Eldar Mansurov: "Azərbaycanda musiqi ölür"

img

21-11-2010 [03:45]


[b]Tanınmış bəstəkar deyir ki, yaranmış xaosa qarşı mübarizə aparmağa Bəstəkarlar İttifaqının gücü çatmır [/b] Son illər bayağı musiqilərin kütləviləşməsi, peşəkar, səviyyəli musiqini üstələməsi narahağlıq doğurmaya bilməz. Kimi bu işdə müğənniləri, kimi bəstəkarları, kimi televiziyanı, kimi də dövlət qurumlarını günahlandırır. Tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədr müavini Eldar Mansurov müsahibəsində bu barədə ətraflı danışdı. [b]- Eldar bəy, son vaxtlar dinləyicilərə yeni yaradıcılıq işlərinizi çox az təqdim edirsiniz. Bəziləri bunu tükənməyinizlə bağlayır... [/b] - Bu gün çox az yazıramsa, o demək deyil ki, "qabımda su qalmayıb". Mövcud vəziyyət məni həvəsdən salır. Hələ 1960-cı illərdə, SSRİ-yə Xruşşov rəhbərlik edəndə, o, özfəaliyyətə xüsusi diqqət ayırmışdı. Nəticədə, mədəniyyət evlərindən çıxan xalq yaradıcılığı daha çox yüksəldi, peşəkarlıq isə aşağı düşdü. Son 10-15 ildə Azərbaycanda da özfəaliyyət geniş vüsət alıb. Yerindən duran mahnı, şeir yazır, oxuyur, daha nə oyunlardan çıxır. Cəmiyyətimizin aynası olan televiziyada isə savadı, tərbiyəsi olmayan bəzi şəxslər aparıcılıq edirlər. Elə bil onları küçədən tapıblar. Televiziya, mətbuat insanlar üçün örnək olmalıdır. Amma efirimizdə "alə" ilə danışır, qızlar onlara yaraşmayan hərəkətlər edirlər. Baxanda utanırsan. Bütün "xəstəliklərimiz" elə televiziyadan başlayır. Telekanallar reytinqlərini qaldırmaqdan ötrü hər oyundan çıxırlar. Buna görə də özünə hörmət edənlər, abırını qoruyan sənətkarlar kənara çəkilirlər. [b]- Belə bir dövrdə Bəstəkarlar İttifaqı niyə tədbir görmək istəmir? [/b] - Bəstəkarlar İttifaqının öz fəaliyyət istiqaməti var. Məsələn, mərhum bəstəkarların doğum və ya anım günü münasibətilə tədbirlər keçirir, rayonlara səfərlərimiz olur. Elə Bəstəkarlar İttifaqının nəzdindəki zalda tez-tez müxtəlif konsert və tədbirlər keçirilir. Mədəniyyət və Turizm Nazirliyi ilə də sıx əlaqədəyik. Görülən işlər barədə ittifaqın saytında ətraflı məlumat var. Yaranmış xaosa qarşı mübarizə aparmağa Bəstəkarlar İttifaqının gücü çatmır, çünki bu, ilk növbədə televiziya və radio ilə bağlıdır. İradlarımızı dəfələrlə bildirmişik, Bədii Şura mütləq olmalıdır. Bunu deyəndə bizi qılıncla qarşılayırlar. Deyirlər, siz kommunist dövrünə qayıtmaq istəyirsiniz. Amma Bədii Şurada incəsənətin hər sahəsindən ağsaqqallar otururdu, doğru yol göstərirdilər. Bugünün peşəkar bəstəkarların hamısı Bədii Şuranın məhsuludur. Bu gün isə sərbəstlikdir deyə, meyxana da efirə çıxarılıb. İstəməzdim o, xalq yaradıcılığı ilə eyni səviyyədə qiymətləndirilsin. Ona sənət də demək olmaz! Bədahətən, ürəkdən söz demə əvvəldən aşıq sənətinə məxsus olub və o, meyxanadan daha yüksəkdədir. Bir-birini söyüb təhqir etmək isə xalq yaradıcılığı deyil. [b]- Bu gün bəstəkar kimi daha çox mahnı janrında fəaliyyət göstərənlərin adı hallanır. [/b] - Əgər həmin şəxslər peşəkardırsa, buna pis baxmıram. İndiki əksər müğənnilər, nədənsə, ifa etdikləri mahnıların müəlliflərinin adlarını çəkmirlər. Camaat da unudur ki, müəllif kimdir. Qorxurlar ad çəkməyə, birdən reklam olar, hamı ancaq bizim mahnılarımızı oxuyar. Məgər bizim mahnılarımızla böyüməmisiniz? Nadir hallarda, tək-tək müğənnilər fürsət tapanda adımı çəkirlər. Onlar aramla danışanda, aparıcı tez ağzının üstündən vurur ki, birdən çaşıb adımı çəkər. Bu, başqa müəlliflərə də aiddir. Belə işlərin nəticəsidir ki, Azərbaycanda musiqi ölür, hətta deyərdim ki, ölüb. [b]- İnanmaq olmur ki, bilərəkdən Sizin kimi görkəmli bəstəkarın adını çəkmək istəmirlər. [/b] - Məncə, bu, bilərəkdən edilir, çünki hər şeyə görə pul istəyirlər. Sovet dövründə mədəniyyət xalqa məxsus idi, indi isə onu konkret fərdlər idarə edir. Bu gün müğənnilər bir mahnının aranjemanı üçün 1000-2000 manat xərcləyir, amma bəstəkara pul ödəmək istəmirlər. Hətta bəzi tanınmış müğənnilər özlərinə təhqir sayırlar ki, bəstəkara pul verib mahnı alsın. Əvvəllər Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Teleradio Şirkəti, "Azkonsert" Birliyi öz solistləri, müğənnilər üçün bəstəkarlardan mahnılar alırdılar. O vaxtkı hesabla, buna görə yaxşı pul da verirdilər. Əgər maaşlar 120 manat idisə, bir mahnıya 150 manat verilirdi. Müstəqillik əldə etdikdən sonra hər şey kapitalistləşməyə başladı, açıq münasibətlər yarandı. Yəni müğənnilər mahnını bəstəkarlardan özləri gəlib pulla almağa başladılar. Amma bu, çox çəkmədi - 7-8 il. Sonra özfəaliyyətçilər düşdülər ortaya, başladılar öz mahnılarını havayı verməyə. Bir müddət sonra isə onlar da mahnılarını pulla satmağa başladılar və elə vəziyyət yarandı ki, onlar peşəkarları bazardan sıxışdırdılar. Mənim müğənnilərlə münasibətim sırf peşəkar səviyyədə idisə, özfəaliyyətçilərin müğənnilərlə yoldaşlıq, rəfiqəlik münasibətləri yarandı. Bundan sonra hamı peşəkar bəstəkarlardan uzaq qaçmağa başladı. [b]- Mahnı yazmaq nə dərəcədə çətindir? [/b] - Yaxşı mahnıları hamı tanıyır. "Sevgilim", "Saçlarına gül düzüm", "Sürəyya" kimi mahnıları hər kəs əzbər bilir. Çünki bu mahnılar elə peşəkar əllərdən çıxıblar ki, zəif yerləri yoxdur. İndikilər də "yazırlar", hamısı da "nömrə bir"dir. Mahnılarını burada eşidirsən, orada yaddan çıxır. Peşəkar bəstəkar və şairlərlərə çox az müraciət olunduğundan, son dövrün mahnılarının hamısının sözləri həvəskar cızma-qarasıdır. Musiqini də ordan-burdan oğurlayaraq, aranjemanın dəyişərək özününküləşdirirlər. [b]- Ekspertiza vasitəsilə sübut etmək olarmı ki, hansısa mahnı filan bəstəkara məxsusdur, yoxsa plagiatdır? [/b] - Əlbəttə mümkündür. Cavanşir Quliyevlə mənim mahnılarımı səhv salmaq olar? Emin Sabitoğlu, Ramiz Mirişli, Səid Rüstəmov - hərəsinin öz dəst-xətti var. Adı yazılmasa da, bilinir ki, iş, üslub kimə məxsusdur. Bədii Şura nə deməkdir? Ekspertlər yığılır. Onlar qiymət verəndən sonra deyirlər ki, bu mahnını ortaya çıxarmaq olar, ya yox. Edvard Maya mənim "Bayatılar"ımı götürüb kompozisiya etmişdi. Sübut etmədimmi mənim musiqimdir?! [b]- Müəllif kimi mahnılarınızdan istifadə olunmasının müqabilində qonorar alırsınız? [/b] - Televiziya və radiolarda, konsertlərdə mahnılarımın səslənməsinə görə, demək olar ki, 1 qəpik qonorar almıram. Dünyanın hər yerində bəstəkarın notlarından ifa ediləndə, ona qonorar ödəyirlər. Sevet imperiyasını söyürük, amma o dövrdə də belə qanunlar var idi. İndi deyirik müstəqilik, irəli gedirik, amma o qanunları götürüblər. Bilmirəm Müəllif Hüquqları Agentliyi nə iş görür? [b]- "Zəngimsell"dən də heç nə almırsınız? [/b] - Bir təşkilat var, onun üzvüyəm. Oradan ilin axırında 130-150 manat pul alıram. Bilmirəm, onlar "Zəngimsell"ə bağlıdırlar, ya yox. Hərdən soruşuram, tutarlı bir söz demirlər. Müəllif Hüquqları Agentliyi isə ümumiyyətlə belə işlərlə məşğul olmur. Biz müəlliflərə çatacaq qonorarı haradan alacağımızı bilmirik. Görün, mahnılarımız nə qədər ifa olunur? Dünyanın hər yerində. Hamısına görə pul verilməlidir. Danışanda - dünya şöhrətli bəstəkar deyirlər, amma qanuna kim riayət edir? [b]- Bəs, "Bayatılar"a görə maddi təzminat aldınız? [/b] - Hər halda bu işi yoluna qoydum. Xaricdə uzun illər boyu mənə türkmən bəstəkarı deyirdilər. Amma məni kim müdafiə etdi? Özüm! Bundan sonra dünyanın hər yerində bildilər ki, "Bayatılar" Azərbaycan bəstəkarı Eldar Mansurova məxsusdur. Mənim kimi incəsənət adamlarını gərək dövlət qurumları çağırıb problemlərlə maraqlansınlar. Amma bizi ancaq jurnalistlər axtarır. [b]- Bəzən Sizin kimi bəstəkarlara irad tuturlar ki, opera, simfonik əsərlər yazmırlar.[/b] - 20 minə opera yazarlar?! Moskvada "Çikaqo" müziklinin tamaşaya qoyulması üçün 5 milyon ayrılmışdı. Bizdə isə o pulun yüzdə birini də vermək istəmirlər. Operanı yazana kimi bəstəkarın canı çıxır. Sənətkarlara qiymət qoymurlarsa, qəpik-quruş verirlərsə, o, necə dolansın? Nədən həvəslənib yazsın? Hərdən xaricdə həyata keçirilən konsert layihələrinə baxıram. Ortaya gözəl işlər çıxarırlar. Bilirəm ki, onlardan da yaxşı işlər görə bilərik. Amma orkestri çağırmaq, neçə-neçə insanı məşğul etmək üçün böyük pullar lazımdır. Bizdə bu işə qəpik-quruş verirlər. Ona görə də iş yoxdur. [b]- Yəni opera yazmaq bu qədər çətindir? [/b] - Cızma-qara demirəm, normal operanı yazana kimi bəstəkarın həyatının böyük hissəsi gedir. Bu günədək Puççininin, Cüzeppe Verdinin, Çaykovskinin operaları yaşayır. Azərbaycanda opera deyəndə əsasən "Leyli və Məcnun" nəzərdə tutulur. Heç "Koroğlu"nu o qədər də oynamırlar. Çox zaman hər yerdə "Koroğlu"nun üvertürasını çalırlar. Yəni opera janrı bizdə yox səviyyəsindədir. Hanı "Natəvan" operası? Belə əsərləri 4-5 ayda bir dəfə çalırlar, yəni bizdə bunlar da var. Amma onlar dünya operaları ilə ayaqlaşa bilirlər?! Fikrət Əmirovun "Sevil"i gözəl opera idi. O da bolşeviklərlə bağlı olduğundan, əvvəl dəyişdirdilər, sonra da tamam yığışdırdılar. Baletimiz də elə. "Min bir gecə", "7 gözəl" kimi baletlərimiz var. Güclə sıxıb nədənsə balet düzəldirlər. Amma bunlar dünya səviyyəsinə çıxacaq əsərlər deyil. [b]- Son vaxtlar bəzi bəstəkarlar müzikl yazmaq eşqinə düşüblər. Müzikl yazmaq operanı yazmaqdan daha asandır? [/b] - Xeyr! İkisi də eyni cür əziyyətlidir. Musiqinin dominantlığı ilə səhnə əsəri yaratmaq çox çətindir. [b]- Gövhər Həsənzadə və gənc bəstəkar Emin Şahin müzikl yazacaqlarını demişdilər...[/b] - Onların qabağına 2 milyon da qoy, opera yaza bilməyəcək. Bu, həvəskar işi deyil. Operanı yazmağa istedaddan başqa, həm də çox böyük savad lazımdır. Bu, mahnı deyil ki, bir nəfər oxudu, iş bitdi. Operada duetlər, triolar, kvartetlar, ariyalar var. Orkestr cürbəcür şeylər çalır, mizanları bilməlisən. Yalandan "mən yazıram" deməklə deyil ki... [b]- Vəziyyət ürəkaçan olmasa da, sevənləriniz Sizdən yeni işlər gözləyir. [/b] - O qədər əsərlərim var ki, ortaya çıxara bilmirəm. Bunun üçün yaxşı pul lazımdır. Maddi imkan yoxdursa, nədən danışaq?! Artıq bazar söhbətlərindən bezmişəm. Yaradıcılığımla maraqlananlar internetə - you tube saytına girsinlər. Orada simfoniyalarım, kvartetlərim, romanslarım, kinolara yazdığım musiqilər və s. var. [b]Elşad ÜMİD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA