Xalq Artisti Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr edilmiz konfrans keçirilib

img

29-10-2010 [05:19]


Xalq Artisti Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində oktyabrın 29-da Azərbaycan Bəstəkarlar İttifaqında konfrans keçirilib. Konfransı giriş sözü ilə açan ittifaqın sədri, Xalq Artisti Firəngiz Əlizadə unudulmaz bəstəkarımız V.Adıgözəlovun mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında ətraflı məlumat verib. Tədbirdə ?Əbədi incilər və Vasif Adıgözəlov?, ?Çanaqqala-1915? oratoriyası, ?Natəvan? operası və ?Novruzum? kantatası haqqında məruzələr dinlənilmişdir. Bildirilmişdir ki, Vasif Adıgözəlov milli musiqi mədəniyyətimizə bir-birindən dəyərli sənət nümunələri bəxş etmişdir. Onun mahnılardan tutmuş irihəcmli simfonik əsərlərədək müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılığı yüksək peşəkarlıq səviyyəsi və musiqi dilinin orijinallığı ilə diqqəti cəlb edərək geniş dinləyici kütlələrinin rəğbətini qazanmışdır. Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatmış Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərmişdir. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Bülbül adına Orta İxtisas Musiqi məktəbinin fortepiano sinfində alan V.Adıgözəlov bəstəkarlıq sahəsində erkən addımlarını atmışdır. Təhsilini davam etdirən V.Adıgözəlov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas - dahi Qara Qarayevin bəstəkarlıq üzrə sinfini, professor Simuzər Quliyevanın isə fortepiano sinfini fərqlənmə diplomları ilə bitirmişdir. Sevimli müəllimi Q.Qarayevdən müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəməklə pianoçuluq məharətinə yiyələnməklə yanaşı, V.Adıgözəlov xalq musiqisi qaynaqlarından bəhrələnərək öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaratmışdır. Bəstəkar müxtəlif janrları əhatə edən zəngin və əhatəli yaradıcılığında ən mürəkkəb janr olan operaya iki dəfə müraciət edərək yüksək bədii keyfiyyətə malik musiqili-səhnə əsərləri yaratmağa nail olmuşdur. Əgər o, ilk operası ?Ölülər?i (görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında) 1963-cü ildə yazmışdırsa, 40 ildən sonra yenidən bu janra müraciət edərək ikinci operası ?Natəvan?ı (Azərbaycan xalqının böyük şairəsi Xurşidbanu Natəvanın 170 illiyinə həsr edilmişdir) ərsəyə gətirmişdir. XXI əsrin ilk opera əsəri kimi dəyərləndirilən ?Natəvan? operasında bəstəkar doğma Vətənini vəsf etmiş, XIX əsrin ikinci yarısında, tarixi yurdu olan Qarabağda baş vermiş hadisələri, Xan qızı Natəvanın xalqın azadlığı uğrunda apardığı mübarizəsini əks etdirmiş, bu gün işğalçı qüvvələrin tapdağı altında müvəqqəti qalmış torpaqlarımızın tezliklə azad edilməsi ümidini orijinal tərzdə ifadə etmişdir. ?Çanaqqala-1915? qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilmişdir. Zəngin ömür yolu keçmiş, gözəl sənət əsərləri yaratmış, böyük musiqiçilər nəsli yetişdirmiş, geniş təşkilatçılıq fəaliyyəti göstərmiş bir insan olmaqla yanaşı, V.Adıgözəlov öz səmimiliyi və alicənablığı ilə xalqımızın qəlbində əbədi ehtiram hissi yaratmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA