"Demokratik qüvvələr güncə sıxızdırılıb, radikal dini qüvvələrə meydan açılıb"

img

26-12-2010 [05:53]


[b]Sərdar Cəlaloğlu: "Əgər demokratik qüvvələr yenə də əvvəlki kimi siyasi həyatdan kənarda saxlanılsa, gələn il təşəbbüs bütövlükdə dini radikal qüvvələrin əlinə keçə bilər" [/b] 2010-cu il ictimai-siyasi proseslər baxımından aktiv il kimi başlasa da, parlament seçkiləri müxalifət üçün uğursuz oldu. Müxalifətin bu seçkilərdə uğur qazana bilməməsi ölkənin ictimai-siyasi həyatına durğunluq gətirdi. Qarşıdan gələn 2011-ci ildə isə hər hansı bir seçkinin olmadığını nəzərə alsaq, növbəti ildə də passivliyin hökm sürəcəyini proqnozlaşdırmaq mümkündür. 2010-cu ili qiymətləndirən, qarşıdakı illə bağlı gözləntilərini bizimlə bölüşən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu nikbin olmasa da, gec-tez ölkədə ciddi dəyişikliklərin baş verəcəyini deyir: - Bu il ümumi götürdükdə durğunluq oldu. İctimai-siyasi həyatda hər hansı dəyişiklik olmadı. Düzdür, neft gəlirləri hesabına müəyyən mənada infrastrukturun yeniləşməsi istiqamətində bir sıra işlər görülüb. Bunların fonunda ictimai-siyasi vəziyyətdə heç bir dəyişiklik yoxdur. Xüsusən də 2010-cu il paralment seçkilərinin total şəkildə saxtalaşdırılması Azərbaycanda inkişafın perspektivini heçə endirib. Cəmiyyətdə çox ciddi siyasi qütbləşmə davam edir. Həm sosial-iqtisadi, həm də bütünlükdə siyasi qütbləşmə hökm sürür. Çünki müxalifətə dövlətin, cəmiyyətin həyatında iştiraka imkan verməmək çox yanlışdır. Bu yanlış siyasət nəticəsində hakimiyyətdəki siyasi qüvvələrlə müxalifətdəki qüvvələr arasındakı uçurum getdikcə böyüyür. Eyni zamanda müxalifət cəbhəsində də müəyyən çatışmazlıqlar oldu. Bu il müxalifət də lazımi səviyyədə özünü toparlaya bilmədi. Bütün bunlar göstərir ki, istər iqtidar, istər müxalifət, istər Qarabağ cəbhəsi, istərsə də sosial-iqtisadi cəbhədə 2010-cu ildə nəzərə çarpan dəyişiklik olmayıb. - Belə bir vəziyyətin yaranmasında müxalifətin hansı səhvləri oldu? - Ümumiyyətlə, Azərbaycan müxalifəti cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə siyasi inkişaf yoxdursa, durğunluq varsa, demokratikləşmədən söhbət getmirsə, təbii ki, bu, müxalifətin özündə də çox ciddi izlər buraxır. Bu baxımdan düşünürəm ki, ölkədə gedən ümumi proses müxalifətə də mənfi təsir edir. Ona görə də müxalif düşərgə konsensusa gələ bilmədi, dağınıq şəkildə seçkilərə getdi və nəticədə seçkilər daha asan saxtalaşdırıldı. Nəticələrin ifşa olunmasında daha ciddi faktlar ortaya qoymaq imkanı itirildi. - Müxalifətin vahid mövqedən çıxış edə bilməməsində əsas rolu kim oynadı? - Mənə elə gəlir ki, səbəbkar elə cəmiyyətin tipidir. Bu cür cəmiyyətlərdə ayrı-ayrı siyasi partiyaların, liderlərin elə də ciddi rolu yoxdur. Cəmiyyət özü total durğunluqda olduğuna görə, burada ayrı-ayrı adamların hansısa rol alması formal xarakter daşıyır. - Siz adətən liderlərin ambisiyalarını əsas gətirirdiniz... - Siyasətdə ambisiya olar, amma ölçülü olmalıdır. Əgər bir adamın məqsədi, niyyəti, ambisiyası yoxdursa, siyasətdə nə gəzir? Sadəcə, bu ambisiyanın özü daha düzgün qərarlar qəbul etməyə səbəb olmalıdır. Ancaq elə vəziyyət yaranır, ən ambisiyalı adamlar elə addımlar atır ki, nəinki öz ambisiyalarına yaxınlaşa bilmirlər, hətta əldə etdikləri mövqeləri də itiriblər. Siyasi səviyyə aşağı olduğuna görə, siyasi planlaşma düzgün aparılmır. - Demək olar ki, 2010-cu il həm müxalifət, həm də cəmiyyət üçün uğursuz il kimi yekunlaşır. Qarşıdan gələn 2011-ci ildən nə gözləyirsiniz? - Vallah, bu ildən baxanda 2011-ci ildə də ciddi nəsə görsənmir. Amma siyasətdə kənara çıxma halları da olur. İndi Azərbaycan qloballaşmaya məruz qalıb, dünyada baş verən bu və ya digər hadisələr Azərbaycana da təsir edir. Qarabağ cəbhəsində baş verən müəyyən dəyişilmələr daxildə də ciddi dəyişikliklərə gətirib çıxara bilər. Ən vacibi də odur ki, artıq demokratik qüvvələr güncə sıxışdırılıb, radikal dini qüvvələrə meydan açılıb. Son dövrlər xeyli fəallaşıblar. Məsələn, mən hesab edirəm ki, bu il hicaba qarşı göstərilən müqavimət çox güman ki, gələn il daha cidi, geniş siyasi müstəvidə davam edə bilər. Əgər demokratik qüvvələr yenə də əvvəlki kimi siyasi həyatdan kənarda saxlanılsa, gələn il təşəbbüs bütövlükdə dini radikal qüvvələrin əlinə keçə bilər. - Sərdar bəy, qarşıdan həm də 2013-cü ildə keçiriləcək prezident seçkiləri gəlir. Bu seçkilərə indidən hazırlaşırsınızmı və hansı planlarınız var? - Bizim "Qarabağ" blokunu yaratmaqda məqsədimiz qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır. İstəyirik ki, mümkün qədər prezident seçkilərinə hazırlaşaq. Bu baxımdan şəxsən biz hazırlaşırıq. - "Qarabağ" blokundan söz düşmüşkən, soruşmaq istəyirəm ki, Sizin blokda prezident seçkilərində vahid namizəd məsələsi ilə bağlı fikir ayrılığı var. Yəni vahid namizədin kim olması ilə bağlı güzəştə getmək istəmədiyiniz bildirilir... - Qulamhüseyn bəy bu blokda iştirak eləmək istəmir. Ümid Partiyası ilə ADP arasında da danışıqlar davam edir. Çox güman ki, razılıq olacaq. - Siz İqbal Ağazadənin vahid namizədliyini qəbul edərsinizmi? - Niyə eləmirəm ki... - Ancaq bəzi həmkarlarınız daha geniş birliyin tərəfdarıdır. Hətta AMİP sədri Yusif Bağırzadə 2013-ə birgə getməklə yanaşı, vahid namizədin indidən müəyyənləşdirilməsini təklif edir. Bu barədə nə düşünürsünüz? - Mənə elə gəlir ki, biz hələ gecikmişik... - Onda niyə bu istiqamətdə cəhd göstərmirsiniz? - Dedim axı, biz əlimizdən gələni edirik. "Qarabağ" bloku çərçivəsində də bu istiqamətdə addımlarımızı atacağıq. - Axı bu, müxalifətin böyük birliyi deyil? - Təbii ki, müxalifətin böyük birliyi deyil. İndi böyük birlik alınmırsa, kiçik birlikdən imtina eləməliyik? Ən yaxşısı budur ki, addım-addım gedirik. Kiçik birlikdə müəyyən razılıq əldə edək, sonra böyük birliyə gedərik. - Məlumdur ki, birləşmə məsələlərində şəxslərin mövqeyi önəmli olur. Bu mövqeləri Siz daha yaxşı bilirsiniz. İndiki münasibətlər sistemində qarşıdakı seçkidə belə bir birliyin reallaşacağı görünürmü? - Müxalifətin ümumi birliyinin alınıb-alınmaması bir çox faktorlarla bağlıdır. Təbii, indiki münasibətlər sistemində görsənmir ki, müxalifətin ümumi birliyi alınacaq. Amma vəziyyət dəyişilə bilər. - Sərdar bəy, son parlament seçkiləri göstərdi ki, hakimiyyət kifayət qədər güclüdür. 2013 seçkilərinə gedən hakimiyyətin durumunu necə qiymətləndirirsiniz? - Alternativi yoxdursa, bu demək deyil ki, hakimiyyət güclüdür. Ən zəif adamın da alternativi olmaya bilər. Bu, onun güclü olduğunu göstərmir ki. 2013-ə qədər mümkündür ki, dəyişikliklər də olsun. - Bu gün müxalifətlə hakimiyyət arasındakı münasibətlərin uçurum səviyyəsində olduğunu demək mümkündür. Bu münasibətləri başqa müstəviyə keçirmək üçün nə etmək olar? - Mənə elə gəlir ki, bu istiqamətdə səylərimizi davam etdirməliyik. İqtidarla ən azı ümummilli məsələlərdə ortaq nöqtələri tapmalıyıq. Əvvəlcə Qarabağ kimi mühüm məsələlərdə ortaq mövqeyə gəlməliyik. Ondan sonra yavaş-yavaş digər məsələlərdə razılaşa bilərik. - YAP-çı deputat Aydın Mirzəzadə deyir ki, müxalifət liderləri dövlət tədbirlərinə gəlib İlham Əliyevə yaxınlaşsınlar, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparsınlar. Bu təklifi necə dəyərləndirirsiniz? - Aydın Mirzəzadə bu iqtidardakı bir neçə savadlı adamdan biridir. Amma siyasi dialoqun nə olduğunu o da bilməyəndən sonra gör, başqaları hansı vəziyyətdədir. Siyasi dialoq o demək deyil ki, kimsə kiməsə yaxınlaşsın, nəsə danışsın, kimdənsə xahiş eləsin. Özü də söhbət prezidentlə kiminsə danışığından getmir. Söhbət hər hansı bir problemin müzakirəsi, iqtidarla müxalifətin həmin problemi birgə müzakirə eləməsi, ortaq mövqeyə gəlməsi və həmin problemin həllində tərəflərin üzərinə konkret məsuliyyət götürməsindən gedir. Siyasi dialoq budur. - Sizcə, hakimiyyət o dialoqa hazırdırmı? - Məncə, bu gün iqtidarda belə bir iradə yoxdur. Müxalifətdə isə buna şübhə var. Müxalifət düşünür ki, belə bir təşəbbüslə çıxış eləsə, iqtidar "dabro" verməz, iqtidarda isə ümumiyyətlə belə bir fikir yoxdur. - O fikirlər də səslənir ki, iqtidar dialoqa ona görə gəlmir, demokratik islahatlara ona görə başlamır ki, bu istiqamətdə addım atacağı təqdirdə hakimiyyəti itirəcəyindən qorxur... - Hakimiyyət əbədi deyil axı. Hətta şahlıq rejimlərində belə, hakimiyyətlər dəyişilir. Düzdür, son iyirmi ildə Azərbaycanda dəyişiklik olmayıb, ancaq bu o demək deyil ki, əbədi belə gedəcək. Əksinə, psixoloji olaraq həm iqtidar, həm müxalifət, həm də cəmiyyət nə qədər özlərini dəyişikliyin olacağına hazırlasa, bir o qədər xeyirli olar. SSRİ kimi bir dövlət dağıldı. Azərbaycanda hakimiyyətdə heç bir gücü, potensialı olmayan kiçik bir qüvvə var, müvvəqqəti tarixi şans yaranıb və korrusiya, rüşvətlə hakimiyyəti saxlayır, bu o demək deyil ki, ciddi bir siyasi gücdür və heç vaxt dəyişilməyəcək. Hətta o qədər zəifdirlər ki, ortalığa partiya da yaradıb qoya bilmədilər. Yəni fərdi hakimiyyəti təmin ediblər, amma Azərbaycanda siyasi hakimiyyətin mövcudluğunu demək olmaz. - Dediyiniz dəyişikliyin reallaşması üçün ölkədə zəmin varmı, bu dəyişikliyi edəcək qüvvə mövcuddurmu? - Zəmin var. Birincisi, Azərbaycanda çox böyük narazı elektorat mövcuddur. Elə ciddi dəyişikliklərə zəminin biri elə bu narazı elektoratdır. Yəni həm ölkə daxilində, həm beynəlxalq aləmin Azərbaycana münasibətində ölkədə ciddi dəyişikliklərin olacağını gözləmək üçük kifayət qədər əsaslar var. Ancaq bunun konkret vaxtını demək asan məsələ deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA