çox böyük passivlik var idi, seçicilərin çox az hissəsi seçkilərə qatılmışdı, seçki çox böyük nöqsanlarla müşayiət olundu. Bu səbəbdən də biz, hər seçki ilə bağlı dəyərləndirməmizi eyni formada təkrarlamağa məcburuq. Ancaq maraqlı bir yenilik ondan ibarət oldu ki, 2010-cu ildə yeni bir proses başladı. Biz, uzun illərdir, hakimiyyətə xəbərdarlıq edirdik ki, əgər ölkədə demokratik islahatlar aparılmayacaqsa, azad və ədalətli seçkilər keçirilməyəcəksə, müxalifət partiyalarının fəaliyyəti üçün normal şərait yaradılmayacaqsa, məhkəmələr müstəqil olmayacaqsa, insanlar haqq-ədaləti tapa bilməyəcəklərsə, korrupsiya aradan qaldırılmayacaqsa, pensiya və maaşlar elə bu səviyyədə qalacaqsa, cəmiyyətdə bir tərəfdən sosial narazılıq güclənəcək, digər tərəfdən isə sosial narazılığın qanuni yolla həlli mümkün olmayacaq. Bu zaman da daha sərt, daha radikal mövqedən çıxış edən qüvvələr ortaya çıxacaq. Yəni meydan heç vaxt boş qalmayacaq. Biz bu barədə beş il bundan öncə də danışırdıq. Adətən bu haqda danışanda meydana çıxacaq yeni qüvvənin məhz Siyasi İslam olacağını görürdük. Hesab edirdik ki, Azərbaycanda bu boşluğu Siyasi İslam doldura bilər. Bu mənada 2010-cu ilin sonu 5-10 il bundan əvvəl verilən proqnozları və xəbərdarlıqları doğrultdu. Uzun illədir Azərbaycanda kütləvi aksiyalar keçirilmədiyi halda hicabla bağlı Bakıda, Nardaranda, Masallıda, Cəlilabadda, Gəncədə və digər bölgələrdə kütləvi aksiyalar oldu, polislə qarşıdurmalar baş verdi, insanlar həbs edildi. Yəni son illərdə ictimai-siyasi proseslər baxımından yenilik bu oldu ki, artıq həmin o xəbərdarlıqlar özünü doğrultmağa başladı. - Artıq demək olarmı ki, Siyasi İslam Azərbaycanda öz yerini tutub və qeyd etdiyiniz həmin boşluğu doldura bilib? - Bəli, demək olar ki, artıq proses başlayıb. Biz bunun işartılarını 2005-ci ildəki parlament seçkilərində də görürdük. İndi isə o proses artıq cəmiyyətə real şəkildə təsir edə biləcək formada həyata keçməyə başlayıb. Bizim inanclı insanlara da, öz dinimizə də böyük hörmətimiz var və burada söhbət hansısa anti-İslam mövqeyindən getmir. Söhbət ondan gedir ki, sosial-iqtisadi, siyasi problemlərin həllinin mexanizmi yoxdur. İnsanlar on il bundan əvvəl nəyisə dəyişdirmək üçün siyasi partiyalara üz tuturdularsa, indi fərqli tərəflərə yönəlirlər. İnsanlar görəndə ki, nə siyasi partiyalar, nə məhkəmələr, nə azad seçkilər mövcud problemlərin həllinə mexanizm kimi yararlı deyil, başqa yollar axtarırlar. Bu başqa yollardan biri də Siyasi İslamdır. Bir məsələni də qeyd edim ki, Siyasi İslamın kökü İslamın özündə deyil, cəmiyyətdir. O cəmiyyətdədir ki, orda insan haqları pozulur, məhkəmələr müstəqil deyil, seçkilər saxtalaşdırılır. Yəni o cəmiyyətdədir ki, orda insanlar problemlərini dövlət mexanizmləri ilə həll edə bilmirlər. Ona görə də bu gün həmin proses artan templə inkişaf etməyə başlayıb. - Bu prosesin inkişafı Azərbaycan üçün zərərlidir, yoxsa... - Mən bunu zərərli proses hesab edirəm. Düşünürəm ki, Azərbaycanda siyasi proseslər qanun çərçivəsində getsə, daha yaxşı olar. Siyasi proseslər seçkilər, siyasi partiyalar arasında rəqabət əsasında inkişaf etməlidir. Cəmiyyətdə dinin öz yeri, azad seçkinin, məhkəmə sisteminin, siyasi partiyaların öz yeri olmalıdır. Əgər bunlar qarışıq salınırsa, onda ölkədə çox ciddi problemlər ortaya çıxır və çox təhlükəli proseslər başlayır. - Necə düşünürsünüz, Azərbaycanda Siyasi İslam ölkədaxili qüvvələrin hesabına güclənir, yoxsa bu işdə xarici qüvvələrin də rolu var? - Burada hər iki amil öz rolunu oynayır. Bilirsiniz ki, Azərbaycanda hər zaman xarici amilin rolu var. Azərbaycan elə bir regionda yerləşir ki, burada xarici müdaxilələr daim gündəmdə olub. Elə Şimali Qafqazda, Cənub sərhədlərində baş verənləri xatırlayın. Müstəqilliyin ilk illərində bu təhlükə daha qabarıq şəkildə özünü göstərdi. Sərhədlər tam açılanda Azərbaycanda yüzlərlə əcnəbi fondlar, beynəlxalq təşkilatlar fəaliyyətə başlayıb. Təəssüflər olsun ki, həmin təşkilatların və qurumların hansı məqsədə qulluq etmələri xeyli sonra aydınlaşıb. Düzdür, sonradan bu cür məqsədlərə qarşı tədbirlər görülüb. Ancaq indi təsirlər ona görə güclənib ki, içəridən buna şərait, zəmin yaradılır. Çox təəccüblüdür ki, hakimiyyətdə təmsil olunan bəzi məmurlar bu prosesi daha da qızışdırırlar. Məsələn, hicabla bağlı məsələ gündəmə gələndə məktəblər artıq çoxdan açılmışdı. Nədənsə birdən-birə, məhz Aşura günü yaxınlaşanda, məmurlar bunu gündəmə gətirdilər və insanların hislərini daha da qızışdırdılar. Özü də məsələni çox sərt şəkildə qoyurlar ki, ya hicabı çıxart, ya da təhsil almaq imkanından məhrum olacaqsan. - Belə çıxır ki, narazılığın yaranmasında hakimiyyətdəki hansısa qüvvələr də maraqlıdır? - Mübahisəli məsələlər çox ola bilər. Amma mübahisəli məsələləri elə həll etmək lazımdır ki, uşaqlar məktəblərə gedə bilsinlər, təhsil dayanmasın. Minlərlə insanı təhsildən uzaqlaşdırmaq problemin həlli deyil, əksinə, belə addımlar problemi daha da gərginləşdirir, daha da mürəkkəbləşdirir. Siz sualı düz qoyursunuz, hərdən elə təəssürat yaranır ki, bəzi məmurlar bilərəkdən bunu edirlər ki, narazılıq yaransın. Bununla da dünyaya nümayiş etdirsinlər ki, onların əsas siyasi rəqibləri dünyəvi demokratik müxalifət partiyaları deyil, Siyasi İslamdır. Ola bilsin ki, bu, hansısa korrupsiyalaşmış, avtoritar bir şəbəkənin planıdır ki, məhz onlarla Siyasi İslam arasında mübarizə getsin. Dünyaya elə təqdim etmək istəyirlər ki, guya burada dünyəvi dövlət qurmaq istəyirlər, əsas rəqib kimi də Siyasi İslam mövcuddur. Yəni vəziyyəti süni şəkildə qızışdırıb, dövlətin, millətin yox, öz şəxsi maraqlarını təmin edirlər. Bu isə çox təhlükəli prosesdir. Bu cür proseslərlə oyun qurmaq dövlətçilik üçün təhlükəlidir. - Eldar müəllim, belə bir vəziyyətin yaranmasını hakimiyyətin yürütdüyü siyasətin nəticəsi kimi dəyərləndirirsiniz. Bəs, ictimai-siyasi arenada boşluğun yaranmasında və bu yeri Siyasi İslamın tutmasında müxalifətin rolu nə dərəcədədir? - Təbii ki, hər kəsin öz məsuliyyəti var. Ancaq hakimiyyətin fəaliyyətini ona görə xüsusi vurğulayıram ki, hakimiyyət aparıcı qüvvədir, bütün resurslar, bütün imkanlar onun əlindədir. Müxalifətin bu proseslərə təsiri isə kifayət qədər azdır və zəifdir. Sözsüz ki, ölkədə baş verən proseslərlə bağlı məsuliyyət ilk növbədə hakimiyyətin üzərinə düşür. Müxalifətin burada olan məsuliyyəti isə tamam başqa mövzudur. Bu günə kimi Azərbaycanda demokratiya uğrunda mübarizə nə qədər effektli olub, orada hansı yanlışlıqlar, hansı səhvlərə yol verilib, nəyə görə nəticə əldə olunmayıb və s. kimi məsələləri indi müzakirə etdiyimiz kontekstə salmaq düzgün olmazdı. Bu, tamamiylə müstəqil və ayrıca mövzudur. Bizim müzakirə etdiyimiz məsələlərdə isə hakimiyyətin məsuliyyəti həlledicidir. - Deyirsiniz ki, bu proseslər 2010-cu ilin sonlarından yüksələn xətt üzrə inkişaf etməyə başlayıb. Artıq 2011-ci ildir, bu prosesin davamı necə ola və hansı nəticələr ortaya çıxa bilər? - Açığı, Azərbaycanı çox böyük təhlükələr gözləyir. Diqqət yetirin, eyni zamanda həm Rusiyada, həm Azərbaycanda çox ciddi proseslər başladı. Hakimiyyətin tam nəzarət edə bilmədiyi radikal qüvvələrin formalaşmasına start verildi. Rusiyada bu, millətçilik, şovinizm əsasında baş verdi və hədəfi gəlmələr, miqrantlar, Qafqazdan və Orta Asiyadan gələn insanlar oldu. Azərbaycanda isə bu, hicab qadağası ilə bağlı olaraq Siyasi İslam xarakteri daşımağa başladı. Gördünüz ki, bu proseslər təqribən yeni vaxtda baş verdi. Təbii ki, bu da təsadüfi deyil. Ona görə ki, Rusiyada da, Azərbaycanda da çox oxşar proseslər gedir. Hökumətlərin davranışları da bir-birinə çox oxşardır. Hətta bəzi məmurlar gizlətmirlər ki, onlar dövlət siyasətini formalaşdıranda Rusiya modelindən istifadə edirlər. Şübhəsiz ki, oxşar modellər, oxşar yanaşmalar oxşar nəticələrə gətirib çıxarmalı idi və belə də oldu. Bu mənada hesab edirəm ki, qarşıdan gələn illərdə Azərbaycan çox təhlükəli mərhələyə qədəm qoyur. Bu təkcə ölkə daxilindəki sosial-istisadi, siyasi məsələlərlə bağlı deyil. Biz, yaxın zamanlarda Qarabağ məsələsi ilə bağlı məsuliyyətli qərarlar verməliyik. Ya sülh, hansısa kompromislər yolu ilə bu problemi həll etməliyik, ya da öz hüququmuzdan istifadə edərək güc yolu ilə torpaqlarımızı azad etməliyik. Ona görə ki, on illərlə davam edən danışıqlar prosesi növbəti dəfə dalana dirənib, artıq proseslərin bu şəkildə davam etdirilməsinin mənasız olduğu hamıya aydındır. Məsuliyyətli qərar qəbul etmək isə cəmiyyətin əsas hissəsinin dəstəyini tələb edir. Daxildə gərək milli birlik olsun ki, Azərbaycan bir dövlət olaraq bu ümummilli problemi həll edə bilsin. Ona görə ki, burada məğlubiyyət də, qələbə də hamının olacaq. Torpaqlarımızın azad olunması bir qrupun, bir partiyanın, bir hakimiyyətin işi deyil, bu məsələdə xalqın ümumi rəyi ortaya qoyulmasa, problemi həll etmək mümkünsüzdür. Bu mənada xarici təhlükələrin bu qədər güclü olduğu bir dövrdə, Qarabağ problemi ilə bağlı belə bir məsuliyyətli dövr başlandığı vaxtda ölkə daxilində xüsusən diqqətli olmalıyıq. Ölkəni parçalayan, qüvvələri qarşı-qarşıya qoyan addımların atılmasına yol verməməliyik. Bu səbəbdən də qarşıdan gələn illəri çox böyük təhlükə illəri kimi qəbul edirəm. - Təhlükəli proseslər özünü hansı formada büruzə verə bilər, çevriliş, terror aktları, yoxsa separatizm?.. - Sosial gərginlik artanda, xarici dairələrin müdaxiləsi güclənəndə çox ciddi problemlərlə üz-üzə qala bilərik. Əgər hakimiyyət bu siyasətini davam etdirsə və prosesləri düzgün istiqamətləndirməsə, ölkə daxilində sabitlik pozula bilər. Artıq ölkədə sabitliyin pozula biləcəyinin işartılarını ötən ilin sonunda gördük. Belə proseslərin təhlükəli həddə çatmasının qarşısı alınmalıdır. Bunun qarşısının alınması inzibati üsullar, zor tətbiq etmək, polisin gücü ilə mümkün deyil. Dünya təcrübəsindən də görürük ki, polis gücü ilə yaranan sabitlik uzunmüddətli olmur. Ona görə də qarşıdan gələn illərdə hakimiyyətin qarşısında həm çox ciddi sınaqlar, həm də vəzifələr dayanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA