"Best Model of Azerbaijan" narazılıqla bitdi

img

24-10-2010 [04:22]


[b]Təşkilatçılar müsabiqədə baş verən qaranlıq məqamlarla bağlı mətbuat konfransı keçirəcəklər [/b] Oktyabrın 22-də "Hezz club&restourant"da "Best Model of Azerbaijan - 2010" müsabiqəsinin səbirsizliklə gözlənilən finalı keçirildi. Lakin final gecəsi daha çox xoşagəlməz və qalmaqallı məqamları ilə yadda qaldı. Axşam saat 8-ə təyin edilmiş tədbir düz 2 saat sonra başladı. Bunu gecədə iştirak üçün srağagün Bakıya gələn, lakin səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən "Best Model of the World"un prezidenti Erkan Özermanın birbaşa yataqdan yarışma məkanına gələcəyi ilə izah etdilər. Müsabiqə keçirilən məkanda yerlərin azlığı səbəbindən bir çox qonaqlar, o cümlədən jurnalistlər ayaq üstə qaldıqlarından bu gözləmə hamını bərk narazı saldı. Nəhayət ki, xalq artisti Aygün Kazımovanın müşayiəti ilə Erkan bəy yarışma məkanına təşrif buyurca da, yenidən özünü pis hiss etdiyindən, sonadək otura bilmədi və bir saat sonra kürsüsünü tərk etdi. Onunla gələn Aygün Kazımova elə onunla da getdi. Xatırladaq ki, adları çəkilən bu iki şəxs, o cümlədən, müsabiqənin builki prezidentləri - tanınmış model Validə Abbasova və stilist Anar Ağakişiyev, Ruhi, Röya, Lyubov Qutorova, stilist Syama, Fəxriyyə Xələfova, türk modelyeri Ramazzo və başqaları münsiflər heyətinin tərkibində idilər. Yarışmaya əsasən, Lyubov Qutorovanın rəhbərlik etdiyi model məktəbindən seçilən 10 qız və 10 oğlan qatılmışdı. Onları podiuma gecənin aparıcıları - şoumen Murad Arif və müğənni Sabina Babayeva dəvət edirdilər. Modellərin podiuma çıxışları arasında səhnədə bir sıra müğənnilərin - Orxan İsrafilov, Diana Hacıyeva, Ella Miçiyeva, Rəhim Rəhimli və Elnur Hüseynovun ifaları səsləndi. Lakin gecədə DY Mansurun, Ebru Poladın və digər adı sürpriz saxlanılan türk müğənnisinin, o cümlədən Röyanın vəd edilən çıxışları olmadı. Gecənin gedişatı zamanı elə bir qalmaqallı məqam olmasa da, narazılıqla başlayan tədbir narazılıqla da bitdi. Buna səbəb münsiflər heyətinin müzakirələrindən sonra Günay Musayeva və Azər Atakişiyevin qalib elan edilməsi oldu. Lakin müsabiqənin prezidentlərindən biri olan Validə Abbasova bu nəticə ilə bağlı narazılığını nümayiş etdirərək qalibləri təltif etməkdən imtina etdi. Validə xanımın narazılığı oğlan qalib deyil, məhz Günay Musayeva ilə bağlı idi. Əslində, onun yarışmaya qatılması çoxlarını təəccübləndirdi. Belə ki, 2006-cı ildə "Miss Azərbaycan" tituluna layiq görülən Günay xanım nəinki Azərbaycanda, hətta Türkiyədə də yetərincə tanınan manekendir. Hətta o, 2008-ci ildə "World Bikini Model" müsabiqəsində də qalib olub. Azər Atakişiyev isə 2008-ci ildə Ruhi xanımın prezidentliyi ilə keçirilən müsabiqədə iştirak edib, amma qalib olmayıb. Xatırladaq ki, builki qaliblər dekabr ayında sözügedən müsabiqənin İstanbulda keçiriləcək dünya üzrə yarışmasına qatılacaqlar. Bunu da yada salaq ki, hələ ötən həftə Anar Ağakişiyev açıqlamasında Lyubov Qutorova, Validə xanım və onun arasında az qala müsabiqəni təxirə salacaq səviyyədə mübahisə yaşandığını etiraf etmişdi. O, müsabiqə bitəndən sonra arada yaranan narazılıqların nədən ibarət olduğunu jurnalistlərə açıqlayacağını da demişdi. Artıq təşkilatçılar oktyabrın 25-də həqiqətən də müsabiqədə baş verən qaranlıq məqamlarla bağlı mətbuat konfransı keçirəcəklərini bəyan ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA