Müğənni Samira: "Sponsorsuz çox çətindir..."

img

03-10-2010 [05:23]


Adı heç bir qalmaqalda hallanmayan, yalnız səsi və mahnıları ilə yadda qalan müğənni Samira şəxsi həyatı barədə danışmağı sevmir. Müsahibəsində sənətçi yeni yaradıcılıq işləri ilə yanaşı, həyata baxışlarını da açıqladı. [b]- Samira xanım, neçə illərdir tamaşaçılar Sizi eyni ampluada görürlər. Elə bil fərqlənməyə, qeyri-adi nəsə etməyə can atmırsınız?[/b] - Qeyri-adi nəsə etməyə çalışmıram, sadəcə, öz işimi görürəm. İndiki zəmanədə qeyri-adi nə etmək olar? Sadəcə, insanları öz mahnılarımız, yeni yaradıcılıq işlərimizlə sevindirə bilirik. [b]- Sənət adamı üçün çərçivə olmalıdır? [/b] - Sənətinlə bağlı istədiyin şeyləri həyata keçirmək istəyirsən. Amma bəziləri özləri öz qarşılarına çərçivə qoyurlar ki, bu da müəyyən çətinliklər yaradır. Mənim də belə çərçivələrim var. [b]- Onları qırmaq istəmirsiniz? [/b] - Xeyr. Əslində çox mübarizə aparmışam, amma başa düşmüşəm ki, bu mənasızdır. Çətin olsa da, öz həyatımı sürməliyəm. Nə bacarıramsa, öz çərçivəm daxilində edirəm. [b]- Bu, iddialarınızı həyata keçirməyə mane olmur? [/b] - Baryerləri keçəndən sonra çox şeylərə nail ola bilərsən. Amma yenə də hər şey pula yönəlir. Əgər pulun varsa, çərçivə daxilində də çox şey edə bilərsən. [b]- Ailəniz işlərinizə əngəl törətmir? [/b] - Nə qədər olmasa da, ailə insanın əl-qolunu müəyyən dərəcədə bağlayır. Şərt deyil ki, həyat yoldaşın sənə qadağalar tətbiq etsin. Onun nələrisə qəbul edib-etməməyindən əlavə, övladlarına da diqqət, vaxt ayırmalısan. Hansısa konsertə, tədbirə və ya qastrola gedəndə fikrin onların yanında qalır. [b]- Məncə, öz potensialınızı da yetərincə göstərməmisiniz. [/b] - Elədir. Amma məni bugünkü vəziyyətim də qane edir. Dərinə getdikcə ortaya çox şey çıxır. Buna görə də öz istiqamətimi dəyişməməyimə peşman deyiləm. [b]- Köhnə dəyərləri yeniləri ilə əvəz etməkdən qorxursunuz? [/b] - Əvvəllər hansısa arzumun həyata keçməsini çox istəyirdim. İndi isə arzularıma qapanmıram. Allah-təala nə verirsə, şükür edirəm. Düşünürəm ki, həyatım Allah tərəfindən öncədən müəyyən edilib. Alın yazımda varsa, arzuladım ya yox, həyata keçəcək. [b]- Estrada müğənnisinin dini mövqedən çıxış etməsi bir qədər qəribədir. [/b] - Həyatımda hər şey dinlə bağlıdır. O, həyatda yaşamağıma kömək edir. İndiki dövrdə insan tez-tez əsəbləşir, amma dini kitabları oxuyaraq özünü cilovlamağın, cəmiyyətdə necə aparmağın daha rahat yolunu öyrənirsən. [b]- Deməli, hər şeyi öz axarına buraxmısınız.[/b] - Elədir. Məsələn, bəzən kimsə qəza nəticəsində həlak olursa, deyirlər ki, o, yola çıxmasaydı, belə olmazdı. Mənsə belə düşünürəm ki, insan evdə oturanda da başına nəsə gələ bilər. [b]- Əvvəlki dövrlərlə müqayisədə son vaxtlar imiciniz daha müasir və ürəkaçandır. [/b] - İllər keçdikcə, insan istər-istəməz dəyişir, müasir dövrlə uyğunlaşır. Amma deməzdim ki, indi başqalaşmışam. Elə əvvəlki Samirayam. Sadəcə, əvvəlki kimi qara rəngə üstünlük vermirəm, amma çox al-əlvan geyinməyi də sevmirəm. [b]- İmiciniz üzərində işləyən var? [/b] - Rəfiqəm, stilist Gülnarə Xəlilova imicim, səhnə paltarlarımın seçimi ilə bağlı məsləhətlər verir. [b]- Yaradıcılığınızda nə kimi yeniliklər var? [/b] - Dini mahnılardan ibarət disk üzərində çalışıram. Bu yaxınlarda sözləri Sevinc Şirinə, musiqisi gənc bəstəkar Cəmilə məxsus Məhəmməd peyğəmbərimiz haqda mahnı lentə aldım. Sözləri Sevinc Şirinə, musiqisi Sevinc Tağıyeva məxsus "Rəbbim" mahnısına klipim isə artıq efirlərdə nümayiş edilib. [b]- Estradadan uzaqlaşmaq fikriniz yoxdur ki? [/b] - Xeyr. İnşallah, dini albomumun ardınca estrada üslubunda mahnılardan ibarət diskimi buraxmağı planlaşdırıram. Təəssüf ki, onların konkret olaraq nə vaxt işıq üzü görəcəklərini dəqiq deyə bilmirəm. [b]- Din bir qədər həssas mövzudur. Söz-söhbət yaradacağınızdan ehtiyat etmirsiniz ki? [/b] - Çərçivəni gözlədiyim üçün narahat deyiləm. Hamımız müsəlmanıq və bundan əlavə, Allah tərəfindən yaradılan bəndəyik. Məgər, ixtiyarımız yoxdur ki, Allaha təşəkkürümüzü bildirək? Allah mənə səs bəxş edibsə, ona təşəkkürümü, sevgimi oxuduğum mahnılarımda da çatdırmaq istəyirəm. [b]- Dini mahnılar ifa etməyinizə dinləyicilərin reaksiyası necədir? [/b] - Reaksiya çox gözəldir. Bu yaxınlarda mahnımı müğənni Samir Bağırov da eşitdi və çox bəyəndi. Təbii ki, dini mahnıları hər yerdə ifa etmək olmur. Amma solo-konsertim olarsa, böyük məmnuniyyətlə dini mahnılara da yer ayıracağam. [b]- Yeri gəlmişkən, solo-konsertinizi gözləyənlər çoxdur. [/b] - Maliyyə problemlərinin yaşandığı bu dövrdə kimsəyə konsert vermək, disk buraxaq asan gəlməsin. Bu, sponsorsuz çox çətin məsələdir. Bizim şou-biznes əhli isə elə də varlı deyil. Şəxsən mənim qazancım ancaq şou-proqramlardan gəlir. Nadir hallarda hansısa tədbirdən pul alıram. [b]- Heç olmasa kiçik məkanda konsert verin. [/b] - Belə bir fikrim var. Artıq danışıqlar da aparmışıq. Özüm də çox istəyirəm ki, konsert verim. Neçə illərdir ki, səhnədəyəm. Düşünürəm ki, artıq buna haqqım var. [b]Elşad ÜMİD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA