“Veysəloğlu”nun işçisinə hücum edərək 70 min manat aparan şəxslərdən biri tutuldu - Təfərrüat

img

14-05-2018 [13:29]


Aprelin 30-da DİN-in "102 Zəng Mərkəzi Xidməti”nə müraciət edən Mingəçevir şəhərində şirkətlərin birində işləyən Elçin Abdullayev tanımadığı 2 nəfərin onu vuraraq içərisində şirkətə məxsus pul olan çantasını aldıqlarını bildirib.

Bu barədə "Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Dərhal Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla məlum olub ki, saat 7 radələrində 2 nəfər şəhər ərazisindəki MMC-lərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70.000 manat olan çantanı əlindən alaraq aradan çıxıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər.

Polis əməkdaşları tərəfindən saxlanılan basqınçılardan biri – şəhər sakini Kənan Vəliyevin yaşadığı evdən 16 min manata yaxın pul, 1 ədəd beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edək ki, hücuma məruz qalan Elçin Abdullayev "Veysəloğlu” Şirkətlər Qrupunun Mingəçevir filialında çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA