10-10-2010 [05:12]
Gənc müğənni Sevda Yəhyayeva "Yeni ulduz" müsabiqəsində iştirakından sonra qısa müddət ərzində özünü yetərincə tanıda bildi və bir sıra uğurlu layihələrə imza atdı. Müğənni müsahibəsində sənət yolunda rastlaşdığı çətinliklər və yaradıcılıq yeniliklərindən danışıb.
[b]- "Yeni ulduz"dakı əksər finalçılardan, hətta Sizdən də önə çıxanlardan fərqlənərək gündəmdə qala bildiniz. Bunu nə ilə izah edərdiniz? [/b]
- "Yeni ulduz"da iştirak edəndə hələ səhnə görməmişdim, peşəkar oxumağı bilmirdim. Sağ olsunlar, xalq artisti Mübariz Tağıyev və bəstəkar Vüqar Camalzadə mənə doğru yol göstərdilər.
Yarışmada məndən də güclü ifaçılar var idi. Amma bir çoxları səhnəyə çıxmağa hobbi kimi baxırdılar. Mənim münasibətimsə hələ o vaxtdan çox ciddi idi. Yəqin həm də şanslıyam.
[b]- Bu şansın üzünə gülməsi üçün insan nəsə edə bilər? [/b]
- Bir çoxları, sadəcə, tənbəldirlər. Mən öz işimi çox sevirəm. Bir mahnını oxuyanda ona var gücümü sərf edirəm, ürəkdən oxumağa çalışıram. Daima öz üzərimdə işləyirəm, Allah da qarşılığını verir. Hazırda isə təhsilimi davam etdirirəm. Milli Konservatoriyanın muğam şöbəsinin 3-cü kurs tələbəsiyəm. Xalq artisti Aygün Bayramovadan dərslər alıram. Demirəm, xanəndə olub sırf qavalla oxuyacağam, amma heç olmasa, muğamın əsaslarına yiyələnmək istəyirəm.
[b]- Adətən, əksər müğənnilər tanınandan sonra müsabiqələrə qatılmaq istəmirlər. Siz avqust ayında Kislovodskda keçirilən "21-ci əsr" gənc estrada ifaçılarının mahnı müsabiqəsində "Qran-pri" mükafatına layiq görüldünüz. Əksinə olsaydı, geriyə uğursuz dönməkdən qorxurdunuz? [/b]
- Kimsə müsabiqədən çəkinirsə, deməli, özünə inamı yoxdur. Mənimsə festivallarda, müsabiqələrdə iştiraka böyük həvəsim var. Bu da özünü sevdirməyin və əziyyətinin qiymətləndirilməsinin bir yoludur. Uğursuzluqdan isə qorxmuram. "Avroviziya" müsabiqəsinə dünyanın hər yerindən ifaçılar qatılır. Kimlərsə beşliyə belə düşmür, amma bu o demək deyil ki, onlar oxuya bilmirlər. Bunu da normal qarşılamaq lazımdır.
[b]- Bəs, şayiələri necə? [/b]
- İnsan önə çıxan kimi haqqında şayiələr də yayılır. Şayiələrə normal baxıram. Kiminsə haqqıda şayiələr, dedi-qodular varsa, deməli, o var və insanlara maraqlıdır. Əgər varamsa, şayiələr bundan sonra da olacaq.
[b]- İlk albomunuzdan nəzərə çarpdı ki, müxtəlif insanlarla işləməyi sevirsiniz. [/b]
- Elədir. İnşallah, bu tendensiya davam edəcək. Hazırda iki yeni albomum hazırlanır. Bu albomlardan biri iki diskdən ibarət olacaq. Oraya mənim Gənc Tamaşaçılar Teatrındakı solo-konsertimin həm DVD, həm də SD formatında diskləri daxil ediləcək. Digər albomum isə yeni müəllif mahnılarımdan ibarət olacaq.
[b]- Mahnı seçimini özünüz edirsiniz? [/b]
- İlk albomumun mahnıları o qədər də güclü deyildi, çünki hələ təcrübəm az idi. Amma ikinci albomum üçün çox gözəl mahnılar seçilib. Əvvəllər yeni mahnı seçəndə onu prodüserimə, ailə üzvlərinə və musiqiçi dostlarıma dinlətdirirdim. Hazırda isə "ETA" prodüser mərkəzi ilə müqavilə bağladığımdan, repertuar seçimimdə onlarla da məsləhətləşirəm. Bu mərkəzlə 3 illik müqavilə bağlamışıq. Qarşıda maraqlı işlərimiz gözlənilir.
[b]- İfa tərziniz xalq artisti Brilliant Dadaşova və İradə İbrahimovanın tərzinə bənzəyir. [/b]
- Brilliant xanım böyük sənətkardır. Biz gənclər çox şeyi ondan öyrənirik. Düzdür, mahnıları özüm kimi ifa etməyə çalışıram. Ola bilər ki, səsimizin hansısa çalarları bənzəyir. Çünki Brilliant xanımı, elə İradə İbrahimovanı da dinləyirəm. Bu bənzərliyi bir şeylə də izah etmək olar. Bəzən müxtəlif müğənnilərə mahnıları eyni aranjemançı edir.
[b]- Konsertinizlə çoxlarını təəccübləndirə bildiniz. [/b]
- Mənim yaşımda olan hansısa gənc belə konsert verməyib. Bu, mənə görə böyük layihə idi. Çoxları düşünürdü ki, estrada ifaçısıyamsa klassik mahnıları - özü də canlı şəkildə - ifa edə bilmərəm. Bu bacarığımı tamaşaçılar qarşısında göstərmək böyük risk idi. Möhürü böyük sənətkarlar tərəfindən vurulan həmin mahnıları onlardan sonra ifa etmək böyük məsuliyyət idi. Pedaqoq Teymur Əmraha təşəkkür edirəm ki, 4 ay ərzində məni hazırlaşdırdı, repertuar seçimində kömək etdi. Qara Qarayev adına Dövlət Kamera Orkestrinin rəhbəri, xalq artisti Teymur Göyçayevə də minnətdaram ki, məni qəbul etdi. Öncə o, tərəddüd edirdi, çünki həmişə artıq püxtələşmiş, sözünü demiş sənət adamları ilə işləyib. Amma ifama qulaq asandan sonra razılıq verdi. Orkestrlə filarmoniyada çox gözəl, maraqlı məşqlərimiz oldu və çox şey öyrəndim.
[b]- Zamiq və Röya xanımla duetləriniz uğurlu alınıb. Davamı olacaq? [/b]
- Bəli, qarşıda yeni, maraqlı duetlər gözlənilir. Şadam ki, duetlərim dinləyicilər tərəfindən bəyənilib. Röya ilə oxuduğumuz "Niyə?" mahnısına klip çəkdirmək fikrimiz də var idi. Fuad Əlişovla danışılmışdı, ssenari hazır idi. Stilistimiz Sabina Hüseynin səhhətində problem yarandı deyə, vaxt uzandı. Sonra da Röyanın Zamiqlə bölgələrə turnesi başladı...
[b]- Bəs, "Buz kimi"nin çəkilişləri niyə başlamadı?
[/b]
- Bu mahnıya da klip çəkməyi düşünürdük. Amma bəzi işlərimiz oldu, yenə ləngidik. Sonradan düşündük ki, mahnı dinləyici rəğbəti qazanıbsa, ona klip çəkməyə ehtiyac varmı? Amma artıq Aynur Adilqızının "Ağlama" mahnısına klip çəkdirməyə qəti qərar vermişik.
[b]- Deyəsən, imicinizi dəyişməyi xoşlayırsınız? [/b]
- Çox. Mən qəribə geyimləri, müxtəlif saç düzümlərini, bir sözlə, insanlara maraqlı olmağı xoşlayıram. Eyni tərzdə qalmağı sevmirəm. Çox stilistlərlə işləmişəm. Ruxa, Krassavçik Anarla... Hazırda Anar Ağakişiyevlə işləyirəm. Çox istedadlıdır, onunla işləmək mənə maraqlıdır.
[b]- Son vaxtlar müğənnilərimiz toylara getməklə yanaşı, özləri də toy edirlər. Qapınıza elçi gələnlər var? [/b]
- Az qala hər gün elçi gəlir. Amma tələsmirəm. Bu haqda düşünmək belə istəmirəm. Hələ ki, oxumağı üstün tuturam.
[b]Elşad ÜMİD [/b]