?AXCP-Müsavat? blokunun namizədi növbəti dəfə Naxçıvanın Bakıdakı nümayəndəliyinə müraciət edib

img

16-12-2010 [12:58]


?AXCP-Müsavat? blokunun 2 saylı Şərur seçki dairəsindən namizədi Səxavət Əlisoy növbəti dəfə Naxçıvanın Bakıdakı nümayəndəliyinə müraciət edib. Nümayəndəliyik rəhbərinin müavini Həsən Hacıyevə müraciətində bildirib ki, noyabr ayında kiçik qardaşı Sabit Əliyevi Şərur rayonunun polis şöbəsinin rəis əvəzi Nəzmi Vəliyev və müstəntiq Tofiq Hüseynov 7 gün polis təcridxanasında məhkəmənin qərarı olmadan saxlayıb. Bu zaman isə nümayəndəlik elə bir açıqlama verib ki, Əlisoy buna təəccüblənib: ?Azərbaycan vətəndaşını qanuna zidd olaraq 7 gün polis şöbəsində saxlayırlar, siz isə car çəkirsiniz ki, Səxavət Əliyevin qardaşları sərxoş vəziyyətdə kənd ağsaqqallarını təhqir ediblər. Həsən müəllim, qardaşım Çapay Əlisoy 19 yaşından namaz qılır. Zəhmət çəkib xəbər alsaydınız, bunu bütün kənd camaatı və polisə şikayət ərizəsi verənlərdən biri - kəndin mollası Yasin Əliyev də təsdiq edərdi. Namaz qılan bir adamı sərxoş adlandırmaq, tipik bolşevik yanaşmasıdır ki, var, Həsən müəllim. Qardaşım Sabit Əliyev ?kənddə seçkini saxtalaşdıranlar, şərəfsizdir? dediyinə görə kənd camaatının yox, üç nəfərin - Püsyan kəndinin icra nümayəndəsinin, onun müavininin və kəndin mollasının şikayəti əsasında 7 gün qanunsuz həbsdə saxlanılıb ki, onları da ağsaqqal adlandırmanız ağlı başında olanların istehzasına səbəb olub. Qardaşım Sabit Əliyev ?kənddə seçkini saxtalaşdıranlar, şərəfsizdir? dediyinə görə həbs olunub. Necə düşünürsünüz, bəlkə ?seçkini saxtalaşdıranlara eşq olsun? deməli idi? Dekabr ayının 10-u yəqin bilirsiniz, İnsan haqlarının müdafiəsi günü idi. Məhz o gün Şərur rayon polis şöbəsinin rəisi Məmməd Hüseynov və bölmə rəisi Əhməd Təhməzov başda olmaqla 30-a yaxın polis əməkdaşı qardaşım Çapay Əliyevə məxsus mağazanı, evin bir hissəsini buldozerlə dağıdaraq, mağazanın mallarını və evin ehtiyat ərzaqlarını özləri ilə gətirdiyi yük maşını ilə aparıblar. Dekabrın 10-da günün günorta çağında Şərur rayon polis şöbəsinin rəisi Məmməd Hüseynov və bölmə rəisi Azərbaycanın dövlət qanunlarını tapdalayaraq, qardaşım Çapay Əlisoyu huşunu itirənə qədər döymüş, bacım Rəxşəndə Tağıyevanı, yeznəm Bayram Tağıyevi, bacım oğlu Zakir Babayevi, əmim qızları Balaxanım və Gülarə Əliyevaları qəddarcasına döyüb onlara xəsarət yetirmişlər. 5 gündür xəsarət alanlara tibbi xidmət göstərilmir, onların adamı riqqətə gətirən şəkilləri və dağıdılmış evimizin görüntüləri qəzetlərdə, internet səhifələrində yer alır, siz isə durub deyirsiniz ki, bu hadisə olmayıb. Ayıb deyil, Həsən müəllim? Siz hadisədən sonra 5 gün susdunuz və susmaqda davam etsəydiniz, şəxsinizə heç bir sualım olmazdı, hörmətli nümayəndə. İndi isə var. Lütfən, aşağıdakı 3 suala cavab verin, Həsən müəllim. - Polis rəisi vətəndaşa bilavasitə özü xəsarət yetirirsə, qanundan, asayişin qorunmasından, stabillikdən danışmağın adı nədir? - Xəsarət yetirilmiş vətəndaşlara tibbi xidmət göstərilməməsi hansı bəşəri qanunlara uyğun gəlir? - Siz, Həsən müəllim, nədən Püsyan kəndində baş vermiş hadisə ilə bağlı mətbuat konfransı keçirmirsiniz? Və bir də xatırlatmam var, çox hörmətli nümayəndə. Bu gün Aşura günüdür. Aşura günündə İmam Hüseyn zülmə, ədalətsizliyə, haqsızlığa qarşı savaş edərək, şəhid oldu. Adınız İslamın ən böyük şəhidinin qardaşının adını təcəssüm etdirir. Heç olmasa bunu yaddan çıxarmayın və açıqlama-filan verərkən göydəki Allahı yaddan çıxarmayın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA