"Əksər hallarda rejissorlar rolları düzgün bölmürlər"

img

28-11-2010 [05:55]


filmini yaradıcılığında qara nöqtə sayan Səidə Quliyeva deyir ki, rejissorlar bəzən layiq olmayan aktyora baş rolu verirlər İlk debütünü 1979-cu ildə Akademik Milli Dram Teatrının səhnəsində rejissor Əşrəf Quliyevin "Heç nədən hay-küy" tamaşasında Hero rolu ilə edən aktrisa Səidə Quliyeva bugünədək həmin teatrda çalışır. Paralel olaraq, özünü kinoda da sınayan S.Quliyeva həm teatrda, həm də filmlərdə yaratdığı çoxsaylı, müxtəlif səpgili rollarına baxmayaraq, tamaşaçıların yaddaşında daha çox Əli Əmirlinin 1995-ci ildə ekrana çıxarılan "Bala-başa bəla" komediyasındakı İzzət ?əfisli obrazı ilə qalıb. - Səidə xanım, yetərincə tanınsanız da, bəzi həmkarlarınızdan fərqli olaraq hansısa layihələrə qatılmırsınız. Məsələn, xalq artisti Kübra Əliyeva "Parni iz Baku" ilə işbirliyi qurdu, Firəngiz Mütəllimova isə teleaparıcılıq etdi... - Belə şeylərə gedə bilmərəm. Şəxsi həyat, gözparıldadıcı yaşayış tərzilə özünü gözə soxaraq reklam etməyi pis hal sayıram. Həmişə ancaq sənətimlə məşğul olmuşam, tamaşaçının yaddaşında oynadığım rollarla qalmaq istəmişəm. Təklif olsa, ancaq Rafael və Coşqunla işləyə bilərəm. Amma onların şou-proqramlarında yox, tamamilə başqa layihədə iştirak edərəm. Onları çox tənqid etsələr də, istedadlıdırlar. - Özünüzü daha çox hansı ampluada görürsünüz? - Mənim üçün amplua anlayışı yoxdur. Təəssüflər olsun ki, bunu aktyorda rejissorlar yaradırlar və onu bir növ çərçivəyə salırlar. Aktyor istedadlıdırsa, ona həvalə olunan hər obrazı oynamağı bacarmalıdır. "Bala-başa bəla" tamaşasından sonra rejissorlar mənə orada oynadığım səpgidə rollar təklif etməyə başladılar. İşləmək istədiyimdən etiraz etmirdim. Şükürlər olsun ki, teatrda Mir Cəlalın "Dirilən adam" əsəri tamaşaya qoyuldu. Orada 80 yaşlı qarını oynadım. Hətta "Bala-başa bəla"nın rejissoru Şərif Qurbanəliyev tamaşa ərzində uzun müddət məni tanımamışdı. Çox sevindim ki, rejissor Oruc Qurbanov məni köhnə ampluadan çıxardı. - Ümumiyyətlə, xarakterinizə hansı rollar yaxındır? - Vaqif Mustafayev bir dəfə dedi ki, bəlkə də Nəsibə Zeynalovadan sonra ikinci böyük komediya aktrisası sən ola bilərsən. Böyük sənətkar olsa da, Vaqif bəyin bu fikrini qəbul etmirəm. Mənim üçün janrın əhəmiyyəti yoxdur. Düzdür, hər yaşın öz rolları olur. Cavan vaxtlarımda mənə Cülyeta rolunu vermədilər. Bu, hər bir aktrisanın arzusudur. Cavanlar var, gözəldir, amma bu rola yaramırlar. Çünki Cülyetanı oynayan aktrisanın çox gözəl səs tembri olmalıdır. Son dövrlər bir çox obrazların alınmamasının səbəbi də budur. Əksər hallarda rejissorlar rolları düzgün bölmürlər. Nəticədə, tamaşa o qədər də uğurlu alınmır. Yeni direktorumuz İsrafil İsrafilov teatrımıza xaricdən, MDB-dən rejissorlar çağrılmaq fikrindədir. - Buna nə ehtiyac var? - Bizdə rejissor qıtlığı var. Onlarla işləyərik, görərik nə bacarırlar. - Yəni çox geridə qalmışıq? - Kimisə günahlandırmaq asandır. İndiyədək irili-xırdalı çox rollarda oynamışam. Çox səviyyəli tamaşalarımız da olub. Mərahim Fərzəlibəyov 1980-82-ci illərdə Anarın "Sizi deyib gəlmişəm" pyesi əsasında maraqlı bir tamaşa qoymuşdu. Orada mən Xudayar bəyin birinci arvadı Şərəfi oynamışam. Bu tamaşa ilə bütün dünyanı gəzmək olardı. Hətta Zemfira Nərimanova, Firəngiz Mütəllimova, Bəsti Cəfərova kimi aktrisalarla öz rolumuzdan əlavə, başımıza çadra atıb kütləvi səhnələrə də çıxırdıq. Bunu etməyə də bilərdik. Amma ümumi işimiz yaxşı olsun deyə, buna da gedirdik. Təəsüflər olsun ki, indiki gənc nəsil ancaq baş rolu oynamağa can atır. Əslində isə bu yükü hər aktyor çəkə bilməz. - Rol bölgüsü çox vaxt narazılıq yaradır. Sizcə, bu zaman ədalətsizlik olurmu? - Olur! Bu, hər yerdə var. Bir də görürsən, rejissorlar layiq olmayan aktyora baş rolu veriblər. Belə şeylərə görə uzun müddət gözləmişəm. - Bunun səbəbini nədə görürsünüz? - Bilmirəm. Daha doğrusu, bilirəm, amma demək istəmirəm. Faktlara əsaslanıb danışmağı sevirəm. Kiminsə qeybətini etməyi xoşlamıram. - Stajlı aktrisa kimi Sizi taetrda ən çox narahat edən problemlər hansılardır? - Çox zaman teatrı təbliğat maşınına bənzədirlər. Bunun əleyhinəyəm. Düzdür, dövranla səsləşən tamaşalar da olur, amma onlar müvəqqətidir. Daha çox klassik əsərlərə üstünlük verilməsini istərdim. Teatrda ən böyük problem repertuar, sonra isə rejissor və aktyor münasibətləridir. Teatr kollektiv sənət olduğundan hər şey bir-birilə bağlıdır. Ortalığa yaxşı iş çıxarmaq üçün mütləq yaxşı pyes, yaxşı rejissor və yaxşı aktyorlar olmalıdır. Rejissor qıtlığı olduğundan biz aktyorlar da özümüzü arzu edilən yöndən göstərə bilmirik. İndiki gənclik elə bil ancaq musiqi ilə maraqlanır, teatrdan çox uzaqlaşıb. Bunun bir səbəbi də gənclərin problemlərinə toxunan tamaşaların yox dərəcəsində olmasıdır. Bizim dövrdə gənclər hər tamaşaya baxmağa çalışırdılar. Uşaq vaxtlarında, Kukla teatrına, sonra Gənc Tamaşaçılar teatrına, yaşa dolduqca "Azdrama"ya gedirdik. Bir növ teatrda böyüyürdük. Ədəbiyyat müəlliməm Bəxtiyar Vahabzadənin həyat yoldaşı Dilarə xanım olub. Hələ də yadıma gəlir ki, onunla "Antonio və Kleopatra" tamaşasını necə müzakirə edirdik. Təəssüflər ki, bu gün məktəblərdə bu yoxdur. Düzdür, indi həmin səviyyədə tamaşalar çox azdır. Amma bu müzakirələr də teatra maraq yaradarır. - Rol bölgüsü zamanı aktyorlardan soruşurlarmı ki, filan rolun öhdəsindən gələrsən, ya yox? - Elə şey yoxdur. Bəlkə kimsə özündən müştəbehdir, özünü çox rollarda görür. Amma bunu, yəni aktyorun hansı istedada malik olduğunu rejissor görməlidir. Bəzən rejissorlar da səhv edirlər. Arasında elələri var, tamaşadan sonra deyirlər ki, bu, onun rolu deyildi. Dəfələrlə şahidi olmuşam ki, aktyor hansısa rolu oynayacağını israr edib, amma nəticəsi uğursuz alınıb. - Ürəyinizcə olmayan rollarınız olubmu? - Xeyr! Rejissorun mənə həvalə etdiyi rolla qane oluram. Bəzən ürəyimdə öz-özümə soruşuram ki, görəsən filan rolu mən oynaya bilərəm? Amma tam cəsarətlə demirəm ki, bu rolu oynayaram. Rolun böyüklüyündən, mənfi və ya müsbət obrazdan asılı olmayaraq, tamaşaçının daxilinə yol tapırsansa, oyununa əl çalacaq. - Bir sıra rollarınızı izləyərkən, Sizin yumorun fərqli, bir qədər sarkazmlı, yaxud da sətiraltı olduğu nəzərə çarpır. - Mən məktəb görmüşəm, Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədovdan bəhrələnmişəm. Şitliyi sevmirəm. - Amma son vaxtlar bəzən yumoru çox şitləşdirib, təlxəkliklə səhv salırlar... - "Bəzən" sözünü çıxarın. Təəssüflər olsun ki, indi yumor ancaq başa qapaz vurmaq, bir-birini təhqir etmək yolu ilə çatdırılır. Belə şeylərə baxanda məndə gülüş deyil, ikrah hissi yaranır. Çalışıram ki, baxmayım. Komediya güldürməklə yanaşı düşündürməlidir. Hərdən baxıram bu "komediyalara", orada insanın mənliyini təhqir edən elə sözlər olur ki... Əslində, bu yolla bütün millətimizi təhqir edirlər, tamaşaçı isə buna əl çalır. Özü də söhbət nüfuzlu tamaşaçıdan gedir, yəni baxırsan, zövqlə geyiniblər, gözəl görkəmdədirlər. - Bu gün aktyorların dolanışığı çətindir. Səidə xanım nədən həvəslənir? - Dünya miqyasında 19-cu əsrə kimi aktyor sənətinə münasibət qeyri-ciddi idi. 1930-40-cı illərə qədər qadınlarımız səhnəyə çıxmayıblar. Onların yerinə kişilər, ya da tatar və rus aktrisaları oynayıblar. İlk fədakar addımı aktrisamız Sona Hacıyeva atıb. Onu anası Əzizə Məmmədova səhnəyə gətirib. Sovet dövrünə kimi aktyorlarımız bir qarnı ac, bir qarnı tox yaşayıblar. Sovet dövründə sənətə yüksək qiymət verildi. Bu gün sənət adamlarımızın vəziyyəti çox əla olmasa da, pis də deyil. Efirə çıxıb ağlamağı xoşlamıram. Bəlkə də mənim çoxlarından da çətin anlarım olub. Amma insan mənən dövlətli olmalıdır. C.Cabbarlı kimi dahi çox nimdaş geyimdə gəzirmiş, amma adı tarixdə qaldı. - Sənətdəki bir çox qadınlardan fərqli olaraq, Sizin normal ailəniz var... - Bəli, bir oğlum var. Həyat yoldaşım AzTV-nin əməkdaşıdır, səs rejissorudur. Qayınanam Elmira Quliyeva konservatoriyanın professorudur. - Bir sıra filmlərdə də çəkilmisiniz. Kino aktrisalığı Sizə nə dərəcədə yaxındır? - Teatr canlı sənət olsa da, kinoda çəkilmək daha çətindir. Bəzən ancaq kamera ilə qarşı-qarşıya qalırsan... Əslində, kino, teatr, dublyaj - hamısı bir sənətin qollarıdır. Mən daha çox Vaqif Mustafayevin filmlərində çəkilmişəm. İlk yaradıcı tanışlığımız "Mozalan"da olub. Sonra o, "Yaramaz" filmini çəkəndə məni baş rolun arvadı roluna çəkdi. Sonra "Fransız", "Yerlə göy arasında", "Milli bomba", "Yoxlama" filmlərinə çəkdi. "Azarkeş", "Susmuş vicdan" seriallarında da rol almışam. - 5 il öncə ekranlaşdırılan, o zaman premyerası geniş reklam edilən "Adam ol" filmində də çəkilmisiniz... - Bəzən hansısa filmə çəkilməyə razılıq verirəm, sonra da peşman oluram. "Adam ol"u yaradıcılığımda qara nöqtə sayıram. - Keçdiyiniz yaradıcılıq yolundan tam razısınız? - Xeyr! Biz aktyorlar ömür boyu rejissorlardan asılı olmuşuq, elə rol gözləmişik. Şəxsən mənim taleyimə gözləmək qismət olub. İstəyirəm rejissorlar mənə böyük rollar təklif etsinlər, seçim qarşısında qalım. - Bəlkə rejissorlarda lazımi təəssürat yaratmamısınız? - Bu qədər işlər görmüşəm, daha nə təəssürat yaratmalıydım? Hər bir aktyor gözləmə mövqeyində olur. Mən gedib rejissordan tələb edə bilmərəm ki, mənə filan rolu ver. Deyənlər var, amma mən bunu özümə alçaqlıq sayıram. - 2000-ci ildə əməkdar artist adına layiq görülmüsünüz. Artıq 10 il keçib. Yenə gözləmə mövqeyindəsiniz? - Bəli, gözləyirəm. Çox insanlar elə bilirlər xalq artistiyəm. Hətta çox zaman titulumu belə də göstərirlər. Bunu ilk dəfədir sizə deyirəm. Mənə elə gəlir ki, bu ada çoxdan layiqəm. - Aktrisalıqdan fərqli vəzifədə çalışmaq arzunuz var? - 9 il Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs demişəm. Amma sonra uzaqlaşdım, çünki pedaqogika elə elmdir ki, gərək özünü ancaq ona həsr edəsən. Məndə isə "xaltura" yoxdur, işimə xəyanət etməyi sevmirəm. Film və tamaşalarım bir yana, övladım da balaca idi. Sağlıq olsun, görsəm ki, teatrda mənə ehtiyac yoxdur, onda pedaqoq kimi çalışaram. - Yaxın zamanlarda pərəstişkarlarınızı nə ilə sevindirəcəksiniz? - Türk serialına dəvət almışam. Amma işə başlamamış ətraflı məlumat vermək istəmirəm. Filmdə digər tanınmış aktyorlarımız da çəkiləcəklər. [b]Elşad ÜMİD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA