21-11-2010 [04:21]
[b]İlham Əsgərov: "Həmin efir rəhbərlərinə zəng edib deyirəm ki, bu söyüşləri özünüzə götürün" [/b]
Teatr, qiraət və dublyaj. Xalq artisti, Dövlət Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərov müsahibəsi zamanı bu mövzuların hər biri haqda ətraflı danışdı:
- Əvvəlki mühit tam başqa idi. Uşaqlar incəsənətə həvəslə gəlirdi. Həm də hamı bilirdi ki, təhsili başa vurub təyinatla haradasa işləyəcək. İndi isə təhsilini başa vurdun, yaxşı yol, get özünə iş tap! Belə şəraitdə sənətkarlar harada yetişəcək? Restoranda, yoxsa biabırçı verilişlərdə?
[b]- İndi müəllimlər də əvvəlkitək dərs keçmir. [/b]
- Rza Təhmasib nəzəriyyə ilə yanaşı, jestlərlə də çox şeyi öyrədirdi. Ədil İsgəndərov isə "A bala, o şeyi zad elə" deyəndə bilirdin ki, söhbət nədən gedir. Yaşlı kişi idi. Hərdən yatsa da qulağı bizdəydi. Diplom tamaşasını təhvil verirdik. Baxırdıq ki, kişi yatıb. Tamaşa başa çatan kimi ağaya dururdu, deyirdi - "Qada, sən niyə filan yerdə belə etməmisən?" Dəhşətə gəlirdik. Onlar həm sənətkar, həm də çox peşəkar insanlar idi. Mehdi Məmmədov, Tofiq Kazımov və başqaları da bu xüsusiyyətə malik idi.
[b]- Teatrınızda yeni tamaşa gözlənilirmi? [/b]
- Hazırda bir çox əsərlərə quruluş verilir. "İbrahim xan"ı məşq edirik. Onu ağıllı bir hakim kimi təqdim edəcəyik. Amma əsərin axırında o, aldandığından xəbər tutur və bunun cəzasını çəkir.
[b]- Qiraətçi kimi sevilməniz aktyorluğunuzu arxa planda qoymur? [/b]
- Belə düşünmürəm. Bizim də arzumuzdur ki, tamaşaçı daima bizi səhnədə, müxtəlif rollarda oynayan görsün. Bəzən təmir, müxtəlif hadisələr baş verir, hamı teatrdan ayrı düşür. Vaxtımız hədər gedir. 1990-cı ilədək çox rollarımız vardı. Teatra güclü axın olurdu. Gənclər xüsusilə çox idi. Yaşlı sənət adamları gənc artistlərlə tərəf müqabili olurdu. Bilmədiyimiz şeyləri öyrənirdik. Amma 1990-1996-cı illərdə teatr zəiflədi.
[b]- Teatrdakı akademik səviyyə qalıbmı? [/b]
- Çalışırıq teatrı yüksəyə qaldıraq. Etiraf edək ki, cəmiyyətin bütün sahələrində zəifləmə var. Teatrın ənənələrini qorumaq, eyni zamanda müasir gözlə təkmilləşdirmək lazımdır. İstərdim ki, teatrda həm klassik, həm də yeni əsərlər çox olsun. Aktyorun boş vaxtı olmasın. Bu olmayan yerdə biz teatr adamları nə ilə məşğul olmalıyıq? Şairlərin yazdığını kim oxuyur? Biz oxuyub camaata sevdiririk. Axı, hər adamın yeni əsərlərdən xəbəri də olmur.
Bazarda işləyən birini məcburən "Darıxma, ana" adlı tamaşaya apardım. Gördüm ki, ağzı açıq qalıb. Mövsüm Sənaninin monoloqu onu, elə hər kəsi heyran etdi. Hətta zalda səs-küy salan uşaqlar da sakitləşdi. Çıxanda dedi ki, nə yaxşı məni bura gətirdin, nə vaxt gəlsən, məni unutma. Sənətin təsiri, gücü budur.
[b]- Azərbaycan teatrının durumuna baxanda gülürsünüz, yoxsa ağlayırsınız?[/b]
- Çalışırıq gülək. Ağlamağa nə var? Tənqid etmək də asandı. Amma bu şərtlə ki, işin içində olmalısan. Təəssüf edirəm ki, tənqidi teatrla əlaqəsi olmayanlar edir. Teatr rəhbərliyi dəyişilib. Hər şey yaxşı olacaq. Bu gün deyilən, müzakirə edilənlərin hamısı həyata keçəcək. Binaya köçəndən sonra bütün repertuar təzədən qurulacaq.
[b]- "Bulaq" verilişində bəzən ləhcə ilə danışırsınız. [/b]
- Şəkidən lətifələr gəlir. Borcumdur ki, onları yazıldığı kimi oxuyam. Lənkərandan gələn məktublarda da ləhcənin şirinliyini qorumaq üçün obraza girirəm. Ümumi borcumuz isə ədəbi dildə danışmaqdır. Hər ləhcəni ədəbi dilə salmaq olmaz. İndi dilimizə, efirimizə hərə bir ləhcə gətirir. Qeyri-peşəkarlar ədəbi dilimizə şitlik gətirirlər.
[b]- Elə bir mətn olub ki, utanaraq oxumusunuz? [/b]
- Olub. Bəzən mənə tanış olmayan bəzi mətnləri oxuyanda mat qalıram ki, ay Allah, bu nə sözlərdir? Onu yazan hara baxıb? Bir-iki aydan sonra onu repertuardan çıxarmışam. Bəzən tamaşalarda da ürəyimcə olmayan rol almışam. Rejissora demişəm ki, mətn məni qane etmir. Deyib ki, necə yəni, müəllif belə yazıb. Rejissoru razı sala bilməyəndə roldan imtina etmişəm. Amma tamaşa hazır olanda görmüşəm ki, mənim mübahisə etdiyim sözü əsərdən çıxarıblar. Əsəbiləşib demişəm ki, bunu düzəldəydin, elə mən oynayaydım. Belə sözlər millətə xəyanətdən başqa şey deyil. Dublyajda da milli mentalitetə uyğun olmayan sözlər, hətta söyüşlər də olur. Dəyişirəm. Bunu mədəni dildə demək olmur bəyəm? Bəzi telekanallar efirdən söyüş verirlər. Küçədə eşitmədiyimi söyüşləri ekrandan eşidirəm. Həmin efir rəhbərlərinə zəng edib deyirəm ki, siz özünüzü söyürsünüz. Söyüş hamının evinə paylanır. Görəsən, öz ailələri bunlara baxmır?
[b]- Geniş tamaşaçı rəğbəti qazanan "Həzrəti Yusif" filmini səsləndirəndə çətinlikləriniz oldumu? [/b]
- Çox gözəl filmdir. Amma işləmək üçün pirimitiv yerlər təklif edirdilər. Səsi gözəl yazmaq isə məsuliyyət tələb edir. Dublyajın rejissoru Emin Abbasov əsər üzərində çox işlədi. Özü də ingilis, fars və ərəb dilində bilir. Filmə gözəl terminlər gətirdi. Mətni oxuyanda gördüm ki, çox savadlı bir şəxsin əlindən çıxıb.
[b]- Teleserialda bəzi sözlər tamaşaçılar üçün yeni idi. [/b]
- İşlənməyən sözlər olsa da, bizimki idi. Hər şey yerli-yerində olduğundan Yaqub peyğəmbər rolunu səsləndirməyə razılaşdım. Dedim ki, ancaq bu rolu səsləndirəcəyəm. Elə aktyorlar var ki, bir filmdə 3-4 rolu dublyaj edir. Əvvəllər kinostudiyada hər bir obrazın öz səsi vardı. Bir filmdə 5-6 obraz səsləndirmək isə keyfiyyətə mənfi təsir edir.
[b]- Səsləndirdiyiniz obrazların hansı ilə fəxr edirsiniz? [/b]
- "İmam Əli"də ayrı-ayrı üç obrazları səsləndirmişəm. "İmam Rza"da da həmçinin. "Həzrəti Yusif"də isə Yaqub peyğəmbərin obrazını səsləndirdim. Bütün film boyu Yaqub peyğəmbərin keçirdiyi hissləri keçirib, onun həyacanı ilə ağlamışam. Film başlayandan sona kimi Yaqub peyğəmbər ağlayır, sızlayır. İndi müdrik yaşımdı. Yaşımla rolum üst-üstə düşüb. Mən çalışmışam ki, hər şeyi onun kimi edəm. Mən obraza Yaqub peyğəmbəri rolunu oynayan aktyordan da artıq hisslər vermişəm. "Hanı mənim Yusifim" deyəndə hər dəfə ağlamışam. O qədər ağlamışam ki, mətni oxuya bilməmişəm. Bir də ayıldım ki, sözləri düz deməmişəm. Dedim, ay Emin, sözlər düz getməyib, gəl təzədən yazaq. Qoymadı. Dedi ki, yox, sözlər lap üst-üstə düşüb, halal olsun, necə də yaraşdırmısan. Mən bu işdən ləzəət aldım. Təsəvvür edin, 45 seriya, insanların maraq dairəsində olmaq nə deməkdir?
Bu film yayımlanan vaxtlarda kəndə getmişdim. Camaat ona baxmamış yatmırdı. İşıqlar sönəndə də hamı motoru işə salırdı. Heyran qaldım. Amma nöqsanlarımız da var idi. Bəzi səslər tapılmadığından yerində olmadı. Amma yaxşı səslər bu nöqsanları ört-basdır etdi.
[b]- Sizcə, "Həzrəti Yusif" cəmiyyəti maarifləndirdi? [/b]
- Bəli. Heç olmasa buna nail olduq. Belə əsər çox olmalıdır. Camaat belə əsərlər üçün acdır. Bu, bizim milli ruhumuzdur. Hamı bizə əhsən deyir. İnsanlar haqq yoluna gəlib.
[b]- Planda yenə dini teleserial varmı? [/b]
- Var. Amma bilmirik hansı filmdir. Biz belə mövzulara daha çox müraciət etməliyik. İndi məni hamı "Yaqub" deyə çağırır. Bundan artıq xoşbəxtlik ola bilərmi?
[b]Bahar RÜSTƏMLİ [/b]