"Müğənnidən pulu döyə-döyə almırsan ki?"

img

10-10-2010 [04:51]


Klipmeyker Fuad Əlişov deyir ki, klipini çəkdiyi bəzi müğənnilərin ona borcları var İqtisadi böhrandan sonra Ülviyyə Könül, Aqil M.Quliyev, Kənan M.M. kimi tanınmış klipmeykerlər öz bazarlarından iraq düşdülər və bundan sonra kino çəkəcəklərini bəyan etdilər. Lakin reytinqinə görə onlarla bir sırada olan Fuad Əlişovun işləri əvvəlki tempdə olmasa da, hələ də öz axarındadır. müsahibəsində klipmeyker işlərinin gedişatı barədə ətraflı məlumat verdi. [b]- Bəzi klipmeykerlər böhranın gətirdiyi durğunluq üzündən bu sahədən uzaqlaşmaq niyyətlərini bildiriblər. Sizdə vəziyyət necədir? [/b] - Kimləri nəzərdə tutduğunuzu təxmin edirəm. Klipmeykerlik bizim öz bacarığımızı daha qabarıq göstərmək üçün bir bünövrə olsa da, heç birimiz sırf bu işlə məşğul olmamışıq. Yeri gələndə, reklam da, film də çəkmişik. Bizi az-çox tanıtdıran janr bu olduğu üçün, klipmeykerlikdən uzuqlaşa bilmirik. [b]- Həmkarlarınızın qərarına münasibətiniz necədir? [/b] - Hər kəs öz seçimində azaddır. Ola bilər ki, kimsə bu istiqamətdə fəaliyyətini bir qədər məhdudlaşdırsın, amma tamamilə uzaqlaşmaq çətindir. Maraqlı təklif olsa, məncə, kimsə imtina etməz. [b]- Deyəsən, bu çətin şəraitdə Fuad Əlişov o qədər də korluq çəkmir? [/b] - Deməzdim ki, sifarişlərim çox azdır. Allaha şükür, seçim etmək imkanımız da var. Bunu mənimlə bir başlayan həmkarlarım haqda da deyə bilərəm. Ola bilər ki, maraqlı təkliflər azalıb, buna görə də onlar az klip çəkirlər. Elə mən özüm də axır zamanlar az klip çəkirəm. Amma bunu böhranla bağlamıram. Bəzən mahnı, bəzən də ifaçı maraqlı olmur. [b]- Bəs, klip bazarındakı ümumi azalmanı nə ilə izah edərdiniz? [/b] - Əvvəllər klipə maraq daha çox idi. Bu, bizdən deyil, ifaçıların istəyindən asılıdır. Hər halda, Allaha şükür, heç kim acından ölmür. [b]- Bizdə çəkilən kliplərin keyfiyyətilə bağlı fikirlər müxtəlifdir. Buna görə də kimisi Gürcüstana, kimisi də Türkiyəyə üz tutur. Sizcə, keyfiyyət göstəricisi nə ilə ölçülməlidir? [/b] - Təbii ki, ən müasir avadanlıqlar daha yüksək keyfiyyət əldə etməyə imkan verir. Dünya standartında ND formatda, kinoplyonkada çəkilən kliplər qəbul edilir. Buna isə bizim əksər müğənnilərin imkanı yoxdur. Bu yazıqlar o qədər pulu haradan ayırsınlar? Axı, nə klipin nümayişindən, nə də albom satışlarından gəlirləri olmur. Bir sözlə, keyfiyyət büdcəyə bağlı olan göstəricidir. Bununla belə, düşünürəm ki, maraqlı işi hər yerdə qəbul edərlər. [b]- Üzə tərifləmək olmasın, Sizin çəkdiyiniz kliplərin keyfiyyəti tamaşaçılarımızı məyus etmir. [/b] - Çox sağ olun. Adətən kliplərimi ND formatında çəkməyə çalışıram. [b]- Amma qrafikaya da tez-tez müraciət edirsiniz. [/b] - Bu, mahnıdan asılıdır. Qrafikadan müasir janrda olan mahnılarda daha çox istifadə olunur. [b]- Klip sənayesində nə kimi yeni tendensiyalar var? [/b] - Son vaxtlar dünya klipmeykerləri ən son texnikalardan istifadə etməyə və görüntünün son dərəcədə keyfiyyətli olmasına çalışırlar. Amma konkret hansısa tendensiyanın olub-olmadığını deyə bilmərəm. [b]- Müğənni rolunun öhdəsindən gəlməyəndə nə edirsiniz? [/b] - İlk işlərimdə belə hallar tez-tez olurdu. Təcrübə yığdıqca bilirsən ki, ideya fikirləşəndə müğənninin maliyyə ilə yanaşı istedad imkanlarını da nəzərə almaq lazımdır. İndi belə problemlər olmur. Bəzən çəkiliş zamanı gözlənilməz improvizasiyalar edənlər də olur. [b]- Ssenarini müğənni ilə razılaşdırırsınız? [/b] - Ssenarini özüm yazsam da, təbii ki, müğənni ilə razılaşdırıram. Nəsə xoşuna gəlməsə, amma vacib məqam olsa, çalışıram onu öz istədiyim fikrə tərəf yönəldim. [b]- Sizi maraqlandıran, amma hələ toxunmadığınız süjet varmı? [/b] - Klipin süjeti istər-istəməz mahnıya, sözlərə bağlıdır. Mənə maraqlı oldu-olmadı buna bağlıyam. [b] - Ən maraqlı işləriniz hansılardır? [/b] - Ayırmaq çətindir. Təbii, uğurlusu da, uğursuzu da var. Amma həmişə çalışıram ki, hər bir klipimdə maraqlı məqamlar olsun. Uğursuzlar əvvəl olub. Amma son vaxtlar seçimi özüm etdiyim üçün nəticə qənaətbəxşdir. Hər şey tək məndən asılı deyil. Klipdə komanda işləyir. Mahnı maraqlı olmalıdır. [b]- Bəstəkarlar zəmanət verə bilmir ki, mahnı uğurlu olacaq, ya yox. Bəs Siz? [/b] - İşimin peşəkarlığına zəmanət verə bilərəm. Amma klipin bəyənilməsi daha çox müğənnidən və mahnıdan asılıdır. Bizim əsas vəzifəmiz odur ki, müğənnini qəşəng göstərək, görüntü keyfiyyətli, süjet isə maraqlı olsun. [b]- Qarşıda nə kimi işləriniz var? [/b] - Planlarım reklam-çarxları ilə bağlıdır. [b]- Amma orada rejissorun kimliyi bilinmir. [/b] - Axır zamanlar reklam çəkmək daha maraqlıdır. Çünki bizneslə yaradıcılığın birliyi alınır. [b]- Yəqin ki, pul cəhətdən problem yaranmır, ona görə. Eşitdiyimə görə, bəzi müğənnilərdən pulu almaq müşkül məsələdir. [/b] - Müğənnidən pulu döyə-döyə almırsan ki? Əvvəlcədən hər şeyi razılaşdırırsan, sonra işə başlayırsan. [b]- Yəni hələ Sizə borclu qalan müğənni olmayıb? [/b] - İllərlə o qədər borclar yığılıb ki... Belə hallar da olur. [b]- Nə əcəb bədii film çəkmirsiniz? [/b] - 1-2 belə təklif almışam, amma birinin ssenarisi maraqlı deyildi, digəri isə maliyyə cəhətdən əlverişli olmadı. [b]- Özünüz hansı janrda film çəkmək istərdiniz? [/b] - Psixoloji, ya da mistik. Müəyyən ideyalarım da var, amma lazımi formaya gətirmək üçün peşəkar ssenarist lazımdır. [b]Elşad ÜMİD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA