05-12-2010 [06:15]
[b]Rəhman Əlizadə: "Teatrın uçuruma yuvarlanmasının səbəblərindən biri də aktyor nəslinin yetişməməsidir" [/b]
Bir dam altında birləşən, sözü-söhbəti nazirliyin kollegiya iclasına qədər uzanan üç teatrın zərbəsi sonda Gənclər Teatrına dəydi. Baş rejissor Cənnət Səlimova sözügedən teatrın səhnəsində quruluş verilən bütün tamaşaları "arxiv"ə göndərəcəyini bəyan etdi. Gənclər Teatrının repertuar siyasətində əməyi olan, hazırda isə Kukla Teatrının baş rejissoru vəzifəsini icra edən Rəhman Əlizadənin bununla bağlı münasibətini öyrəndik.
- Gənclər Teatrı bağlandı. Heç kəs bilmədi ki, niyə? Mövcud problemləri bir cümlə ilə demək çətindir. Qadın "İblis" rolunda ilk dəfə o teatrın səhnəsində oynanıldı. Sonra "Dünyanın axırı", Firuz Mustafanın "Su pərisi" tamaşaları... Teatrşünaslar yığışıb Cənnət Səlimova ilə mənim tamaşalarımı müqayisə etsinlər. Görək, hansı daha güclüdür?
Cənnət Səlimova Gənclər Teatrının repertuarından bir dənə də olsun tamaşa göstərmədi. Bunun səbəbi nədir? Hüseynağa Atakişiyevin Qorinin pyesi əsasında gözəl bir tamaşası vardı. Heç olmasa, repertuara onu salaydılar.
- Cənnət Səlimova müsahibəsində Hüseynağa Atakişiyevin və Sizin quruluş verdiyiniz tamaşaları "arxiv"ə, dekorasiyalarını isə ?axçıvana göndərdiyini bildirdi.
- Mən tamaşaları dekorasiyasız qururam. Bunu sevmirəm. Tamaşa dekorasiya demək deyil.
- Bəs, Səlimovanın oxu kimə tuşlanıb?
- Hamıya. Əgər tuşlanmırdısa, yaxud qərəzli deyildisə, Cənnət xanım Hüseynağa Atakişiyevin bircə tamaşasını bərpa edəydi. Hüseynağa mənim aləmimdə böyük bir rejissor idi. Çox təəssüf ki, onun qədrini sağlığında belə bilmədilər. İndi də bilmirlər. Onun bəzi yoldaşları efirə çıxıb Hüseynağa Atakişiyev haqqında ağızlarına gələni danışırlar. Amma heç biri bilmir ki, Hüseynağa böyük rejissor olub. O, təkcə Şəkidə 100 tamaşa, Akademik Milli Dram Teatrında isə 9 tamaşa qurub.
- Gənclər Teatrının sabiq direktoru Həsən Həsənov da susur. Onun bu hərəkəti Cənnət Səlimovanın ittihamlarının yerində deyildiyinə işarə deyilmi?
- Danışmaq üçün dünyagörüşü lazımdır. Hər insan öz fikrini ifadə edə bilmir, çünki vəzifələrini itirməkdən qorxurlar. Təkcə Həsən Həsənov susmadı ki... Məndən başqa bütün yaradıcı heyət Cənnət Səlimovanın dediklərini qəbul etdi. Cənnət Səlimova Hüseynağa Atakişiyevin yaradıcılığına belə münasibət bəsləməməliydi. Buna onun haqqı çatmırdı. Gənclər Teatrının bütün yaradıcı heyəti, başda rəhbərlik olmaqla, hamı can qoyduqları səhnənin keçmişinə xəyanət etdi. Mən çox yerə gedə bilərdim. Xahiş-minnət edib bu teatrı saxlayardım, lazımı adamlara deyərdim ki, Gənclər Teatrına toxunmayın. Amma gördüm ki, hamı təzə binaya can atır. Elə bilirlər ki, bina teatrdır. Bina heç bir vaxt teatr deyil. Şəxsiyyətlərin teatrları olur. Hüseynağa Atakişiyev Teatrlar İttifaqının bir küncündə işləyirdi.
Gözəl teatr binaları var. Görək onlar teatr olacaqmı? Gənclər Teatrının bağlanması ərəfəsində hamı şəkil çəkdirməyə can atırdı. Gənc Tamaşaçılar Teatrının foyesində qoyulan şəkillər üçün mübarizə gedirdi. Açığı, belə bir kollektivdə işlədiyimə görə, özümə nifrət etdim. "Kimin şəkili harada qoyulacaq",- devizini əlində tutan kollektiv, sən demə, teatrın bağlanmasını çoxdan istəyirmiş. Bunlar üçün bina böyük bir məsələymiş.
Cavan rejissorların əksəriyyəti ilə söhbət edirəm və görürəm ki, onların adi bir materialı belə yoxdur. Yəni, əsəri tamaşa halına salmaq üçün geniş materiala malik olmalısan.
- Sizcə, bu nədən irəli gəlir?
- Bu adamlar kitab oxumurlar. Ədəbiyyatın nə olduğunu bilmirlər. Rejissorların əksəriyyətinin Axundovun dramaturgiyasından xəbəri yoxdur. Mən demirəm ki, müasir dramaturgiya. Müasir dramaturgiyamız da var. Heç olmasa, onlar Axundov dramaturgiyasından xəbərdar olmalıdır. Həmin adamlar Rejissorluq fakültəsini bitirən kimi teatrlarda işlə təmin edilir. Şübhəsiz ki, bunun nəticəsi olmayacaq. Adi bir misal çəkim. Rəhmətlik Tofiq Kazımovun ehtiyatda 30-40 pyesi vardı. Hansı ki, o, bunları qurmaq istərdi. İndikilər isə pyes axtarır. Hansı ki, istənilən rejissor özünü ifadə etmək üçün minlərlə pyes var.
- Bədii Şura anlayışı teatrla bağlı qanunlarda öz əksini tapıb. Bəs, reallıqda necə, həmin şura fəaliyyət göstərirmi?
- Baş rejissor kimi quruluş verdiyim bütün tamaşalar Bədii Şuradan keçib. Amma elə rejissorlar var ki, Bədii Şura onun qurduğu tamaşanı bir də səhnədə görür. Bu bir reallıqdır. Tamaşa üçün smeta dəyəri hesablanır. Bu çox mürəkkəb məsələdir. Teatrın özünün pulu varsa, xərcləyir. Bəri başdan bilinir ki, tamaşanın 5 min xərci var. Bədii Şuradan sonra məsələ Texniki Şuranın müzakirəsinə verilir. Böyük bir proses gedir. Ona görə Bədii Şura, eskizlər olmadan nəzərdə tutulan işlər alınmır. Özəl teatrda isə tam başqadır. Xarici ölkələrdə, Türkiyədə belə teatrlar çoxdur. Dövlət teatrlarının sayı isə bizdəki qədər çox deyil. Məsələn, Türkiyədə Dövlət Kukla Teatrı yoxdur.
- Rusiyada isə Dövlət Kukla teatrları çoxluq təşkil edir.
- Bəli. Sankt-Peterburqda lap çoxdur. Moskvada isə tamam başqa sistemdir. Mən İvanov şəhərində oldum. Bu teatr Moskvadan 500 km uzaqda yerləşir. Orada teatrlar var. Əyalət teatrıdır. Amma buna baxmayaraq, teatra münasibət, tamaşaçıları, aktyorları son dərəcədə hazırlıqlı adamlardır. Hətta onların əyalət teatrı bizlərdən çox seçilir.
- Deməli, Azərbaycan teatrları Rusiyanın əyalət teatrlarına da çata bilmir?
- Çatsaydı Akademik Milli Dram Teatrı ?azirlər Kabinetinin qərarı ilə buraxılmazdı. İsrafil İsrafilov ora baş rejissor təyin edildi. Teatr buraxılırsa və eyni zamanda baş rejissor tapılmırsa, bu nə deməkdir? Bu, faciədir!
- Azərbaycanın akademik teatr səviyyəsində rejissoru yoxdur?
- Akademik Milli Dram Tetarında mərhum Tofiq Kazımovdan sonra bir müddət Hüseynağa Atakişiyev işlədi. Elə bir rejissor qüdrəti yoxdur ki, biz o teatrı həmin şəxsə etibar edək...
- Teatrda baş rejissor məsələsi mütləqdir?
- Müasir teatr rejissor sənətidir. Rejissor yönəldəndir. İki cür teatr yaratmaq olar. Bunlardan biri direktorun qurduğu teatrdır. Direktor dəvət edir, rejissor da tamaşa qurur. Belə teatr gec-tez dağılacaq. Teatr bir nəfərin çiyinlərində daşınmalıdır.
- Kimi nəzərdə tutursunuz?
- Yaradıcı adamı. Bütün dünya, o cümlədən Moskva da bunu sübut edib ki, teatr bir nəfərin olub. Bir tamaşa isə hələ teatr demək deyil. Teatr tamam başqa məkandır.
- Necə düşünürsünüz, İsrafil İsrafilov rəhbərlik etdiyi qurumu dirçəldə biləcəkmi?
- Bunu demək çox çətindir. İsrafil İsrafilov teatrdan xəbardar adamdır. İncəsənət üzrə doktordur. Özü də vaxtilə Tofiq Kazımovun assenti işləyib. Amma teatr uzun sürən bir prosesdir. Bir şey ki, dağılmağa doğru gedir, bunun səbəblərini araşdırmaq lazımdır. Bunu kim bu hala gətirdi? Hamı görür, bilir, amma danışmağa gələndə susur.
- Niyə susuruq?
- Çünki cəmiyyətin tələbi budur. Bu gün meydan boş qalıb. Hətta ziyalılar belə danışmır. İndi hər hansı bir vətəndaş meydana çıxıb bir-iki fikir mübadiləsi aparsa, hamı onu ziyalı kimi qələmə verəcək. Çünki danışır. Fərqi yoxdur, o, kimdir. Bizim teatrlar - Gənclər, Gənc Tamaşaçılar və Kamera teatrları birləşdi. Amma mən bu birliyə qarşı çıxdım.
- Hansı səbəbdən bu birliyi istəmirdiniz?
- Bu teatrları kimsə açmışdı ki, kimsə də bağlasın? Başqa ölkələrdə teatrları bağlamırlar, əksinə, yenilərini açırlar. 20 nəfərlik bir teatr artıq mədəniyyət deməkdir. Çünki 20 nəfər yığışıb təzə bir fikir, forma axtarır. Qəfildən isə teatr bağlanır. Fikir və formaları tamam fərqli olan insanlar bir məkanda cəmləşir. İdarəçilik isə bir nəfərə tapşırılır. Qəribə bir mühit, əhval-ruhiyyə yaranır. Müxtəlif məktəblər, müxtəlif psixologiyalar, - bəs, bunlar həmin mühitə necə uyğunlaşacaq? Gənclər Teatrı mərhum Hüseynağa Atakişiyevin, Kameraçılar isə Cənnət Səlimovanın dəsti-xətini götürmüşdülər. Gənc Tamaşaçılarda isə 70-dən yuxarı aktyor heyəti var.
- Bir ildən artıqdır aktyorlarla baş rejissor arasında gedən çəkişmənin səbəblərindən biri budur?
- Bu hələ harasıdır? Çəkişmə davam edəcək. Bilirsiniz bunun səbəbi nədir? Bizim nəsilin nümayəndələri var - Rasim Balayev, Mikayıl Mirzə, Səməndər Rzayev, Yaşar ?uri, İlham ?amiq Kamal və s. Bunlardan sonra teatra aktyor gəlmir. Ortaya çıxacaq aktyoru göstərin, görək kimdir o? Vaxt vardı hamı rəhmətlik Mikayıl Mirzəyə tənə edirdi. Deyirdilər Mikayıl Mirzə qışqırır. İndi onun "tozu"nu gəzirik. Mikayıl Mirzə sinədəftər idi, bəlkə ardarda yüz şeir deyirdi. Müasir aktyorlardan birini göstərin ki, üç şeiri dalbadal desin. Mikayıl Mirzə isə Füzulidən, Ramiz Rövşəndən də deyirdi. O, bütün şairlərin yaradıcılığına bələd idi. Teatrın uçuruma yuvarlanmasının səbəblərindən biri də aktyor nəslinin yetişməməsidir. Heç kəs bu problem üzərində baş sındırmır.
[b]
Bahar RÜSTƏMLİ[/b]