"Toylar kralı-3"ün qalibi Əli Məmmədov: "Qalmaqalla populyar olmağı zəxsiyyətimə sığızdırmıram"

img

05-12-2010 [06:18]


ANS telekanalında yayımlanan "Toylar kralı" müsabiqəsinin bir neçə ay öncə müəyyənləşən 3-cü qalibi Əli Məmmədovun yarışmadan sonrakı yaradıcılıq fəaliyyəti, eləcə də reklam kampaniyası o qədər də nəzərəçarpan olmadığından, onunla görüşərək vəziyyətə aydınlıq gətirməyə çalışdıq. Müğənni müsahibəsində həm özü, həm də sənət işləri barədə ətraflı məlumat verdi: - 1990-cı ildə Füzuli rayonunda Ağabala Abdullayev adına 5 saylı musiqi məktəbini bitirmişəm. Bir neçə rayonda musiqi festivallarının qalibi olmuşam. 1990-92-ci illərdə isə xanəndə Qəzənfər Abbasovun Muğam studiyasında təhsil almışam. Hazırda təhsilimi Şuşa Musiqi Kollecində davam etdirirəm. - Albomunuz varmı? - 2004-cü ildə "Səbuhi" studiyasında "İtirdim səni" adlı ilk albomum işıq üzü gördü. Ora daxil etdiyim 3 mahnıya klip də çəkdirmişdim. Kaset və kliplərim böyük səs-soraq salmasa da, tanınmağımda müəyyən rolu oldu. Amma "Toylar kralı"nda qalib olandan sonra daha çox tanındım. - Albomunuza niyə belə nisgilli ad qoymusunuz? - Həmin ərəfədə anam rəhmətə getdi. Buna görə də albomu anama ithaf edərək belə adlandırdım. Amma albomda olan eyniadlı mahnı sevgidən bəhs edirdi. - Yəni sevginizi də itirmişdiniz? - Gəncliyimiz ağır vəziyyətdə, müharibədə keçdiyindən arzuladığımız sevgini yaşaya bilmədik. Valideynlərimi, torpağımı itirəndən sonra nə sevgi? - "Toylar kralı" Sizə nə dərəcədə stimul verdi? - Təbii ki, bu layihədən sonra işlərimi daha fəal şəkildə davam etdirmək qərarına gəldim. Sözün düzü, müsabiqəyə kral olmaq iddiası ilə qatılmamışdım. Uzun müddət idi "hərəkətsiz oturmuşdum". İstədim özümü sınayım, ən azından, sənətimi göstərim... - Geniş kütlə Sizi yaxşı tanımadığından, qalib gəlməyiniz çoxlarını təəccübləndirdi... - Bəlkə də. Amma ifam, repertuarım, yəni oxuduğum mahnılar hamının xoşuna gəldi və məni təkcə tamaşaçılar deyil, münsiflər də dəstəklədilər. Sağ olsunlar! - Səhv etmirəmsə, ilk çıxışınız zamanı "Dədə Qorqud" filmindən mahnı oxudunuz. - Bəli. Bu mahnını bəstəkar Emin Sabitoğlu yazıb. Filmdə isə onu Yalçın Rzazadə kimi görkəmli müğənnimiz ifa edib. Bu, çox çətin əsər olduğundan, diqqəti özümə çəkə bildim. - Məgər toylarda belə mahnılar da oxuyurlar? - Bu, sevgi nəğməsidir. Onu bir neçə toyda oxumuşam. Hətta Rusiya toylarında oxuyarkən, bəylə gəlin zala bu mahnının sədaları altında daxil olublar. - Bir çox müsabiqə iştirakçıları imkanlı şəxslərə, məmurlara üz tutaraq onlardan səs istəyirlər. Siz kimlərə müraciət etdiniz? - Mən konkret ad çəkmədim. Sadəcə, bəzi insanlara salam göndərdim. Arxamda dayanan sponsorum yoxdur. 1991-ci ildən Bakıda - restranlarda, toylarda oxuyuram. Az-çox tanıyanlar var. Yəni daha çox dinləyicilərimə, xalqa güvəndim. Şadam ki, onların etimadını doğrulda bildim. - "Toylar kralı" olandan sonra nə dəyişdi? - Məni axtaranların sayı artdı. Məclislərimin sayında, qonorarımda dəyişlik oldu. - Amma razılaşın ki, partlayış olmadı. Maraf Ağayevin "Toylar kralı" olması daha çox səs-küy doğurmuşdu. - Buna da şükür! Ümumiyyətlə, hər müsabiqədə ilk qalib daha çox şöhrət tapır. Bir az özümdə də tənbəllik var. O qədər də təşəbbüskar deyiləm. Canfəşanlıq etmirəm ki, kimsə məni harasa dəvət etsin. Gözləyirəm ki, təklif özlərindən gəlsin. Var olsun ANS telekanalı, bir çox layihələrinə, konsertlərinə dəvət edir, məni unutmur. - Bəs, o biri telekanallardan niyə dəvət gəlmir? Bəlkə səbəb budur ki, çox təmkinlisiniz, qalmaqallara getmirsiniz? - Qalmaqalla populyar olmağı şəxsiyyətimə sığışdırmıram. Mənim üçün şəxsiyyətim populyarlıqdan ucadır. İstəmərəm ki, kiminləsə höcətləşəm, sözləşəm, sonra da narahat yatam... - Yəni daha da populyar olmaq istəmirsiniz? - Qismətdirsə, olacağam. Qismət deyilsə, neyləmək olar? Amma yarışmadan sonra kifayət qədər fəal olmadığımı etiraf edirəm. - Nə kimi planlarınız var? - Növbəti albom üzərində işləyirəm. İstəmirəm zəif mahnılarla tanınım. İstəyirəm ki, efirə çıxanda peşəkar musiqiçilər tərəfindən də bəyənilim. Buna görə də ciddi əsərlərə müraciət edirəm. Repertuarıma Cahangir Cahangirovun "Ana Kür" mahnısını da salmışam. Belə mahnıların hər biri üzərində ay yarım, 2 ay işləmək lazımdır. Bu səbəbdən işlərim də ləngiyir. - Yeni albomunuzda ancaq "ağır" mahnılar olacaq? Hər halda dinləyicilər yeni ifaçıdan yeni mahnılar da gözləyirlər... - Klassik mahnılar səsimə düşür. Onların bəzilərini indi, demək olar ki, ifa etmirlər. Yeni mahnılarla bağlı da bəstəkarlara müraciət etmişəm. Məhərrəmlikdə bu işin üstünə düşəcəyəm. - İndiki müğənnilər özləri də bilmirlər nə ifa etsinlər. Hamı universal olmağa çalışır. Bu, nə dərəcədə düzgündür? - Təbii ki, xanəndə üçün xarici mahnılar oxumaq çətindir. Amma Azərbaycan mahnılarını heç mahir xarici ifaçılar da oxuya bilmirlər. Məni xalq və klassik üslub daha çox çəkir. Estrada janrında da oxuyuram. Lazım gəlsə, rok da oxuyaram. Amma "mənəm" deməyi sevmirəm. Bunu deməyə haqqımız yoxdur. Çünki sənətdə bizdən çox-çox böyük sənətkarlar var. - Hələ vizit kartınız olan mahnınızı tapmamısınız. Müasir bəstəkarların mahnılarını necə qiymətləndirirsiz? - Gözəl. Gənc müğənnilərimiz - Zamiq Hüseynov, Ayaz Qasımov, Elton Hüseynəliyevin repertuarında gözəl mahnılar var. Mənsə hələ ki, tam ürəyimcə olan mahnını axtarıb tapmamışam. Yarışmadan sonra mənə çox mahnı təqdim etdilər, amma heç biri ürəyimcə olmadı. - Duet oxumağı düşünmürsünüz? - İlk albomumda Gülbəniz Rəcəbli ilə duet oxumuşdum. Hələ ki, yenidən belə bir fikrə düşməmişəm. - "Toylar kralı" adına layiq görüldünüz. Özünüzü zirvədə hiss edirsiniz? - Bu ad çox ürəyimcədir. Şükürlər olsun ki, onu öz zəhmətimlə qazandım. Amma sənətdə zirvə barədə danışmağım tezdir. Çalışıram elə bir şey oxuyum ki, sənətin zirvəsində duran sənətkarlar dinləyib desinlər ki, yaxşıdır, halal olsun! - Sizin üçün zirvə nə deməkdir? - Zirvə əlçatmazdır. - Niyə ki? Alim Qasımov zirvədə deyil? - O, çox böyük zirvədədir. Ora çatmaq qeyri-mümkündür. Onun kimi sənətkarların yanında necə zirvədən danışmaq olar? Onları görəndə adam vahiməyə düşür. Bəlkə vaxt gələr, mən də elə bir ifa göstərərəm ki, özümü hamıya tanıdıb sevdirərəm. Zaman hər şeyi göstərəcək. - Elə ifaçılar var ki, titullulardan daha populyardırlar. Bu dəqiqə küçəyə çıxıb camaatdan soruşsaq ki, Əli Məmmədov kimdir, əksəriyyəti Sizi tanımayacaq. - Neyləyə bilərəm? - Hər hansı bir maraqlı layihəyə qol qoymaq fikriniz yoxdur? Həmkarlarınızdan kimsə aparıcılıq edir, kimsə realiti-şouya qatılır... - Belə planlarım yoxdur. Ancaq fikrim budur ki, qarşıdakı aylarda yeni albomum üçün mahnılar yazdırım və efirlərə çıxım. - Albomunuz nə zaman hazır olar? - Gələn ilin yazında. - İbadətlə məşğul olan şəxs kimi içki məclisində, yəni toyda oxumağı haram saymırsınız? - Bu suala cavab vermək çətindir. Hər gün ibadətimi edib, Allahdan günahlarımın bağışlanmasını istəyirəm. Bəlkə də toyda oxumaqla günah edirəm. Amma sənətim budur, mənə səsi də Allah verib. Onu gizlətmək olmaz. Çalışdığım qədər içki məclisindən uzaq oluram, içki olan masada oturmuram. - Toylarınızda ümumi vəziyyət necədir? - Şükür Allaha, əvvəlkindən daha yaxşıdır. - Üç "Toylar kralı" arasında hansını daha güclü hesab edirsiniz? - Hər kəs güclüdür ki, "kral" oldu. Heç kimin adı boş yerə çıxmayıb. - Səməd Səmədov artıq özünə "Orijinal toylar kralı" deyir. Belə çıxmır ki, digərlərinin, o cümlədən Sizin "kral"lığınız saxtadır... - Məncə, "kral" adına sahib çıxanların hər biri orijinaldır və bu ada layiqdir. Hər kəsin özünə görə ifası, hər çiçəyin öz ətri var. Bir də ki, əsas camaatın fikridir. [b]Elşad ÜMİD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA