Xalq Artisti Fəxrəddin Dadazovun 60 illiyi qeyd edilib

img

05-10-2010 [03:14]


Beynəlxalq Muğam Mərkəzində tanınmış kaman ustası, Milli Konservatoriyanın professoru, Xalq Artisti Fəxrəddin Dadaşovun 60 illiyi qeyd edilib. Foyedə Fəxrəddin Dadaşovun 44 illik sənət yolunu əks etdirən fotosərgi nümayiş etdirilib. Tədbirin əvvəlində göstərilən videogörüntüdə kaman ustasının vaxtilə müşayiət etdiyi muğam ustaları - Xalq artistləri Yaqub Məmmədov, Əbülfət Əliyev, Alim Qasımovun ifaları, Xalq artistləri Arif Məlikov, Habil Əliyev, Firəngiz Əlizadənin yubilyar haqqında ürək sözləri səsləndirilib. Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyevin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Fəxrəddin Dadaşova ünvanladıqları təbrik teleqramları oxunub. Milli Konservatoriyanın rektoru bəstəkar Siyavuş Kərimi, Xalq Artisti bəstəkar Tofiq Bakıxanov, teatrşünas İlham Rəhimli və başqaları F.Dadaşovun fəaliyyətə başladığı Əhməd Bakıxanov adına Azərbaycan Dövlət xalq çalğı alətləri ansamblı ilə birgə getdiyi qastrol səfərlərində Azərbaycan muğamını dünyaya tanıtdığını vurğulamış, indi də bu sənətin incəliklərini səbirlə tələbələrinə öyrətdiyini bildiriblər. Qeyd edilib ki, F.Dadaşovun əməyi yüksək qiymətləndirilib, kaman ustası Prezident İlham Əliyevin Sərəncamı ilə Xalq Artisti fəxri adına və Prezidentin fərdi təqaüdünə layiq görülüb. Tədbirdə Xalq artistləri Aygün Bayramova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Əməkdar Artist Firuz Səxavət və başqaları çıxış ediblər. Sonda F.Dadaşov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, kamanda bir sıra musiqi nömrələri səsləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA