Sabir Rüstəmxanlı və Firidun Pərviznia yenidən DAK-ın həmsədrləri seçildilər

img

08-12-2010 [06:19]


4-5 dekabr 2010-cu il tarixində Almaniya Federativ Respublikasının qədim paytaxtı Bonn şəhərində ?Günnewig Hotel Residence?in konfrans salonunda Dünya Azərbaycanlıları Konqresinin (DAK) XI Qurultayı keçirilib. Qurultayda 20 ölkədən 200-dən çox nümayəndə iştirak edir. Onların arasında Azərbaycanın müxtəlif hökumət orqanlarının nümayəndələri - Prezident Administrasiyasının şöbə müdiri Qafar Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Tahir Hacıyev, Əsir və İtkin düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov, Azərbaycan, Türkiyə və türk dövlətlərinin diaspor təşkilatlarının nümayəndələri, Azərbaycan və Rusiya Milli Elmlər akademiyalarının (AMEA) alimləri, tədqiqatçı alim Aygün Həsənoğlu, Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sözçüsü Mahmud Bilgin, quzeyli və güneyli ziyalılar, fars şovinist rejiminin basqısı nəticəsində İran adlanan yeri tərk etmək məcburiyyətində qalmış və xarici ölkələrdə mühacirət həyatı yaşayan soydaşlarımız və s. var. Bunlardan 149 nəfəri səsvermə hüququna malik olan mandatlı nümayəndələrdir. Qurultayı DAK həmsədri Firidun Pərviznia açaraq qurultaya qatılan bütün nümayəndələri salamladı və müxtəlif təşkilatların təbriklərini onların diqqətinə çatdırdı. Bundan sonra Azərbaycanın quzeyində Qarabağ müharibəsində şəhid düşmüş və Güney Azərbaycanda aparılan milli mücadilə zamanı canlarını fəda etmiş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycanın dövlət himni oxundu. Bundan sonra səsvermə yoluyla Mandat Komissiyası, Katiblik, Say Komissiyası, Redaksiya Heyəti və Divan üzvləri seçildi. Mandat Komissiyasına Samir Əsədli, Qeys Məmmədov və Mehman Hüseynov, Katibliyə Real Cəfərli və Emil Bağırov, Say Komissiyasına Adilə Məmmədova, Elşən Tağızadə, Fuad Turan, Elçin Məlikov və Asəf Həsənov, Redaksiya Heyətinə Samir Adgözəlli, Samir Turan, Roman Ağayev, Elçin Rəcəbli və Əli Dəmirov, Divana isə Əjdər Tağızadə, Məhəmməd Müştaq, Hüseyn Vüsuqi, Behruz Həqqi və Əhməd Əbilov seçildilər. Daha sonra DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, DAK-ın Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimli, DAK-ın Ukrayna nümayəndəliyinin sədri Möhlət Hüseynov və DAK-ın Rusiya nümayəndəliyinin sədri Mirəşrəf Fətiyev hesabat məruzələrilə çıxış etdilər. Bundan əlavə, DAK həmsədrlərinin MDB dövlətləri üzrə müavini Abuzər Bağırov, DAK həmsədrlərinin Türk Dünyası üzrə müşaviri Tənzilə Rüstəmxanlı, güneyli hərəkatçı Mahnı Zənganlı və Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sözçüsü Mahmud Bilgin danışdı. Daha sonra hesabat məruzələrinə qiymət verildi. DAK Nəzarət-Təftiş Komissiyasının üzvü Ramiz Haqverdi çıxış edərək görülən işləri yüksək qiymətləndirdi. Bundan sonra çıxışlar səsə qoyularaq dayandırıldı və qurultay da səs çoxluğuyla DAK İdarə Heyətinin fəaliyyətini kafi dəyərləndirdi. Eyni zamanda Vaqif Arzumanlı, Abuzər Bağırov, Oktay Hüseynov, Sevil Nuriyeva, Adil Minbaşı, Əlövsət Əliyev, Rövşən Qəmbər qurultay adından dünya ictimaiyyətinə, parlamentlərə müraciət hazırlamaq üçün Təşkilat Komitəsinə üzv seçildilər. Daha sonra DAK Nəzarət-Təftiş Komissiyasının sədri Aqil Ələsgər avtomobil qəzasısına düşdüyündən və qurultaya gələ bilmədiyindən qurumun katibi Samir Əsədli hesabat verərək DAK İdarə Heyətinin hamısı olmasa da, bəzilərinin fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirdi. Hesabat səs çoxluğuyla təsdiqləndi. Hətta DAK-ın keçmiş sədri Cavad Derəxti zəng açaraq qurultay iştirakçılarını təbrik etdi. Xəzər Emin, Məhəmməd Müştaq, Əjdər Tağızadə, Rəşad Xasayoğlu və Azər Əxş çıxış etdilər. Bundan sonra DAK-ın İdarə Heyətinə seçkilər başladı. DAK-ın İdarə Heyətinə namizəd olan 40 nəfər özünü qısaca təqdim etdikdən sonra gizli səsvermə keçirildi. konqresin Nizamnaməsinə uyğun olaraq 17 üzv seçildi. Bunlar Sabir Rüstəmxanlı, Səftər Rəhimli, Adil Minbaşı, Vaqif Arzumanlı, Baba Tağıyev, Mirəşrəf Fətiyev, Oqtay Hüseynov, Tahir Hacıyev, Abuzər Bağırov, Firudin Pərvizniya, Möhlət Hüseynov, Hüseyn Vüsuqi, Nurəddin Qərəvi, Əjdər Tağızadə, Fərəməz Quluzadə, Məhmət Müştaq və Bəhruz Həqqidir. DAK İdarə Heyətinin üzvləri isə ilk yığıncağını keçirərək konqresin Nizamnaməsinə uyğun olaraq öz aralarından həmsədrləri seçdilər. Sabir Rüstəmxanlı və Firidun Pərviznia yenidən DAK-ın həmsədrləri seçildilər. Eyni zamanda DAK İdarə Heyətinin üzvləri yekdilliklə Əjdər Tağızadəni DAK Daimi Şurasının sədri seçdilər. Bundan əlavə, Abuzər Bağırov DAK həmsədrlərinin MDB regionu üzrə müavini, Xəzər Emin isə humanitar məsələlər üzrə müavin təyin olundu. Eyni zamanda DAK İdarə Heyətinin üzvləri bəzi ölkə nümayəndəliklərini də təsdiqlədilər. Beləliklə, Səftər Rəhimli DAK-ın Azərbaycan, Mirəşrəf Fətiyev Rusiya, Möhlət Hüseynov isə Ukrayna nümayəndəliklərinin rəhbərləri təyin edildilər. Qurultayda DAK həmsədrlərinin, ölkə nümayəndəliklərinin rəhbərlərinin, qurumun Nəzarət-Təftiş Komissiyasının katibinin hesabat məruzələri dinlənildikdən sonra seçkili orqanlara seçkilər başladı. Açıq səsvermə yoluyla 8 namizəd arasından 7 nəfər DAK NTK üzvləri seçildi. Bunlar Samir Əsədli, Babək Tağızadə, Samir Adgözəlli, Ramiz Haqverdi, Mustafa Kərimov, Nadir Həsənov və Xaliq Ələsgərovdur. DAK NTK üzvləri də ilk yığıncağını keçirərək konqresin Nizamnaməsinə uyğun olaraq öz aralarından sədrlərini və katiblərini seçdilər. Samir Əsədli yekdilliklə DAK NTK sədri, Babək Tağızadə isə müavin seçildi. Eyni zamanda DAK İdarə Heyətinin üzvləri yekdilliklə Əjdər Tağızadəni DAK Daimi Şurasının sədri seçdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA