28-11-2010 [05:59]
Xalq artisti Yalçın Rzazadə mətbuata açıqlamalarının birində yaşadığı mənzilin problemlərini dilə gətirərək bildirib ki, evi ev deyil, döşəmə çürüyüb, yamaq-yamaqdır, pəncərələrsə iplə bağlanılıb. Yalçın Rzazadə ilə görüşərək ondan ev probleminin nə yerdə olması ilə maraqlandıq.
- Vəziyyət necə idi, elə də qalıb. İllər keçsə də, müsbət mənada heç nə baş vermədi. Dövlət sənət adamlarının çoxunu evlə təmin etdi. Hətta aralarında ikinci dəfə alanlar da oldu. Amma hələ ki, bu, Yalçın Rzazadəyə nəsib olmayıb.
- Sizin iki dəfə evlə təmin olunan sənət adamlarından nəyiniz əskikdir?
- Nə bilim. Yəqin, hələ lazım bilmirlər. Bir dəfə Prezident Administrasiyasına məktub da yazmışam. Cavab gəldi ki, "Baksovet"də filan şöbəyə, filankəsə müraciət et! Baxdım ki, bu, mənim səviyyəm deyil. Yalçın Rzazadə qapılara düşsün? Budurmu dövlətin sənətkara qoyduğu qiymət?
- Mədəniyyət və Turizm ?azirliyinə belə bir məzmunda məktub ünvanlamısınız?
- Mədəniyyət və Turizm Nazirliyinə məktub yazmaram. Bir il bundan əvvəl olan hadisələr, yaşadıqlarım nə mənim yadımdan çıxıb, nə də yuxarıların. Heç nə dəyişməyib. Mədəniyyət naziri mənim üçün heç nə edə bilməz!
- Deyilənə görə, sənət adamlarının ev siyahısı Mədəniyyət və Turizm ?azirliyində tərtib olunur...
- Bilmirəm! Axı, mən niyə ərizə yazım? Bəyəm mən hər yoldan keçənəm? Yoxsa səhnəyə dünən gəlmişəm? Mən, xalq artisti Yalçın Rzazadəyəm. Dahilərin yadigarıyam, dünyanın bütün ölkələrində Azərbaycanı təmsil edən bir sənətkaram.
- Yadınızdadırsa bir il bundan əvvəl akademik Ramiz Mehdiyev telekanallarda yayımlanan şou xarakterli verilişlər haqqında tənqidi məqalələr yazdı...
- Ramiz Mehdiyev öz məqaləsində ölkənin diqqət mərkəzində olan məsələlərdən bir neçəsinə toxundu. Xüsusilədə də mədəniyyət problemlərini önə çəkdi. Telekanallarda yayımlanan verilişlərin cəmiyyətin tələblərinə cavab vermədiyini və gələcək nəsili uçuruma apardığını bəyan etdi. O, qayda-qanunla bizim millətə xas olan adət-ənənləri, xüsusiyyəti tələb etdi. Amma nəticə nə oldu? Hamısı göz qarşısındadır. Baxın, telekanallara, səviyyəsiz, cəmiyyətin abır-həyasını bayırda qoyan verilişlər yayımlayırlar. Küçə söhbətləri, söyüşlər, təhqirlər efirlərdən xalqa nümayiş olunur. Nədir bu biabırçılıq? ?ədir bu rüsvayçılıq? Belə çıxır ki, bunlar heç kəsdən qorxub-çəkinmirlər. Adicə bir misal çəkim. Bir az bundan öncə A?S-dən mənə dəvət gəldi. Dedilər ki, Yalçın müəllim, siz Azərbaycanın dahi sənətkarısınız, ziyalısınız, bir veriliş hazırlayırıq, orada məhz sosioloji məsələlər müzakirə olunacaq. Biz istərdik ki, siz də həmin verilişdə iştirak edəsiniz. Soruşdum ki, verilişdə kim olacaq? Deyildi ki, bir alim, bir psixoloq, bəstəkar Faiq Sücəddinov və siz. Mən də razılıq verdim. Getdim və gördüm ki, arvadlar, kişilər, qızlar - hamı yığılıb. Pilləkənləri qalxanda prodüsserlə rastlaşdım. Dedi ki, Yalçın müəllim bura gəlibsə, hər şey yaxşı olacaq. İçəri girəndə soruşdum ki, bəyəm bu Elgizin verilişidir? Hamı bir ağızdan "Bəyəm görmürsünüz, əlbəttə ki Elgizin verilişidir", - dedi. Əsəbləşdim...
- Dəvətin həmin verilişdən gəldiyini bilmirdiniz?
- Yox, deməmişdilər. Əgər bu, əvvəlcədən mənə deyilsəydi ora gedərdim? Dəhşət! Görün, Yalçın Rzazadə hara dəvət alıb. Özümü saxlaya bilmədim. Dedim ki, məni bura niyə dəvət edibsiniz? Biri arvadını boşayacaq, biri atasını öldürəcək, digəri arvadının başqa kişi ilə ünsiyyət qurduğunu fəxrlə xalqa açıqlayacaq və s. Axı, başqalarının ailə söhbəti mənim nəyimə lazımdır? Bu ailə söhbətləridir? Görün, bizim xalqı nə vəziyyətə salıblar. Onları guya kömək etmək adı altında efirə çıxarırlar. Məişət zorakılığını, qadınların saç yoldusunu təntənəli şəkildə xalqa təqdim edirlər. Ayıbdır, ailə söhbətini küçəyə çıxarmaq bizim millətə yaraşmaz! Kimin ailəsində söz-söhbət olmur ki? Dedim ki, sizə ayıb olsun, məni niyə bura dəvət etmisiniz?! O veriliş bizim azərbaycançılığımızı məhvə aparır. Ailə başçısı arvadının başqa kişi ilə münasibət qurduğunu açıqlayır. Bu millətin gələcəyi necə olacaq?
Telekanallar xalqın yaşam tərzini şouya çeviriblər. Bizim namusumuz, abır-həyamız nə vaxtdan şou olub? Ayıbımızı örtməkdənsə, onu dünyaya bəyanlayırıq.
Əvvəllər müsabiqələr keçirilirdi - "Qızıl səs", "Qızıl şlyager" və s. İndi bu adlar öz yerini "pişik", "əjdaha", "canavar"a verdi. Jurnalistər də mənə sual verirlər ki, bu adlara necə baxırsınız? Amma abırlı-həyalı Azərbaycan sənətkarı olmaq lazımdır. Özü də bu adlar ancaq Azərbaycandadır. Hansı ölkədə sənətkara "əjdaha", "pişik" adı verirlər?
- Ailədə baş verən söz-söhbətlərin, biabırçılıqların efirə çıxması bu cəmiyyəti hara aparır?
- Kriminal duruma! Görün mən neçə ilin sənətkarıyam. Bu müddətdə ərzində bir dəfə də olsa Yalçın Rzazadə və onun ailəsi haqqında nəsə yayımlanıb? Yaxud da yaşadığı evdən nəsə bir reportaj gedib? Əlbəttə ki, yox. Bu axı nəyə lazımdır? Heç kəs küçədə yaşamır, hərənin başını soxmağa bir evi var. Özünü azərbaycanlı hesab edən insan abır-həyasına sığınmalıdır. Evin sözü dörd divar arasında qalmalıdır. Mənim ailəmin, yoldaşımın davranışı kimə lazımdı? Evin içərisində olan sənin yaşam tərzindir. Ona milyonlar baxmamalıdır. Niyə həyatının müzakirəsini kimlərinsə öhdəsinə buraxırsan? Guya sənin həyatını müzakirə edənlərin eyibləri yoxdur? Bunlar bizim milliliyimizə dəxli olmayan söhbətlərdir. Gör nə günə qaldıq ki, gələcək cəmiyyətin idarəçiləri efirə çıxıb qız bəyənir, efirdə ailə qurur. Axı biz belə millət deyildik? "Avropa", "Avropa" deyirlər. Bəyəm, Avropada qız əri efirdə tapır?
- Yəqin, söhbət A?S və ATV-də yayımlanan "Toy olsun" və "Onun yarısı"ndan gedir?
- Bu, Azərbaycan xalqının mentalitetinə zərbə vurmaqdır. Bizimkilərin yayımladıqları verilişlər onun-bunun məhsuludur. Bunu Türkiyədən götürüblər. Onlarda belə bir şou gedir. Onlar yaşlı, kimsəsiz insanları evləndirirlər. O verilişdə abır-həya var. Azərbaycanda isə tərsinədir. Qızlarımız, oğlanlarımız guya evlənə bilmir. Çıxıb efirə deyirlər ki, evlənmək, ərə getmək istəyirəm. Qızlara baxanda lap dəli oluram. Qız utanmır, valideyinin yanında özünə oğlan seçir. Ekranda "sən mənim xoşuma gəlmirsən, başqası gəlsin",- deyir. Qadın özünə ər axtarır. Bu, rüsvayçılıq deyil? Oğlan deyir: "Gərək, qızın aliəsini tanıyam, görüm kimi alıram". Camaatı, milləti belə yollara aparmaq olmaz! Axı bu haqqı onlara kim verib? ?ecə oldu biz bu yola çıxdıq?
- Belə çılpaqlıqla ailə quranların sonunu necə görürsünüz?
- "Geydirmə" bir ailə... Moskvada bir veriliş var. Milyardı olan kişi çıxıb efirdə ailə qurmaq istəyir. Təsəvvür edin, milyardı olan adam özünə arvad tapa bilmir? Bu, bir şoudur. Bizimkilər isə bu şounu döndərib həqiqət edirlər. Cavan qız oturub, yanında da bacı və qardaşları. Valideynləri də fəxrlə baxır. Özü də üzündə gülüş, dişinin üstü də örtülmür. Bu ailədir? Azərbaycan qızı belə ərə gedər?
- Bu məsələdə qınaq hədəfi kimdir? Efirə çıxıb ər axtaran, evlənən, kənardan fəxr edən valideyn, yoxsa onları cəmiyyətə nümayiş etdirən telekanal və veriliş rəhbərləri?
- Orada özlərini rüsvay edənlər gəlib həmin kanalın qapısını kəsdirmir ki? Əlbəttə, bu verilişi təşkil edib efirə verənləri də ittiham etmək lazımdır. Görün, bizim illərlə efir üzü görməyən nə qədər gözəl musiqilərimiz, teatr və kino nümunələrimiz var. Biabırçılığı verməkdənsə, onları yada salsınlar. Məsələn, dünya şöhrətli Müslüm Maqomayevin anadan olduğu günlə bağlı Rusiya kanalları bəlkə bir həftə danışdı, onun keçdiyi həyat yolu səhifələndi. Əsərləri, mahnıları səsləndi. Bizimkilər Moskvaya baxanda utanmadılar? Azərbaycanda isə bircə kanal Müslüm Maqomayevin adını və anadan olduğu günü xatırlatdı. O da qısaca. Səviyyəsiz toylara isə saatlarla efir ayrılır. Ayıbdır!
Rəşid Behbudov kimi bir sənətkar yalnız doğum və ölüm günü yada düşür. Mənim ürəyim yanır. Azərbaycan mədəniyyətini, musiqisini zülmlə yaradan və bugünkü nəsilə ötürən insanları yaddan çıxardırıq. Belə biabırçı və xalqı əxlaqsızlığa çəkən verilişlərin sayını artırırıq. Heç olmasa, bircə telekanal abırlı bir veriliş versin. Kanal rəhbərləri bunu görmür?
- Maraqlıdır, Yalçın Rzazadə hansı verilişlərə baxır?
- Azərbaycan telekanallarında yayımlanan xəbərlər proqramına və bir də A?S-dəki hava haqqında proqnoza. Hava mənim üçün ən vacib məsələdir. Çünki hava yaxşı olanda mənim səhhətim də yaxşı olur. Hara baxım? Əvvəllər İctimai Televiziyaya baxırdım. Gördüm ki, bu kanal da yolunu azıb. Dövlət kanalı, toyxana oxuyanlarına geniş səhnə verib. Bu kanal efirə 3 yaşında bir uşağı çıxardıb, o da "sevgilim" deyib səsini ərşə çəkir. 3 yaşında uşaq hara, "sevgilim" sözü hara? Qoy bu uşaq "Vətən", "Ana" haqqında mahnılar oxusun. Biz tərbiyyəni belə görmüşük. Onu efirə çıxardan utanmır? Bədbəxtlikdir! Şou ölkəni uçuruma aparır! İstərdim ki, Ramiz Mehdiyev bu məsələyə bir də qayıtsın. Biz gələcək nəsilə nə öyrədirik? Qızların çiyinlərində nakolka, oğlanlar da sırğalı... Bunlarla hansı cəmiyyəti quracaqsan? Bu cəmiyyətdən tərbiyə alanlar sabah Azərbaycanı necə idarə edəcək? O necə bir ölkə olacaq? Artıq bizdə azərbaycançılılıq qalmayıb. Bizim millətə xas olan xüsusiyyətləri bilə-bilə dağıdırıq. Səviyyəsiz veriliş rəhbərləri xalqın sənət adamlarını efirə çıxarıb təhqir edirlər. Başımız qarışıb səviyyəsiz şouya, ermənilər isə bundan istifadə edib bütün dünyaya meydan oxuyurlar.
- Ermənilər tar və kamançanı özününküləşdirib...
- Ermənilər xalq mahnılarımızı oxuyub hər yerdə bəyan edirlər ki, onlarındır. Amerika kinofilmlərində çoxlu balaban səslənir, erməni musiqiləri eşidilir. Onlar deyir ki, yastı balaban erməni musiqi alətidir. Biz bunların arxasınca düşməliyik, vaxtımızı milli musiqimizin qorunmasına həsr etməliyik. Belə verilişlər yayımlamamalıyıq. Ermənilər bizim mədəniyyətə sahib durmaq istəyir. Moskvaya baxın, rejissor, hakim, vəkil, məşhur rus aktyorları ermənilərdir, azərbaycanlı adı isə çəkilmir.
[b]
Bahar RÜSTƏMLİ [/b]