12-12-2010 [06:42]
Vaxtilə çox yüksəklərdə olan milli rəqslərimiz bu gün durğunluq dövrünü yaşayır. Milli rəqslərimizə olan marağın azalması isə xoşagəlməz haldır. Gənc rəqqasə Solmaz Əsgərova ilə söhbətimiz də əsasən bu mövzu ətrafında oldu.
- Solmaz xanım, müğənnilərdən fərqli olaraq, şou-biznesdə olan rəqqasələr arasında daha çox gündəm deyil, peşəkarlıqla bağlı mübahisə gedir. Özünüzü hansı cəbhəyə aid edirsiniz?
- Mən həvəskar rəqqasəyəm. Uşaq vaxtı dərnəklərə getsəm də, bu, peşəkarlıq üçün yetərli deyildi. Valideynlərimin təkidi ilə müəllimlik peşəsinə yiyələndim və bir neçə il ixtisasım üzrə çalışdım. Amma oynamaq həvəsimi içimdə öldürə bilmədiyim üçün bir müddət sonra yenidən rəqslə məşğul olmağa qərar verdim.
- Neçə müddətdir rəqs edirsiniz?
- 8 ilə yaxındır ki, səhnəyə çıxıram. Şərq ölkələrinin, xüsusilə də Hindistanın mədəniyyət və musiqisinə xüsusi marağım olduğundan, rəqs etməyə hind rəqsləri ilə start verdim. Bu rəqsə yiyələndən sonra yavaş-yavaş milli rəqsləri, ərəb rəqslərini də ciddi şəkildə öyrənməyə başladım.
- Şou-biznesimizdə hazırda ən çox adları hallanan Fatimə və Oksana da hind rəqsi ifa edirlər. Özünüzü onlarla müqayisədə hansı yerdə görürsünüz?
- Təvazökarlıqdan kənar olmasın, öz ifamı onların ifası ilə müqayisə etməzdim.
- Yəni öz ifanızı daha üstün sayırsınız?
- Bəli. Hind rəqsi çox mürəkkəbdir, dünyada ən çətinidir. Adlarını çəkdiyiniz xanımlar peşəkarlığa iddialı kimi danışırlar, amma göstərdikləri dedikləri qədər deyil.
- Axı, Oksana Rəsulova bir neçə beynəlxalq müsabiqədə uğur qazanıb...
- Oksananın müsabiqələrdə yer tutması çox yaxşı haldır. Amma o deyir ki, mən peşəkaram. Lakin yaxşı rəqs etmək və peşəkar olmaq başqa-başqa şeylərdir. Bu işin peşəkarı olmaq üçün Hindistandakı rəqs universitetlərini, ya da ən azından xoreoqrafiya məktəbini bitirmək lazımdır. Hərə özünü daha yaxşı sayır deyə, belə öyünür.
- Bəs, Siz nə ilə öyünə bilərsiniz?
- Mənim istedadım barədə Kamil Dadaşov, Roza Cəlilova, Aliyə Ramazanova, Təranə Muradova, Nisə Rəhimova kimi rəqs aləmində tanınmış təcrübəli rəqs ustadlarımız fikir bildiriblər. Onların etimadı, mənə əsas verir ki, deyəm, nəsə bacarıram.
- Amma adlarını sadaladığınız şəxslər milli rəqslər üzrə mütəxəssisdirlər.
- Onlar hind rəqsi ifa etməsələr də, bu işdə peşəkardırlar. Kamil müəllim 6 ay Hindistada olub. Aliyə xanım vaxtilə hind rəqsi ifa edib. Roza xanım isə hind rəqsini hətta Hindistan səhnəsində də oynayıb.
- Bəs, Siz hind rəqsini harada öyrənmisiniz?
- Mən hind rəqsini əvvəlcə filmlərdən, sonra isə Hindistandan təlim diskləri əldə edərək öyrəndim. Daha sonra hindistanlı bir rəqqasə xanım - Banu Mati Sinqx burada keçirilən hindlilərin bayramında çıxışımı bəyənərək mənə müəyyən şeyləri öyrətməyi təklif etdi. Klassik hind rəqslərinin incəliklərini ondan öyrəndim. Bundan sonra Hindistana səfərim də oldu. Səfərim qısamüddətli olsa da, vaxtımın çoxunu rəqs məktəblərində keçirdim.
- Amma ərəb rəqsini də yaxşı oynayırsınız. Bunu harada öyrənmisiniz?
- Ərəb rəqsini də özüm öyrənmişəm. İndi bu rəqsi ifa edənlər çoxdur. Amma çoxu buna sənət deyil, qazanc mənbəyi kimi yanaşır.
Ərəb rəqsinin dərin incəlikləri var. Kimsə ona sənət kimi, kimsə də gözəl bədən nümayişi kimi baxır. Amma əbəs yerə bu rəqsə barmaqarası münasibət bəsləyirlər.
- Yəni ərəb rəqsinə, sadəcə, "göbək rəqsi" adı vermək düzgün deyil?
- Elədir. Burada hər hərəkətin xüsusi texnikası var. Ərəb rəqsi digər rəqslərdən fərqli olaraq, insanın daxili orqanlarına, sağlamlığına, ruhi, psixoloji, emosional vəziyyətinə birbaşa təsir edir, onu dəyişir. Buna görə də səhhətində problemləri olanlara ərəb rəqsi ilə məşğuliyyət məsləhət görülmür. Bu, xüsusilə də qadın xəstəlikləri olanlara aiddir. Rəqs xəstə orqanlarda qan axının güclənməsinə gətirir, nəticədə şiş böyüyür.
- Çoxları ərəb rəqsini şəhvət rəqsi kimi anladığından onu ifa edənlərə də yaxşı baxmırlar. Ərəb rəqsi tarixən belə olub?
- Xeyr. Mən bu rəqsin tarixi ilə də maraqlanmışam. Bəli, ərəb rəqsi çox seksualdır. Bu rəqsin dünyada yayılmasının əsas səbəblərindən biri də budur. Ərəb rəqqasələrinin geyimi çox açıqdır. Əslində, qədim zamanlarda ərəb xanımları özləri bu rəqsi uzun, bağlı geyimlərdə ifa edirdilər. Ərəb rəqsi Avropaya ayaq açandan sonra bu geyim dəyişdi, açıq-saçıq oldu.
- Deməli, bu rəqs kişiləri şəhvətləndirmək, əyləndirmək üçün deyil?
- Qətiyyən! Bu ərəb xalqının milli rəqsidir və buna çox hörmətlə yanaşmaq lazımdır. Biz toylarda necə rəqs ediriksə, ərəb xanımları da öz toylarında geyimlərindən asılı olmayaraq elə rəqs edirlər. Ərəb rəqsində insanın daxili potensialı, enerjisi daha çox üzə çıxdığı üçün, bu rəqsi həyat eşqi olanlar daha yaxşı ifa edirlər.
- Bu günlərdə Pərvin adlı bir rəqqasə efirdən bəyan etdi ki, Azərbaycanda rəqqasə yoxdur...
- Bu, çox ağır kəlmədir. O, uzaq başı deyə bilərdi ki, şou-biznesimizdə rəqqasə yoxdur. Amma "Azərbaycanda rəqqasə yoxdur",- demək cinayətdir!
- Ərəb rəqsinin tanınmış ifaçılarından olan Aytən xanım da çox iddialıdır və Azərbaycanda özünü bu sahədə ən güclü sayır...
- Aytən xanımın rəqsini geniş şəkildə izləməmişəm. Amma pis rəqs etmir. Enerjini tamaşaçıya ötürə bilir. Aytən xanım ətrafına baxıb rəqabət görmədiyi üçün düşünür ki, ondan yaxşı oynayan yoxdur.
- Bəs, Solmaz xanım ona rəqib ola bilərmi?
- Ola bilər. Özü də güclü bir rəqib.
- Rəqqasənin kök olmasına necə baxırsınız? Xeyli vaxtdır səhnələrdə görünməyən Nailə xanımı vaxtilə arıq olmamaqda suçlayırdılar.
- Nailə xanım çox gözəl rəqqasədir. Dünya səviyyəsində də ərəb rəqsini gözəl ifa edin kilolu xanımlar az deyil. Əslində, bədənin hansı formada olmasından çox, müsbət enerjini tamaşaçıya çatdırmaq önəmlidir. Düzdür, fiziki görkəm nə qədər gözəl olsa, bir o qədər yaxşıdır.
- Siz isə adi geyimdə çox cılız görünürsünüz.
- Mənə hamı "balerina" deyir. Amma səhnə geyimində görkəmim tam başqa olur. Səhnədə əhval-ruhiyyə də dəyişir.
- Milli rəqs bacarığınızı necə qiymətləndirərsiniz?
- Milli rəqsləri hər birimiz bacarmalıyıq. Hind rəqsini gözəl ifa edərək milli rəqsləri bacarmamağım eyib olardı. İncəsənət Gimnaziyasının nəzdində Tahir Eynullayevin "Günel" rəqs ansamblında da işləyirəm, konsertlər olanda səhnəyə çıxıram. Sağ olsunlar, mənə etimad göstərdilər. Bu ansamblla xeyli təcrübə toplamışam, amma deməzdim ki, milli rəqsi yüksək səviyyədə ifa edirəm.
- Etiraf edək ki, bu gün milli rəqs əvvəlki hörmətdə deyil. Toylarda, şou-proqramlarda ərəb, hind, hətta ispan rəqsini xüsusi təqdim edirlər, Azərbaycan rəqsinə isə əsasən aş gətirəndə müraciət edirlər.
- Bu, çox acınacaqlı haldır. Hərdən restoranlarda milli rəqs ifaçılarını görəndə deyirlər ki, aşaparanlar gəldi. Bu sözü eşidəndə çox pis oluram. Milli rəqs ifaçılarımızın adlarına "aşaparan" ifadəsinin qoşulması faciədir.
- Maraqlıdır, aşgətirmə ənənəsi əvvəllər necə olub? Bu missiyanı əvvəllər də rəqqaslar həyata keçirirdilər?
- Qədimdə hamı milli geyimdə olub. Toylar öz ənənəsini saxladığı üçün, milli geyimdə isə rəqqaslar çıxış etdiyindən bu gün belə hal yaranıb.
- Yəni müasir dövr rəqqaslarımızı aşaparan çərçivəsinə salıb?
- Mən restoranlar deyərdim. Milli rəqsi ifa etmək üçün aşı gözləmək labüd deyil. Milli rəqslərimizə diqqətlə yanaşmalıyıq, axı, milli geyim ənənəmiz məhz onunla yaşayır.
- Xaricdə rəqslə bağlı vəziyyət fərqlidir?
- Türkiyədə çox gözəl rəqs yarışmaları var. Rəqqasələri hər yerə böyük hörmətlə dəvət edirlər. Bizdə isə rəqslə bağlı heç bir yarışma yoxdur. Bir dəfə oldu, o da çox bəsit idi. Bizim şou-biznesdə rəqs ikinci plandadır. Konsertlər, tədbirlər olanda ancaq müğənniləri dəvət edirlər, rəqqaslara ikinci dərəcəli yanaşırlar. Musiqiçilərə qarşı da diqqət qənaətbəxş deyil. Çünki təbliğat düzgün qurulmayıb. Bu məsələdə rəqqaslarda günah görmürəm. Bəlkə də müğənnilərin çoxluğuna görə belədir. Bu səbəbdən də bir çox musiqiçilər, rəqqasələr müğənnilik etməyə başlayırlar.
- Təbliğatın düzgün qurulmamasının günahını kimdə görürsünüz?
- Peşəkar rəqs kollektivləri lazımi səviyyədə fəaliyyət göstərirlər. Yeni rəqslər qururlar, xaricə qastrollara gedirlər. Gənc rəqqasımız Şəhriyar Cəfərov öz gücünə, təkbaşına Türkiyədə keçirilən dünya üzrə rəqs yarışmasına qatırlaraq birinci yerə sahib oldu. O, bura gələndə ağlayırdı. Deyirdi: - "müsabiqəyə hərə öz yaxınları, dəstəkçiləri ilə gəlmişdilər. Mən birinci yeri qazandım, amma bilmirdim sevincimi kimlə bölüşüm. Qayıdandan sonra bir neçə telekanala zəng edib bildirdim ki, belə bir uğur əldə etmişəm, amma heç kəs yaxın durmadı. Ancaq AzTV". Axı, bu, bizim qürurumuzdur. Bunu danışıram məni qəhər tutur. Başa düşürəm, indi hər şey pulladır, kommersiya dövrüdür. Amma 5-10 istedadsızdan pul alıb reklam edəndə, bir istedadlıdan pul almamaq olmazmı? Heç güzəşt də etmirlər. Bir-birinə söz atıb qalmaqal edənləri isə tez göstərirlər.
- Qarşıda hansı planlarınız var?
- Repertuarımda hind və ərəb rəqsləri üstünlük təşkil edir. Amma Şəhriyar Cəfərovun quruluşunda bir neçə milli rəqs də hazırlamaq istəyirəm. Hind rəqslərini isə özüm qururam. Hind və ərəb rəqsləri üzrə tələbələr də hazırlayıram. Klip çəkmək planım isə yoxdur. Məncə, klip dəbdən düşüb.
- Hansı rəqsə tamaşaçı tələbatı daha çoxdur?
- Son vaxtlar hind rəqsini daha çox istəyirlər. Ərəb rəqsini sifariş edəndə insanlar məclisdəki qonaqların reaksiyasına görə bir qədər ehtiyat edirlər. Hind rəqsi isə elə də açıq-saçıq deyil, bizim milli rəqslə ərəb rəqsinin ortasındadır. Həm də ki, bizim xalqın hind musiqisinə qarşı xüsusi zəifliyi var. Buna görə də hind rəqsi indi daha çox dəbdədir.
Elşad ÜMİD