AiDP 2010-u uğursuz il sayır

img

29-12-2010 [03:36]


?2010-cu ili islam demokratlar üçün uğurlu, ümumi müxalifət düşərgəsi üçün uğursuz il sayıram. Bu il təəssüf ki, ölkəmiz üçün də uğursuz olub?. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı deyib. Onun sözlərinə görə, islamçı demokratlar ilin mühüm hadisəsi olan parlament seçkilərində iştirak etməsələr də partiya ölkədə , həmçinin türk və müsəlman dünyasında baş verən ictimai-siyasi, sosial-iqtisadi proseslərə münasibətini bildirib: ?Seçkidə iştirak etməməyimizlə bağlı tutarlı arqumentimiz olub və bu aprqumentimiz seçkinin nəticəsində özünü doğrultduğu üçün bu prosesdən kənarda qalmağımızı da islamçı demokratlar üçün uğurlu bir cəhət sayıram?. AİDP sədri deyib ki, rəhbərlik etdiyi partiya seçkiyə qatılmamaqla hazırda müxalifətin düşdüyü biabırçı durumdan xilas ola bilib. AİDP sədri bildirib ki, 2010-cu il ərzində əsasən partiyanın ideyalarının cəmiyyətdə yayılması istiqamətində işlər görüblər: ?Bu istiqamətdə xeyli iş görmüşük. Artıq cəmiyyətdə kifayət qədər insan islam-demokrat ideyasını dərk və qəbul etməyə başlayıb. Hətta müxalifət düşərgəsinin böyük bir hissəsi, bəzi liderlər bu ideyasız cəmiyyətdə dəyişiklik əldə olunmayacağını etiraf ediblər?. İlin ümumi müxalifət və ölkə üçün uğursuz olmasına gəlincə. AİDP sədri bunları söyləyib: ?Müxalifət keçmiş səhvləri təkrarladığı üçün yenidən uğursuzluğa düçar oldu. Birlik ideyası yenə alver predmetinə çevrildi. Xalqın siyasi maariflənməsi istiqamətində heç bir iş görülmədi. Əksinə baş verənlər xalqı müxalifət barədə bir daha dərindən fikirləşməyə vadar etdi. İçərisində tanınmışların da olduğu xeyli insan bu düşərgəni tərk etdi və hesab edirəm ki, bu proses davam edəcək. Xüsusilə də Müsavat partiyasından qopmalar sürətlənəcək. İlin ölkəmiz üçün uğuursuz olmasına gəlincə, ilk növbədə Qarabağ məsələsi həllini tapmadı. İqtidar bu məsələdə ili təsirsiz bəyanatlarla yola verdi. İqtisadi cəhətdən inkişafdan danışılsa da bu özünü xalqın rifahında biruzə vermədi. Qəpik-quruş artımlar süni qiymət bahalaşması fonunda məhv olub getdi. İqtidarın dinə münasibətində də müsbət dəyişiklik olmadı. Dindarların fikirləri nəzərə alınmadı. Əksinə aksiyalarda döyüldülər, həbs olundular. Ən pisi isə seçki ilə bağlı oldu. Hakimiyyət parlament seçkilərinin demokratik keçməsinə imkan verməməklə ölkəmizin imicinə zərbə vurmuş oldu?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA