31-10-2010 [04:23]
[b]Samir Dərgah: "Niyə dodağımızı böyütməliyik, qulağımıza sırğa taxmalıyıq, çənəmizin altında keçi saqqalı saxlamalıyıq, danışığımız arvadlaşmalıdır?" [/b]
Şou-biznes dünyasına 1 il öncə bəstəkar Çingiz Əlizadənin "Son istək" mahnısına çəkdirdiyi kliplə qədəm qoyan Samir Dərgahın, sən demə, vaxtilə sənət aləmində heç də az işləri olmayıb. O, müsahibəsində həm bu, həm də son vaxtlar öz üzərinə götürdüyü "xaç atası" missiyası barədə danışdı.
[b]- Samir bəy, çoxları Sizi sənət aləminə yeni təşrif buyurmuş müğənni kimi tanıyır. Amma eşitdiyimə görə, təxminən 15 il öncə, yəni hələ yeniyetmə yaşlarından daha çox tanınmısınız. [/b]
- 1993-cü ildə "7-17" müsabiqəsinə qatılmağım həyatımda dönüş yaratdı. O zaman Şirinov soyadı ilə çıxış edirdim deyə, bəlkə də bu gün bəziləri məni tanıya bilmir. 13 yaşlı yeniyetmənin muğam ifası tamaşaçılarla yanaşı, bir çox dövlət məmurlarının da diqqətini çəkdi. Nəticədə mənə prezident Heydər Əliyevin andiçmə mərasimindən başlayaraq, demək olar ki, bütün dövlət konsertlərində iştirak etmək şərəfi nəsib oldu. Alim Qasımov, Mələkxanım Əyyubova, Xuraman və Fidan Qasımova bacıları kimi böyük sənətkarlarla bir səhnələrdə çıxış edirdim. Bundan əlavə, dəfələrlə respublika müsabiqələrində muğam üzrə 1-ci yerə layiq görülmüşəm.
[b]- Sizə Fransanın Azərbaycandakı səfiri Jan Pyerin də böyük dəstək verdiyini deyirlər. [/b]
- Doğrudur. Jan Pyer ömrünün çox hissəsini Şərq ölkələrində keçirdiyindən muğamı çox sevirdi. Səsimi o dərəcədə bəyənmişdi ki, bütün Azərbaycan muğamını mənim dilimdən, olduğu kimi eşitmək istəyirdi. Çünki bəzən yaşlı xanəndələr muğamlara yeni naxışlar vuraraq, dəyişikliklərlə oxuyurlar. 1999-cu ildən etibarən cənab səfirin təklifi ilə onun iqamətgahında konsertlər verməyə başladım. Həmin konsertlərə məmurlar, deputatlar, başqa səfirliklərin nümayəndələri də gəlirdilər. 2001-ci ilə kimi hər ay ayrı-ayrı muğamları hazırlayıb, həmin iqamətgahda oxudum. Jan Pyer ölkəmizdəki missiyasını başa vurandan sonra da mənə dəstək oldu. Onun köməyi ilə Fransada, ABŞ-da, İsveçrədə, Əfqanıstanda dəfələrlə konsertlər vermişəm, festivallara qatılmışam. Amma 2004-cü ilin sonlarından bizneslə məşğul olmağa başladım deyə, sənət fəaliyyətimdə durğunluq yarandı. Amma bir müddət keçdi, başa düşdüm ki, sənətsiz yaşaya bilmirəm.
[b]- Bildiyimə görə, hansı bizneslə məşğul olduğunuzu gizlədirsiniz. [/b]
- Həmişə özümü bir ifaçı kimi tanıtdırmağa çalışmışam. Kimlərəsə maraqlı olsa da, heç vaxt ailəm, biznesim barədə sualları cavablandırmıram. Qoy, insanlar yaradıcılıq işlərimlə maraqlansınlar, məni müğənni kimi tanıyıb, dəyərləndirsinlər.
[b]- Şirinov soyadını Dərgah təxəllüsü ilə əvəz etməyinizin səbəbi nədir? [/b]
- İki il öncə atamı itirdim. Onun həyatdan həddən artıq tez, 48 yaşında köçməsi mənə mənəvi zərbə vurdu və mən atamın adını öz adımla birgə yaşatmaq üçün təxəllüs seçdim. Atamın ölümü ilə həyatın nə qədər ucuz olduğunu anladım. Şükür olsun ki, atamın qarşısında elə bir səhvim olmayıb. Bunu özümə bağışlaya bilməzdim.
[b]- Bəs niyə bu adla məhz şou-biznesə qatılmağa qərar verdiniz? [/b]
- Mənim xəmirim muğamla yoğrulub. Həmişə mədəniyyət sahəsində olduğum üçün, adımın şou-biznes adamı kimi hallanmasını istəməzdim. Şou-biznesə müvəqqəti gəlmişəm. Bunun səbəbi isə bu sahədə olan çatışmazlıqlardır. Gəlmişəm onları düzəltməyə. Şou-biznesdəki kişilərimizə görə utanıram. Efirimizə öz tamaşaçılarımızla yanaşı, əcnəbi millətlər də baxır. Hər dəfə Alim Qasımov, Arif Babayev, Əlibaba Məmmədov kimi sənətkarlara yer ayırmırıq axı?
[b]- Xarici ölkələrin şou-biznesində də səhnəyə kişilik etalonları çıxmır. [/b]
- Maraqlıdır, niyə belədir? Allah bizi bu həyata kişi kimi göndəribsə, niyə dodağımızı böyütməliyik, qulağımıza sırğa taxmalıyıq, çənəmizin altında keçi saqqalı saxlamalıyıq, cırıq şalvar geyməliyik, danışığımız arvadlaşmalıdır? Kişilik məfhumu o qədər ucuzdur ki, arvad tərəfə doğru gedirik?
[b]- Deyilənə görə, səhnə, xüsusilə də estrada kişini incələşdirir. [/b]
- Elmi işçilər də daş daşımırlar. Deməli, onlar da kişiliklərini itirib, özlərini axırıncı yola qoymalıdırlar? Tutaq ki, səhnə rəngarəngliyi, fərqliliyi sevir. Axı, irad tutduğum "kişi" müğənnilərimiz özlərini gündəlik həyatda da naz-qəmzə ilə aparırlar. Klounlar adi həyatda klounluq etmirlər ki? Səhnə missiyası bitdi, normal həyata davam etmək lazımdır.
[b]
- Səhnə gözəllik sevir. Sizcə, bu ifadə kişi müğənnilərə aiddirmi? [/b]
- Çərçivəni bu qədər aşmaq olmaz. Ümumiyyətlə, plastik əməliyyatları Allahın işinə müdaxilə sayıram. Lazım olsaydı, Allah hamını balacaburun, gözəl yaradardı. Əlbəttə, kişi ilə müqayisədə, qadının plastik əməliyyat etməsinə normal baxmaq olar. Necə deyərlər, kişi meymundan bir az yaraşıqlı oldu, yetər. Yeri gələndə, kişidən siqaret, tər iyi də gələ bilər. Nəyə görə bəzi kişi müğənnilərmiz hansısa məclisə gələndə, onlar haqqında yerlərdə oturanların bir qismi "bu şərəfsiz, özünü apara bilməyən haradan gəlib çıxdı", - deməlidi?!
[b]- Həmkar olduğunuz üçün bu sözlər Sizə toxunmur ki? [/b]
- Onların dediklərində həqiqət var. Əlbəttə, hər kəs özünə cavabdehdir. Yenə də deməzdim ki, bu sözlər mənə heç təsir etmir. Bu fikirlər yanlış olsa, məsələn, İlqar Muradov haqda deyilsə, cavablarını verərəm.
[b]- Bəzən kiminsə arxasınca "şərəfsiz", "əxlaqsız" deyənlər öz xeyir işlərinə məhz onları çağırırlar. [/b]
- Belə də olur, çünki bəzən ailə başçısı toya nəzərində tutduğu müəyyən müğənniləri dəvət etmək istəyir, amma yoldaşı və ya qızı onu deyil, başqasını tələb edir. Toyu qızına etdiyi üçün onun, ya da yoldaşının sözünü yerə salmır.
[b]- Sözünüzdən belə çıxır ki, kişiləri bu işə qadınlar sövq edir? [/b]
- Simaları gözəl, aldadıcı olsa da, bəzi qadınlar şeytandırlar. Onlardan həmişə ehtiyatlı olmaq lazımdır.
[b]- Bu gün şou-biznesdə də üstünlük qadınların tərəfindədir. Qadın olaraq irəli getmək daha asandır. [/b]
- Qoy getsinlər. İnsan ömrü müvəqqətidir. Vaxt gələcək hər şeyə görə cavab veriləcək. Həyatın cah-cəlalına aldanıb məşhurluq xatirinə kişiliyini satanlar, ləyaqətini itirən qadınlar əbədi axirət ləzzətini dünya malına qurban verirlər.
[b]- Maraqlıdır, kişi və qadın müğənnilərimizdən kimləri bəyənirsiniz? [/b]
- Kimlərinsə ifasını bəyənirəm, amma insan kimi adını çəkməyə utanıram. O, sənətini də, özünü də gözdən salır. Alim Qasımov, Əlibaba Məmmədov, Xan Şuşinski, Arif Babayev kimi sənətkarlardan sonra hansısa cılız, estrada sahəsində fəaliyyət göstərən bir müğənniyə yaxşı deməyə utanıram. Kiminsə oxumaq tərzində nələrsə insanın xoşuna gələ bilər, amma bu, oxumaq deyil. Konkret heç kimdən xoşum gəlmir. Axı kimə deyim ki, şedevr oxuyur?!
İndiki qadın müğənnilərin meydanda at oynatmağı, söyüş söyməsi, bir-birini təhqir etməsi isə biabırçılıqdır, elə bil dünyanın axırıdır. Qadın "mən-mən" deməz, xüsusilə də efirdə. "Mən-mən" Allaha məxsusdur.
Əvvəllər qadınlarımız güləndə əli ilə ağzını tutardı, üzünü şalla örtərdi, yad kişinin üzünə baxmazdılar. İndikilərsə adamın üzünə elə şax baxırlar ki, mən kişiliyimlə onlardan utanıram. Onların ifaları bu gün dinlənilsə də, sabah unudulacaq. Belələri tarixdə qala bilməzlər.
[b]- Şou-biznesdə nizam-intizam yaratmaq istəyirsiniz. Sizcə, çərçivəni aşanlar kimlərdir? [/b]
- Günahkarlar çoxdur. Ad çəksəm, gərək 70 faizlə düşmən olum. Atalar deyir ki, sözü at, yiyəsi götürəcək. Sırqa taxanın, dodağını şişirdənin, cırıq şalvar geyənin kim olduğunu özləri yaxşı bilir. Əgər qürurları varsa, sözümə reaksiya versinlər. Onda görərlər ki, onları necə yıxıb-sürüyürəm. Çoxları üzdə olanları tanıyır. Onların arxasında bilirsiniz nə qədər insan var?
[b]- Bu Sizi qorxudur?
[/b]
- Mən tək də çox şey edə bilərəm. Bu 70 faizin qabağına çıxıb sözümü deyərəm, onları tək-tək kənara çəkib savaşaram da. Bugünədək Samir Dərgahın dalınca kimsə danışıbsa, heç vaxt cavabsız qoymamışam. Amma hər qarşımıza çıxanı güllələsək, zindana atsaq, dar ağacından assaq nə olar? Hər kəsi bir-bir kənara çəkib deyə bilmərəm ki, niyə belə edirsən? Deyəcək, demokratiyadır, əcəb edirəm, şəxsi işimdir. Sovet dövrü də deyil ki, Bədii Şuraya ümid bağlayaq.
[b]- Bəziləri deyir ki, şou-biznesdə mafiya var... [/b]
- Mafiya ağır sözdür. Mən qruplaşma deyərdim. Amma onlardan gələn təhlükə nə olacaq?
[b]- Hər iki klipiniz kriminal mövzudadır. Olmaya bu, "babalıq" missiyanızla bağlıdır? [/b]
- İlk klip təqdimatım zamanı məni şou-biznesin "xaç atası" adlandırdılar və bu, mənə xoş gəldi. Ən azından ona görə ki, "baba" deyəndə, insanın gözü qarşısında kişi obrazı canlanır. Amma kliplərimin süjetlərini mən seçməmişəm. Mən ikinci klipimə görə Aqil M.Quliyevə müraciət edəndə onun ilk klipimdən xəbəri yox idi. O, özü dedi ki, üz cizgilərində sərt kişi fakturası var. Buna görə də mənə mühafizəçi rolu həvalə etdi.
[b]- Klip çəkdirdiyiniz mahnılar çox da müasir üslubda deyil. Belə üslubla səsinizi yetərincə duyurmaq çətin olmayacaq? [/b]
- Həmişə çalışmışam ki, sənətimlə xalqın qabağında üzüağ olum. Bu yola girmişəmsə, nəyin bahasına olursa, Samir Dərgah adını təsdiqləməliyəm. Qarşıda fərqli işlərim də olacaq. Əminəm ki, xalq bəyənəcək. Disk buraxmaq, hətta dövlət səviyyəli layihə həyata keçirmək fikrim də var. Çalışıram nələrsə edim, özümü sevdirim.
[b]- "Qurdlar vadisi"nə dəvət almanız barədə xəbərlər reklam tryuku idi? [/b]
- Maqazin verilişlərindən birində Polad Ələmdarla mənim birgə şəklimi bir araya gətirdilər, müqayisələr aparıldı. Çünki "Qurdlar vadisi"nin çəkiliş qrupu ilə görüşüm olmuşdu. Bunu başqa cür yozdular, dedilər filmdə rol alacam. Üz fakturam xoşlarına gəlsə də, filmdə çəkilməklə bağlı konkret təklifi almamışam.
[b]- Kimlərsə sənətə gələndə başqa cür olur, sonra dəyişirlər. Şou-biznes Sizi dəyişə bilər? [/b]
- Əsla! Şükürlər olsun, görməmiş deyiləm. Bu günə kimi toylara getməmişəm. Amma pulun çoxluğundan harınlayanlardan da deyiləm. Artıq 30 yaşım var. Bundan sonra yolumdan azan deyiləm. Muğam oxuduğum dövrlərdə Heydər Əliyev kimi dahi şəxsiyyət sənətimə qiymət verib. Onunla birgə şəkillərimiz də var. Çox böyük səhnələr, böyük insanlar görmüşəm. Bugünkü uşaq-muşaq gedib hansısa məmurun övladının toyunda iştirak etməklə özünü zirvədə sayır. Amma çoxluq onların tərəfində olmamalıdır. Bu uşaq-muşaqlar Samir Dərgahı təkləyə bilməz. Özümə arxayınam, səslənsəm, çağırışıma çox insanlar gələr. Özü də əsl kişilər!
[b]Elşad ÜMİD [/b]