"Şou-biznesdə elələri var ki, sənətləri çox gülünc səviyyədədir..."

img

14-11-2010 [05:09]


[b]Zaur Əmiraslanov: "Azərbaycan musiqisini məhv edən ucuz, bayağı mahnıları yaymaq Qara Qarayevin, Fikrət Əmirovun ruhuna böyük zərbədir" [/b] 2001-ci ildə keçirilən "Bakı payızı" müsabiqəsində hazırda əməkdar artist olan Tünzalə Ağayeva ilə bərabər birinci yerə layiq görülən Zaur Əmiraslanov bugünədək özünü geniş kütləyə tanıda bilməyib. Müsahibəsində gənc müğənni həm bunun səbəbləri, həm də şou-biznesin mövcud nöqsanlarından danışdı: - "Bakı payızı"ndakı uğurumdan sonra passivlik göstərməsəydim, çoxdan zirvədəydim. O dövrdə Bakı Musiqi Akademiyasında Xuraman və Fidan Qasımova bacılarının sinfində oxuyurdum. Onlar bizdən ciddi əsərlər tələb edirdilər. Akademik musiqiçilərə görə, mahnı janrında oxumaq, klip çəkdirib efirə çıxmaq müsbət hal kimi qəbul olunmur. Təbii ki, mən də müəllimlərimin sözünə qulaq asıb şou-biznesə can atmırdım. Təhsilimi bitirdikdən sonra da uzun müddət bu ab-havada qaldım. Düzdür, indiyədək bir neçə mahnıma klip çəkdirmişəm. Amma həmin mahnılara yüngül pop musiqisi də demək olmaz, yəni geniş kütlə üçün deyil. Sözsüz ki, davamlı reklamdan da çox şey asılıdır. Bunun üçün yetərli maddi imkanım olmayıb. [b]- Daha bir müsabiqədə iştirak etmək istəyiniz olmayıb? [/b] - SMS-lə keçirilən, kiminsə pul hesabına yer tutduğu müsabiqələrə ciddi baxmıram. Əsl müsabiqə böyük sənətkarların qiymətləndirməsi ilə keçirilməlidir. 3 il öncə "Srace" telekanalında "Mən də varam" layihəsinə qatılmağım isə reklam xarakteri daşıyırdı. [b]- Geniş kütlə üçün olmayan mahnıları oxumağa Sizi nə məcbur edir? [/b] - Repertuarımda pis mahnı yoxdur, hətta bəzilərinə əsər də demək olar. Onları ifa etməyimə peşman deyiləm. Amma bu, mənim populyarlığa gedən yolumu uzatdı. Həmin mahnılarla bağlı mənə müsbət fikir söyləyənlər də az deyil. İndi bazarda olan ucuz, musiqi mədəniyyətimizi məhvə aparan mahnılardan bezən zövqlü insanlarımız da var. Təəssüf ki, Üzeyir Hacıbəyli kimi dahisi olan Azərbaycanın musiqisi bu gün rəzil vəziyyətdədir. [b]- Bu rəzaləti nə yaradıb? [/b] - Pul! Əlbəttə, hər kəsin öz pulunu haraya və necə xərcləməsi şəxsi işidir. Amma Azərbaycan musiqisini məhv edən ucuz, bayağı mahnıları yaymaq Qara Qarayevin, Fikrət Əmirovun ruhuna böyük zərbədir. [b]- Bizə yaxın olan ölkələrdə - Türkiyə və Rusiya şou-biznesində də pul çox şeyi həll edir, amma onlarda vəziyyət bizimlə müqayisədə çox yaxşıdır. [/b] - Bu, mənə də təsir edir. Qoy müğənninin pulu da, sponsoru da olsun, amma ortaya çıxardıqları iş keyfiyyətli olmalıdır. Xaricdə insanların musiqi zövqü uşaqlıqdan tərbiyələndirilir deyə, onlarda vəziyyət fərqlidir. Bu yaxınlarda Moskvada bir həmyerlimizin ad günündə oldum və gördüm ki, orada Azərbaycan musiqisi adı ilə elə musiqilər təbliğ olunur ki, insan öz millətinə, aldığı təhsilə görə utanır. Həmin məclisdə Müslüm Maqomayevin "Azərbaycan", Tofiq Quliyevin "Qızıl üzük" mahnısını ifa etdim. İnsanları qəhər basdı, sanki ayıldılar. Məni qucaqlayıb öpdülər, hətta geri qayıtmağımı istəmirdilər. Vaxtilə bəziləri Rəşid Behbudovu qəddar adlandırırdılar. O, sənəti olmayanları, bayağı mahnı oxuyanları səhnəyə buraxmırdı, çox tələbkar idi. Bu gün bizə belə insanlar lazımdır. Sənəti güclü olan müğənnilərimiz indi də var, amma onlar öz sözlərini deməyə çəkinirlər. [b]- Bugünkü bayağı musiqilər hansı bazanın üzərində yarandı? Axı, kök başqa idi... [/b] - Kök başqa, budaq, meyvə başqadırsa, musiqi irsimiz başqa millətlərdə şübhə yarada bilər. [b]- Bəs, bayağı musiqini ortaya çıxaranlar haradan bəhrələnirlər? [/b] - Fars, hind musiqilərindən. [b]- Axı, hind musiqisi dünyanın ən gözəl musiqilərindən sayılır. Fars musiqisinə də səviyyəsiz demək olmaz. [/b] - İndiki "yaradıcılar" bu musiqilərdən ən pis şəkildə bəhrələnirlər. Yaratdıqları keyfiyyətsiz aranjemanlı, oxşar melodiyalı, bayağı sözlü mahnılar insanlarda həyat eşqini də cılızlaşdırır. [b]- Yaranmış vəziyyətdən çıxış yolu görürsünüz? [/b] - Xeyr. Sovet dövründə efirə və ya səhnəyə kimin çıxmasını müəyyən qurumlar həll edirdi. Amma indi dövran başqadır, köhnə qaydaları tətbiq etmək isə qeyri-mümkündür. İndi internetlə yaxşı və ya pis olmasından asılı olmayaraq, hər şeyi 10 dəqiqəyə bütün dünyaya yaymaq olar və bunun qarşısını heç kim ala bilməz. İnsanlar da keyfiyyətdən çox, reklama üstünlük verirlər. [b]- Problemlərdən danışan çoxdur, amma ad çəkənlər çox azdır...[/b] - Tək mənim tənqidimlə problem həll edilə bilməz. Ad çəkməklə kiminsə yanında pis oluram. Bu, özünəziyandan başqa bir nəticə vermir. Şou-biznesdə elələri var ki, sənətləri çox gülünc səviyyədədir, amma özləri o qədər mehribandırlar ki, adlarını çəkib tənqid etmək istəmirsən. Onlara müğənni deyil, oxuyan deyirəm. Mən həmişə samballı sənəti təbliğ etmişəm. Vaxtilə mənimlə bir müsabiqədə çıxış edənlər xeyli vaxtdır fəxri ad alsalar da, bunun mübahisəsini etmirəm. Heç kimdən pul da istəmirəm, şükür Allaha, maddi durumum normal vəziyyətdədir, özümə görə publikam var. Sadəcə, istədiyim budur ki, Azərbaycan adına layiq olan musiqini yaşatmaq üçün mənə şərait yaradılsın, çünki gələcək nəslimiz yazıqdır. [b]- Şərait deyəndə nəyi nəzərdə tutursunuz? [/b] - Yəni konsertlər, əvvəlki kimi böyük sənətkarlarımızın yaradıcılığına həsr olunmuş gecələr təşkil olunsun. Mənim kimi peşəkar məktəb görmüş ifaçılar öz sənətlərini restoran və klublarda deyil, böyük səhnələrdə, xarici ölkələrdə nümayiş etdirməlidirlər ki, əsl Azərbaycan musiqisinin nə olduğunu hər yerdə anlasınlar. Muğamla yanaşı, digər musiqi janrlarına da diqqət yetirilməlidir. Hər il dövlətimizə müxtəlif beynəlxalq müsabiqələrdə iştirakla bağlı təkliflər gəlir. Mən də bu müsabiqələrdə vətənimin adından çıxış etmək istərdim. Vaxtilə cənab Əbülfəs Qarayevin və İtaliya səfirliyinin dəstəyilə İtaliyada iki aylıq musiqi təcrübəsi keçmişəm. İstərdim ki, bu kimi dəstəklər davamlı olsun. [b]- 10 ilə yaxın vaxt ərzində şou-biznesdə nəyi başa düşmüsünüz? Populyarlıq üçün nə etmək lazımdır? [/b] - Populyarlıq üçün kimisə təhqir etmək, alçaltmaq, qalmaqal yaratmaq, bədənində olan eyibi göstərmək, kiminsə qüsurunu arxasınca demək lazımdır. [b]- Deməli, Zuar Əmiraslanov buna hazır olanda populyarlaşacaq? [/b] - Gərək, bir az həyat tərzimi dəyişim, dinimdən, əxlaqımdan uzaqlaşım. O da mümkün olan məsələ deyil. [b]- Xaricə getmək fikriniz olubmu? [/b] - Bəzən ruhdan düşürəm, nədənsə inciyirəm, amma yenə də azərbaycanlı olduğumu unutmuram. Dünyanın 11 ölkəsində olmuşam, yəni, istəsəydim özümə haradasa yer edə bilərdim. Biz də vətənimizi atıb getsək, ölkəmizi kim təmsil edəcək? Çünki peşəkar səviyyəli ifaçılarımız elə də çox deyil. Amma belə davam etsə, məni qiymətləndirə biləcək yerə gedib sənətimi davam etdirəcəyəm. [b]- Bəzən imicinizdə qəribə dəyişikliklər edirsiniz... [/b] - İstəsəm elə imic yaradaram ki, hamı mat qalar. Artist üçün özünü müəyyən formalarda axtarıb tapmaq normal şeydir. Biz sənət adamları göz qabağında olduğumuz üçün daha çox tənqid atəşinə tuş gəlirik. Bu tənqidlərə görə, imicim üzərində eksperimentləri dayandırmışam və yenidən gənclik imicimə qayıtmışam. [b] - Oxumağınızda necə, eksperiment aparırsınız? [/b] - Bəzən olur. Amma publikamız bunu da başa düşmür. Bu yaxınlarda məşhur rus müğənnisi Vitasın "List osenniy" adlı mahnısını repertuarıma saldım. Onu oxuyanda bəzi insanların qəribə reaksiyalarını görürəm. Halbuki Çində, Yaponiyada belə tanınan Vitas, bu ölkələrdə insanları öz musiqisi ilə müalicə edir. Bir müddət öncə bəstəkar Sevda Məmmədlinin "Rok" mahnısını oxumaq istəyirdim, amma fikrimi dəyişdim. Belə mahnılar qiymətləndirilmir, çəkdiyimiz əziyyətə dəymir, çünki bizdə rok da kütləvi musiqi deyil. Özümü R&B üslubunda da sınamışam. Amma sonra gördüm ki, bu janr artıq Avropada dəbdən düşüb. Həmin janrı bizdə elə gülünc vəziyyətə saldılar ki, bizdə də dəbdə çox qalmadı. Bəziləri bu sözün mənasını belə bilmirdilər deyə, düzgün ifa etmirdilər. R&B ritm və basın vəhdəti deməkdir, caza yaxın üslubdur. Sonra raqqa janrı dəbə düşdü, amma kimsə bəhrəsini görmədi. [b]- Azərbaycanda musiqi müxtəlifliyi niyə qəbul edilmir? [/b] - Bizdə repə yalnız gənclər, xaricdə isə yaşlı nəsil də qulaq asır. Rok bizdə yox səviyyəsindədir. Caz konsertlərinə isə qulaq asmaq üçün deyil, dəbə görə gedirlər, yəni kimsə özünü səviyyəli göstərməyə çalışır. Klassik üslubda konsertlər də lazımi səviyyədə yayılmayıb, çünki tələbat yoxdur. El şənliklərində, iştirak etdiyim tədbirlərdə tələbat olan musiqinin hansı olduğunu görürəm və bu, məni qorxudur. Bəzən belə musiqiləri oxumaq məcburiyyətində oluram, amma onları heç vaxt efirə çıxarmaram. Təəssüf ki, dünya musiqisinin səviyyəsindən danışıqdan sonra Azərbaycanda son vaxtlar internet, satış mərkəzləri vasitəsilə yayılan bayağı, əxlaqsız marşrut mahnılarının vüsət almasını da etiraf etməli olursan. [b]- Nə üçün məhz belə mahnılar daha tez və geniş şəkildə yayılır? [/b] - Çünki oradakı bayağı sözlər tez "yeyilir". "Füzulinin kantatası"nda melodiya da, sözlər də qəlizdir. Bir çox insanlar belə qəlizliyi qəbul etməkdə aciz olduqlarından bayağı mahnılara üstünlük verirlər. Yaxşı mahnının yaranması da problemə çevrilib. Sintezi isə düzgün başa düşmürlər. Zorla calaq etməklə deyil ki... [b]- Bəzi tanınmış müğənnilər də yetərincə keyfiyyətli iş görmürlər. [/b] - Ucuz maddiyyatla həyata keçirilən keyfiyyətsiz iş daha çox sevilirsə, mən niyə keyfiyyətli iş görüm? Aylarla, illərlə əziyyət çəkib pul toplayıram ki, keyfiyyətli iş görüm. 1000, 1500 manata canlı alətlərlə aranjeman etdirirəm. Amma dediyim kimi, ucuz musiqilər daha geniş vüsət alır. Sevda Ələkbərzadə bu gün super keyfiyyətdə musiqiləri ərsəyə gətirib onları Avropa ölkələrində sevdirəcəksə və onları Azərbaycanda oxuyanda tamaşaçı kanalı çevirəcəksə, insan istər-istəməz ruhdan düşür. Qoy onda Sevda gedib xaricdə yaşasın, eləcə də Alim Qasımov. Sonuncu dəfə Alim bəyin Azərbaycanda konserti nə vaxt olub? Efirdə onun konsertinin əvəzinə, vecsiz oxuyanların fonoqramla oxuduqları konsertləri təbliğ edirlər. [b]Elşad ÜMİD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA