Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə açıq məktub
b nazir, restoran və istirahət mərkəzlərində saxlanılan ayıları əsirlikdən xilas etmək kimi vacib işlə məşğul olduğunuz bir vaxtda, sizi teatr mövzusuyla bağlı narahat etdiyim üçün əvvəlcədən üzr istəyirəm. Gerçəkdən, restoran və istirahət mərkəzlərində saxlanılan ayıların vəziyyətini görəndə, ayılara qarşı yumuşaq desək, pis davranışları müşahidə edəndə hər bir normal insanın ürəyi ağrıyır.
Düşünürsən, görəsən o ayıların günahi nə idi ki, onlar Azərbaycanda doğulublar. Qəfəsləri it günündədir. Tərbiyə problemi olan adamlar əllərinə keçəni ayıların üstünə atırlar. Hətta ayının üstünə tüpürən adamlar belə var. Ayılar isə sakitcə belə tərbiyəsiz adamların üzünə baxırlar. Ayılar sanki öz taleləri ilə barışıblar. Elə bil onlar sivil ölkələrdə yaşayan ayılara qarşı insanların xoş münasibətindən xəbərdardırlar.
Nə etməli, görünür, Azərbaycanda hətta ayı olmaq da özlüyündə bir növ ayı faciəsidir. Restoran və istirahət mərkəzlərində "əsirlik"də saxlanılan ayılar mütləq azad olunmalı, ayıların ayı kimi yaşaması üçün hər cür şərait yaradılmalıdır. Sizə bu işdə uğurlar arzulayıram! Lakin bizə mədəniyyət də lazımdır. Hər mənada. Tale elə gətirdi ki, ötənlərdə Gənc Tamaşaçılar Teatrında "Oliver Tvistin macəraları" tamaşasına baxdım. Bəlkə də nə vaxtsa Azərbaycanda demokratik seçki keçiriləcək. Bəlkə də nə vaxtsa Azərbaycanda futbol olacaq. Bəlkə də nə vaxtsa Azərbaycanda polislər vətəndaşlara "ə" yox, "siz"lə müraciət edəcək. Gürcüstanda olduğu kimi, yol polisi bizim ölkədə də rüşvət almayacaq. Məktəblərdə süpürgəpulu yığılmayacaq. Əməkdar artist, xalq artisti kimi biabırçı titullar, fəxri adlar ləğv olunacaq. Bəlkə də nə vaxtsa Azərbaycanda kitab mağazalarının, kitabların sayı şadlıq evlərinin sayından çox olacaq. Amma Azərbaycanda normal teatrın olması heç inandırıcı görünmür. Gənc Tamaşaçılar Teatrında "Oliver Tvistin macəraları" tamaşasına baxandan sonra teatrla bağlı narahatlığım daha da artdı. Tamaşa haqda uzun-uzadı yazmaq fikrim yoxdur. Əgər imkanınız olsa, lütfən, özünüz baxın. Bircə onu deyə bilərəm ki, rejissor tamaşanı sanki internat uşaqları üçün hazırlamışdı. Mən, o tamaşada aktyor oyunu görmədim. Əvəzində xeyli qışqırıq, səs-küy, əsassız yerə yıxılmaq, ora-bura aşmaq gördüm. Bizim rejissorların klassikadan necə qorxduqlarını bir daha anladım. Qorxsunlar, eybi yox, bəs görəsən, Çarlz Dikkensin günahı nədir ki, onun yazdığı əsəri o cür bərbad günə qoyublar? Əgər bizim rejissorlar klassikadan bu dərəcədə qorxurlarsa, o zaman buyurub yüngül əsərləri tamaşaya qoysunlar. Onsuz da klassik əsərin tamaşaçısı mütləq əsərdən xəbərdar olmalıdır. Bizdə isə adamların mütaliəsi çox zəifdir. Gəlin, soyuq başla düşünək. Misir Mərdanovun təhsil naziri olduğu ölkədə orta məktəb şagirdlərinin nə qədəri "Oliver Tvistin macəraları" əsərini oxuyub? Tutaq ki, yüz şagird. Bəlkə də yüzdən az. Bəlkə də yüzdən çox. Hər halda Misir Mərdanovun təhsil naziri olduğu ölkədə yüz şagird Çarlz Dikkens adlı bir yazıçının yaşayıb və yaratmağından xəbərdardırsa, bunun özünə də sevinmək lazımdır. Lap tutaq ki, rejissorun məqsədi tamaşanı xüsusən internat uşaqlarına göstərmək, internat uşaqlarını kövrəltmək olub. Əgər bizim uşaqlar əsərin məzmunundan, süjetindən xəbərsizdirlərsə, deməli, rejissor da tamaşada süjeti tam göstərməyə məcburdur. Bu halda istər-istəməz hansısa yeniliyə imza atmaq mümkünsüzüdr. Bunun üçün tamaşaçının əsərdən xəbəri olmalıdır. Bu, öz yerində. Amma nədənsə mənə elə gəlir ki, rejissorun özü də "Oliver Tvistin macəraları" əsərini lap yaxınlarda oxuyub. Tamaşada rejissorun həyəcanı açıq hiss olunurdu. Əlbəttə, əgər tamaşaçıların Çarlz Dikkensdən xəbəri yoxdursa, rejissor da nə demək istədiyini, ilin-günün bu vaxtı birdən-birə niyə qəfildən Çarlz Dikkens yaradıcılığına müraciət etməsini çatdıra bilməyəcək. Təbii, əgər rejissorun özünün xüsusi bir mesajı varsa. Fikrimi bir az da açıq ifadə etmək istəyirəm. Məsələn, əgər bir tamaşaçı Knut Hamsunun "Viktoriya" əsərindən xəbərsizdirsə, rejissor əsərin süjetini tam olaraq səhnəyə daşımağa məcburdur. Hərçənd, "Viktoriya" əsəri Knut Hamsunun ən zəif əsəridir. Bununla belə, tamaşaçı əsərdən xəbərsizdirsə, rejissorun əli-qolu bağlanır, heç bir yeniliyə imza ata bilmir. Bizim günümüzdə klassik əsərlərin tamaşası əsərləri oxuyan tamaşaçılar üçündür. Bizdə isə çox təəssüf ki, rejissor və tamaşaçı arasında intellektual əlaqə yoxdur. Belə olduğu halda teatrlarımız ağır əsərlərə yox, yüngül əsərlərə, məsələn, hamının bildiyi nağıllara müraciət etsələr daha yaxşı olardı. İkincisi, Dikkensin təsvir etdiyi mənzərələr, hadisələr bu gün Azərbaycanda baş verən hadisələrdən daha yüngüldür. Yəni, Azərbaycanda baş verən hadisələr Dikkensin əsərindəki vəziyyətdən daha ağırdır. Ona görə də Gənc Tamaşaçılar Teatrı "Oliver Tvistin macəraları" əsəri əvəzinə, "Göyçək Fatma" nağılını tamaşaya qoysaydı, daha yaxşı olardı.
Cənab nazir, tamaşa zamanı şahidi olduğum bir hadisəni sizə çatdırmaq istəyirəm. Baxmayaraq ki, bu hadisənin sizdən çox, təhsil naziri Misir Mərdanovla əlaqəsi var. Üzünüzə tərif demək olmasın, siz nazirlər arasında mətbuatı izləmək baxımından seçilirsiniz. Misir müəllimə söz çatdırmaq qeyri-mümkündür. Sözün həqiqi mənasında. Tamaşaya məktəbliləri də gətirmişdilər. Fasilə elan olundu. İki müəllimə uşaqları evə aparmaq istəyirdi. Uşaqlardan isə tamaşanın davamına baxmaq istəyənlər vardı. Müəllimlər isə israrla evə getməyi tələb edirdilər. Beləcə, müəllimlər və şagirdlər arasında müzakirəyə oxşar bir şey başladı. Mən, bu mənzərəyə baxanda Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazovun ruhuna rəhmət oxuyurdum. Bildiyiniz kimi, Saparmurad Niyazov "Mən baleti başa düşmürəm, bizə balet lazım deyil", - deyib Opera və Balet Teatrını birdəfəlik bağlamışdı. Rəhmətlik səmimi adam idi. Vəziyyəti düzgün qiymətləndirmişdi...
Tamaşaya gəlmiş məktəbliləri israrla tamaşanın yarısından evə aparmaq istəyən müəllimlərə baxanda mat qalmışdım. İlahi, gör biz öz övladlarımızın təhsilini, təlim-tərbiyəsini kimlərə tapşırmışıq. Lap tutaq ki, o uşaqlara bileti məktəbdə zorla satıblar. Eybi yox. Olsun. Hər halda pis yerə gəlməyiblər, teatra gəliblər. O uşaqlardan çox yox, ikicəciyi daimi tamaşaçıya çevrilsə, bunun özü də bir uğurdur. Axı, müəllimə tamaşaya baxmaq istəyən uşaqları israrla, təhdidlə, zorla evə necə apara bilər? Axı, o müəllimədir. Axı, o ziyalıdır. Uzun sözün qısası, axırda işə teatrın işçilərindən biri qarışdı. Tanımadığım o maarifpərvər insan müəlliməyə birtəhər başa saldı ki, uşaqlar tamaşaya sona qədər baxmalıdır. Burda pis heç nə yoxdur. Təsəvvür edirsiniz, cənab nazir? Müəllimə fasilədə əsəri uşaqlara başa salmaq, onlara Dikkensin nə demək istədiyini anlatmaq əvəzinə, uşaqları evə aparmaq istəyirdi.
Fasilə bitdi. Uşaqlar birtəhər müəlliməni yola gətirdilər. Amma daha pis hadisə baş verdi. Tamaşa zamanı müəllimələrdən birinin telefonuna zəng gəldi. Müəllimə sanki evdəymiş kimi rahat-rahat, heç sıxılmadan zalda telefonla danışmağa başladı. Teatrın işçisinin müəlliməyə yaxınlaışb, onu ədəb çərçivəsində hərəkət etməyə səsləməsi heç bir nəticə vermədi. Teatrın işçisi müəlliməni başa sala bilmədi ki, tamaşa zamanı telefonla danışmaq olmaz. Dəhşət! Adam bilmir ki, nə yazsın. Allah bilir, o müəllimə məktəbdə, sinifdə özünü necə aparır.
İcazənizlə, teatr mövzusuna qayıdaq. Həqiqətən də mənim üçün teatr mövzusunda yazmaq çətindir. Onsuz da rejissorların, aktyorların vəziyyəti ağırdır. Onların fədakarlığına heç kim şübhə etmir. Dolanmaq üçün toylarda tamadalıq edənlər belə var. Bəziləri restoranlarda camaatı əyləndirirlər. Həqiqətən çətindir. Maaşları azdır. Ölkədə mesenant yoxdur. Yaşamaq çox çətindir. Yazıqlar bilmirlər nə etsinlər. Bu öz yerində. Aşağı-yuxarı onların vəziyyətindən yəqin ki, xəbəriniz var. İmperiya istisna olmaqla, azadlıq olmayan yerdə ortaya babat sənət əsri qoymaq çətindir. Hər şeydən əvvəl azadlıq lazımdır. Üstəlik, toyxanalar, ulduz yarışmaları, meyxana, idmana ifrat qayğı ciddi sənət növlərini, mədəniyyəti zəlil günə qoyub. Bir idman yarışına çəkilən xərclə bəlkə də bütün aktyor və rejissorların problemlərini həll etmək mümkündür. Meyxanaya, ulduz yarışmasına yüz minlərlə SMS göndərildiyi halda, teatrlarda boş sıraların olduğunu görmək bir millət, bir xalq, bir toplum üçün faciədir. İlin-günün bu vaxtı teatrı, baleti, kinosu olmayan xalqın yaşamağa haqqı yoxdur. İnsanın işi tək yeməkdən, içməkdən, toya getməkdən ibarət deyil. Varlı ərəb ölkələri ilə müqayisədə, əlbəttə, bizim fəxr etməyə bir-iki şəxsiyyətimiz var. Hər halda Axundov bədbəxt bir xalqa teatrın lazım olduğunu başa düşmüşdü. Amma o, hardan biləydi ki, gələcəkdə bir müəllimə tamaşanın yarısından uşaqları evə aparmaq istəyəcək?
Tutaq ki, ərəblərin hər şeyi var. Pulları, villaları, maşınları, çoxlu arvadları... Amma ilin-günün bu vaxtı bir xalqın teatrı, kinosu, baleti, akademik musiqisi yoxdursa, o xalq kimə, nəyə lazımıdr? Və əgər bizdə musiqiyə, teatra, baletə oxşayan nəsə varsa, ərəbdən mədəniyyət məsələsində bircə qarış irəlidəyiksə, buna görə Axundov, Üzeyir bəy, Mirzə Cəlil, Haqverdiyev kimi şəxsiyyətlərə borcluyuq. Yox, əgər teatr, balet, akademik musiqi bizim yaşamağımıza mane olursa, biz də ərəblər kimi həyatın mənasını tək yeməkdə, içməkdə, yatmaqda görürüksə, mədəniyyət ocaqlarını birdəfəlik bağlamaq lazımdır. Necə ki, rəhmətlik Saparmurad Niyazov Opera və Balet Teatrını bağlamışdı.
Bəli, aktyorların və rejissorların işi ağırdır. Adamın onları hətta tənqid etməyə əli gəlmir. Bu qədər ağır şərtlər altında, səviyyəsindən asılı olmayaraq, səhnəyə çıxıb tamaşa göstərirlərsə, bu, çox böyük fədakarlıqdır. Ölkədə azadlıq yoxdur. Bizim rejissorlar hətta klassik əsərlərdəki bəzi sözlərin başqa cür yozulacağından, başqa cür qəbul ediləcəyindən qorxurlar. Çünki "Qulliverin səyahəti"ndən tutmuş, lap elə Çexovun "Albalı bağı"na qədər bütün klassika mövcud rejimin, hakimiyyətin əleyhinədir. Amma gəlin bir suala cavab verək: "Bizə albalı bağı lazımdır, yoxsa dəmir yolu?"
Mənim üçün ağır vəziyyətdə yaşayan aktyorları, rejissorları tənqid etmək çətindir. Onların vəziyyəti ağırdır. Azadlıqları yoxdur. Digər tərəfdən, onlar hər cür tənqidə layiqdirlər. Nədən ki, onlar vətəndaş mövqeyi göstərə bilmirlər. Bir növ düşdükləri vəziyyətin səbəbkarı özləridir. Hələ də ölkədə vətəndaş mövqeyi göstərmək beş-altı yazarın öhdəsinə düşüb. Sanki onlardan başqa adam yoxdur. Hər bir problemə onlar baş qoşmalıdırlar. Hardadır aktyorlar? Niyə öz ağır vəziyyətlərini özləri nəql etmirlər? Niyə qəzet oxumurlar? Niyə sizi tənqid etmirlər? Yəqin ki, qorxurlar.
Cənab nazir, çox sevdiyim yazıçı Somenest Moemin "Teatr" romanında rejissor məşq zamanı tez-tez aktyorlara belə deyir: "Təbii olmayın, təbii görünün". Dərd ondadır ki, bizim aktyorlar bunun heç birini bacarmırlar. Təbii olmaq, təbii görünmək onlara qadağan edilib. Hər şeydən əvvəl bizim aktyorları, rejissorları biabırçı fəxri adların asılılığından azad etmək lazımdır. Amma necə? Əgər mədəniyyət hakimiyyətin əlində idarəetmənin bir vasitəsinə, yarınmaq alətinə çevrilibsə, fəxri adlar da aktyorları və rejissorları daima "ağıllı" olmağa məcbur edəcək. Vəziyyət o qədər ağırdır ki, onlar hətta heç Ezop dilində də danışa bilmirlər. Kaş, onlar heç olmasa Ezop dilində danışa biləydilər. Axı, hər rejimin, hər vəziyyətin, hər şəraitin öz dili var. Hər rejim, quruluş, hər vəziyyət öz dilini diktə edir. Bizim aktyor və rejissorlarımızın heç bir dili yoxdur. Belə olduğu halda onların vəziyyətinə acımaq nə dərəcədə doğrudur? Hanı onların vətəndaş mövqeyi? Niyə müsahibələr verib idmana ifrat qayğı göstərildiyi halda mədəniyyətə qəpik-quruş xərclənməsindən öz narahatlıqlarını, narazılıqlarını bildirmirlər? Suallar çoxdur!
Mən serb yazıçısı Milorad Paviçin "Küləyin iç tərəfi" romanını xatırlayıram. Roman tarixin başqa-başqa dövrlərində yaşamış iki gəncin həyatından bəhs edir. Romanın qəhrəmanlarından biri hekayələr yazır, amma heç bir ədəbiyyat jurnalı, heç bir naşir onun hekayələrini dərc etmir. Qız hekayələrinin dərc olunmaması ilə barışmır. Çox böyük ustalıqla yazdığı hekayələri tərcümə etdiyi əsərlərin arasında "əridir". Beləliklə, onun hekayələri daha böyük tirajla çap olunur. Qısası, əgər onlar, yəni aktyorlar istəsələr, Abdulla Şaiqin "Keçi" şeiri vasitəsilə də öz ürək sözlərini çatdıra bilərlər. Məsələn:
Çoban açınca gözün
Qalar iki buynuzun.
Cənab nazir, icazənizlə məsələnin başqa bir tərəfinə münasibət bildirmək istəyirəm. Ağlıma bir fikir gəlib. Bizim aktyor və rejissorlarımızı Tiflisə aparmaq lazımdır. Qoy gedib həm əsl teatrı, həm də yol polisinin rüşvət almadığını öz gözləriylə görsünlər. Sizin üçün onları Tiflisə aparmaq çox asandır. Kupe tipli vaqona bilet təxminən 30 manatdır. SV tipli vaqona biletin qiyməti təxminən 50 manata başa gəlir. Adsız aktyorları kupe tipli vaqonda, fəxri ad almış aktyorları isə SV tipli vaqonda yerləşdirmək olar. Hər halda qatarda da onlar arasında fərq olmalıdır. Tiflisə gedib gürcülərin teatrına baxsalar, bəlkə nəsə əxz edə, nəsə öyrənə bilərlər. Teatrın nə olduğunu görərlər. Öz qışqırıqlarından, klassikadan, qorxmalarından bəlkə utanarlar. Mən inanıram ki, bizim aktyorların Tiflisə səfərinin mədəniyyətimizə xeyiri dəyə bilər. Lütfən, yığın onları bir qatara, aparın Tiflisə! Narahat olmayın, xərciniz az çıxacaq. Gürüclər qonaqpərvər xalqdır. Bu qədər. Onsuz da vaxtınız azdır. Restoran və istirahət mərkəzlərində saxlanılan ayıları əsirlikdən xilas etmək kimi müqəddəs bir işdə göstərdiyiniz şücaəti bir daha dəstəklədiyimi bildirirəm və sizə uğurlar arzulayıram! Ayı mənim çox sevdiyim canlıdır. Yəqin ki, siz gürcü yazıçısı Qoderzi Çoxelinin "Yabanı gül dəstəsi" hekayəsini oxumusunuz. Möhtəşəm hekayədir. Yeri gəlmişkən, həmin hekayə bir ayının bir qadına olan sevgisindən bəhs edir. Ayı meşədən qadına yabanı güllər yığıb gətirir. Qadın hekayənin sonunda deyir: "Ömrümdə bircə dəfə gül dəstəsi mənə hədiyyə olunub. Onu da ayı vermişdi. O ayını da vurub öldürdülər".
[b]Seymur BAYCAN [/b]
Böyük bəstəkar Qara Qarayevlə fəxr edən Azərbaycan vətəndaşı